TALE DƏYİŞƏN QADIN LİBASI,  YA BİR GÜL İLƏ BAHAR  

 

O həm çox məlumdur, həm də naməlum. Bir tərəfdən bu ad-soyad hamıya bəllidir, belədirsə, demək, onu tanıyırlar, amma eyni zamanda haqqında bu gün təqribən heç kimə heç nə bəlli deyil. Bircə hər kəsin bundan dəqiq xəbəri var ki, Əbdürrəhim Fərəcov Azərbaycan səhnəsinin ilk Leylisidir. Bəs onun sonrakı taleyi necə olub? Niyə ilk çıxışı rəğbətlə qarşılansa da, nəinki ikinci dəfə Leyli libasını geyməyib, hətta teatrdan da tamam ayrılıb?

Bu suallar həmişə ortaya çıxacaq. Ancaq təəssüflər ki, indiyədək lap çoxdan düşüncələrdə dolaşan bu suallara cavab verilməyib. Əgər mən bir az geciksəydim, sualın cavabını bilən son adamları danışdırıb səslərini də sənədə çevrilsin deyə yazmasaydım, son izlər də itəcəkdi və laübalılıq daimi olacaqdı. Amma ixtiyar çağlarında həyatdan getmiş o iki şahiddən daha əvvəl bir qatar insan olub ki, bu iki müsahibimin dediyindən beş qat artığını söyləyə, Əbdürrəhim Fərəcovun ömür yolu, teatrdan niyə uzaqlaşması və sonrakı aqibəti haqqında çox həqiqətləri çatdıra bilərdilər. Bəlkə ara-bərə söhbətlərində bu haqda çox danışıblar da. Fəqət o xatırlananlar yazılmayıb, tarixləşməyib, ona görə də gedən insanlarla birgə o xatirələr vaxtın dünənlərində ətiyib itib.

Heç olmazsa bu iki şahid - Əbdürrəhim Fərəcovdan sonra illərcə Leylimiz (həm də yalnız Leylimiz yox, həm də Əslimiz, həm də Xurşidbanumuz, həm də Gülzarımız, həm də Gülçöhrəmiz...) olmuş Əhməd Bədəlbəyli-Ağdamskinin oğlu Telman Ağdamski və bir də 2021-ci ilin noyabrında, ömrünün 101-ci ilində həyatdan ayrılan tarzən Firidun Ələkbərov hafizələrindəkini özləri ilə aparmadılar, onlarla Əbdürrəhim Fərəcov haqda bir yox, neçə dəfələrlə danışdım, nağıl etdiklərinin bir qismini radiodan da səsləndirdim ki, hamı agah olsun.

O gün bir ayrı gün imiş. 1908-ci ilin 12 yanvarında, indi insana uzaq tarix kimi gələn o sazaqlı şənbə axşamında Bakıda baş tutan o tamaşanın mənası o qədər böyükdür ki, bunu sadəcə səhnə, teatr, musiqi hadisəsi saymaq əsla düz olmaz. Onacan camaatımız çox tamaşalara da baxmışdı, teatr artıq azərbaycanlılara qeyri-adi vaqiə kimi gəlmirdi. Çünki paytaxt Bakı öz yerində, teatr yolunu tutmuş fədailərimiz tamaşaları ilə Azərbaycandan kənara da, elə ayrı-ayrı bölgələrimizə də mütəmadi səfərlər etmişdilər, bir-birinin ardınca sayı çoxalan qəzetlər də başlanan XX yüzilin əvvəllərindən etibarən çoxsaylı teatr yazıları ilə səhnəni azərbaycanlılara xeyli yaxınlaşdırmışdılar. Lakin "Leyli və Məcnun" gəldi və elə gəldiyi gündən də diksindirdi, insanların içərisini işıqla doldurdu, teatrın özünün içərisində də bir ayrı əsrarəngiz aləmin olmasını onlara anlatdı.

"Leyli və Məcnun" insanımızın düşüncəsinə və məişətinə bir səhnə, musiqi deyil, millət hadisəsi kimi daxil oldu.

Ən üzdə olan sübutu odur ki, bu əsər millətin ruhunda və könlündə özünə necə məskən salıbsa, ondan ayrılmaq olmur. 1908-ci ildən bəri görün nə qədər səhnə əsərləri yaranıb. Operalar da, operettalar da, dramlar da. Aralarında yaxşıları, sadəcə yaxşı yox, çox gözəlləri də nə qədər desən. Ancaq "Leyli və Məcnun" tək incidir ki, gəldiyi gündən indiyədək bircə il də olmayıb ki, səhnədən düşsün. Hər səsinə, hər sözünə aşina ola-ola, az qala əksəriyyətin əzbər bildiyi, hafizəsində səslənən bir əsərdən doymaması, yorulmaması, bıqmaması özü bir möcüzədir. Əbdürrəhim Fərəcovsa həmin millət möcüzəsini yaradanlardan olub. Rəvadırmı ki, onu yaxşı tanımayaq, elə bircə adını bilməklə kifayətlənək?!

