VƏTƏNİ TANIMAQ VƏ SEVMƏK DƏRSLƏRİ VERƏN "VƏTƏNİM"  

 

 

Artıq dördüncü ildir ki, hər bazar ertəsi Azərbaycan Televiziyasının Mədəniyyət kanalında akademik Rafael Hüseynovun müəllif proqramı olan "Vətənim" verilişi nümayiş etdirilir. Mən ilk dəfə efirə çıxdığı vaxtdan bugünədək həmin verilişin bütün buraxılışlarını ya birbaşa ekrandan, ya da sonra yazılışını seyr etmişəm. Vaxt azlığında və iş çoxluğunda mənim bu verilişə belə maraq göstərməyim təsadüfi deyil. "Vətənim" proqramı göstərilməyə başlandığı 2021-ci ildən etibarən geniş tamaşaçı auditoriyası toplamağa müvəffəq olub və bunun əsas səbəbi verilişin yüksək intellektual səviyyəsi, maarifləndirici gücü, Azərbaycan mədəniyyəti və tarixinin iftixar edilməli səhifələri, hamı tərəfindən tanınıb-bilinməsi vacib olan, amma təəssüf ki, indiyədək kütlələrə ya büsbütün naməlum qalan, ya da haqqında ötəri və səthi təsəvvürə malik olduğumuz qiymətli şəxsiyyətlərimiz haqqında həm dərin elmi məzmuna malik, həm də hər kəsin anlayacağı bir dildə və üslubda söhbətlər açmasıdır. Fikir və rəy bölüşdüyüm, yüksək səviyyəsinə, zövqünə inandığım bir çox ziyalılarımız artıq "Vətənim"in daimi izləyicilərinə çevriliblər, həmin pərəstişkarların sırası getdikcə də sıxlaşmaqdadır. Hətta Musiqi Akademiyasının bir sıra professorları ustad dərsləri kimi həmin verilişin musiqi sənətimizə və böyük musiqiçilərimizə həsr edilən ayrı-ayrı buraxılışlarının tələbələrlə müzakirələrini aparırlar. Əlbəttə ki, verilişin qısa bir zaman ərzində belə populyarlıq qazanması və sevilməsinin ilk səbəbi onun müəllifidir. Rafael Hüseynovu mən yeniyetməlik, ilk gənclik illərindən tanıyıram və yarım əsr əvvəldən başlanan səmimi münasibətlərimiz lap çoxdan yol, məslək, fikir və zövq birliyinə gətirib çıxarmışdır. Mən Rafaellə ilk dəfə 1970-ci illərin başlanğıcında, onun Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olduğu çağlardan tanışam. Onunla əvvəlinci görüşlərimiz Maestro Niyazinin həmişə qonaq-qaralı olan mənzilində, əmim Əfrasiyab Bədəlbəylinin evində, bir də daha çox bizdə - atam Şəmsi Bədəlbəyli ilə mütəmadi təmasları əsnasında olub. Rafael gənc bir insan idi və mən təəccüblənirdim ki, necə olur atam, əmim və Maestro Niyazi kimi təcrübəli insanlar bu cavanla saatlarla birgə olurlar, söhbətləşirlər və aralarındakı böyük yaş fərqinə baxmayaraq, onu qəbul edirlər. Tanıyanlarsa yaxşı bilir ki, Maestro Niyazi də, Əfrasiyab Bədəlbəyli də, atam Şəmsi Bədəlbəyli də bütün mehribanlıqlarına, bildiklərini paylaşmaqda səxavətli olmalarına, xeyirxahlıqlarına baxmayaraq, heç də hər adama açıq deyildilər və onların daimi həmsöhbətinə çevrilmək, evin adamı olmaq, onların inamını və xoş münasibətini qazanmaq da kifayət qədər çətin idi. Rafaelə onların həssas münasibəti məni heyrətləndirirdi və hətta bir dəfə atamdan soruşdum ki, axı bu cavan oğlanda nə görmüsünüz ki, hamınız onu yaxın qəbul edirsiniz. Atam söylədi ki, bu cavanın çox böyük gələcəyi var, bizlərin ən dəqiq, ən doğru tarixini o yazacaq, gün gələcək, onu bütün Azərbaycan tanıyacaq.

