Sultan Süleymanla Kral Fransiskin ortaq dəyəri
Saint Benoit qapılarını festivallara açdı
Karaköyün Kəməraltı küçəsində
aşağı-yuxarı şütüyən tramvayın
uğultusundan, avtomobillərin susmayan siqnal səslərindən,
qarmaqarışıq insan izdihamının ortasından
özünü alıb atırsan mistik və sakit kilsənin
ortasına. Əslində sərgi ziyarətinə getdiyim bu
yerdə gördüyüm əsərlərdən daha
çox məni məst edən kilsə binası və onun əsrarəngiz,
hətta möhtəşəm sayılacaq memarlığı
oldu. Sərgi qaldı bir yanda, qotik tərzində, işləməli
pəncərələrinin, tavan qatındakı təsvirlərin
sehrinə qapılıb getdim. Hələ tavanın hər tərəfinin
üzümlərlə əhatələnməsi sözün əsl
mənasında mükəmməldir. Bu işləmələr
qədim, köhnədən də köhnə olan bu kilsəyə
ciddi bir dinamika qatır. Divarlarda və tavanlarda əks
edilmiş fresklər var. Bu əsərlər ikonoklazmdan əvvəlki
dönəmə aid nadir örnəklərdən hesab edilir.
Fresklərdə əzizlər, dini səhnələr, simvollar
əks edilib.
Kilsədən məktəbə gedən keçid
Əslində bura keçmişdə monastır və
kilsə idi. Təməlinin atılması Bizans dönəminə
qədər gedib çıxır. Daha sonra XV əsrdə
İtaliyadakı Monte Kasino benedikdinləri idarəsinə
keçir, adını da bu xristian təriqətinə
adını verən Əzizdən-Saint Benoitin adından
alıb. XVII əsrdə Cizvit rahibləri tərəfindən
ilk dəfə məktəbə çevrilir. Bina dəfələrlə
yandı, dağıldı. Bir dönəm xəstəxana
oldu, bir dönəm kimsəsizlər evi oldu. Bəzən
yetimlərə qucaq açdı, bəzən kralları
qarşıladı. Abidədə 1783-cü ildə bu günə
qədər uzanacaq kolleci quran Cizvit rahibləri elə
köklü təhsil sistemi və ənənəsi
yaratdılar ki, çağlar dəyişdi, qaydalar yerində
qaldı. Gündüzlər qaşlarını çataraq
despot kimi gəzən rahiblər, axşamlar etüd
saatlarında şagirdlərə yol göstərən oldular,
ədəbiyyat, musiqi, rəsm, tarixində onlara ustalıq
etdilər. Bu gün tibbə, mətbuata, diplomatik əlaqələrə
yön verən adların bir çoxu burada yetişdilər.
Çünki Saint Benoit fransız məktəblərinin ilki
idi. Populyarlığı deyil, sadəliyi seçmişdi.
Eşq məktubları, açar dəliyindən izlənən
qızlar...
Vaxtilə orta atriumdakı hündür divar, qız və
oğlan şagirdlərini bir-birindən ayırırdı. Bu
divarın üzərindən qarşı tərəfə
sapandla nə məktublar atıldı, nə eşqlər
doğdu burada. Kimiləri "suç üstü"
yaxalandı, kimiləri pıçıldaşarkən tutuldu,
cəzalandırılanlar oldu, özü də çox oldu.
Aradan uzun illər keçdi, amma şagirdlərə bu cəzaları
verən rahib müəllimlərin adları unudulmadı.
Sonralar Saint Benoitin özünəməxsus sərt intizamı
bir az yumşaldılsa da, hələ də bənzər
qaydalar tətbiq edilir.
Savaşlar, xəstəliklər, yanğınlar...
Bura adi yer deyil, zəngin tarixə sahibdir.
Osmanlının modernləşmə tarixinin rənglənməsində
dərin izləri və təsiri var. Kürəyini tarixi
Tophanəyə söykəyən bina əsrlərdir nələr
görmədi ki? Pandemiya zamanında ağır xəstəliklərlə
savaşdı, bomba səslərinin ortasında ayaqda
qalmağa çalışdı. Müharibə dönəmində
şəhərdə yayılan yoxsullaşmaya rəğmən
qapılarını bir dəfə də olsun qapatmadı.
Sağlıq xidməti göstərdi. Şəhərdəki
hər fəlakətdən sonra küllərindən yenidən
doğdu. Şöhrəti dünyaya yayıldı.
Sultan Süleymanın məscid etmək istədiyi kilsə
Bizans dönəmində Saint Benoitin bu gün yerləşdiyi
yerdə böyük sarnıç vardı. Səmtin sahilində
gəmi qətranlanırdı o illərdə. Böyük
ehtimal "Karaköy" adı da burdan gəlir. O vaxt
Sarnıcın yerinə XIV əsrdə Sainte Marie de la
Misericorde Monastırı inşa edilir. Sütunlu girişi,
gözətçi qülləsi olan bina 1427-ci ildə
İtaliyadakı Monte Kasino benediktenlərin idarəsinə
keçir. Yeri gəlmişkən, benediktənlər
xristianların katolik məzhəbinə bağlı
monastır təriqətidir. Adı Saint-Benoit olur. Əslində
Sultan Süleyman Qanuni hakimiyyətdə olduğu dönəmdə
buranı dağıdıb yerinə məscid tikmək istəyir.