"Leyli və Məcnun" operası necə yazılmağa başlayırmış, onun da sorağını mənə çatdıran ilk qaynaq olub. Bu gün Azərbaycanda Hacıbala Zamanovun kimliyini bilən bir-iki nəfər ola-olmaya. Onlar da, yəqin ki, elə həmin nəslə bağlı kəslər olar. 1970-ci illərin ortalarında, tələbəlik illərimdə, hər gün-günaşırı unudulmaz müğənnimiz Yavər Kələntərlinin Bakıda, Tolstoy küçəsindəki mənzilinə baş çəkərdim. Hər gedəndə ağırlığı çiyin qıran radio diktofonunu özümlə götürərdim, hər görüşdən Yavər xanımın bir-birindən şirin və tarixlə dolu söhbətləri yazılmış 2-3 dolaq lentlə qayıdardım. Axşamlardan birində Yavər xanım mənə Üzeyir bəylə Qori seminariyasında birgə oxumuş, onun ən yaxın dostlarından olmuş qardaşı Hacıbaladan söz açdı, gənc Üzeyirin 1906-1907-ci illərdə bir neçə dəfə onların Şamaxıda, Sarıtorpaq məhəlləsindəki evlərinə gəlişlərindən danışdı. Deyirdi ki, 1906-cı ildə hələ 5 yaşında idim, başverənləri dumanlı, daha çox böyüklərin sonralar evdə söylədiklərindən xatırlayıram, ancaq 1907-ci ilin yayında artıq 6 yaşında idim, o dövrdə Şamaxıda gördüklərim-eşitdiklərimin çoxunu unutmamışam, bir də unutmaq da mümkün deyildi, çünki evimizdə bu söhbətlər tez-tez təkrarlanardı.

Yavər xanım söyləyirdi ki, qardaşı Hacıbalanın evdə skripkası varmış. Digər bir çox Qoriçilər kimi, o dayaxşı skripka çalardı (Yavər xanım "skripka" demiş olduğuna və lentdə də o cür qaldığından mən bu musiqi alətini bu sözlə verirəm. Gərək kökündə "skrip" - "cırıltı" dayanan və bu zərif səsli çalğı alətinə büsbütün yad olan həmin kəlmədən çoxdan imtina edəydik. Münasibi budur ki, "vilolon" deyək, Türkiyə türkləri "kaman" adlandırır). Tale elə gətirmişdi ki, illər sonra Yavər Kələntərli "Leyli və Məcnun"da Leyli də olmuşdu, Leylinin anası da. Yada salırdı ki, hələ 1907-ci ildə Şamaxıdakı mənzillərində sonralar "Leyli və Məcnun"un ən təsirli parçalarına çevriləcək duetləri, xorları qardaşı Hacıbala ilə Üzeyir bəy gah onun, gah bunun çaldığı skripkanın müşayiəti ilə səs-səsə verərək necə oxuyurmuşlar.

"Leyli və Məcnun"un ilk tamaşasında çıxış edən unudulmuş ilklərdən biri də elə həmin Hacıbala Zamanov olmuşdu.

"Kaspi" qəzeti 1916-cı ilin 20 dekabrında işıq üzü görmüş və "Nicat" cəmiyyətinin yaradılmasının 10 illiyinə həsr edilmiş 284-cü sayında "İlk opera" adlı bir məqalə də dərc etmişdi və orada "Leyli və Məcnun"un səhnəyə çıxarılıb-çıxarılmamasının ilk addımdanca mübahisə ilə qarşılandığından bəhs edilirdi: "O vaxt, 1907-ci ildə müəllim Hacıbəyov Cəmiyyətə yazmış olduğu "Leyli və Məcnun" operasının tamaşaya qoyulması təklifi ilə müraciət etmişdi. Məsələyə Cəmiyyətin 6 nəfərdən ibarət teatr bölməsində baxılırdı. 3 nəfər operanın qəbul edilməsinin lehinə, 3 nəfər əleyhinə oldu. Yalnız iclas sədrinin müsbət səs verməsi təsirini göstərdi və opera qəbul edildi".

Elə həmin çağları yada salaraq 1925-ci ildə "Bir aktyorun xatirələri" adlı memuarlarını qələmə alan ilk Məcnunumuz Hüseynqulu Sarabski "Nicat"a müraciəti onunla izah edirdi ki, bu, oturuşmuş bir Cəmiyyət olduğundan bina kirələmək, libaslar əldə etmək, məşqləri keçirmək, hökumətdən zəruri icazələri almaqçün imkanı və təcrübəsi çox idi. "Hə" veriləndən, mətləb ciddiləşəndən sonra ən müşkül məsələnin həllinə girişmişdilər: Leyli axtarışına başlamışdılar. Bu yadasalan Sarabskidir: "İşə başladıq. Xor, İbn Səlam, Nofəl, Leylinin və Məcnunun atası və anasını oynayanları birtəhər tapdıq. Amma Leyli tapılmadı. Oyan-bu yanı axtarandan sonra bizə bir aşpaz şəyirdi rast gəldi, familiyası Fərəcov, adı Əbdürrəhim idi. Buna çox yalvarandan sonra Leyli rolunu oynamağa razı oldu. Bu şərtlə ki, heç kəs onun Leyli rolu oynayacağını bilməsin. Bir ay məşq elədik. Bir adam yox idi ki, bunun yaxşı olacağını söyləsin. Hamı bizi peşman edir və qorxuzurdu ki, bundan bir şey çıxmaz, özünüzü biabır edərsiniz".