Həmin gələcək artıq gəlib və Rafael Hüseynov bu gün ölkəmizdən kənarlarda da tanınıb etiraf edilən görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, yalnız Azərbaycan Elmlər Akademiyasının deyil, Oksford Akademiya İttifaqının da həqiqi üzvü, sayı 30-u keçən sanballı monoqrafiyaların, yüzlərlə qiymətli məqalənin müəllifi, 2000-ci ildən bəri Azərbaycan Milli Məclisinin üzvü, beynəlxalq səviyyədə Azərbaycanı ləyaqətlə təmsil edən siyasətçi, ümumi sayı artıq minləri aşan, Azərbaycan radio və televiziyasının xəzinəsini zənginləşdirən verilişlərin müəllifidir. İnanıram ki, Rafael Hüseynovun daim yazılarında, çıxışlarında məhəbbət və ehtiramla yad etdiyi Maestro Niyazi, atam Şəmsi Bədəlbəyli, əmim Əfrasiyab Bədəlbəyli həyatda olsaydılar, bütün bunlarla iftixar edərdilər və seçimlərində, ümidlərində yanılmadıqlarına sevinərdilər.

Bir zamanlar, sovet dövründə Moskvadan Mərkəzi Televiziya ilə SSRİ Xalq artisti, yazıçı, ədəbiyyatşünas, şifahi hekayətçiliyin misilsiz ustası olan İrakli Andronikovun verilişləri göstərilərdi və uzaq illərdə qalan o verilişlərin təəssüratı indiyədək unudulmayıb. Yaxud bizim Azərbaycan Televiziyasında 1960-cı illərdə Xalq artisti, bəstəkar, dirijor, musiqişünas Əfrasiyab Bədəlbəylinin apardığı "Mədəniyyət Universiteti" silsiləsindən verilişlər bəlli saatlarda Azərbaycanın dörd bucağında tamaşaçıları televizorların qarşısına çəkər, heyranlıqla baxıb-dinləməyə cəlb edərdi. Rafael Hüseynovun "Vətənim" silsiləsinə hər dəfə tamaşa edəndə o məşhur şəxsiyyətlərin bənzərsiz aparıcılığı, natiqlik məharəti, nəqletmə ustalığını xatırlayıram və fərəhlənirəm ki, Rafael Hüseynov bu istiqamətdə öz modelini yaratmağa, yeni və uğurlu bir səhifəni açmağa nail olubdur. Rafael Hüseynovun necə mahir qələm sahibi olması onun elmi əsərlərindən və publisistik yazılarından ictimaiyyətimizə yaxşı bəllidir. Lakin o, həm də yazısında olduğu qədər nitqində, şifahi təqdimatlarında güclüdür və bu baxımdan da Azərbaycan efir məkanında meyar sayılası təklərdəndir. Son illərdə biz tez-tez şikayətlənirik ki, Azərbaycan televiziya məkanı böhran yaşayır, peşəkarlıq azalır, verilişlərin və onları aparanların səviyyəsi aşağı düşməkdə davam edir, ucuz mahiyyətli şou proqramlar bir ucdan artmaqdadır, efirə yol tapan dedi-qodular və şitliklər insanları bezdirir, gənc nəslin mənəvi tərbiyəsinə xoş olmayan təsirini göstərir, təbliğə layiq incilərimiz və nəhəng şəxsiyyətlərimiz əvəzinə meydan ikinci, üçüncü və daha aşağı dərəcəlilərə verilir, ana dilimiz təhrif olunur, zövq korlanır. Bu haqda başqaları da yazıblar, mən də müsahibələrimdə narahatlığımı ifadə etmişəm. Lakin axı həmin arzuolunmaz təmayüllərlə yanaşı, əleyhinə səsimizi qaldırdığımız hallarla bərabər, Azərbaycan efirində Rafael Hüseynovun hazırladığı və hər cəhətdən örnək sayılası "Vətənim" layihəsi də var. Bizi incidən, narazı salan hallardan bəhs etməklə bərabər, bu cür diqqətəlayiq efir hadisələrindən də ürək genişliyi ilə danışmalı və yazmalıyıq ki, həm yaxşılar qiymətini alsın, həm də bizim efirdən nələri istədiyimiz bir daha hər kəsə aydın olsun.

