Akademik Urxan Ələkbərov:
"Dünya bizə deyirdi ki, sən balaca bir uşaq ol, mən
də sənin başını sığallayım"
Bu gün həyatda qürrələndiyim iki dəyərdən
birincisi doğma şəhərimdir. Onun haqqında
yazdığım ilk inşa yazımı indi də
xatırlayıram. On bir yaşlı məktəblinin
şagird dəftərinin qoşa vərəqi həcmində yazdığı
inşa belə başlayırdı: "Bakını
çox sevirəm. Çünki bu şəhərdə
yaşayıram". O yazının üstündən
yarım əsrdən də çox bir zaman keçib və
illər bu sevgini özü ilə bərabər o qədər
böyüdüb ki, ölçüyə belə,
sığmır. Zaman onu da göstərdi ki, Bakını
hamı sevir, hətta ilk dəfə bu şəhərə
ayaq basan turist də. Heç kəsin tapa bilmədiyi bir sirri
var bu şəhərin, heç köklü sakinlərin
özləri belə, bunun cavabını hələ də
tapa bilmir. Bakının ən unikal möcüzəsi şəhər
içində kiçik tarixi bir şəhərin
yaşamasıdır. Qonaqlar onu "Köhnə şəhər"
adlandırsalar da, bizim üçün qala divarları ilə
əhatə olunan bu yer İçərişəhərdir. Təqribən
iki ay əvvəl yazıçı İlqar Fəhmi ilə
müsahibəmizdə Bakı və onun köklü əhalisi,
İçərişəhər haqqında söhbətimiz
olmuşdu. Əslində dərin olan bu mövzuya hələ
ki təkrar qayıtmaq fikrində deyilik. Özünün
adı, zəngin tarixi, ənənəsi, mədəniyyəti,
ziyalıları olan İçərişəhər əhli,
əslində sayca kifayət qədər qalmasalar da, o
mühitə xas elit səviyyəni bugünədək qoruyub
saxlamağı bacara biliblər. Mən bunu onlardan bir neçəsilə
olan söhbətdə həmişə hiss etmişəm.
Bütün bu söylədiklərim təbii ki, səbəbsiz
deyil.
Qəzetimizin bugünkü qonağı İçərişəhərə
dərin köklərlə bağlı, professor, AMEA-nın həqiqi
üzvü, YUNESKO-nun Azərbaycan Milli Mab (İnsan və
Biosfer) Komitəsinin sədri, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru Urxan Ələkbərovdur.
- Ömrün uzaq səhifələrindən
başlayaq. İki məktəbdə təhsil
almısınız. Əvvəl 6, daha sonra 134 saylı məktəb...
- Ona görə ki, əvvəllər oğlan və
qızlar ayrı-ayrı təhsil alırdılar. Mənim də
məktəb illərim həmin dövrə təsadüf
etmişdi. Qərar veriləndə ki, qızlar və
oğlanlar vahid məktəbdə təhsil alacaqlar, bax onda 6
saylı məktəbdən bir qrup oğlanı 134 saylı məktəbin
qızları ilə yerdəyişmə etdilər. Səbəb
bu idi və yaxşı ki belə bir
düşünülmüş qərar verildi.
- Seçiminiz biologiya sahəsi oldu...
- Təbiət və onun mühafizəsi həmişə
maraq dairəmdə olub. Ən sirli proseslər təbiətdə
baş verir. İndiyə qədər bu sirlərin hələ
də çözülməyən tərəfləri
qalmaqdadır. Lakin açılan kiçik sirlər
böyük uğurlara gətirib çıxarır ki, onun
sayəsində əhəmiyyətli nəticələrə gəlib
çatmaq olur. Bu uğur imkan verir ki, insanların
sağlamlığı yaxşılaşmaya doğru
inkişaf etsin. Eyni zamanda bitki növlərinin və kənd təsərrüfatında,
heyvandarlıqda məhsuldarlığının
inkişafına da imkan verir ki, bu da əhalinin qida, ərzaq təhlükəsizliyini təmin edir.
