Naxçıvanın tarixi taleyi və
müstəsna əhəmiyyətli Qars müqaviləsi
XX əsrin 18-20-ci illərində Azərbaycanda və
onun Naxçıvan bölgəsində çox mürəkkəb,
ziddiyyətli hadisələr baş verirdi. Siyasi və iqtisadi
vəziyyət çətin olduğundan Azərbaycandan
lazımi köməyi ala bilməyən Naxçıvanın
təkləndiyini görən azğın erməni
daşnakları hərbi və siyasi yolla qədim diyarı
işğal etmək istəyirdilər. Böyük dövlətlərə
arxalanan ermənilər Naxçıvan bölgəsinə
basqınlar edir, şəhər və kəndləri
dağıdırdılar. Ağlasığmaz vəhşiliklər
və qırğınlar törədən erməni
daşnakları Naxçıvan bölgəsində azərbaycanlıların
inadlı müqavimətinə rast gəldilər.
Naxçıvanın qorunub saxlanılması, ərazi
taleyinin və muxtariyyət statusunun müəyyənləşdirilməsində
Qars müqaviləsinin əvəzsiz rolu vardır. Lakin bunu da
xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə
gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda
keçirilən referendumdan başlanır. Həmin referendum,
ilk növbədə, Azərbaycanın görkəmli dövlət
xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin
apardığı qətiyyətli fəaliyyət nəticəsində
baş tutub, Naxçıvan əhalisinin yekdil rəyi əsasında
bu qədim diyar həmişəlik olaraq Azərbaycanın tərkibində
qalmaq hüququ qazanıb. Bu referendum özünün hərbi-siyasi
əhəmiyyətinə görə Qars müqaviləsinin
müddəalarına bərabər siyasi hadisədir. Əgər
Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar
referendumu keçirilməsəydi, bəlkə də, Moskva və
Qars müqavilələrinə heç ehtiyac da
qalmayacaqdı. Bu, Azərbaycan tarixində əsasən Behbud
ağa Şahtaxtinskinin adı ilə bağlı olan nadir və
uğurlu diplomatik gedişdir. Bu, Behbud ağa Şahtaxtinskinin,
eyni zamanda əsl milli siyasətçi və diplomat
olmasının da bariz nümunəsidir. Behbud ağa
Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi
məktubda Azərbaycanın Naxçıvan, Zəngəzur və
Dağlıq Qarabağ ərazilərinin gələcəyindən
duyulan narahatlığı çatdırmış, həmin
mahalların milli tərkibi və coğrafiyasına dair
geniş arayışlar və faydalı təkliflər
vermiş, nəticədə, bu təkliflər bəyənilərək
RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan
SSR tərkibində Naxçıvan SSR-nin təşkil edilməsi
haqqında qərar qəbul edilmişdi.
Naxçıvan məsələsi Türkiyə və
Rusiya arasında keçirilən görüşlərdə
də qızğın müzakirə predmeti olub. Türk heyəti
2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının
qüvvədə olduğunu müdafiə edərkən, rus
nümayəndələri bu anlaşmanı, dolayısı ilə
Türkiyənin Naxçıvan üzərində himayə
haqqı olduğunu qəbul etmirdilər. Bu görüşlərdə
Naxçıvanın muxtar statusa malik olması və digər
bir dövlətə verilməməsi şərtilə Azərbaycanın
himayəsinə verilməsi qərarlaşdırılmış
və müqavilə 1921-ci il martın 16-da
imzalanmışdı.
"Dostluq və qardaşlıq haqqında" Moskva
müqaviləsi 16 maddədən və 3 əlavədən
ibarətdir. Bu müqavilənin üçüncü maddəsində
deyilirdi: "Razılığa gələn hər iki tərəf
bu müqavilənin 1(B) əlavəsində göstərilən
sərhədlərin içərisində Naxçıvan
vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi
təşkil etməsinə razıdırlar, o şərtlə
ki, Azərbaycan bu himayəni heç bir zaman
üçüncü bir dövlətə güzəştə
getməyəcəkdir".