Rafael Hüseynovun müəllifi olduğu proqram "Vətənim" adlanır və hər bir insan üçün də Vətən dildən, milli-mənəvi dəyərlərdən başlanır. Bu verilişin hər buraxılışı, ilk növbədə, rəvan, şirin, səlis Azərbaycan dili ilə növbəti görüş deməkdir. Rafael Hüseynovun nitqi ayrıca söhbət mövzusudur və bu, sadəcə ana dilimizi yaxşı bilərək onu tələb olunan qayda-qanunu ilə danışmaq məsələsi deyil. Rafael Hüseynov istər televiziya, istər radio verilişlərində, istərsə də müxtəlif səhnələrdən və kürsülərdən etdiyi ən müxtəlif çıxışları ilə bunu çoxdan sübut edib ki, o, haqqında söz açdığı istənilən mətləbdən çox maraqlı, cəlbedici bir tərzdə, auditoriyanı əvvəldən sonadək diqqət kəsilərək dinləməyə sövq edən bir tərzdə danışmağı bacarır. Əlbəttə, bunun arxasında dayanan əsas bünövrə ondakı universallıq, dərin bilik, zəngin məlumatlılıq, bəhs edilən hər bir mövzunu panoramda seyr edə bilmək qabiliyyəti sayəsində müqayisələr apararaq ən gözlənilməz qütblər arasında rabitə yarada bilmək səriştəliliyi, improvizə məharətidir. Bütün bunların üstünə kamera qarşısında insanlarla üz-üzəymiş kimi sərbəst və səmimi davranmaq keyfiyyətini də əlavə edəndə belə bir məsul və mühüm tarixi mənası olan televiziya verilişini hazırlayıb təqdim etməyin nə qədər çətin olması hər kəsə aydınlaşar.

Söz yox, Rafael Hüseynov Azərbaycan elmi-mədəni mühitində və efirimizdə ayrıca bir hadisədir və hər aparıcıdan belə olmağı tələb etmək düz olmazdı. Ancaq hər halda efirə çıxan, ekranda görünən hər bir aparıcı və onları yönəldən televiziyalar bu məsuliyyəti, xalq qarşısında cavabdehliyi də heç zaman unutmamalı, işlərini məhz belə təqdir ediləsi örnəklərə köklənərək qurmalıdırlar.