Lakin mənim üçün bu sahənin daha çox idarəetmə
tərəfi maraqlı olduğundan fəaliyyətimi də elə
bu istiqamətə yönəltdim. Çünki ən mükəmməl,
təkmilləşmiş idarəetmə təbiətə məxsusdur
və zənnimcə, bunu bilməyimiz çox vacibdir.
- Əyani təhsil almağınıza baxmayaraq, elə
tələbə ikən istehsalatda əmək fəaliyyətinə
başlamısınız...
- Bu öz müstəqilliyimi təmin etmək
üçün idi və ona görə intehsalatın
müxtəlif sahələrində
çalışırdım. Lakin üçüncü
kursda oxuyanda bir hadisə baş verdi. SSRİ üzrə belə
bir qanun qəbul edildi ki, bütün əhalinin ən azı
yeddiillik təhsili olmalıdır. Bu səbəbdən
bütün müəssisə və idarələrdə
savadı olmayanlar təhsilə məcburi cəlb olunurdu. Qanun
daha çox istehsalat müəssisələrinə tətbiq
olunurdu və məktəblər də əsasən elə
daxildə açılırdı. Bu baxımdan müəllim
çatışmazlığı yarandığından
işə tələbələri də qoşdular. Mən də
o vaxtdan müəllim kimi işləməyə
başladım, çünki daha sərfəli idi.
- İxtisas olaraq biologiyanın genetika səhəsinə
üz tutmusunuz...
- Maraqlı sahə olduğu üçün. Genetika
irsiyyət haqqında qanunları öyrənən elmdir.
Özü də çox vacib bir elmdir. Genetika tək
biologiyanı deyil, psixologiya, pedaqogika kimi sahələri də
əhatə edir. Bu sahəni seçməyimin bir səbəbi
də vardı. SSRİ-də genetika ilə kibernetikanı
qadağan etmişdilər, hətta tanınmış genetiklər
repressiyaya da məruz qalmışdı. Biz sonuncu kursda oxuyanda
bu iki sahə bir növ bəraət qazandı və tam yeni
olduğundan ora üz tutdum. Bu sahədə ixtisaslaşmaq
üçün Moskvada təhsilimi davam etdirməli oldum,
çünki anlayırdım ki, genetika hər zaman aktual
olaraq qalacaq. Mən əsasən genetikanın ətraf
mühitə təsirini öyrənirdim. Çünki ətraf
mühit, onu çirkləndirən amillər irsiyyətə
çox mənfi təsir göstərir. İnsan
ömrünün qısalması, bir çox mübadilə və
onkoloji xəstəliklərin yayılması buna söykənir.
- Yəni ətraf mühitə...
- Ətraf mühit dedikdə hamımız təbii
mühiti anlayırıq. Lakin bizim vahid bir mühitimiz var, onun
da təbii, iqtisadi, sosial və mədəni komponentləri
var. Və mənim konsepsiyamda bu mühit vahid tərkibdə
idarə edilməlidir. Bu baxımdan elə bu yöndə də
inkişaf yolumu tutdum.
- Ali təhsilli bitirəndən sonra
ünvanınız Milli Elmlər Akademiyası olub. Botanika
İnstitutundan başlayan bu yol vitse-prezident kürsüsünə
nə qədər çatdı. Bu qocaman ocaq və elmimiz...
- Milli Elmlər Akademiyası elmimizin böyük bir
hissəsidir. Onun divarları arxasında Azərbaycan elmi
üçün kifayət qədər tanınmış
alimlər yetişib. Bir elm ocağı kimi hərtərəfli
inkişaf yoluna malikdir.
- On ildən artıqdır akademik Urxan Ələkbərov
ölkənin önəmli bir təhsil ocağına rəhbərlik
edir və ətrafında xeyli gənclər var.