Ancaq sonra araya diplomatik əlaqələr girir və bina Fransa
Kralı Fransiskin əmri, Sultan Süleymanın icazəsi ilə
Fransız Elçiliyinin kilsəsi elan edilir. Aradan 40 il
keçir. Bəyoğlundakı xristianların tələbi
ilə yeni kral və XIII Papa Qriqori monastırı cizvit rahiblərinə
verir. Onlar da burada məktəb açır. Sonra savaşlar və
vəba xəstəliyi şəhəri bürüyür və
təhsil sistemi dayanır. Bu vaxt elçi olduğu müddətdə
rahiblərə dəstək verən Qontant Biron ölür və
Saint Benoit kilsəsində dəfn edilir. Elçinin məzar
daşı hələ də qorunmaqdadır. Daha sonra
yanğın nəticəsində xarabaya çevrilən kilsə
yenidən inşa edilir. O dövrdə sadəcə saray və
məscidlərin dam örtükləri qurğuşunla
örtülürdü. Eyni imtiyaz bu kilsəyə də
verilir. Yardımsevər bir müfti təşkil etdiyi mərmər
sütunları kilsənin girişinə yerləşdirilir.
1696-1731-ci ildə İstanbulda baş verən
yanğınlardan bina yenə nəsibini alır və yenə
yanıb kül olur. Fransa elçiliyi Villeneuvün dəstəyi
ilə yenidən inşa edilir. Bu vaxt Macar müharibəsinin
Tekirdağda ölən qəhrəmanı Prens Rakozi vəsiyyəti
ilə Saint Benoitdə dəfn edilir.
Şagirdlərdən Abduləzizə serenada
sürprizi
Sonralar Cizvitlərin yerinə Lazarist rahibləri gəlir.
Lazaristlər 1625-ci ildə Parisdə Əziz Vinset de Paul tərəfindən
qurulan təriqətin üzvlərdir. Bu günə gəlib
çıxan məktəbin təməllərini onlar
atır. Savaş bitir, xəstəliklər keçir. Ciddi təsir
görsə də, bina yenə ayaqda qalır. Ardınca Avropadakı
məktəblərin metod və idarəsinə uyğun olaraq
yenidən tərtib edilir. Forma ənənəsi
başlayır. Boz, yaxası və qolları açıq mavi
geyimli şagirdləri artıq küçələrdə
ayırd etmək mümkün olur. Sonra yenə yanğın
olur və bina sıradan çıxır, arxasınca yenə
ağır xəstəliklər yayılır. Məktəb
30 il hazırkı yerindən köçür, gah
Yaşılköydə, gah Bəbəkdə fəaliyyət
göstərməyə çalışır. 1843-cü ildə
Fransa tərəfindən Kraliyət Kolleci elan edilir və ən
parlaq günlərinə qədəm basır. Hətta bir qrup
şagird saraya gedir və Sultan Abdulməcidə serenada oxuyur.
Hadisə məktəbin tarixi yaddaşına həkk olur.
Ardınca qızlar bölümü açılır. Sonra
Qalatada yeni ərazi alınaraq şənlik salonu inşa edilir
və məktəb 1867-ci ildə köhnə yerinə
qayıdır.
Yıxılan divarlar
Qızlar bölümü açıldıqdan sonra
oğlan şagirdlərin günü divarın
arxasındakı qızlara məktub atmaqla keçir. Hətta
oğlanlar bağçanı iki yerə bölən
divarı dəmir qapısının dəliyindən
qızları güdürdülər, vəziyyətdən
narahat olan rahiblər qızları oğlanların dərs saatlarında
tənəffüsə çıxarmağa başlayırlar.
Yenə də sevgi macəralarına mane ola bilmirlər. Həmin
divarlar 1987-ci ildə ləğv edilir.
Dünəndən bu günə...
Bu gün kilsə sənət ocağı olaraq istifadə
edilir. Artıq üçüncü ildir, burada sərgilər
təşkil edilir. Hazırda kilsə İstanbul Kültür
Festivalı çərçivəsində
qapılarını açıb və "Döngüdə
olan" adlı sərgiyə ev sahibliyi edir. Sənətsevərlər
kilsənin sehrli atmosferində Əhməd Rüstəm Ekici və
Hakan Sorarın məkanın sərhədlərini aşan rəqəmsal
təcrübəsini görə və məktəb ilə
kilsənin tarixinə şahidlik edə bilərlər.
Axış üçün süni intellekt ilə
hazırlanan görüntülərdə külək
gülü, seysmoqraf, tabut, teleskop, mələk qanadları,
qübbə, yastıq kimi nəsnələr yer alır.
İncilərlə, kristallarla bəzənmiş,
qızılı ulduzlarla işlənmiş təmsillər,
kilsə estetikasına xitab edir. "İndi və burada"
adlı əsər varolanı, məkansal gerçəkliyin sərt
sərhədlərini sorğulayır. Sərgi ilə birlikdə
atelyelər, söhbətlər, film təqdimatları, konsertləri
də izləmək mümkündür. İstanbulda bu
günlərdə sənət festivalı yaşanır. Hər
tərəf kültür, hər tərəf mədəniyyət
sərgiləri ilə zəngindir.
Məkana girəndə sağda quş, solda vedrə rəsmi
qarşılayır insanları. Ətrafda rəqəmsal
texnologiya ilə döyünən ürək, insan
orqanları, heyvan başı və müxtəlif fiqurlar canlandırılır.
Bir-birini əvəzləyən rəng dəyişimləri
insanı valeh edir. Tavan hərəkət edən
göyüzü kimi dalğalanır. Bu da rəqəmsal
texnologiya ilə ərsəyə gətirilmiş əsərdir.
İnsan burada özünü xəyallar dünyasında hiss
edir. Sərgi də, kilsə də görülməyə dəyər.
Türkan TURAN