Rafael Hüseynov mətbuatda vaxtaşırı dərc edilən məqalələrində və son 40 ilə yaxın müddətdə nəşr edilən çoxsaylı kitablarında yer alan esseləri ilə portret ustası olduğunu çoxdan sübuta yetirmişdir. Ancaq "Vətənim" silsiləsi onun yaradıcılığında bu baxımdan yeni bir səhifə hesab edilə bilər. 4 il ərzində "Vətənim"də Azərbaycanın qüdrətli şəxsiyyətlərindən ibarət əlvan surətlər qalereyası yaradılmışdır ki, tariximizin son 1400 ildən artıq bir dövrünü əhatə edir. Xüsusi vurğulanmalı cəhətlərdən biri də budur ki, Azərbaycanın tarixində müstəsna xidmətləri və izləri olan bu şəxsiyyətlərin əksərini müasirlərimiz ya yerli-dibli tanımırlar, yaxud onların haqqında cüzi məlumata malikdirlər. Səbəb həmin şəxsiyyətlərin indiyədək yaxşı tədqiq edilərək insanlarımıza lazımınca təqdim olunmamasıdır. Rafael Hüseynovun hazırladığı verilişlərdən biri on üç əsr əvvəl yaşamış, ərəbcə yazıb-yaratmış, yalnız öz ədəbiyyatımızın deyil, bütün Yaxın və Orta Şərq xalqlarının söz tarixində azadfikirliliyin ilk carçılarından olmuş İsmayıl ibn Yəsar haqqında idi. "Vətənim"in hər buraxılışı kimi, 45 dəqiqə davam edən bu verilişin də necə başlayıb necə qurtarmasını hiss etmirsən. Bir-birindən maraqlı epizodlar, dramatizmlə dolu ömür anları, müfəssəl təsvir edilən tarixi fon və həmin qarışıq zamanın mürəkkəb axarından keçib gedən müdrik və dikbaş şairin məğrur şəxsiyyəti tamaşaçını alıb aparır, baxıb yalnız zövq almırsan, həm biliklərin artır, həm də bu veriliş səni yaxın-uzaq mövzularda bir çox düşüncələrə dəvət edir, tanımadığın, ancaq mütləq tanıyıb bilməli olduğun bir qədim soydaşını bu proqram sayəsində kəşf edirsən. "Vətənim" silsiləsini izlədikcə özünü sanki vətən və millət dərsləri verilən bir sinif otağında hiss edirsən, qürur duymalı olduğun həmvətənlərini bir-bir tanıdıqca, həm də sadəcə tanımayıb aldığın hərtərəfli biliklər sayəsində sevməyə başladıqca azərbaycanlı olmağınla daha artıq qürrələnirsən. "Vətənim"in bələdçiliyi ilə XI əsrdə yaşamış filosof şair Baba Kuhi Bakuvi də, XII əsrdə Şərqdə günəş kimi parlamış Məhsəti və yanındakı daha beş qadın şair də, XIII əsrdə söz möcüzələri doğurmuş Zülfüqar Şirvani də, həmin yüzildə musiqişünaslıq tarixində əsrlərcə masaüstü kitablara çevriləcək qiymətli risalələr qələmə almış Səfiəddin Urməvi də, XVI əsrdə Hindistanda moğol imperiyasına rəhbərlik etmiş qadir sərkərdə və şair, qarabağlımız Məhəmməd Bayram xan da, neçə başqa əski alimimiz, dövlət xadimimiz, memarımız, sərkərdəmiz, rəssamımız, ifaçımız duman içərisindən çıxaraq indimizə gəlir, bizi biz edən o nadir simaları yaxından tanıdıqca yurdumuzun və xalqımızın nə qədər əzəmətli olduğuna bir daha yəqin kəsilirik.

