İnsan gözəlliyin vurğunu və yaradıcısıdır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Kral Henri həm də müdrik adam idi. O, mənəviyyatında qüsurlu olan adamları suyun köpüyünə bənzədirdi.

Paris uğurlu və uğursuz kralları da, prezidentləri də görmüşdür. Bəzi yüngül çəkili (məcazi mənada) dövlət rəhbərləri Fransaya başucalıq deyil, aşağılanma gətirmişlər. I Dünya müharibəsinin qəhrəmanı olan marşal Peten, Hitler Parisi və ölkənin ərazisinin xeyli hissəsini tutduqda, Cənubda özünə Vişi rejimi deyilən hökumət qurdu və Hitlerlə əməkdaşlıq etdi. Dörd ildən sonra Fransa azad edildikdə, Peten, sonralar baş tutmamış ölüm hökmünə məhkum edildi.

Prezident Makron isə Fransa imperiyasının dağılması təhlükəsi ilə üzləşir, son seçkilərdə məğlub olaraq, ikinci yerlə kifayətlənməli olmuşdu. Ona görə də prezidentin partiyasından olan baş nazir istefa vermişdir. Marginal qüvvələrə, həmçinin Fransadakı nüfuzlu ermənilərə bel bağlaması ona fayda vermədi. Makron siyasətdə ardıcıllığı inkar edir, özünü dövlət adamı deyil, rəqqas kimi aparır. Onun kimilərin kabusu Parisin saf adını ləkələyə bilməz. İndiki prezident Yelisey sarayını tutsa da, onun mifik Yelisey çölünün müqəddəsləri ilə heç bir ruhi əlaqəsi yoxdur. Paris üçün o, ötəri bir şəxsdir, az sonra ondan heç bir xatirə qalmayacaqdır, hamı yalnız onun prezidentliyinin başlanğıcında Notr-Dam de Parinin yanğına məruz qalmasını xatırlayacaqdır. İkinci böyük biabırçılığı isə 2024-cü ilin iyulunda Yay Olimpiya Oyunlarının açılış mərasimində baş verdi.  Təntənəli mərasim elə bil ki, beynəlxalq idman bayramına deyil, gey-parada həsr olunmuşdu. Yenə də Makron öz şəxsi mənəvi dəyərlərinə üstünlük vermişdi.

Digər misallar da, Parisin uğursuz dövlət rəhbərləri ilə eyniləşdirilməsi cəhdini rədd edir. Hindistanda Varanisdə (Benares) ölülərin yandırılıb, külünün və qalıqlarının Qanqa tökülməsi acı mənzərə təsiri bağışlayır, lakin şəhərdəki məbədlərin divarlarındakı erotik heykəl kompozisiyaları tamaşaçını heyran edir. Hind xalqı özünü ağır sınaqlara salır, əhalinin bir hissəsi natəmiz həyat tərzi keçirir. Benqal yarımadası az qala çirkab dənizini xatırladır. Lakin bunların Robindranat Taqor dünyasının saflığına heç bir dəxli yoxdur.

 

Ona görə də Parisə, müvəqqəti şəxs olan Makrona görə başqa cür münasibət bəsləmək olmaz, ona şərəf gətirməyənlər toza çevriləcəklər. Paris isə məğrurluğu ilə öyünərək, daim yaşayacaqdır.

İkinci şəhər isə Venetsiyadır, dənizin qoynunda yuva salmış və dalğaların onu uçuracağı təhlükəsi qorxusu ilə yaşayan və anbaan onu hiss edən müqəddəs bir məkandır. Etiraz edənlər deyə bilər ki, heç bir din ona müqəddəs adlanmaq hüququ verməmişdir. Onun müstəsna gözəlliyi, canlı və açıq səma altında nəhəng muzeyə çevrilməsi, ona tam layiq olduğu bu haqqı vermişdir. Kanallarının bolluğu ilə seçilən Amsterdam  "Şimalın Venetsiyası" adlanması ilə öyünür, Rusiyanın Sankt- Peterburqu da özünün Venetsiyaya bənzəməsi düşüncəsini bir yüksək mükafat kimi qəbul edir.

