Qoy qəhr olsun müharibə...

 

 

(Yazıçı-dramaturq Qafar Cəfərlinin "Şəhid bayraq" dramı  ətrafında düşüncələr)

 

"Şəhid bayraq" yazıçı-dramaturq  Qafar Cəfərlinin bu il çapdan çıxmış "Qıl körpüsündə rəqs" kitabında yer alan üçüncü dramıdır. Yığcam süjetli bu dram birpərdəli  altı şəkillidir. Hadisələr, əsasən, cəbhə bölgələrindən uzaqda, yəni müharibə getməyən bölgələrin  birində cərəyan edir. Bu bölgədə nə  top-pulemyot atəşləri eşidilir, nə təyyarə uğultuları qulaq batırır, nə  də avtomat güllələri vıyıldayır. Döyüş səhnələri isə yox dərəcəsindədir. Ancaq müharibə və  onun dəhşətləri bütün çılpaqlığı ilə  bu savaş getməyən bölgədə də açıq-aydın duyulur və hamı, hər kəs burada da müharibəyə nifrət duyğusu ilə yaşayır, müharibənin  ürəklərə vurduğu yaraları özününkü  bilir və düşmənə sonsuz nifrət-qəzəb duyğuları kükrəyir. Burada - bu sakit bölgədə şəhid anaların, nişanlı qızların, körpə uşaqların  fəryad-nalələri yer-göy dağıdır, matəm - yas mərasimləri qapılar  gəzir, azan səsləri, Allahu-əkbər  sədaları göylərə qalxır, dibigörünməz boşluqlara dirənir. Və  bütün  bunları dramaturq təfərrüata   varmadan dramın süjet xəttinə mahircəsinə transfer edir.

"Şəhid bayraq" dramının nüvəsində  ədəbiyyatda çox az işlənən, bəlkə, heç işlənməyən bir olay dayanır: Qurban adlı bir əsgər Daşaltı uğrunda döyüşlərdə ağır yaralanır. Komandiri Polad Qurbanın  güllədən deşik-deşik buşlatını  əynindən çıxardır, öz buşlatını  Qurbana geydirir, həkim çağırtdırıb Qurbanı ona təhvil verir. Qurban hospitalda dünyasını dəyişir. Üstündə heç bir sənədi olmur. Üzü  tanınmaz olduğundan üstündəki  buşlatdakı yazıdan (ad və soyaddan)  elə bilirlər ki, şəhid Poladdır. Və  onun nəşini rayonlarına - ata-anasına göndərirlər. Polad hissəyə  qayıdandan sonra Qurbanın şəhid olduğunu bilir və hərbi hissənin  nümayəndələrilə Qurbangilə başsağlığına gedir.

Bu həcmcə kiçik, fəqət məna və mündəricə baxımdan böyükdən də böyük, ağırdan da ağır olay oxucu (tamaşaçı) ruhunu dərhal ələ alır, onun hiss-duyğularını yerindən oynadır və bu olayı dramik əsəri üçün mövzu seçən dramaturq Qafar  Cəfərliyə minnətdarlıq etməkdən belə çəkinmir. Və oxucu (tamaşaçı)  o əsəri, o tamaşanı sevir və bəyənir  ki, orada yalan danışılmır, orada  reallıqdankənar heç nə uydurulmur, hadisə və hadisələr təbii axarı ilə inkişaf edir, oxucu və tamaşaçının iç dünyasını təzələyir, dünyagörüşünü zənginləşdirir, ruhuna yeniləşmə-təzələşmə havası  doldurur. Nədir o təzələşmə, o  yeniləşmə? Bayrağın şəhidlik  mərtəbəsinə qaldırılması bayrağın  rəmzləşdirilməsi, bayrağın  müqəddəsləşdirilməsi.