Bu verilişlərə ən müxtəlif təbəqələrdən olan, ən müxtəlif yaş nəsillərinə mənsub insanlar maraqla baxır və hamıya da həmin televiziya hekayətləri anlaşıqlı gəlir, yaddaqalan olur. Çünki təhkiyənin, təqdimatın özü yetərincə sadə və rahat qavranılandır. Televiziya sənətinin ilkin əsas şərtlərindən biri də elə budur. Akademik bir tərzdə, qəliz ibarələr, uzun cümlələr, yorucu mətnlərlə nə qədər lazımlı bir mövzudan söz açsan da, tamaşaçını ekran qarşısında çox saxlaya bilməzsən. Çünki televizorun düyməsi tamaşaçının öz əlindədir, bəyənməyincə bunu qoyub başqa kanala keçəcək. Lakin zahirən belə sadə, anlaşıqlı, tez çatan verilişlərinin hər birinin arxasında Rafael Hüseynovun Azərbaycanda və dünyanın müxtəlif ölkələrindəki əlyazma fondlarında, arxivlərdə, kitabxanalarda illər boyu apardığı axtarışlar dayanır. Bir sıra Şərq və Qərb dillərini yaxşı bilməsi, qədim əlyazmalarla işləmək bacarığı da onun digər yardımçısıdır. Bunlar elə verilişlərdir ki, 45 dəqiqə davam etsə də, hər birinin arxasında müəllifinin onillər ərzində davam etmiş axtarışları durur və hər yeni "Vətənim"ə baxmaq əslində cildlərlə kitabları oxumağa bərabərdir. Bunu da qeyd etmək lazımdır ki, Rafael Hüseynovun zəngin səs və təsvir arxivi var. Şəxsən şahidəm ki, zamanında atamın və Maestro Niyazinin on saatlarla söhbətlərini lentə alıb. Bundan başqa da, onlarla yox, yüzlərlə tarixi şəxsiyyətin. İllərcə toplanmış həmin sərvəti Rafael indi həm yazılarında, həm də bu verilişlərdə istifadə edir. "Vətənim"də elə nadir miniatür və rəsmləri, indiyədək başqa yerdə rastlaşmadığımız elə fotoları, elə səs və təsvir xronikalarını görürük ki, onların hər biri verilişə gözəllik, baxımlılıq verməkdən savayı, həm də tarixi əhəmiyyət daşımaqdadır. Məni verilişdəki hər detal maraqlandırır. Ustacasına montajdan tutmuş mətnləri müşayiət edən kadraxası musiqinin seçiminə qədər hər addımda yüksək zövq, ölçünün  incəliklə gözlənilməsi hiss edilir və ona görə də "Vətənim"in hər buraxılışı kamil kompozisiya təsiri yaradır.

"Vətənim"in daha bir cəlbediciliyi isə ondan ibarətdir ki, hətta bizə çox yaxşı tanış olan simaları da yeni baxış bucağından təqdim edə, onlar barəsində bugünədək aşkarlanmamış soraqları verə bilir. Dahi Nizaminin adı da, əsərləri də, son mənzili - məqbərəsi də hamımıza bəllidir. Lakin Rafael Hüseynovun Nizami məzarının dünəni ilə bağlı son dərəcə əhəmiyyətli tarixi təfərrüatlarla dolu "Vətənim"i anladır ki, bəzən üzdən adi görünən sadəcə bir məzarın da keçmişində milli tarixin nə qədər sirləri gizlənə bilərmiş. Yaxud "Xəmsə"dən edilən iqtibaslarla Nizaminin öz dilindən qopmuş, öz qələmindən çıxmış misralar, beytlər əsasında onun milli kimliyi haqqında aparıcının verdiyi məlumatları dinlədikcə "Vətənim"ə minnətdar oluruq ki, bəzən ayrı-ayrı elmi mübahisələrə səbəb olan məqamlara şairin öz diliylə necə əsaslandırılmış, məntiqli cavablar verilir.

Xədicə Qayıbova Azərbaycanın ilk pianoçu qadınıdır, alt saksafonçu Pərviz Rüstəmbəyov Azərbaycan cazının beşiyi başında dayananlardan biridir. Sanki onlarla aramızdakı vaxt məsafəsi o qədər də uzun deyildir. Lakin hər ikisi sovet siyasi repressiyalarının qurbanı olmuş bu parlaq sənətkarlar haqqında musiqişünaslıq elmimizin də, geniş ictimaiyyətin də bildikləri lap azdır. Rafael Hüseynovun "Vətənim"də bu unudulmuş sənətkarlarla bağlı hazırladığı buraxılışlar bir növ həmin şəxsiyyətlərin əsl bəraətinə, xalqımıza yeni qayıdışına çevrilir.

