Özünə bənzəməyən
sənət
Esse
Dünya yeni müharibələrin astanasında ikən
xatırlayırıq: Tarix və sənət, onları yaradan
instansiyalar və müəyyən qəliblərə salan
ideologiya oyunları mədəniyyət adlı məfhumun
deformasiyasına, rekonstruksiyasına şərait yaradır. Qədim
dünya tarixindən orta əsrlər dövrünə qədər
bu proses bir qədər məchul və spontan baş versə də,
Renessans dövrü və dünya müharibələri sənət
kontekstinə diktə etməyə başladı.
II Dünya müharibəsindən sonra teosentrik era
kütlələr və sənət cameələri
üçün yerlə-yeksan oldu. Tanrı nə
insanlığa kömək edə bildi, nə də sənətin
arzuladığı metafizik müstəvini yaratdı. Bir-birilə
əks qütblərdə dayanan romantizm və realizm eyni anda
boş xülya kimi görünməyə başladı. Nə
reallığın banisi və yaradıcısı olan
Tanrı yerlə-yeksan olmuş dünyaya cavabdeh idi, nə də
reallığın alternativi kimi düşünülən
romantiklər öz istədiklərini edə bilirdi.
Beləliklə, yeni cərəyanlar və onları
trendə çevirən qurumlar, mükafat assosiasiyaları,
birbaşa bu işlərlə məşğul olan media
qurumları, xüsusi təyinatlı nəşriyyatlar
yaradıldı. II Dünya müharibəsi böyük bir
nostalgiyanı silib yerində yeni ənənələr sistemi
yaratdı. Qısa keçidlərlə bu cərəyanlar
bir-birini əvəzlədi və sənət, memarlıq,
şəhərsalmada tamamilə insan mərkəzli nümunələr
ortaya çıxdı.
Avanqard sənət klassiklərin gözündə nə
qədər eybəcər görünsə də, yeni ictimai
fikrin formalaşmasında birbaşa rol oynadı. Modernizmdən
başlayan və hələ ki özünü NFT virtual
reallığına qədər daşıya bilən
"ucsuz-bucaqsız azlığın" keçdiyi tarixi
dövrlərin hər birində mərkəzləşdirilmiş
ideologiya axını onu şəkilləndirdi. Müəyyən
qurumların sənət üçün verdiyi "illik
planlar" cəmiyyətin inkişafında və tənəzzülündə
vacib nüanslardan biri oldu.
Müharibədən yaralı çıxan Avropa
hansı dəyərlərin təbliği ilə məşğul
olmağı özü və yarımcan xalqı
üçün müəyyənləşdirdi?
Sənaye inqilabından sonra sürətlə
böyüyən şəhərlərdə avanqard sənət
nümunələri öz hegemonluğunu elan etdi. Xüsusən
də rəssamlar bu cür cəhdlərə daha cəsarətli
davrandılar. O dönəmin sürrealist rəssamları incəsənətin
modern, eyni zamanda klassik düşüncə sərhədlərini
qıran avanqard modelini təqdim etməkdən yorulmurdu.
Əslində, bu axın 1860-cı illərdən XX əsrin
çətin son onilliklərinə qədər uzun bir yol
keçmişdi. Parisdə Akademiyaya qarşı gələn
yüzlərlə rəssam hələ o dövrdə
salonlarda öz abstrakt, kubik, sürreal əsərlərini təqdim
edirdi. Cəmi on il sonra onların sayı bütün
Avropanı təəccübləndirəcək qədər
çoxaldı. Hər kəs eyni rəsmi çəkirdi,
yalnız əlavə etdikləri xəfif məna yükü
onları bir-birindən fərqləndirə bilirdi.
Həmin dönəmlərin iki ədəbi
cığırı gələcək nəsillər
üçün mühüm bir seçim imkanı
yaratmışdı. Balzakçılar və Floberçilər.
Roman sənətinin bütün çağdaş nümunələri
"Don Kixot"dan ənənə halını alsa da, məsələ
məhz bu iki seçimdən sonra daha çox qabardı.