Bayrağın müqəddəsliyi, Quran  ayələrinə bərabərliyi dramın bütün  personajlarına əzizdir, doğmadır. Və onların hər biri (Polad və həyat  yoldaşı Nəzrin, Fərhad və qadını Sevda, Teymur və Zeynəb xanım)  bayrağı dönə-dönə öpür, gözlərinə  sürtür, səliqə-sahmanlı yerdə hifz  edir. Dramın 6-cı şəklinin remarkasında oxuyuruq: Teymur (o, Qurbanın atasıdır - M.X.) işarə ilə  üstündə şəhid qanı olan bayrağı göstərir. Fərhad (o, Poladın atasıdır - M.X.) doluxsunmuş halda həmin bayrağı bükür, ayaq üstdə öpüb iki gözünün üstünə qoyur və ayaq üstdə  olan Teymura verir. Teymur da bayrağı alır, öpür gözlərinin üstünə  qoyur". Bu kiçik müəllif qeydində  bayraq adi bayraqlıqdan çıxır, vətənin, yurdun obrazına çevrilir, müqəddəslərin müqəddəsi kimi  sevilir, öyülür və ən qiymətli, ən dəyərli ucalıq mərtəbəsinə yüksəlir. Və dramaturq çox haqlı olaraq  dramın bu yerində "Bayraqları  bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa  vətəndir" beytini Teymur kişinin  dilindən səsləndirir. Bu, çox yerinə  düşən, həm də situasiya ilə bağlı  bir  nüans, bir fürsət, bir poetik priyomdur.

"Şəhid bayraq" dramında bütün  qəhrəmanlar müsbətdir, mənfi  planda rəsm edilən bircə qəhrəman  belə yoxdur. Burada hamı, hər kəs  vətən naminə döyüşür, vətən  yolunda can qoyur - həm ön  cəbhədəkilər, həm də arxa  cəbhədəkilər.

Polad və Qurban od-alovlarda  bərkiyən, möhkəmlənən iki vətən  oğlu, iki el balası. Hər biri Vətən qoruyucusu, Vətən qalası. Od  ələyirdilər düşmən başına. Düşməni  boğurdular göz yaşına. Vətən eşqi, yurd sevgisi doğmalaşdırmışdı  onları. Ağır-qanlı cəbhələrdə arxa-dayaq idilər bir-birinə. Polad  komandir idi, Qurban isə sıravi  əsgər. Polad qayğı göstərirdi Qurbana. Gözü həmişə bu od  parçasının üstündə idi. Qurbanı  özünə qardaş, dost bilirdi. Bu iki  vətən oğlu haqqında Teymur  əminin dediklərinə diqqət kəsilək: "Oğlum Qurban hər dəfə telefon  danışıığında komandiri Polad  barədə ağızdolusu danışırdı. Onu  böyük qardaşı hesab edirdi. Sağ  olsun Polad ki, oğlumu ağır yaralı  vəziyyətdə qucağında döyüş  zonasından çıxarıb həkimə təhvil  verib. Şəhid olmaq isə oğlumun qisməti imiş.

Komandir Polad isə cəbhə yoldaşını - Qurbanı belə xarakterizə edir: "Teymur əmi, Zeynəb ana, dostum  olduğu üçün demirəm, oğlunuz çox  igid, qorxmaz, ölümün gözünə dik baxan, necə deyərlər, şir ürəkli oğul  idi. Ən çətin tapşırıqlara onunla  gedirdim. Mənə deyirdi ki, müharibədən sonra toy edib  sevdiyim qızla evlənərəm, səni də  toyuma çağıraram. Heyif ki, qismət  olmadı". Komandir Poladın Qurban  haqqında dedikləri kövrəldir həm  Teymur əmini, həm də Zeynəbi. Zeynəb ağlayır, Teymur əmi isə  doluxsunur və hər ikisi, elə onlarla  bərabər oxucular da (tamaşaçılar)  müharibəyə nifrət kükrəyir.

