Yaddaş fraqmentləri
ÜÇÜNCÜ SALAM
Aramızda neçə illərdən bəri
haqq-salam olan bir dostumuz layiq olduğu çox yüksək bir
dövlət vəzifəsinə təyin edilmişdi.
Qulağıma çatırdı ki, vəzifə xeyirxah
dostumuzun halını-xasiyyətini dəyisdirməyib; şəxsi
xahişlərlə ona üz tutan, bir vaxt salamlarımı aldığı
köhnə tanışların işlərinə
yarımağa çalışır, imkanı daxilində
onlara yardımçı olur.
Bir gün köhnə tanışlardan biri xəbər
verdi ki, hansı bir məclisdəsə vəzifəli dostumuz
ondan mənim hal-əhvalımı soruşub, mənə salam
yollayıb. Əlbəttə, bu diqqətdən xeyli məmnun
olub minnətdarlıq etdim.
Aradan bir müddət keçəndən sonra
başqa bir tanış da vəzifəli dostumuzun növbəti
salamını mənə çatdırdı. Neft
Akademiyasının məzunu olan oğlum bu ikinci salamdan sonra:
- Ata, bəlkə onunla görüşüb xahiş
edəsən, - dedi, - ixtisasıma uyğun işə düzəlməyim
bircə telefon zənginə bənddir...
Razılıq vermədim. Xahiş etsəydim, yəqin
ki, sözümü yerə salmazdı... Ancaq...
Bəlkə də mənə bir daha salam göndərməzdi...
MEYXANA USTASININ ƏZİZ GÜNÜNDƏ...
Füzuli yadigarı ustad Vahidin bir qəzəlindən
beytdir:
Ürəyimdə o qədər sevgi varımdır Vətənə,
Necə ki, aşiq olur bülbül-şeyda çəmənə...
Vahid sözünün xiridarı olan meyxana ustası
Ağasəlim Çildağın da ilhamını-təbini
coşduran öz vətəninə, elinə olan sevgisi, məhəbəti
idi.
Görkəmli alim, şeir-sənət dostu Arif
Paşayevin qədirbilənliyi və xeyirxah himayədarlığı
sayəsində bu gözəl meyxana ustasının anadan
olmasının 70 illik yubleyi keçirilirdi. Dadlı-duzlu bədahətli
söz aşiqlərinin bayramına çevrilən bu gözəl
məclisin iştirakçıları arasında o illərdə
xeyriyyəçi, öz halal-hümmət qazancından
ehtiyacı olanlara əl tutub dayaq duran, mənim keçmiş
sinif yoldaşım Məşədi Adıgözəl Fazil
oğlu da var idi. Məşədi Adıgözəl, təbii
ki, yubilyarı təbrikə əliboş getməmişdi, səxavətini
beqədri-imkan əskik etməmişdi. Amma o yubiley məclisində
Məşədi Adıgözəlin yubilyar haqda dediyi sözlər
maddi hədiyyəsindən də dəyərli oldu.
Təbrik nitqi üçün söz ona veriləndə
mikrofonu əlinə alan Məşədi Adıgözəl
Fazil oğlu çıxışına belə başladı
ki, bəs ötən əsrin 60-cı illəri, orta məktəbdə
oxuduğum vaxtlar idi. O zamanlar indilərdəki kimi maqnitofon,
kaset bolluğu yox idi. Ağasəlim Çıldağın
da meyxanaları ağızdan-ağıza yayılaraq bizim Dəvəçiyə
(indi Şabran) gəlib çıxmışdı. Bu gözəl
söz ustasının xeyli meyxanasını dinləyə-dinləyə
yaddaşıma köçürmüşdüm. Tənəffüslərdə
eşitdiyim meyxanları əzbərdən deyər, sinif
yoldaşlarımı feyziyab edərdim. Mənim meyxana deməyimi
müəllimlərə də
çatdırmışdılar. Bir gün ədəbiyyat
müəllimi evə tapşırıq vermişdi,
partiyanı tərənnüm edən bir şeir parçasını
əzbərləməyi tapşırmışdı. Növbəti
dərs zamanı məni də lövhənin
qarşısına çağırdı. Evdə nə qədər
çalışmışdımsa da, şeiri fərli-başlı
əzbərləyə bilməmişdim. Bəhanə gətirdim
ki, bəs nə qədər əzbərləməyə
çalışıram, yadımda qalmır, neyləyim?!
Müəllim cavabımdan narazı qalıb acıqlandı
ki, yaddaşın zəifdirsə, səhərdən
axşamacan dediyin o meyxanalar necə yadında qalır?
Yalvar-yaxar etdim ki, bir "üç" yazın,
müəllimim daha da coşdu, yox, mən "iki"
yazacağam, dedi, qoy o sözlərini əzbərlədiyin
Ağasəlim sənə "beş" yazsın.