Leylini - Fərəcovu kimin tapıb tövsiyə etməsi ilə bağlı vaxtilə mənə 3 nəfər danışıb. Azər Sarabski təsdiqləyirdi ki, Fərəcovu atam tam təsadüfən, bir aşpazxanada zümzüməsini eşidərək tapıb. Amma Fərəcovdan sonra ta 1920-ci ilə qədər Azərbaycan opera və operettalarında bütün baş qadın rollarının, o sıradan elə Leylinin də ifaçısı olmuş, Üzeyir bəyin dosdoğma xalası oğlu Əhməd Bədəlbəyli-Ağdamskinin övladı, kimyaçı alim Telman Ağdamski atasının dilindən söyləyirdi ki, Əhməd Əbdürrəhimlə tanışmış, onun yaxşı səsi olduğunu irəlicədən bilən də, tamaşada oynamağa razı salan da o olubmuş. Unudulmaz rejissorumuz Şəmsi Bədəlbəyli də atasına - Üzeyir bəyin digər xalaoğlusu və Əhməd bəyin qardaşı, ilk tamaşada da çıxış edənlərdən olmuş Bədəl bəyə istinadən təsdiqləyirdi ki, bəli, Əbdürrəhimi bu işə Əhməd bəy cəlb etmişdi və hətta Bədəl bəy hələ Qarabağdan Fərəcovun atası ilə də tanışmış.

Yalnız iki nəfərin sözünün üst-üstə düşməsinə görə deyil, həm də can yiyəsinin özünün - Hüseynqulu Sarabskinin "tapdım" deyil, "bizə rast gəldi" etirafına görə mən daha çox məhz Əhməd bəyin vasitəçiliyi ilə Əbdürrəhimin bəxtinə ilk Leyli olmağın düşdüyünə inanmağa mailəm. Digər tərəfdən, ilk tamaşanın alınması üçün axıracan fədakarlıq göstərən, hər maneəni aşmaqda Üzeyir bəyə dayaq olan, elə rolların da çoxunu ifa edən, xorda oxuyanların əksəri gənc bəstəkarın qohum-qardaşı olmuşdu, köhnə və sadiq dostları olmuşdu. Üzeyir bəyin özünün 1907-ci ildə "Əlmənsur" tamaşasına baxarkən səyyah ərəb rolunda məharətlə oynadığını və "Hicaz" üstündə məlahətlə oxuduğunu görərək cəlb etdiyi Hüseynqulu Sarabski, yenə özünün yazmasınca, hətta ilk tamaşa ərəfəsində bir şey alınmayacağını deyənlərin dığ-dığından qorxaraq bir dəfə məşqi yarımçıq qoyub qaçıbmış, onu evində məşq keçirilən İmran Qasımov ardınca yüyürərək küçədən geri qaytarıbmış. Yəni özü son anacan tərəddüd içində olanın bir başqasını tamaşada oynamağa, qadın rolunda çıxış etməyə, illah da əvvəldən-axıradək səhnədə görünəcək baş surəti - Leylini yaratmağa razı sala bilməyindən daha çox elə buna həmin günlərdə daim Üzeyir bəyin yanında olmuş xalaoğlularının nail olması, elə birbaşa xatirələrin də göstərdiyi kimi, sadəcə inandırıcı deyil, həm də daha məntiqlidir.

"Leyli və Məcnun"un səhnəyə çıxmasının qarşısını almaqçün əlləşənlərin bütün səylərinə, hətta son anda vurduqları badalağa - tamaşada çalmalı olan tarzənləri bundan daşındırmaqla işipozmaq cəhdlərinə baxmayaraq, sıralarına Üzeyir bəyin özünün də qatıldığı, çoxu seminariya yoldaşları olan skripkaçılar, fitnələrə uymayaraq teatra gələn və tamaşanı yola verən tarzənlər Qurban Pirimovla Şirin Axundov ürəklə çalmışdılar, elə başlanğıcdan tamaşaçıların rəğbətini hiss edən oxuyanların hamısı həvəsə gəlmişdilər və salona toplaşanları sehrinə salan qeyri-adi gecə alınmışdı. Söz yox, o qış axşamında o ilk tamaşaya baxmağa gələnlərin bir çoxu dövrün tanınmış ziyalıları, seçkin insanları imiş. Məsələn, bu məlumdur ki, Abbas Səhhət başına Şamaxının hörmətli kişilərini, yazı-pozu adamlarını da yığaraq məxsusi olaraq bu tamaşaya baxmaqçün Bakıya gəlibmiş. Bunu bir para başqa mənbələr də təsdiq edir və bibioğlusunun həmin gəlişinin təfərrüatlarını mənə Yavər xanım Kələntərli də söyləmişdi.

Yavər xanım hərdən köks ötürərək: "İndiki başım olaydı, ondakı yaşım olaydı" deyərdi. XXI yüzildə XX əsrin əvvəlindəki o şərəfli keçmişi düşünürkən ürəyimdən belə bir mümkünsüz istək də keçir ki, lap həmin günlərə olmasa da, 1920-30-cu illərə qayıda biləydim, şahidlərdən soruşa-soruşa "Leyli və Məcnun"un ilk tamaşasına baxanların siyahısını çıxaraydım. Bu naçar arzumda əslində bir məzəmmət də var ki, axı bunu zamanında asanlıqla etmək olardı. Mənə görə, o axşam "Leyli və Məcnun"u ilk görüb alqışlamışlar da tarixi simalardır. Çünki əsərin sonrakı azad uçuşlarına, yeni-yeni könüllər fəth etməsinə o gecənin, o gecədəkilərin təsiri az olmamışdı. Tamaşa ərəfəsində qəzetlər də nəcib işini görmüş, çoxlarını bu tamaşaya irəlicədən müsbət ovqatda kökləməyi bacarmışdı. Səbəbsiz deyildi ki, ilk "Leyli və Məcnun"a baxmaqçün neçə gün öncədən, elə qəzetlərin oyatdığı ajiotajın sayəsində, teleqrafla Tiflisdən, Yelizavetpoldan - Gəncədən, Vladiqafqazdan, İrəvandan, digər Qafqaz şəhərlərindən bilet sifariş edənlər, ayın 12-də özünü teatra qatarla çatdıranlar olmuşdu.