- Ətrafımda müəllim heyəti də var.
- Biz isə bu günün gənclərindən
danışaq...
- Onlardan yüz faiz razıyam, yəni başqa cür
mümkün də deyil. Çox istedadlı, bacarıqlı,
yeniliklərə açıq, savadlı gənclərimiz var.
Amma bir iradımı da bildirmək istəyirəm.
Bugünkü gəncliyin ümumi məlumat mənbələri
çox olsa da, bəzilərinin dünyagörüşlərində
məhdudiyyət var. Zamanında bizim biliyimizi artırmaq
üçün yalnız kitabxanalar vardı. İstifadə
etdiyimiz kitablar əldən-ələ o qədər
keçmiş olurdu ki, vərəqləri
tökülürdü. Amma biz o kitablardan oxuyub öyrənirdik.
İndi gənclərin inkişafı üçün istənilən
hər şey var. Sosial şəbəkə üzərindən
istədiyi məlumatı anındaca ona lazım olan dildə əldə
edə bilir. Görün nə qədər irəli gedə
bilmişik. Ona görə ki, ölkə çox güclü
idarə olunur. Bir nümunə çəkim sizə.
Qarşıdan COP-29 gəlir, çox böyük və əhəmiyyətli
bir hadisə.
- Belə sualım var idi...
- Bu tədbirə ölkə başçısı
2004-cü ildən başlamışdı. Gələn ay
keçiriləcək tədbirin əsası iyirmi il əvvəl
qoyulub. Təsəvvür edin, Prezident yeni seçilib, ölkənin
durumu göz önündə, yoxsulluq 35 faiz, ölkədə
1 milyon qaçqın və məcburi köçkün...
Bütün bunlar həlli vacib olan problemlər idi. Ordu
qurulmalı, ərazi bütövlüyü və suverenliyi bərpa
edilməli idi. Və belə bir şəraitdə, üstəlik,
onu da nəzərə alsaq ki, ölkədə neft də var,
qaz da var, düşünmək olardı ki, enerji ehtiyatı
olan bir ölkəyə dirçəlmək üçün
başqa nə lazımdır?.. Amma ölkə rəhbəri
dünyanın inkişaf strategiyasını görürdü
və nə lazım olduğunu bilirdi. 2004-cü ildə milli
proqram yaradıldı. Ondan beş il sonra təşkilat quruldu
və bunları inkişaf edtirməyin vacibliyini Prezident
çıxışlarında xüsusi olaraq
vurğulayırdı. Bizim dırnaqarası dostlarımız
enerji ehtiyatı olan bir ölkədə iqlim
konfransının keçirilməsinə şübhələr
yaratmağa çalışsalar da, biz bu etimadı qazana
bildik.
- Üstümüzdə olan 30 illik ləkəni biz təmizlədik,
lakin dünya hələ də bizə qarşıdır...
- Dünya bizə deyirdi ki, sən balaca bir uşaq ol,
mən də sənin başını sığallayım.
Dünya bizdən bunu istəyirdi. Bəs istəyinin
müqabilində dünya nə gördü? Gördü ki,
30 il sülh uğrunda var gücü ilə
çalışan, öz ağlı ilə iş görən,
sözünü deməyi bacaran, ölkəsini beynəlxalq
arenada layiqincə təmsil edən, lazım olanda yumruğunu
endirə bilən və nəticədə istədiyinə
nail olan biri var. Təbii ki, bu onun xoşuna gəlməzdi. Onu
da gördü ki, öz ərazi bütövlüyü
uğrunda savaşa qalxan bir ölkə
başçısının 44 günlük müharibə
zamanı istər dünya mediasına, istər beynəlxalq
kanallara verdiyi müsahibələrin hamısı iti məntiqə,
güclü zəkaya söykənib. Verdiyi tutarlı və əsaslı
cavablarla jurnalistləri susmağa məcbur edən
güclü bir siyasətçi dünya ilə təkbətək,
üz-üzə dayana bildi. Və illərdir dünya kimin kim
olduğunu bilsə də, yenə də mövqeyindən
çəkilməyi sanki şəninə
sığışdırmır. Azərbaycan xalqı isə
bir yumruq kimi dövlətinin ətrafında birləşərək
müstəqilliyi uğrunda hər şeyə hazır və
qadir olduğunu dünyaya sübut etdi.