O vaxt müəllimimə deyə bilmədiyim sözlərdir
ki, bəs Ağasəlimin meyxanaları ona görə
yaddaşlarda qalır ki, ürəkdən gəlir və
ürəkdən də ürəklərə həmişə
yollar görünür.
Ağasəlim Çıldağın o təntənəli
yubiley məclisində Məşədi Adıgözəl
Fazil oğlu bu ustad meyxanaçı ilə bağlı bir
xatirəsini də dilə gətirmişdi.
Üç-dörd həmyerlisi ilə
qoşalaşıb bir parça çörək ardınca
uzaq Sibirə yollandığı illərmiş. Birgə
qaldıqları bir həmyerliləri beş-on günlüyə
Bakıya gedib geri qayıdacaqmış. Ləziz milli xörəklərimzdən
olan yarpaq dolması üçün
tamarzılandıqlarından ondan xahiş edirlər ki, geri
dönəndə özü ilə meynə yarpağı, göy-göyərti
gətirsin, yarpaq dolması bişirsinlər,
ağızları dada gəlsin... O həmyerliləri
qayıdıb gələndə şövqlə xəbər
verir ki, tapşırılanların əvəzinə elə
bir şey gətirmişəm, min cür yeməkdən daha ləzzətlidir.
Və səliqə-səhmanla, ehtiyatla büküb cibində
saxladığı kaseti çıxarıb maqnitofona qoyur.
Ağasəlim Çıldağın meyxanaları səslənir.
Huş-guşla ona qulaq asa-asa qəlbləri, ruhları dada gəlir...
XOF DAĞILDI
Dünyasını vaxtsız dəyişmiş
Əlisəfər Əhədovu yaşadığı
Şabranda (keçmiş Dəvəçidə)
yaşlı da, cavan da yaxşı tanıyırdı.
Yaxından tanımıyanlar isə, adını da olsa,
eşitmişdilər. Yaşı elə çox olmasa da, uzun
müddət müxtəlif rəhbər vəzifələrdə
çalışmış Əlisəfər əmi bölgənin
"köhnə kişi"lərindən
sayılırdı. Və belə bir şərəfli adı
qazanmaq hələm-hələm iş deyil...
Ötən əsrin səksəninci illərində
rayona səs salmış bir müşavirə haqda indi də
hərdən söhbət açılır: Rayona yeni təyin
edilmiş rəhbər özünü "balaca
padşah" kimi aparır, çox göylə gedirmiş. Rəhbərliyi
altında keçən bütün istehsalat
yığıncaq və müşavirələrində
iştirak edənlərin hamısının əsəbləri
yerindən oynayır, yerli-yersiz həyəcan, stress
keçirirmişlər. Di gəl, nahaq tənqidinin, haqsız
sözünün cavabını qaytarmağa ürək
etmirmişlər. Bilirmişlər ki, qaytaracaqları cavab, deyəcəkləri
söz ən azı tutduqları vəzifələrinin itirilməsi
hesabına başa gələcək...
Belə bir istehsalat müşavirələrindən
birindən sovxoz direktoru kimi Əlisəfər Əhədov da
başçılıq etdiyi təsərrüfatın vəziyyətindən,
görülən işlərdən söz açır.
Sadaladığı rəqəmlər, təsərrüfatın
göstəriciləri yaxşı imiş. Ona görə də
direktor şəstlə, qürurlu
danışırmış. Deyəsən, elə bu da
hamını sancmağa vərdiş etmiş rayon rəhbərinin
xoşuna gəlmir. Onun çıxışını
yarımçıq kəsib acılamaq istəyəndə
Əlisəfər Əhədov dözmür, üzünü
katibə tutub:
- Yoldaş katib, - deyir, - sizin təkcə yerli-yersiz
iradlarınız bizə mane olmur, elə özünüz də
işimizə kömək etmək əvəzinə əngəl
törədirsiniz...
Elə bil zalda bomba partlayır. Katibə yarınmaq
istəyənlər narahat-nigaran yerlərində qurcalanıb
rayon rəhbərinə bu qədər adamın içində
belə sərt sözlər demiş Əlisəfər
kişiyə qəzəblə baxırlar. Özünü
itirmiş katib isə susur, dillənib danışmağa
söz tapmır.
Və Əlisəfər Əhədovun katiblə bu
"atışmasından" sonra tilsim sınır, xof
çəkilir. Yerində oturdulan rayon rəhbəri
özünü yığışdırır. Daha qarşısındakılarının
mənliyinə, heysiyyətinə toxunmağa cəsarət eləmir.
Həm də rayonda neçə-neçə vəzifə
sahibinin də Əlisəfər kişinin cəsarətindən
sonra qorxu-xofu dağılır.
Köhnə kişi Əlisəfər Əhədov
öz əyilməzliyi ilə bir çoxuna o vaxt yaxşı
dərs verir: cəsarət, qürur, haqq sözü üzə
şax demək dərsi...
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2024.- 15 oktyabr(№188).-S.15.