Ən sadə və hamının oxuduğu misal: "Madam
Bovari"dən həm "Anna Karenina", həm
"Lolita", həm də "Məsumiyyət muzeyi"
çıxdı. Fərqli üslubları və təhkiyələri
təmsil edən romanları birləşdirən bir
mövzudan, eyni taledən bəhs etmələri idi. Bu misallar
kifayət qədərdi. Postmodern dövrə qədər
"necə yazmağın" önəmi haqqında
çox danışdılar. XX əsrin ən önəmli,
irihəcmli romanları məhz bu sualın övladları idi.
Memarlığın kütlə və sənət
arasındakı ayrı-seçkiliyi aradan qaldırması ilə
indi tənəzzülünü çoxdan
yaşadığımız postmodern dövr başladı.
Memarlar sakinlərlə bir yerdə yaşamağa, bəlli bir
ərazinin xarakteristikasını öyrənməyə, layihələri
sakinlərlə bərabər işləməyə
başladılar. Artıq sizin yaşayacağınız
binaları siz müəyyən edirdiniz. Bu, obyektivin kütləyə
baxan rakursu idi. Daha sonra ictimai-sosial binaların ənənəvi
quruluşunu, strukturunu "əyməyə",
"bulanıq yuxu" halına gətirməyə
başladılar. Beləcə, ilk dəfə İtaliyada
dünya üçün yeni olan memarlıq xətti
yarandı: Postmodern memarlıq.
Ədəbiyyatın xammalı isə bu mənada
nağıllar, miflər oldu. Bu gün bütün yolların
gedib çıxdığı, bütün eksperimentlərin
qayəsi olan Borxes hekayə və esselərinə Latın
Amerikası xalqlarının və şərqlilərin macəralarını
qatdı. Nəticədə həmin dövr üçün
yeni, indiki sənət üçün isə hələ də
maraqlı olan cərəyanlar yarandı. Magik-realist,
sürrealist, postmodern qarışıqların borxesvari
harmoniyası ədəbiyyatı ondan əvvəlki
formalarından fərqləndirməyi bacardı. Bu həm də
"necə yazmaq" dövrünün sonu idi
Kierkeqardda təməli qoyulan, Kafkada əsası
yapılan, Borxesdə özünü, nəhayət ki, qəbul
etdirə bilən absurd mətnlər günümüzün
hekayə sənətinin özülünü təşkil
edir. Bu gün Amerika çağdaş ədəbiyyatının
ən önəmli adları məhz bu yoldan irəliləyir.
Modernizmin mövzu çatışmazlığı problemi
absurdizmin yaranması ilə başa çatdı. İndi
müəllifi həyatdakı hadisələrdən daha
çox, ona təqdim edilən brendlərdən daha çox
beynində yaratdığı təəssürat
maraqlandırırdı. Hadisələr öz
reallığını saxlayaraq oxucuya yad bir yerdə baş
verirdi. Nağıl kimi öz sehrli aurası ilə maraqlı
və bəzən də sıxıcı gələ bilirdi.
Amma bunun yolunu kino tapdı. Komiks sahəsi bu gün təkcə
fantastik janrı deyil, həm də absurd həyatı öz
boynuna götürməyi bacardı. Post Borxes dövründə
bu gün dünya kinosu üçün, dünya musiqisi
üçün və ən əsası dünya ədəbiyyatı
üçün xüsusi dəyər daşıyan adlar
meydana çıxdı.
Yuxarıda sənətin II Dünya müharibəsindən
bu yana keçdiyi yolda müəyyən instansiyaların, əslində,
ədəbiyyata və onun timsalında böyük sənət
cameələrinə necə təsir göstərdiyini
vurğulamaq istədim. Sənətin azad bir sahə
olduğunu, onun qəliblərə salına bilmədiyini
vurğulamaq təkrar olardı. Sənət üçün
qanunauyğunluqları ya təbii şərait, ya onun
yaradıcıları, ya da onun təbliğatçıları
müəyyən edir. Heç bir halda kütlə və
kütlənin "poçt göyərçinləri"
bu prosesə təsir etmək iqtidarında olmur. Ola bilməz.
Baş verən hadisələrin sənət müstəvisində
tərənnümü üçün isə zaman fasiləsi
lazımdı. Sənət operativ, emosional, sentimental qərarlar
verə bilmir, bunu özünə rəva görmür. Bu
yazı çap olunduğu gün artıq növbəti Nobel
mükafatı öz yazarına qovuşmuş olacaq. Ümid
edək ki, heç bir diktə olmadan yenə və yenidən
mətn qazansın.
Rəvan CAVİD