Dramda iki el ağsaqqalının, iki el  ağbirçəyinin görüşü, bir-birinə  ürək-dirək verməsi ibrətamizdir, çoxəsrlik ənənəyə hörmət və bu  ənənəni yaşatmaq, onu daha da  uzun ömürlü etməkdir. Yaşarı  ənənə üstündə boy atdıqları üçün  hər iki ağsaqqal (Teymur, Fərhad), hər iki ağbirçək (Sevda, Zeynəb)  oxucuya (tamaşaçıya) doğma və məhrəmdir, ruhuna tez yol tapır, ürəyində tez də aşiyan qurur.  Teymurun oğlu şəhid Qurbandan  ata-anasına bir övlad nişanəsi  qalmır. Ata-ana buna yalnız  təəssüflənir, amma bunu özlərinə  dərd etmirlər. Çünki Qurbanın  qanına bulaşan bayraq-şəhid bayraq artıq Qurbanın atası Teymur  kişidədir. Şəhid bayraq Teymur  ataya, Zeynəb anaya Qurbandan ən dəyərli bir miras, ən qiymətsiz bir  yadigardır. Şəhid Qurbanın nəşi  Fərhad kişigilin şəhidlər  xiyabanındadır. Teymu əmi və  qadını Zeynəb oğlunun məzarını  ziyarətdən sonra Fərhad kişiyə  dərin minnətdarlıq ifadə edərək  deyirlər: "...Şəhid basdırılan torpaq, harda olmasından asılı olmayaraq, müqəddəsdir. Oğlumun şəhid  ruhunu narahat etmək istəmirəm. Oğlum indi sığındığı evində də  qalacaq".

Polad hərbçi zabitdir. I və II Qarabağ müharibələrində  peşəkarcasına vuruşub. General  Polad Həşimovun şəhid olduğunun  canlı şahididir. O qərarlaşdırıb ki, mütləq komandirinin qisasını alsın.    Polad uzun çək-çevirdən sonra  arvadı Nəzrindən, ata-anasından  cəbhəyə yola düşməsinin razılığını  alır. Çox sevinir, daha da ürəkli  olur. Quran altından keçir. Qəlbi  fərəh və iftixarla dolu Polad  anasına deyir: "İnan mənə, bu  Qarabağ uğrunda son döyüşümüz  olacaq. Ya torpaqları azad edib  itmiş şərəfimizi qaytaracağıq, ya da  ki, ömrü boyu vicdanı, namusu  ləkəli gəzəcəyik". Söz verdi Polad, oldu sözün ağası, qalmadı  qabağında bir erməni dığası. Qovdu, qovdu, ha qovdu. Erməni  vəhşətindən qurtuldu Odlar yurdu.

"Şəhid bayraq"da müharibə  səhnələri, müharibə epizodları  yoxdur. Top-tüfəng səsləri  eşidilmir. Burada müharibənin  insan psixologiyalarına, insan  talelərinə təsiri bədiiləşdirilir, müharibənin faciələri ayrı-ayrı  ştrixlərdə bədii sözün gücüylə  görünə bilən səviyyəyə qaldırılır və  görünən - duyulan nə varsa  müharibənin nəticəsi, müharibənin  cinayət faktı kimi dəyərləndirilir.

Dramaturq Qafar Cəfərlinin "Şəhid  bayraq", həm də müharibə mövzulu  hekayələri, povest və romanı  nifrətlə doludur müharibəyə, müharibə havadarlarına, ölüm-qan  çarvadarlarına, onların vəhşi-yırtıcı  ehtiraslarına. Həm dramaturq, həm də oxucuları (tamaşaçıları) Yer  kürəsinin heç bir guşəsində bir  güllənin atılmasına, bir puanın və  raketin partlamasına, topun-pulemyotun gurlamasına belə əsla  razı deyil, həm öz xalqına, həm də  dünya xalqlarına sülh, əmin-amanlıq arzusundadırlar və  üzünü  hamıya, hər kəsə tutaraq var-gur  səslərilə sanki belə hayqırırlar: Elə  vuraq zərbəni biz qanlı hərbə, bir də  talan salmasın nə Şərqə, Qərbə. Qəhr olsun Yer üzündən biryolluq  müharibə. Harda baş qaldırsa o  endir, endir üstünə sən qətiyyətli  zərbə. İmkan vermə yol alsın nə doğmaya, nə yada, nə də ki, bir qəribə.

 

Musa XANBABAZADƏ

525-ci qəzet .- 2024.- 15 oktyabr(¹188).-S.14.