Həmin ovsunlu gecənin baş qəhrəmanından artıq və dəqiqliklə tamaşa salonunda yaşanmışları kim xəbər verə bilər ki? Sarabski - Məcnun anırdı: "Məndə elə bir hiss oyandı ki, Hüseynqululuğumu tamam unudub bir Məcnun kəsilmişdim. Səhnə mənim üçün elə bil bir səhra idi. Mənimlə iştirak edənləri tanımırdım, gözlərim heç bir şeyi görmürdü. Pərdə düşdükdən sonra camaatın məni dəfələrlə sürəkli alqışlar içərisində pərdə qabağına çıxarması və yoldaşlarımın pərdə dalında məni əhatə edib öpmələri mənə o qədər təsir etdi ki, biixtiyar ağladım".

Bəs Məcnunun Leylisi o axşam necə oynamış, necə oxumuş, hansı təəssüratlar oyatmışdı? Cavab artıq bir neçə gün əvvəldən tamaşanı diqqətinə götürmüş qəzetlərdədir.

"İrşad" qəzeti 1908-ci ilin yanvar ayının 15-də çıxan yeddinci sayında ilk opera haqqında rəyini belə bölüşürdü və bu, "Leyli və Məcnun" barədə əvvəlinci müsbət resenziya idi: "Mən musiqişünas deyiləm, ona görə də bu əsərin musiqi nöqteyi-nəzərindən məziyyətləri haqqında mühakimə yürüdə bilmərəm. Amma məlumdur ki, əgər musiqidə zəruri harmoniya və üslub yoxdursa, o, dinləyiciyə arzulanan təsiri də göstərə bilməyəcək. Bu dəfə isə zalı ağzına qədər doldurmuş müsəlman tamaşaçı kütləsi indiyə qədər görülməmiş bir şəkildə sakitcə oturmuşdu. Elə tamaşaçıların bu böyük diqqəti sübut edir ki, təqdim olunan müsəlman operası qoyduğu məqsədə çatıb. Tamaşaçıların ürəyini fəth eləyib".

Və məqalə müəllifi qələmini yönəldirdi Leyli rolunun ifaçısına: "Əbdürrəhim Fərəcov səhnədə ilk dəfə çıxış etsə də, qabiliyyəti sayəsində rolun öhdəsindən layiqincə gəldi. Amma məlahətli səsi ilə yanaşı, onun aktyorluq qabiliyyəti də olsaydı, onda Leyli surəti lap misilsiz alınardı".

Lakin bu, o dövrdə "Leyli və Məcnun" haqqında çıxan birinci məqalə deyildi. Ondan əvvəlkiləri qoyub bu yazıdan o səbəbə başladım ki, məhz həmin yazı əvvəldən-sonacan ilk ən xeyirxah mətbu qiymətverməsi olmuşdu.

Bir gün öncə -1908-ci il yanvarın 14-də "Tazə həyat" qəzetində Haşım bəy Vəzirovun "Türk dilində opera" adlı resenziyası dərc edilmişdi. "İrşad"dakı hərtərəfli müsbət dəyərləndirmələrdən ibarət yazıdan fərqli olaraq, bu məqalə müəllifi "Leyli və Məcnun"a bir qədər tənqidi yanaşırdı. Hərçənd bu müəllifdə ayrı-ayrı rolları təhlil edərkən aktyorlardakı naqisliklərdən bəhs etsə də, surətləri yaradanların hər birinin, o cümlədən, Əbdürrəhim Fərəcovun da vokal imkanlarının yüksək səviyyədə olduğunu vurğulayırdı.

Başqa sözlə, ilk dəfə "Leyli və Məcnun"da çıxış etmiş, birinci dəfə səhnədə görünmüş Əbdürrəhim Fərəcovda aktyorluq imkanlarının məhdud olması anlaşılandır. Çünki oaxşamkı ifaçıların bir çoxunun, o sıradan elə Sarabskinin də yetərincə səhnə təcrübəsi vardı. Əsas olan bu idi ki, elə qəlbəyatan avazı vardı, elə yaxşı oxumuşdu, ilk tamaşaya rəy yazmış hər iki müəllif təsirlənmişdi, aktyorluğundakı çatışmazlıqları da səsinin gözəlliyinə bağışlayan kimi olmuşdular.

Tamaşaçı gözüylə səhnə o cür görünürdü, ancaq səhnədən görünən tamaşa zalı da vardı ki, onun da necəliyini bizə daha hansısa qəzet yazısı yox, bunları səhnədən seyr etmiş Sarabskinin özü mötəbərcə əyan edir: "Tamaşa başladıqda o qədər camaatla dolu olan salonda elə bir sakitlik əmələ gəldi ki, guya burda kimsə yoxmuş. Oyunun birinci, ikinci pərdələrini qorxudan var qüvvəmlə oynayırdım. İkinci pərdə düşdükdən sonra yoldaşlarım və teatrda iştirak edənlər mənim başıma yığılıb "Afərin! Afərin!" deyə təbrik elədilər. Və bu alqışlarla mənə daha da qüvvət verib deyirdilər: "Hüseynqulu, əgər üçüncü pərdəni də yaratsan, artistlik adını qazanacaqsan". Üçüncü pərdəni başladıqda mən cəsarətlə onlara dedim: "Gedin tamaşa edin, görərsiniz".

