On beşinci görüş
Ölkənin ən uzun ömürlü kino
festivalından qısa qeydlər
Bakı Beynəlxalq Film Festivalı ənənəsinə
sadiq qalaraq bu payız da sənətsevərlərin görüşünə
gəldi.
Azərbaycanın ən uzunömürlü kino
festivalı bu il Mədəniyyət Nazirliyi və Kino
Agentliyinin dəstəyi ilə təşkil olunan "Baku
Cinema Breeze" çərçivəsində keçirildi.
Artıq altı ildir ki, sözügedən layihənin əsas
heyətində yer alıram. Bu da öz növbəsində mənə
daha çox sənətsevərlə ünsiyyətdə
olmağa və prosesləri daha yaxından izləməyə
şərait yaradır. Ona görə də, sizinlə
festival müddətində müşahidə etdiyim bəzi məqamları
bölüşmək istəyirəm.
Əvvəla onu qeyd edim ki, bu il də izləyici
sarıdan korluq çəkmədik. Təbii ki, bütün
filmlərə bunu şamil edə bilmərəm. Elə
nümayişlər oldu ki, beş-altı adamla keçdi.
Ancaq ümumilikdə götürəndə kifayət qədər
böyük maraqla qarşılanan, zalda oturmağa yer
tapmadığımız filmlər də oldu.
Festivalda nümayiş olunan bütün filmlər
haqqında yazmaq imkanım olmadığına görə, məni
ən çox təsirləndirən filmlərdən biri
"Bala" haqqında danışmaq istəyirəm.
Sözügedən ekran işi ssenarist və prodüser Nərgiz
Bağırzadənin ssenarisi əsasında rejissor İrina
Bas tərəfindən lentə alınıb. Dram janrında
çəkilmiş filmin baş rollarını Mariya Matsel və
Viktoriya İsakova ifa edib. Film əsasən valideyn-övlad
problemi üzərində qurulub. Əslində, ekran işinin
mövzusu hamımıza məlum olan, haqqında qalaq-qalaq
kitablar yazılan nəsillərarası ziddiyyətlərdir.
Ancaq müəllif ənənəvi mövzuya fərqli aspektdən
işıq tutmağı bacarıb. Daha çox insan hisslərinin
ön planda olduğu ekran işi emosional səhnələrlə
zəngindir.
Film qəhrəmanımız Daşanın məzun
gecəsi ilə başlayır. Hadisələrin məhz
buradan start götürməsi ekran işinin ideyası
haqqında çox şey deyir. Tamaşaçı hələ
ilk dəqiqələrdən anlayır ki, qəhrəman
öz hekayəsini təzə səhifədən yazmağa
hazırlaşır. Ancaq bunun asan olmayacağı da məlumdur.
Daşa atası ilə yaşadığı əyaləti tərk
edərək Sankt-Peterburqa üz tutur. Buraya gəliş səbəbi
təhsilini davam etdirmək olsa da, bu, zahiri xarakter
daşıyır və Daşa əsl səbəbin
arxasınca düşür. Onu atan anasını tapır və
hər şey də bundan sonra başlayır.
Müəllif insanın özünü tapmaq cəhdini
övlad-valideyn münasibətlərinin fonunda təsvir edir.
Bu filmdə mənim ən çox diqqətimi çəkən
məqam rus mentalitetinin görünməyən tərəflərinin
təsviridir. Film boyu öz həyatını yaşamaq istəyən,
analıq hisslərindən uzaq düşmüş bir
qadın görürük. Bu obraz əvvəllər də bir
çox əsərlərdən tanış olan laqeyd rus
qadınını yada salır. Ancaq filmin məhz sonuncu səhnəsində
fərqli bir mənzərə görürük. Sevgi qalib gəlir.
Qadın analıq hisslərinə uduzur. Təbiətin məlum
qanunu yerini alır. Bu filmi izlədikdən sonra bir daha əmin
oluram ki, hansı millətə mənsub olmasından
asılı olmayaraq insan insandır. Sənətin ən
gözəl tərəfi də məhz bundadır:
İnsanı insana danışır. Həm də
bütün bəşəriyyətin anladığı bir
dillə - sənətin dili ilə...
Bu tip tədbirlərin əsas istiqamətlərindən
biri də yerli müəlliflərlə xarici həmkarlarının
görüşlərinin təşkilidir. Ümumiyyətlə,
sənət adamlarına yaradıcı müzakirələr
üçün peşəkar ortam yaratmaq, onları bir araya gətirmək
festivalların ən gözəl yönlərindəndir.
