Uşaqlar üçün hekayələr

 

 

BALACA İT

Bir gün əmisi Kamilə haradansa pişik balası boyda bir küçük tapıb gətirdi. Bu küçüyün qıvrım-qıvrım tükləri vardı. Bu tüklər o qədər sıx idi ki, küçüyün gözləri güclə görünürdü.

Kamil bir karton qutudan küçük üçün evcik düzəltdi. Onu vaxtlı-vaxtında yemləməyə başladı. Oğlan istəyirdi ki, küçük tezliklə böyüsün, yaraşıqlı bir it olsun...

Həftələr, aylar ötüb keçdi. Küçük bu müddətdə böyüyüb kök bir pişik boyda oldu... Ancaq sonra elə olduğu kimi də qaldı... Bunu görən Kamil onun yemini daha da artırdı. Ancaq yemin çoxu evcikdə yığılıb qalırdı... Küçük isə daha böyümürdü... Kamil bu haqda əmisinə bildirdi:

- Əmi, küçüyə nə qədər yem versəm də, daha böyümür...

Əmi işdən halı olduqdan sonra Kamilin saçını sığallaya-sığallaya dedi:

- Əziz bala, yemini nə qədər artırsan da, xeyri yoxdur. Bundan artıq böyüyəsi deyil. Elə bu görkəmdə də qalacaq. Özü də bu küçük deyil daha, yetkin itdir. Onun cinsi belədir...

Kamil həmin gündən sonra bildi ki, dünyada pişik boyda da itlər var...

YUMAQ

Nənə səhər-səhər həyətdə bir qədər gəzindikdən sonra evə gəldi və öz otağına keçdi. Burada qarşılaşdığı səhnə onda çaşqınlıq yaratdı. Cəld eynəyini çıxarıb sildi və yenidən gözünə taxdı... Dolabın üstə qoyulmuş yumaq döşəməyə düşmüşdü və o yan-bu yana diyirlənirdi.

Yumaq gah sağa, gah da sola diyirlənməkdə davam edirdi. Sanki hoppanıb yenidən dolabın üstə qalxmaq istəyirdi.

Nənə yaxınlaşıb yumağı əlinə götürdü. O, yumağın ağırlaşmış olduğunu hiss etdi. Yunağın arasında çətinliklə nəfəs alan bala pişiyi görərkən hər şey ona aydın oldu... Bala pişik dolabın üstdəki yumağı caynağına keçirib oynadarkən özü də istəmədən ona sarınmışdı...

Nənə yumağın ucundan yapışıb  yavaş-yavaş onu bala pişiyin bədənindən açmağa başaldı. Çox keçmədi ki, bala pişik yumaqdan azad olundu və sərbəst nəfəs almağa başladı...

SƏBİRLİ OL!..

Baba zoomağazadan bir cüt göyərçin alıb evə gətirdi. O,  talvarın altda bir yuva düzəltdi. Bir neçə gündən sonra nəvələrini - Ələsgəri, Aqili və Turqutu yanına çağırıb dedi:

- Dişi göyərçin kürt yatır. Özü də gözəl bir təsadüfdür ki, üç yumurtası vardır. Qoy bala çıxartsın, hərənizə bir bala göyərçin verəcəm.

Turqut çox hövsələsiz idi. O, bir gün nə fikirləşdisə, talvarın altdakı göyərçin yuvasına yaxınlaşdı. Göyərçini yuvasından kənarlaşdırıb yumurtaları bir-bir əlinə götürdü. Hər birinin o üz-bu üzünə baxdı... Ancaq heç bir şey hiss etmədi... Yumurtaları qaytarıb  yuvaya qoyarkən biri əlindən sürüşüb yerə düşdü və sındı...

Bu zaman baba böyürdən  çıxdı... O, Turqutun nə iş gördüyünü başa düşüb dilləndi:

- Niyə yumurtanı yer salıb sındırdın, Turqut?..

Oğlan utandığından başını aşağı salıb dayandı...

Təxminən aradan bir ay keçəndən  sonra baba nəvələri yanına səslədi:

- Gəlin, göyərçinlərinizi sizə göstərim.

Yuvada iki bala vardı. Baba Ələsgərə və Aqilə göyərçinlərini göstərdi... Bu zaman Turqut səsləndi:

- Baba, bəs mənim göyərçinim?

Baba dilləndi:

- Turqut, sən göyərçinini əlindən yerə salıb xurd-xəşil eləmədinmı? Yoxsa yadından çıxıb?

Baba nəvəsinin məyus olduğunu görüb onun saçını sığallaya-sığallaya könlünü almaq istədi:

- Mənim balam, növbəti dəfə göyərçinin ən yaxşı balasını sənə verəcəyəm. Ancaq həmişə səbirli ol!..

BALIQ ŞƏKLİ

Nəvəm Turqut şəkil çəkməyi çox sevir. O, yaxşı şəkillər çəkir.

Bir gün ona dedim:

- Turqut, bir balıq şəkli çək görüm.

O, həvəslə işə girişdi. Bir az keçmişdi ki, onun çay şəkli çəkdiyini görüb iradımı bildirdim:

- Turqut, axı mən sənə dedim ki, balıq şəkli çək. Sən də durub çay şəkli şəkirsən...

Turqut gülümsəyib  cavab verdi:

- Baba, balığı indi çayda çəkərəm. Axı balıq susuz yaşaya bilməz!..

 

2024

Ələsgər ƏLİOĞLU

525-ci qəzet .- 2024.- 15 oktyabr(№188).-S.15.