Ağlasığmaz uğurla tamamlanan o ilk tamaşa axşamının dilxorçuluqları da olmuşdu. Sarabski sonralar boynuna alırdı ki, hələ cavan idim, xam idim, İçərişəhərdə Məkkədən qayıdan bir hacının özü ilə gətirdiyi bir qul ərəbin dümqara olduğunu gördüyümdən elə zənn edirdim bütün ərəblər elə o cür qapqara olmalıdır, odur ki, Məcnunun da ərəb olduğunu nəzərə alaraq sifətimə qara boya çəkmişdim.

Ancaq Sarabski bir tərəfdən belə incəlikləri bilməyəcək qədər təcrübəsiz idisə, digər tərəfdən çoxdan səhnədə olduğundan həm də qrim, sifəti necə boyayıb, necə təmizləmə sarıdan püxtə idi. Üzünün qara-qurasını da tamaşa bitincə tezliklə təmizləmişdi. Ancaq Əbdürrəhim Fərəcov belə təcrübələrdən bixəbər idi.

"Bir qışqırıq eşitdim: "Bəs mən üzümdəki rəngi necə silim?" Səsindən Leyli rolunu oynayan Fərəcovun qışqırdığını anladım. Gedib gördüm su kranının qabağında durub üzünü suyla yuyur. Qaydadır, laka su dəydikdə daha da bərk olar. Biz onun bığlarını görünməmək üçün lak ilə yapışdırmışdıq. O da üzünə su vurduqca lap bərkiyib qrim getmirdi və lak quruduqca onu incidirdi. İşi belə gördükdə qolundan yapışıb apardım, qrimini vazelin ilə təmizləmək istədim. İyrənə-iyrənə üzümə baxıb dedi: "O donuz yağını qoymaram mənim üzümə sürtəsən". Çox müsibətlə bunun üzünü təmizlədik və şad-xürrəm hamı öz evinə getdi. Bu oyundan sonra camaat və səhnə yoldaşlarım məni "Məcnun" deyə çağırırdılar. O ad mənə o qədər əziz idi ki, hər kəs bu adda çağırdıqda fərəhlənirdim. Küçədən keçdikdə keçmişdə məni barmaqla hədələyən camaat indi məni hörmət və məhəbbətlə göstərirdi. Oyunun belə müvəffəqiyyətlə keçməsindən ürəklənib təkrar etmək istədik. Leyli rolunu oynayan Fərəcovun yanına gəldik. Dedi ki, mən bir də qələt eləyərəm, oynayaram. Çox danışdıqdan sonra bir növ onu razı elədik. Amma yenə şərt bağladı ki, o rəngi-yağı üzünə sürtməyək. Odur ki, qadın məsələsi çox çətin idi. Biz də təkrar oynamalıydıq. Neyləyək, neyləyək? Bizə Əhməd Bədəlbəyovun yaxşı səsi olduğunu dedilər. Gedib onu tapıb razı saldıq. Əhməd Ağdamski bir neçə vaxt Leyli rolunu müvəffəqiyyətlə ifa elədi. "Leyli və Məcnun" hər dəfə təkrar oynandıqda Azərbaycan qəzalarından teleqrafla "Nicat" cəmiyyətinə biletlər tapşırırdılar".

Yaxşı, bir tərəfdən Sarabski yazır ki, Əbdürrəhim Fərəcov Leyli rolunu oynamağa şərt qoyaraq razılıq verdi, ardınca da bildirir ki, bizə Əhməd bəyin yaxşı səsi olduğunu dedilər, gedib onunla dil tapdıq.

Əhməd bəyin sorağına kiminsə sözüylə düşməyə, gedib onu axtarmağa ehtiyac yox idi. Onun səsinə də, qabiliyyətinə də xalaoğlusu Üzeyir bəy yaxşıca bələd idi, eyni evin adamları idilər.

Əbdürrəhim Fərəcov yenə Leyli rolunda səhnəyə çıxmağa razılıq verdiyi halda vəziyyətin kəskin dəyişməsinin, onun oynamaqdan qəti imtina edərək teatrdan, hətta Bakıdan ayrılmasının səbəbi başqa idi.

Bunu da Şəmsi Bədəlbəyli əmisi Əhməd Bədəlbəylinin dilindən söyləyirdi ki, Əbdürrəhimin oynamaqdan boyun qaçırmasının, teatrdan aralanmasının səbəbi ölüm təhlükəsi vəd edən hədələr idi. Qadın rolu oynayan başqa kişilər Əbdürrəhim Fərəcovacan da olmuşdu. Onlara pis baxılsa da, hər halda qətllə təhdid etmirdilər. Əbdürrəhiminsə gözaltısı varmış, ailələr arasında ilkin razılıq da olubmuş ki, elçilərini göndərsin. Ancaq Əbdürrəhimin qadın paltarı geyib səhnəyə çıxmasından duyuq düşüncə qızın atası, qardaşları xəbər yollayırlar ki, qohum-qonşu məsələdən xəbərdar idi, sənin adın qızımızla çıxıb, bütün nəslimizi biabır etmisən, boğazını üzəcəyik.

Sözü elə çatdırmışdılar ki, Əbdürrəhim bunun elə quruca söz olmadığını, hətta bundan sonra teatrla üzülüşməklə də bu xatanın altından çıxa bilməyəcəyini başa düşmüşdü, şələ-küləsini yığaraq kimsəyə xəbər vermədən dəmiryol vağzalına yollanmış, çox sonralar bilinəcək ki, Gəncəyə getmişdi.