"Vətənim"in bir mühüm məziyyəti də odur ki, müəllif hansı mövzudan danışır-danışsın - istər bu, alban sərkərdəsi Cavanşir olsun, istər ana abidəmiz "Kitabi-Dədə Qorqud" dastanları, istər memar Əcəmi olsun, istər XV yüzilin zirvə bəstəkarı, udçalanı, musiqişünası Əbdülqadir Marağayi, istər səyyah Hacı Zeynalabdin Şirvani olsun, istər şəbəkə ustası Əbdülhüseyn Babayev, istər opera müğənnisi, Azərbaycan səhnəsində qadın rollarını ifa etmiş Əhməd Ağdamski olsun, istər "ikinci Sabir" adlandırılmış, Cənubi Azərbaycandan olan şair Mirzə Əli Möcüz və daha kimlər... hər biri haqqında eyni yüksək peşəkarlıqla, həmin sahələrə yetərincə bələdliklə fikir söyləyir. Ona görə də tamaşaçı inanır, həvəslə baxır, öyrənir, yadda saxlayır, ibrət götürür. Mən əminliklə bildirirəm ki, bu verilişlərin hər biri televiziyamızın "qızıl fond"unda qorunmaq haqqına layiqdir və onlara çox illər sonra bəlkə indikindən də daha artıq maraqla baxılacağına inanıram, yeni tamaşaçı nəsillərinin də bu qiymətli sərvətdən bəhrələnəcəyinə ümidvaram.

Azərbaycan Televiziyasının Mədəniyyət kanalının və bütövlükdə Azərbaycan televiziya məkanının ən uğurlu və diqqətəlayiq hadisələrindən olan "Vətənim" verilişinin uzun efir həyatı yaşayacağına şübhəm yoxdur. Çünki akademik Rafael Hüseynovun bir vacib xüsusiyyəti də başladığı və ümummilli mənası olan işləri heç bir çətinlik və sınaqlara baxmayaraq, illərcə müvəffəqiyyətlə davam etdirməsidir.

Vaxtilə Azərbaycanın bir nömrəli qəzeti sayılan və yarım milyondan artıq tirajla buraxılan "Kommunist" qəzetində Maestro Niyazinin Azərbaycan radiosunda Rafael Hüseynovun apardığı "Axşam görüşləri" haqqında bu proqramı yüksək dəyərləndirən irihəcmli məqaləsi dərc edilmişdi. Həmin məqalənin çap olunduğu zamandan 40 ildən artıq müddət keçir. "Axşam görüşləri" yenə hər bazar günü efirdədir, Rafael Hüseynov o vaxtlar olduğu kimi, bütün başqa bolluca işlərinə və mühüm elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətlərinin ondan nə qədər çox vaxt almasına baxmayaraq, "Axşam görüşləri"ni yenə əvvəlki tələbkarlıq və şövqlə hazırlamaqda davam edir. "Vətənim"in də efir ömrü nə qədər sürəkli olarsa, bundan qazanan xalqımız, mədəniyyətimiz, elmimiz, bu verilişlər silsiləsindən mükəmməl azərbaycançılıq dərsləri alan gənc nəsillərimiz olacaq.

Hələ "Vətənim"in 1 yaşı tamam olanda mən söyləmişdim ki, bu silsilə ən yüksək mükafatlara təqdim edilməyə layiqdir. Lakin indi 4 yaşına çatmış və iki yüzədək buraxılışının hər biri qiymətli əsər olan "Vətənim"in keçdiyi yolu nəzərdən keçirirkən məmnuniyyətlə təsdiq edirəm ki, akademik Rafael Hüseynov, onun müəllifi olduğu bu veriliş artıq ən yüksək mükafatı qazanıb və həmin təltifin də adı ümumxalq sevgisi və rəğbətidir!

 

Fərhad BƏDƏLBƏYLİ

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

525-ci qəzet .- 2024.- 15 oktyabr(№188).-S.12;13.