- Söhbətimizin istiqamətini bir az dəyişək...
Əyri-üyrü, dar küçələrin...
- Vaqif Səmədoğlunun İçərişəhər
haqqında yazdığı şeirdir. Bu günə qədər
yol gələn həmin o əyri-üyrü, dar küçələr
İçərişəhərin əsl simasıdır.
Qoşa Qala qapısından içəri daxil olan kimi elə
bilirəm ki, artıq evimin içindəyəm. İçərişəhərin
ənənələri çox dərinliyə söykənir.
İnsanların yaşayışı çətin olub. Bir tərəfdə
dəniz, Bakının dəli küləyi, imkanların məhdudluğu,
düşmənlərin çoxluğu və bütün
bunlara qalib gəlmək üçün biliyin vacibliyini
İşərişəhər əhli yaxşı bilirdi. Bu
baxımdan özlərinin savadı olmasa da, ailələr
övladlarının rifahı naminə dövrə uyğun
sivilizasiyadan geri qalmamağa çalışıblar,
onları təhsilə yönəldiblər. Ulu babamın on
dörd yaşında bir şəkli var, adi şəhər
geyimində. Beş ildən sonrakı şəklində isə
artıq əynində forma və çiynində poqon. Bibilərim
də, xalalarım da təhsil alıblar. Ümumiyyətlə,
Azərbaycan unikal bir ölkədir, İçərişəhərin
özü də.
- Anladığım qədər darıxırsız
İçərişəhər üçün...
- Darıxıram... O qədər xatirələr
qalıb ki, orada... Evimizlə üzbəüz içərişəhərli
iş adamı Qatır ləqəbli Zeynalabdin Tağıyevin
ikimərtəbəli mülkü vardı. Təəssüf
ki, İçərişəhərə qarşı
sökülmə bumu zamanı o mülk də yox oldu. Həmin
binanın ikinci mərtəbəsində bir yəhudi
yaşayırdı və evində piano vardı. Məhəllə
uşaqları o pianonu düşürürdülər
aşağı, Vaqif çalırdı, biz dinləyirdik.
Sonra yenidən qaldırıb pianonu qoyurdular yerinə. İndi
İçərişəhər çox səsli-küylüdür,
turizm məkanıdır, bizim üçün bu, əlbəttə
ki, böyük inkişafdır. Amma xatirələrdə
İçərişəhər tamam başqadır mənim
üçün.
- Ömrün 80 ilini geridə qoymusunuz... Dolğun, zəngin
ziyalı ömrü...
- Bu illərdə nə yaşamışamsa,
hamısı mənim həyatımdır. Həyatda hər
şeyə hazırlıqlı olmaq gərəkdir.
Etirazsız və üsyansız...
SÖZARDI: Bu gün Bakının
Ə.Topçubaşov və Ə.Quliyev küçələrinin
kəsişməsindəki üçmərtəbəli
tarixi mülk Urxan Ələkbərovun ana babası,
tanınmış iş adamı Əbdülbağır
Babayevin mülkü olub. Xeyirxah əməlləri ilə
tanınan bu insan 1918-ci ildə mart qırğınları zamanı
öz mülkünün qarşısında ermənilər tərəfindən
qətlə yetirilib. Nənəsi Xədicə xanım
üç qız övladı ilə mülkdən
çıxarılır və həbs edilir. Onları məhbusluqdan
Qafqaz İslam Ordusu xilas edir. Həmin üç
bacının biri müsahibimizin anası olub.
Tamilla M-ZADƏ