Üzeyir bəy bir neçə gün sonra Əbdürrəhimi axtartdırıb heç yerdə tapa bilməyəndə naəlac qalaraq "təcili yardım"a - öz xalaoğlusu Əhmədə müraciət etmişdi. Əlimyandıda olanda xalaoğluları elə həmişə Üzeyir bəy üçün "təcili yardım" olaraq qaldılar.

Əfrasiyab Bədəlbəyli yada salırdı ki, hansısa ifaçının nə səbəbəsə gəlməməsi ucbatından gərginlik yarananda, tamaşanın pozulması təhlükəsi olanda Üzeyir bəy dərhal faytonu xalası uşaqlarının ardınca göndərərmiş.

Hətta o illərin qəzetlərində belə darmacallardan birində iki Bədəlbəyli qardaşın səhnəyə tərəf-i müqabil kimi çıxmaları, Əhməd bəyin Leyli, Bədəl bəyin Məcnunu oynamaları xəbərləri də qalmaqdadır.

Özü söz açmasaydı, ömrünün son 30-40 ilində tez-tez görüşüb söhbətləşdiyim, haqqında verilişlər hazırladığım, ayrı-ayrı keçmiş sənətkarlar haqda xatirələrini aldığım Firidun Ələkbərovdan Əbdürrəhim Fərəcov haqda soruşmaq heç ağlıma gəlməzdi. Özü bir gün zəng vurdu ki, unudulmuş sənətkarlardan az yazmamısan, bəs Əbürrəhim Fərəcovu niyə unutmusan?

Firidun müəllim Fərəcovun adını Əbdürrəhim yox, Abdurrahman deyirdi və söyləyirdi ki, əslində adının Əbdürrəhim olduğunu bilirdik, ancaq onu Gəncədə hamı "Abdurrahman" çağırardı.

Ertəsi gün gəldi, başladı danışmağa, baxdım ki, 30-40 illik tanışlığımız dövründə lap yaxınlığımdakı xəzinədən xəbərim olmayıbmış.

"Mən onu heç yadımdan çıxartmıram. Gözəl xanəndə idi, gözəl qədd-qaməti var idi, yaşlı vaxtında da o, yaraşıqlı idi. Yəqin, o vaxt oxumağından əlavə onu Leyli roluna həm də simaca göyçək olmasına görə dəvət ediblərmiş. Ahıl vaxtlarında da qəşəng siması adamı gendən cəlb edirdi. Mən onunla çox toylarda olmuşam. Cavan uşaq idim, gəlirdi, qardaşlarımdan xahiş edib məni aparırdı ki, toyumuz var filankənddə, ya Şəmkirdə, ya Tovuzda, ya Gəncəyə yaxın rayonlarda, Goranboyda-filanda. Qarabağlı idi, amma Gəncəni özünə vətən seçmişdi. Gəncədə ev də almışdı. Gəncədə yaşayırdı, övladları da artıq gəncəli kimi dünyaya gəlmişdilər, elə ailəlikcə köhnə gəncəli kimi də camaatla ünsiyyətdə idilər".

 

Qocaman tarzən çönüb gəncəli olmuş qarabağlı Əbdürrəhim Fərəcovu mənə belə tanıdırdı.

 

Tarixin qədimlərindən karvan yollarının qovuşağında qərar tutan Gəncə yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin aparıcı ticarət, elm, mədəniyyət mərkəzlərindən olub. Davam edən bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində də sönmədi. O dövrdə çar canişinliyinin yerləşdiyi Tiflis Qafqaz üçün nə idisə, Azərbaycandan ötrü həmin vəzifəni Gəncə yerinə yetirirdi. Gəncə həm də bir növ mədəni paytaxt timsalında idi. Sonralar zirvələrə çevriləcək Cabbar Qaryağdıoğlu da, Məşədi Məmməd Fərzəliyev də, Keçəçioğlu Məhəmməd də, Şəkili Ələsgər də, Bülbül də, Seyid də zamanında böyük şöhrət yoluna Gəncənin münbit mədəni mühitində qədəm basmışdılar.

Firidun müəllim bunu da deyirdi ki, XX əsrin əvvəllərində Gəncədə ustad xanəndələrin özlərinin bir cəmiyyəti də varmış: "Məndən yaşlı xanəndələr, sazəndələr danışardılar, onların söhbətlərindən eşitmişəm ki, bütün xanəndələr - Seyid Şuşinski də, Xan da, onlardan əvvəl Ələsgər Abdullayev də Gəncəyə elə toydan-toya gəlməzdilər, burda oturardılar, onları müxtəlif kənd-şəhərdəki toylara gəlib Gəncədən aparardılar. Əbdürrəhimlə mən dəfələrlə toylarda olmuşam. Çox insan adamdı, qabiliyyətli adamdı. Vallah, toyu çalırdıq, pullar mənim tarımın futlyarına yığılırdı. Bir də görürdüm ki, üzünü oyana tutub çıxdı getdi, pullar qaldı. Pul dəqiq hesab sevəndir, ona görə narahat olardım, deyərdim ki, Abdurrahman əmi, axı bölmədiz, işimiz yarımçıq qaldı axı. Qayıdardı ki, əşi, heç nə olmaz, sabah gətirərsən də. Bax, belə bir insan idi. Deyərdim ki, qaydadır, pulu adətən xanəndə bölər, siz də yığılanı özünüz kimə nə qədər verilməlidirsə, o cür paylaşdırın. Deyərdi ki, heç nə olmaz, nə verirsiniz verin".

