Kəngərlilərin arxivi: müstəsna əhəmiyyətli tarixi sənədlər haradadır?

 

 

"Dünyanın ən böyük kitabxanalarında, muzeylərində Tariximizi əks etdirən kitablar, əlyazmaları, tarixi sənədlər var".

Ümummilli lider Heydər Əliyev

1935-ci ilin iyununda rus alimi və şərqşünası Konstantin Nikolayeviç Smirnovun başçılığı ilə elmi ekspedisiya Naxçıvana gəlir. Bu ekspedisiya heyəti xüsusi məqsədlə göndərilmişdi. Buna görə də o vaxtlar Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Əli Məmmədov, Naxçıvan Fövqəladə Komissiyasının (ÇK) sədri Ağamirov elmi ekspedisiyanı səmimiyyətlə qəbul etdilər. Alimin arzusuna əsasən, onun polkovnik İsmayıl ağanın evində qalıb işləməsini təmin edirlər. Naxçıvanın elm və bilik sahiblərinə şərqşünas K.N.Smirnova hər cür köməklik göstəmək tapşırığı verilir. Bunlardan Məhəmməd Rasizadənin, Naxçıvan Mərkəzi Arxivinin direktoru Mirzə Əhməd Hüseynovun, Naxçıvan Muzeyinin direktoru Mir Bağır Heydərzadənin, ruhani Mirzə Cabbar Bektaşovun, Şahbaz ağa Kəngərlinin, Əliqulu ağa Sultanovun və digərlərinin adlarını çəkmək olar.      Şərqşünas K.N.Smirnov 64 gün bu torpaqda qalıb, Naxçıvanın tarixi ilə bağlı çox mühüm yerlərə səyahət edir, axtarışlar aparır və bu qədim diyarın etnoqrafiyasına aid materiallar toplayır. Hətta I Nəzərəli xanın kəndi olan Zoğalaya da dönə-dönə baş çəkir. Alim bilirdi ki, xüsusi tapşırıqla gəlib. Tiflisə qayıdan kimi, lazımi adamlara təpədən-dırnağa məruzə etməlidir.

Tariximizə çox maraq göstərən oxucu soruşa bilər: K.N.Smirnov harada doğulmuşdu, necə bir təhsil almışdı, harada işləmişdi?..

K.N.Smirnov (1878-1938) indi Teymurxan şurada (keçmiş Bunaksk) doğulmuşdu. Tiflisdə hərbi məktəbdə-kadet korpusunda ilk təhsil alandan sonra zabitlər üçün, onlara məxsus Şərq dilləri kurslarını bitirmişdi. Kursları bitirəndən sonra Peterburq Arxeologiya İnstitutunda təhsil almışdı. 1903-cü ildən 1906-cı ilədək Qafqazda hərbi xidmət etmiş, 1907-ci ildən 1914-cü ilə kimi Rusiya səfirliyi ilə sıx əlaqə saxlayaraq, İran şahının oğlunun müəllimi olmuşdu. Sovet hakimiyyəti qurulandan sonra elmi idarələrdə tərcüməçi işləmiş, Tiflis Qafqazşünaslıq İnstitutunda əməkdaşlıq etmişdi.

Şərq ölkələri, xüsusən Naxçıvan tarixi, toponomiyası, etnoqrafiyası və bunlara dair mənbəşünaslıqları bildiyi üçün Naxçıvana ezam olunmuşdu.

Tiflisdəki Qafqazşünaslıq İnstitutu çox məşhur alim olan akademik N.Y.Marr tərəfindən yaradılıb. Ata Marrın bəzi səhvlərinə baxmayaraq, o, Qafqaz xalqlarının dillərini, tarixini və etnoqrafiyasını çox gözəl bilirdi. Və bu bilgilərin qorunması üçün onu şimala, Peterburqa elmi işə aparmışdılar. O, 1934-cü ildə vəfat edib. O vaxtkı SSRİ Elmlər Akademiyasının Gürcüstan filialında akademik N.Y.Marrın adına Dil, Ədəbiyyat və Maddi Mədəniyyət İnstitutu yaradılıb. K.N.Smirnovun Naxçıvanla bağlı əldə etdiyi sənədlər buraya təhvil veriləcəkdi. Ancaq Naxçıvanda Smirnova köməklik edənlərin heç birinin bütün bunlardan xəbəri yox idi. Alim isə nə axtardığını yaxşı bilirdi. Və onun ən çox əlaqə saxladığı, dostlaşdığı Əliqulu ağa Cümşüd paşa oğlu Sultanov və onun əmisi Şahbaz ağa Kəngərli idi. Çünki Əliqulu ağa Sultanov və Şahbaz ağa məşhur hərbçi Kərim Sultanın varisləri idilər. Naxçıvan ruslar tərəfindən işğal ediləndən sonra Kəngərli tayfasının tirə və qolları ayrı-ayrı familiyalar qəbul etmişdilər: Sultanov, Tahirov, Qullar-ağasıbəyov, Möhsün Sultanov Elçiyev, Qarayev və digərləri.