Venetsiyanı şəhər kimi salanlar, onun ilk sakinləri İtaliyanın şimalında yaşayan xalq olmaqla, hücumlardan və basqınlardan xilas olmaq üçün Adriatik dənizinin laqunasında, dirəklər üzərində qərar tutan binaları tikməklə və onlarda yaşamaqla özlərini nəinki xilas edə bilmiş, hətta ən varlı, çiçəklənən bir cəmiyyət yaratmış və ona doj adlanan qanunverici və icra orqanı rəhbərlik etmişdi.

Venetsiya öz var-dövlətinə uyğun olan ambisiyalara da sahib olmuşdu, rəqiblərindən çəkinib qorxmamış, hətta onlara öz iradəsini diktə edə bilmişdi. 1204-cü ildə Venetsiyanın 94 yaşlı doju Dandolo səlibçiləri aldadaraq, onların köməyi ilə Konstantinopolu işğal edə bilmiş və orada Latın respublikası yaratmışdı. Bizans imperatoru ölkənin şərqindəki Trapezund şəhərində sığınacaq tapmış, 57 il ərzində bu şəhər imperiyanın paytaxtı rolunu oynamışdı. Qoca Dandolo işğal etdiyi şəhərdə at belində gəzərkən yıxılıb budunu sındırmış və sonra orada da ölmüşdü. Venetsiyalılar ürəklərinə yatan Konstantinopoldakı at heykəllərini söküb, öz şəhərlərinə göndərmiş və onlar San Marko kilsəsinin fasadını bəzəyir.

Venetsiya işğalları ilə deyil, geniş ticarət aparması ilə varlanmışdı. Həm də  gözəlliyə sitayiş etməsi və onun yüzlərlə, minlərlə nümunəsini yaratması ilə başqa ən məşhur şəhərlərdən də fərqlənmişdi, seçilmişdi. Şəhər San Marko meydanı ilə, oradakı Doj binası, böyük kilsə, kitabxana binası, meydanın bir tərəfini bəzəyən "Floran" kafesi ilə məşhurdur.

Venetsiya həm də tarixə görkəmli rəssamlar və bəstəkarlar bəxş etmişdir. Onda çalışan arxitektorlar isə yaşayış binaları adı altında əsl muzey kompleksi, memarlıq inciləri yaratmışlar. Qondolada gəzərkən bir binanın divarında bəstəkara hörmət ifadəsi kimi "Viva Vivaldi" sözləri yazılmış plakatı görəndə, minnətdar venetsiyalılara təbii olaraq ehtiram hissləri yaranır. Məşhur "Ah" körpüsü çox hündürlükdə yerləşməklə, Doj binasından kanalın o tərəfindəki məhbəsə dustaqların aparılmasına xidmət edir. Bu bağlı körpüdən keçəndə, məhbuslar həyatla vidalaşmağı gözlədiklərinə görə, "ah" çəkməklə, dərdlərini yüngülləşdirmək istəyirdilər.

Dənizin sahilindəki dəmir yol vağzalının yanından Qrand kanalla San Marko meydanına gedərkən və oradan qayıdarkən gözlər önündə insanların əsrlərlə yaratdığı nəhəng gözəllik tablosu canlanır, altından qayıqların üzüb keçdiyi Rialto körpüsünü görürsən. Kanallar şəhərə xüsusi gözəllik verməklə yanaşı, həm də Neptunun quduz dalğaları vasitəsilə onu daim dağıtmaq təhlükəsi yaradır. Bu gözəllik simvolu stixiyanın ağır zərbəsi ilə bir gün məhv ola bilər, bu isə bəşəriyyətə özünün sevimli balasını, fəxr etdiyi övladını itirmək kimi qiymətləndirilməlidir. Ona görə də Venetsiyanın xilası, miqyasına görə nə şəhər sakinlərinin, onlar sayca çox az qalmışlar, burada 70 min əhali yaşayır, nə də İtaliya hökumətinin  borcu deyildir, bütün bəşəriyyət öz nadir övladının sağlamlığı, yaşaması qayğısına qalmalıdır. Dünya, Venetsiyanın elmi əsaslara söykənən xilas yolunu müəyyən etməlidir. Onun məhv olması yox, ona kiçik ziyan dəyməsi də bəşəriyyətin zəifliyinin ifadəsi olacaqdır.