Firidun Ələkbərov söyləyirdi ki, Gəncə musiqiçilərinin hamısı Əbdürrəhim Fərəcova hörmət bəsləyirdi - cavanı da, yaşlısı da.

Yenə Firidun müəllimin sözünə görə, Əbdürrəhim Fərəcov təxminən yetmişinə qədər yaşayaraq 1947-48-ci illərdə rəhmətə gedib. Onun Məmməd adlı bir oğlu varmış, o da 1941-1945 müharibəsində cəbhəyə gedirvə "qara kağız"ı gəlir.

"Fərəcova, bir də Musa Şuşinskiyə çox minnətdaram. Onlardan həm çox şey öyrəndim, həm də məhz bu ikisi mənim yolumu açanlar oldular. 70 ilə yaxındır Bakıdayam. O kişiləri, o günləri unuda bilmirəm ki, mənim sənətə təzə gələn vaxtlarımda necə qolumdan tutdular, bəzən özləri arxa cərgədə görünmək istəyərək mənə üstünlük verdilər, mənə rövnəq verdilər, məni ucaltdılar. Onları müşayiət edə-edə, onlardan əxz edə-edə yetişdim. Baxmayaraq ki, cavandım, bir-iki ilin içində mən Gəncədə tanınmış bir tarzən oldum".

İndi illər ayrılığından sonra Firidun Ələkbərovun 2017-ci ildə yazdığım səsini dinləyirəm və görürəm ki, burada Əbdürrəhim Fərəcovla bağlı əlavə bilgilər ala bilməkçün əlyerilər, tuşatmalar var. Deyib ki, Fərəcovun davaya gedib qayıtmayan oğlundan savayı, iki qızı vardı.

 

"Böyüyün adı yadımdan çıxıb, amma ondan kiçik qızın adı Brilyant idi. Elə ataları kimi, bütün uşaqları da göyçək idilər. Analarını da görmüşdüm, o da qəşəng idi. Mən Gəncədən Bakıya 1946-da köçdüm. Bildiklərim, gördüklərim ovaxtacan olanlardır. Abdurrahmanın qohum-əqrəbası Qarabağdan onun yanına gəlib-gedərdi. Abdurrahmanın həyəti qara maqazinin dalında idi (Firidun müəllimin dediyi “qara maqazin” Gəncədəki keçmiş Sabir indiki Cavadxan küçəsində, bugünkü Filarmoniyanın yaxınlığında yerləşirdi - R.H.). Qəşəng həyəti, yaxşı evi vardı. İkinci mərtəbədə üç otaq idi, birinci mərtəbədəki zaldan başqa, zirzəmisi də vardı".

Firidun Ələkbərovun söylədiklərinin bu ayrıntıları da mənə ona görə maraqlıdır ki, onun Fərəcovun evinə get-gəli olmasına dəlalət edir. Gedib-gəlməyənin göz yaddaşında belə təfərrüatlar qalmaz ki!

Daha bir iz də odur ki, Firidun müəllim Fərəcovun Gəncə Filarmoniyasında solist işlədiyini də söyləyirdi. Odur ki, yolum növbəti dəfə Gəncəyə düşəndə gərək ailəsindən, nəslindən kimlərinsə sağ olub-olmaması ilə maraqlanım, Gəncə Filarmoniyasının arxivi qalıbsa, orada axtarış apararaq haçansa bu ad-soyadda əməkdaşın olub-olmamasını aydınlaşdırım.

"Teatrda oynamazdı. Amma teatrın binasında konsertlər verərdi. Gəncə Filarmoniyasında birlikdə çox konsertlərdə çıxış eləmişik. Solo konsertlər verirdi, yapışıqlı oxumağı var idi. Köhnə xalq mahnılarını özünəməxsus şirinliklə oxuyurdu. Sinli vaxtında da səsi yerində idi. Üzdən də yaşından cavan görünürdü, yaşlı vaxtında da saçı yerində idi, heç çox da ağarmamışdı da. Filarmoniyada Musa Şuşinski ilə ikisi solist idilər. O vaxt orda aşıqlar qrupu da vardı ki, ona da Aşıq İslam başçılıq edirdi. Abdurrahmanla eyni vaxtda çalıb-çağıranların arasında Aşıq İbrahim Qaraçıoğlu da vardı, böyük aşıqdı, onun tayı-bərabəri yox idi. Onunla mən konsertlərdə dəfələrlə olmuşam. Elə "Misri" oxuyardı ki, gəl görəsən, "Koroğlu"dan dəm vurardı. Qara kişi idi, amma qəşəng adamdı, 100 yaşına kimi yaşadı. Mən Aşıq Əsədi də görmüşəm. Şəmkirdə bir toyda idik, elə Abdurrahman da orda idi. Böyük toyxana idi, saat iki olmuşdu, üçə işləyirdi. Dedilər, siz yekunlaşdırın, Aşıq Əsəd gəlib çıxıb. Müharibənin təzə başladığı vaxtlar idi. Baxdıq ki, Aşıq Əsəd girdi məclisə, balacaboy, dolu, sarışın adamdı, qəşəng, yumru sifəti vardı, özü də oxuya-oxuya hoppanırdı, mağarın bu başından o başına gedib fırlanırdı, arada yanaşırdı mürgüləyənlərə, bir nərə çəkirdi, yatanlar ayılırdı. Həmin gün Aşıq Əsəd səhərəcən nağıl dedi, sonra oxudu, nağıl dedi, oxudu. İnandırıram sizi ki, o adamların biri də getmədi. Səhər saat on idi, toy yiyəsi gəldi ki, yemək hazırdır, keçin bu tərəfdə süfrə açmışıq. O vaxt aşığı toyda üç gün saxlayardılar. Aşıq Əsədin gözəl, zil, həm də gur səsi vardı, oxuduğu kəndin o başında da eşidilirdi.