Tiflisə qayıdan K.N.Smirnov Naxçıvandan gətirilmiş tarixi sənədlər haqqında çox ciddi şəkildə məruzə etdi. Bu müzakirələrdə Qafqazın ən güclü tarixçiləri iştirak edirdilər: Y.N.Marr (oğul), A.R.Zifeldt-Siuyaqa, Y.V.Petruşevski, M.A.Polievktov, Q.P.Çerman və başqaları.

Çox təəssüf doğuran odur ki, bu alimlərin içərisində bir nəfər də türkəsilli soyada rast gəlmirik. Əslində bu müzakirə Naxçıvandan gətirilən Kəngərli arxivi ilə bağlı idi.

K.N.Smirnov ərəb və fars dillərini mükəmməl bilən Cahangir Qayıbovu və Mirzə Həsən Qənizadəni köməkçi təyin Smirnov və onun köməkçiləri gətirilən 300 sənəddən 25-ni tərcümə etdi və gənc tarixçi-alim Y.N.Marın rəhbərliyi ilə çapa hazırladı. Kitab çapa gedən ərəfədə Marr uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bu hadisə 1935-ci ilin 1 dekabrında olub.

Tərcümə edilmiş sənədlər toplusu "Naxçıvanın əlyazma sənədləri" adı ilə 1936-cı ildə Yuri Marrın xatirəsinə ithaf olaraq çap edildi. Bu, Marrın çox arzuladığı kitab idi. Çünki bu sənədlər Qafqaz və İran münasibətlərinə çox aydınlıq gətirirdi və çar Rusiyasının qadağan etdiyi mətləbləri çap etməyə imkan yaradırdı. Ən maraqlısı isə mühüm hərbi strateji mövqeyə malik olan Naxçıvanın indiyədək qaranlıq qalan səhifələrini işıqlandırırdı. Daha doğrusu, bu sənədlər Naxçıvanın xarici-siyasi əhəmiyyətini, onun daxili-siyasi quruluşunu və çarizmin müstəmləkəçilik siyasətini açıb göstərirdi. Kitabın tərcüməçiləri və şərhçiləri K.N.Smirnov və C.Qayıbov idi.

Bu günə qədər gizli qalan bir məsələni oxucuların nəzərinə çatdırmaq istəyirəm. K.N.Smirnov və Cahangir Qayıbov birlikdə "Naxçıvan xanlığının tarixi" adlı bir kitab da yazıblar. Kitabın redaktoru A.P.Paxomovdur. Kitab 10 çap vərəqi həcmindədir, amma onu çap edib yaymağa icazə verməyiblər.

Şahbaz ağa Kəngərlinin Smirnova hədiyyə etdiyi 300 sənəd çox qiymətli, tarixi əhəmiyyətə malik Kəngərli arxividir. Həmin sənədlərdən 25-i çap edilib. Qalan 275 sənəddən isə xəbər-ətər yoxdur. Bundan heç soraq verən də tapılmır: Tiflisdədir, ya Peterburqda?

K.N.Smirnovun "Naxçıvan ölkəsinin tarixinə və etnoqrafiyasına aid materiallar" kitabı ötən əsrin otuzuncu illərinin sonlarında ilk dəfə Bakıda nəşr edildi. Kitab 1934-cü ildə Tiflisdə yazılmışdı.

Tarixçi alimlər bu kitabın müsbət və mənfi keyfiyyətləri haqqında mətbuatda çox söz açdıqlarından mən bu haqda danışmağı lüzum bilmirəm. Əsl məqsədim bu sənədlərin çox vacibliyindən söhbət açmaqdır. Əgər belə olmasaydı, 275 sənəd gizlədilməzdi. Və bu müzakirədə iştirak edən alimlərin başına olmazın oyunları açılmazdı. Həmin sənədlərdən xəbəri olanlardan sağ qalanları yalnız erməni və ermənipərəst tarixçilərdir: Ter Avetisyan və başqaları.

K.N.Smirnovu 1938-ci ildə güllədilər. Adı ensiklopediyalara belə salınmadı, əsərləri çap edilmədi. Cahangir Qayıbov da (Qafqaz müfisi Hüseyn Qayıbovun oğlu) 1938-ci ildə Tiflis fövqəladə komissiyasının əmri güllələndi.

Qəribə bir taledir. Onun qayınatası general-mayor Əmir Kazım Mirzə (Bəhmən Mirzə Qacarın oğlu) 1920-ci ildə fövqəladə komissar Tuxarelinin əmri ilə Gəncə şəhərində "doğranıb". Sənədlərdə bu hökmləri oxuyanda adamın qanı donur. Damarlarında torpaq təəssübü olan, Vətənin mərd, hünərli say-seçmə oğullarını çox vəhşi üsullarla yox ediblər.