Qeyd etməliyik ki, Moskva danışıqlarında
Naxçıvan məsələsində Azərbaycanın səlahiyyətli
nümayəndəsi Behbud ağa Şahtaxtinskinin
apardığı diplomatik danışıqlar nəticəsində
Türkiyə Gümrü müqaviləsinin, o cümlədən,
Türkiyənin Naxçıvan diyarına aid maddələrinin
qüvvədən düşməsi ilə razılaşdı.
Türkiyə Cümhuriyyəti Cənubi Qafqaz
respublikaları ilə müqavilə bağlamaq istəyirdi.
Onun əsas məqsədi Ermənistan və Gürcüstanla
mübahisəli sərhəd məsələlərini həll
etmək idi. Buna görə də 19 aprel 1921-ci ildə Moskvada
olan türk nümayəndə heyəti Azərbaycan SSR-in
xarici işlər komissarı M.D.Hüseynov və ədliyyə
komissarı Behbud ağa Şahtaxtinski ilə
görüşüb məqsədini bildirir. B.Şahtaxtinski və
M.D.Hüseynov bu təklifi qəbul edir. Və qərara
alırlar ki, Qarsda görüşsünlər. Azərbaycan,
Ermənistan, Gürcüstan və Türkiyə arasında
Qarsda konfrans keçirilməsi qərara alındı.
Türkiyə tərəfi konfrans nümayəndələrinin
siyahısını avqust ayında müəyyənləşdirsə
də, Sovet Rusiyası nümayəndələrini müəyyənləşdirməyə
tələsmirdi. Nəhayət, Türkiyə ilə Sovet
Rusiyası arasında aparılan danışıq və
müzakirələrdən sonra beynəlxalq konfransın Qarsda
keçirilməsi qərara alındı. Azərbaycanı
konfransda xalq fəhlə-kəndli nəzarəti komissarı
Behbud ağa Şahtaxtinski təmsil edirdi.
Beynəlxalq Qars konfransı 1921-ci il 26 sentyabrda təntənə
ilə açıldı. Yeri gəlmişkən,
Naxçıvanın maraqlarını konfransda müdafiə
etmək üçün Naxçıvan SSR-in Xalq
Komissarları Soveti Tağı Səfiyevi Qarsa göndərmişdi.
Konfrans 18 gün davam etdi və işində altı dəfə
fasilə verildi. Nəhayət, 13 oktyabr 1921-ci ildə Qars
müqaviləsi imzalandı.
Bəzi dəyişiklikləri nəzərə
almasaq, 20 maddə və 3 əlavədən ibarət olan
müqavilənin müddəaları Moskva müqaviləsinin
müddəaları ilə uyğun idi. Qars müqaviləsinin
5-ci maddəsinə və 3-cü əlavəsinə əsasən
Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi
statusu Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri
tərəfindən təsdiq edilmişdir. 5-ci maddədə
yazılırdı: "Türkiyə hökuməti, Sovet Ermənistanı
və Azərbaycan hökumətləri razıdırlar ki,
indiki müqavilənin 3-cü əlavəsində göstərilən
sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil edir".
Naxçıvan ərazisi: Urmiya kəndi, oradan da düz xətlə
Arazdəyən stansiyası (O, Ermənistan Sosialist Sovet
Respublikasına qalır), sonra düz xətlə qərbi
Daşburun dağını (3142)-oradan şərqi Daşburun
dağını (4108)-Cəhənnəm dərəsi
çayını keçərək Bulağın
("Rövnə") cənubuna çatır,
Bağırsaq (Yağıqşık) dağının
(6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə
davam edərək keçmiş İrəvan qəzasının
inzibati sərhədini, oradan Şərur-Dərələyəz
sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən
Kömürlü dağa (6839, yaxud 6930) və oradan 3080-ci
yüksəkliyə gəlir. Sayatdağ (7868)-Qurdqulaq (Kurt
Kulaq) kəndi-Həməsür dağı (8160)-8022-ci
yüksəklik-Küküdağı (10282) və
keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin
şərqi".