Səhər yeməyindən sonra Abdurrahman toy sahibindən də, Aşıq Əsəddən də izn istədi ki, biz gedəsiydik, amma bu səs bizi məcbur elədi ki, bir qədər ləngiyək, bir halda ki bu saatacan qalmışıq, icazə versəydiniz, biz də bir ağız oxuyardıq.

Aşıq da, ev yiyəsi də Abdurrahmana təəccüblə baxdılar, çünki o vaxtın toy qaydası belə idi ki, muğamatla sazı, aşıqla xanəndəni bir-birinə qatmazdılar, toyun tar-kamança, xanəndə hissəsi bitəndən sonra meydan saza verilərdi, onların dastan söyləmələri saatlarla, bəzən günlərlə davam edərdi. Abdurrahman onların sifətindəki təəccübü görəndə nəsə deyəcəklərini gözləmədən dilləndi ki, muğamat-təsnif oxumayacam, elə mən də bir-iki saz havası ilə ürəyimi boşaltmaq istəyirəm, çünki Aşıq Əsəd elə oxudu ki, oxumasam, nəfəsim tıncıxar, ürəyim partlar. Ancaq sazı aşıq özü çalsın, çünki mənim saz çalmağım yoxdur".

İxtiyar tarzən Firidun Ələkbərov heyifsilənirdi ki, o cür sənətkardan onun oxusunun misilsizliyini göstərən bir qırıq da olsa səs yadigarı qalmayıb, danışırdı ki, o gün xanəndə Abdurrahman əsl köhnə aşıqlar sayaq elə oxudu ki, hamının əli-ayağı yerdən üzüldü, Aşıq Əsəd kimi meydanlar görmüş ustad mat qalıbmış, heyrətlə Əbdürrəhim Fərəcovdan bu yolları, bu boğazları, bu sözləri haradan öyrəndiyini soruşurmuş.

Fərəcovsa deyibmiş ki, bu aşıq yollarını uşaqlıq illərində, yeniyetməlik çağlarında Qarabağın meydangir xanəndələrindən geri qalmayan ustad aşıqlarından eşidibmiş, o çağlardan da yaddaşına hopubmuş, indi üstündən qırx il keçərkən o vaxtdan hafizəsində ilişib qalanlar qəfilcə gözü açılmış bulaq kimi üzə çıxırmış...

Yenə Firidun Ələkbərovu dinləyirəm. Əbdürrəhim Fərəcovu görmüş, onunla oturub-durmuş son şahidin hər sözü mənə əziz gəlir. Danışır və hiss edirəm ən tərifli sözləri seçib desə də, ürəyi dolusu vəsf etməkçün bunlar ona azlıq edir, ustada yaraşan daha layiqli kəlmələr arayır: "Çox aydın nitqi vardı, sözləri sərrast deyirdi, həm də savadlı idi, çox kitab oxuyurdu, seçdiyi köhnə qəzəllərin hər sözünün mənasını bilərdi. İndi kim qalıb daha? Onu tanıyan adamlardan heç kim yoxdu. O vaxtın musiqiçiləri hamısı rəhmətə gedib, bir dənəsi yoxdur. Heç Abdurrahmanı tanımış şuşalılardan da qalan yoxdur. Gözəl xanəndəliyi bir yana, həm əsl insan idi, yaxşı yoldaş idi. Yaşlı kişi idi, özünü səninlə elə aparardı ki, deyərdin elə tay-tuşundur. Mülayim adam idi. Musa Şuşinski təkəbbürlü idi, amma əda bilməzdi, adamla yaxşı yola gedərdi, bir kəlmə artıq söz danışmazdı. Abdurrahmansa sadə idi, uşaqla uşaq, böyüklə böyük kimi idi. Onun və onun kimi ustadlarınhər sözü, hər əməli, sənətləri də mənim ömrümə-günümə yazılıb".

...Ellərimiz "Bir güllə bahar olmaz" deyiblər. Doğru sözdür, kim danar ki! Ancaq bu dünya həm də bütün ahəngdarlığına, sabitliyinə, təkrarolunanlığına, gözlənilənliyinə rəğmən, hərdən-hərdən ölçüdən kənara çıxmaların, istisnaların, fərqliliklərin dünyasıdır.

"Leyli və Məcnun" operası səhnəyə bir qış günündə gəldi və mədəniyyətimizə, bütövlükdə Azərbaycan insanının həyatına bir bahar müjdəsi kimi gəldi. 1908-ci ilin 12 yanvar gecəsində ilk dəfə göstərilib elə birinci gəlişindən ürəkləri fəth edən bu muğam operasında Əbdürrəhim Fərəcova bircə dəfə çıxış etmək nəsib oldu. İlk dəfə səhnəyə çıxdı, ilk Leyli oldu və bununla da onun Leyliliyi bitdi. Ancaq bu bircə rol onu tarixləşdirdi. Bircə rolla o, əbədi anılmaq haqqı qazandı. Bircə rol, bircə ifa onun ömrünə heç vaxt bitməyəcək bahar gətirdi. Bəs deyirdilər ki, bir güllə bahar olmaz?!

 

4 oktyabr 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 12 oktyabr(¹187).-S.16-17.