Xatırlatmaq yerinə düşər ki, 1911-ci ildə yazıçı-dramaturq M.F.Axundovun anadan olmasının 100 illik yubileyində keçirilən tədbirlərin sədri və maliyyə yardımçısı Əmir Kazım Qacar olub. O, məşhur xeyriyyəçi Gövhər xanımın həyat yoldaşı idi. 1918-20-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətində yüksək vəzifə tuturdu. Böyük, ali, hərbi mükafatların sahibi idi. O da vətənpərvər olduğu üçün "doğrandı". Cahangirin həyat yoldaşı Ziba xanım onun qızı idi. Və bütün ömrü təqiblərdə keçdi. "Naxçıvan xanlığının tarixi" kitabını Cahangirə və onun yaxınlarına "unutdurmaq" istəyirdilər. Axı bu kitab və əldə edilən arxiv sənədləri sübut edirdi ki, Kəngərlilər çox qədimdən Qafqaz sakinləridirlər. Buna Stalin-Beriya-Mikoyan üçlüyü heç cür razı ola bilməzdi. Bu sənədlərdən xəbəri olanlar gedər-gəlməzə göndərilməli və qalanları da yaddaşsızlığa tuş olmalı idilər.

Məsələn, "Qafqaz arxeoqrafik komissiyasının aktları"nda Kəngərli  suvarilərinin adları çox az yerdə çəkilir, vəssəlam. Birdən-birə XVIII əsrdən üzübəri ərəb və fars dillərində olan sənədlər Azərbaycanın düşmənlərinə böyük zərbə idi.

Professor Artur Rudolfoviç Zifeldt-Simumyaqın taleyi isə daha faciəli oldu. Milliyyətcə eston olan bu alim 1921-ci ildən Bakıda yaşayırdı. Sonra onu Tiflisə - Akademik N.Y.Marr adına Qafqazşünaslıq İnstitutuna işləməyə apardılar (1932-1935-ci illər). Oğul Marr vəfat edən kimi o, birtəhər Bakıya qayıda bildi.

Elm sahəsində səmərəli işləməsinə baxmayaraq, onu 1937-ci ildə həbs edib Stavropola sürgün etdilər. Xəzərşünas alimin 1937-ci il 18 iyulda Azərbaycan Elmlər Akademiyasının Tarix, Dil və ədəbiyyat İnstitutunun direktoru Əhmədova ünvanladığı məktubunu qəlb ağrısı ilə oxuyursan. Kasların dili və mərkəz şəhərləri Səməndər haqqında çox maraqlı məlumatlar verir. Bunun Azərbaycanla bağlılığını göstərir. Qəribə bir ifadəsi var: "A çertovski löpıtnaə straniüa istorii! (Tarixin iblisanə qəribəliyə malik səhifəsidir!"

O, həsrətlə Bakıya dönmək və yazdığı "Xəzərlərin dili" kitabını çap etdrimək istəyirdi. Amma özü də, monoqrafiyası da sirli şəkildə yoxa çıxdı. Rəhmətlik Firudin bəy Köçərli və ona məxsus arxiv kimi!

Kəngərli arxivindən xəbəri olanlar Naxçıvanda da susduruldu. Bir qismi "qorxu" içində yaşadı, bəziləri sürgün edildi. Ən gözəl ziyalı Şeyx Kərim Axundov 1937-ci ildə həbs edilib güllələndi.

Smirnovun 10 oktyabr 1936-cı ildə öz xətti ilə avtoqraf yazdığı "Naxçıvanın əlyazma sənədləri" kitabı Naxçıvan ziyalılarına çox qiymətli töhfədir. O, kitabı Əliqulu ağa Sultanova bağışlayıb.

Kəngərlilərin tarixi arxivləri Bilici Kəngərlilərdə - Kərim Sultanda və onun varislərində olub, nəsil-nəsil saxlanılıb. K.N.Smirnov yazır ki, onlar, çoxdan bu dolu kisəyə baxmadıqlarından, bilmirdilər ki, bu kağızlar əcdadlarından, babalarından qalıb.

Heç təsadüfi deyil ki, birinci Kərim Sultan hərbi rəis kimi, onun babaları isə Naxçıvan xanlığında güvəncli şəxslər kimi məşhur olublar.

Naxçıvan bütün dövrlərdə, bütün yüzilliklərdə düşmənə qarşı mərdanəliklə duruş gətirib. Kim olursa olsun, işğalçı sifəti ilə gəlibsə, cavabını alıb. Və cənubi Qafqazda Rusiyanın ən sonda işğal etdiyi bölgə olub. Bax, belə bir hünərli elin arxivini aparmaq, kökü unutdurmaq məqsədi məkrli düşmən planları idi.

Kəngərli arxivini 2002-ci ildən axtarırıq. Ancaq təəssüflər olsun ki, hələ tapılmayıb. Ən çox Tbilisidə axtarmışıq. Fikrimizcə, oradadır.

Naxçıvan diyarının tarixi və Kəngərli tayfalarının mənşəyi haqqında xüsusi əhəmiyyəti olan Kəngərli arxivinin tapılması araşdırıcı alimlərin Vətən qarşısında ən böyük vətəndaşlıq borcudur.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Email:kuliyevm@yandex.ru

525-ci qəzet .- 2024.- 15 oktyabr(№188).-S.11.