Qars müqaviləsinə görə, Naxçıvan
ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən
stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən
edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il
Türkmənçay müqaviləsində müəyyən
olunduğu kimi saxlanmışdı.
Beləliklə, 1918-ci ildən başlayaraq
naxçıvanlıların qəhrəmanlıqla, inadla,
ardıcıl, cəsurluqla və ciddiyyətlə
apardıqları mübarizənin, Azərbaycan və
Türkiyə diplomatlarının məqsədyönlü, səbirli
fəaliyyətləri, xüsusilə Behbud ağa
Şahtaxtinskinin dəmir iradə ilə apardığı
diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri
və təklifləri sayəsində əvvəlcə Moskva,
sonra isə Qars müqavilələrində Naxçıvan
vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi
Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən
tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat
verildi.
Azərbaycan Xalqının Ümummilli lideri Heydər
Əliyev Naxçıvana Azərbaycanın tərkibində
muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin
əhəmiyyətini yüksək qiymətləndirərək
deyib: "Naxçıvanın statusunu qoruyub saxlamaq
üçün xüsusən Moskva müqaviləsinin və
xüsusən Türkiyə Cümhuriyyətinin
imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti
olubdur. Naxçıvan Azərbaycanın əsas
torpağından ayrı düşdüyünə görə
Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə
də təmin etmək üçün Qars müqaviləsi
bizim üçün çox böyük, əvəzi olmayan
bir sənəddir".
Qars müqaviləsi müddətsiz imzalanıb və
bu müqaviləni imzalayan dövlətlərdən hər
hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz.
Qars müqaviləsindən sonra Naxçıvan ərazisində
Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü
ildə siyasi və inzibati statusunda dəyişiklik edilən
Naxçıvan SSR Naxçıvan diyarına
çevrilmişdi. 1924-cü il fevralın 9-da bölgənin
inzibati və siyasi statusu bərpa edilərək
Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə
Naxçıvan Muxtar Respublikası adlandırıldı.
Qars müqaviləsinin ən mühüm tarixi əhəmiyyəti
ondan ibarətdir ki, Ermənistan bu müqavilə ilə Naxçıvanı
qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul edib.
Lakin sovet hökuməti illərində Ermənistan tərəfi
dəfələrlə Qars müqaviləsi ilə üzərinə
götürdüyü öhdəlikləri pozub və tarixi
havadarlarının köməyi ilə Naxçıvan
diyarının 657 kvadratkilometr sahəsini zəbt edib. Onlar bu
prosesi 1990-cı ilədək davam etdirmiş, 1990-cı ildə
Şərur rayonunun Kərki kəndini sovet ordusunun köməyi
ilə işğal etmişlər.
Bir vaxtlar əhalinin müqaviməti və Behbud
ağa Şahtaxtinski kimi böyük siyasi xadimlərin misilsiz
xidmətləri sayəsində mövcudiyyətini qoruyan
"türk qapısı" Naxçıvan Sovetlər
İttifaqının dağılmasından sonra bu dəfə
Azərbaycan Xalqının Ümummilli lideri Heydər
Əliyevin siyasi uzaqgörənliyi nəticəsində
varlığını mühafizə etdi. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu tarixi
dövrdə Ümummilli liderin Türkiyəyə səfəri
zamanı Qars müqaviləsi, onun müstəsna əhəmiyyəti
yenidən gündəmə gətirildi.
Qars müqaviləsi ilə inkara yer qoymayacaq şəkildə
təsbit edilib ki, Ermənistanın Naxçıvana
qarşı iddialarının heç bir hüquqi əsası
yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına ziddir.
Həm Moskva, həm də Qars müqavilələri bundan sonra
da öz hüquqi qüvvəsini saxlayacaq.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
Email:kuliyevm@yandex.ru
525-ci qəzet .- 2024.- 16 oktyabr(№189).-S.15.