Sözügedən ideyadan çıxış edərək
hər il festival müddətində dünyanın müxtəlif
ölkələrindən gələn kino adamları ilə
yerli müəlliflərin görüşü keçirilir,
master-klaslar təşkil olunur. Xüsusilə də, türk
mütəxəssislərlə görüşlərdə
daha çox sənət adamının iştirak etdiyini
görürük. Bunun da həm obyektiv, həm də subyektiv
səbəbləri var. Məsələn, bu səbəblər
sırasında dil baryerinin olmaması, kültür
yaxınlığı kimi məqamları qeyd edə bilərik.
Festival çərçivəsində prodüser Emil
Nəcəfov və türkiyəli həmkarı Əmrah
Kılıçın iştirakı ilə "Birgə film
istehsalı" mövzusunda keçirilən müzakirə də
kifayət qədər maraqla qarşılandı. Emil bəy
çıxışında ortaq layihələrin tarixindən
söz açdı. Prodüser həmçinin Azərbaycanda
birgə layihələrin həyata keçirilməsinə
mane olan problemlərə toxundu. Əmrah bəy isə həmin
problemlərin həlli istiqamətində atılacaq
addımlardan danışdı. Azərbaycanlı rejissor Hilal
Baydarovun "Balıqlara xütbə" layihəsi
üçün Türkiyədən dəstək
aldığını vurğulayan prodüser belə nümunələrin
olduğunu xatırladaraq rejissorlarımıza müraciət
edə biləcəkləri qurumlar haqqında ətraflı məlumat
verdi.
Düşünürəm ki, sözügedən tədbir
rejissorlarımız və prodüserlərimiz
üçün kifayət qədər faydalı oldu. Biz
kinonun yalnız incəsənət tərəfini
görürük, ancaq məlum məsələdir ki, kino sənayesinin
tələbləri işin təməl strukturudur. Bu sahədəki
problemləri həll etmədən möhtəşəm sənət
əsəri gözləmək sadəlövhlük
olardı...
Xüsusilə də, innovativliyin labüd olduğu bu
dövrdə.
Bizim festival da hər dəfə yeniliklərlə sənətsevərlərin
görüşünə gəlir. Həm də on beş
ildir. Ənənəsinə sadiq qalan festival bu il ilk dəfə
olaraq tammetrajlı filmlərin müsabiqəsini keçirdi.
Beləcə, Bakı Beynəlxalq Qısa Filmlər
Festivalının adındakı qısa sözü ilə
vidalaşdıq.
Bu il Festival çərçivəsində
ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya,
İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri)
əhatə edən 79 film Nizami Kino Mərkəzində
nümayiş olundu. Həmişəki kimi bu dəfə də
filmlərə giriş sərbəst idi.
Ölkəmizin ən uzun ömürlü
festivalında Kann, Venesiya, Berlin Film Festivallarında, OSKAR-da
mükafat və uğur qazanmış filmlərin
nümayiş olundu.
Və nəhayət, festivalın əsas
mükafatı olan qızıl nar öz sahiblərini
tapdı. Siyahı uzun olduğu üçün bütün
qaliblərin adını sadalamağa lüzum bilmirəm, ancaq
düşünürəm ki, yerli müsabiqədə qalib
olan filmlərin adını mütləq qeyd etməliyəm.
"Ən yaxşı bədii film"
nominasiyasında rejissor Rufat Rayın "Quyu" filmi, "Ən yaxşı rejissor
işi" nominasiyasında Azər Quliyevin "İkinci
planetin qırmızı rəngi" filmi, "Ən
yaxşı ssenari"də rejissor İlkin Umarovun
"Şam bağı"
filmi qalib gəldi. Leylaxanım Qənbərlinin
"Babamın evi" filmi ən yaxşı sənədli
film, Ayşə Mirzəzadənin "Sükut" filmi isə
ən yaxşı tələbə filmi seçildi.
Münsiflər heyətinin xüsusi mükafatı isə
"Baba Haqqı" filminin rejissoru Nicat Qulama təqdim olundu.
Ümid edirəm ki, biz bu adları hardasa yenə
eşidəcəyik. Qalibləri təbrik edir, bütün
iştirakçılara gələcək işlərində
uğurlar arzulayıram. On
altıncı görüşədək...
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 15 oktyabr(№188).-S.10.