Müharibələrə, hərbi texnikaya, kosmosun tədqiqinə sərf olunan milyardların bir hissəsi Venetsiya adlanan gözəllik təcəssümünün xilasına sərf olunsa, bəşəriyyət nəsillərin çəkdiyi zəhmətin və istedadın reallaşmasının nəticəsi olan bu şəhəri xilas etməklə, nəcib bir işi görmüş olardı. Venetsiya iki min il əvvəlki Pompeinin taleyini yaşamamalıdır, gələcək nəsillər üçün də ilham mənbəyi olaraq qalmalıdır.

Venetsiya hər bir adamı təəccübləndirən və heyran edən gözəlliklər, izahı çətin olan müəmmalar şəhəridir. Bura Parisin gözəl qızlarının seçilib toplandığı Lido gecə klubuna bənzəyir, onlardan heç birinin fiqurasında, bədən quruluşunda və sifətinin cizgilərində hansısa bir qüsur tapmaq mümkün deyildir, Venetsiyada da gözəl olmayan saray, kilsə, meydan, ev yoxdur. Şəhərin kanallarında onlar güzgüdə olan kimi öz füsunkarlığını əks etdirməklə öyünürlər. Burada dəniz təkcə şəhərə mövcudluq məkanı verməmişdir, həm də onun qeyri-adiliyini gözə çarpdırmağa xidmət edir. Qrand kanalla San Marko meydanına üzəndə və ya oradan qayıdanda, Rialto körpüsü, ətrafdakı binaların arxitekturası, fasadını bəzəyən naxışlar, sudan boylanan feyalar kimi öz məğrurluğu ilə adamı reallıqdan ayırır, əfsanələr dünyasına aparır.

Binaların hamısı laqunada tikilmək üçün dirəklərin üzərində dayanır. Əsrlər boyu şəhəri salanlar, ona xüsusi abadlıq və gözəllik cizgiləri verənlər, onu dənizin sularının qucağında tikdiklərindən, burada məcburi qaydada nəhəng süni meşə salmışlar. Bu meşəsiz heç nə tikmək olmazdı. Həmin meşədə ağacların çətiri, budaqları, heç yarpaqları da yoxdur. Onların bəhrəsi, çəkisi tonlarla ölçülən ağır tikililərdir. Bu möhtəşəm binalar  insan ağlının, istedadının və ağır zəhmətinin meşə üzərində meydana gətirdiyi "çiçəklərdir". Bu "çiçəklərin" ətri olmur, təkcə heyrətamiz görünüşləri ilə adamı ekstaza gətirir. Onlar özünəməxsus gözəllikləri ilə qızıl gülü və ya orxideyanı da kölgədə qoymağı  bacarırlar.

İnsan daim təbiət gözəlliyinə valeh olmuş, ondan ilham almışdır. Ona görə də Alp dağları, Qafqaz sisiləsi şairlərin vəsf obyektinə çevrilmişdir. İnasanla təbiət arasında gözəlliyi yaratmaq üstündə  gedən yarışda, təkcə qadın gözəlliyi istisna olmaqla, daim təbiət udmuşdur, əslində qadın gözəlliyinin ecazkar memarlığı da təbiətə məxsusdur. Venetsiya variantında isə, göründüyü kimi, insan fərasəti, gözəlliyi yaratmaqda təbiəti də ötüb keçə bilmişdir. Bu isə təbiətdə insana qarşı müəyyən paxıllıq yaratmışdır. Şəhər, insanın təbiətə qarşı cəsarətli hərəkətinin nəticəsi kimi dənizin çətin ram olunan qucağında, sehrli haləsində salınmışdır, təbiəti də möhkəm qıcıqlandıran bir gözəlliyə yiyələnmişdir. Ona görə də təbiət özünün ona məhəl qoymayan bir hissəsindən - insanlardan, onların  yaratdığı bu qeyri-adi şəhərdən qisas almağa cəhd etməklə, onu vaxtaşırı sınağa çəkir. Yəqin ki, insanların bu cəsarəti Poseydonun xoşuna gəlmir, onu hiddətləndirir. Dəniz allahı çox çalışır ki, Venetsiya da Atlantidanın bədbəxt taleyinə şərik olsun.

Dənizin suyunun səviyyəsi qalxanda, şəhər bir neçə günlüyə daşqına məruz qalır, məşhur San Marko meydanı hovuza, süni gölə çevrilir.

Əsrlər boyu düşmən, kiçik istisna ilə, Venetsiyaya qalib gələ bilməmişdir  Bu şəhər-dövlət təhlükələrlə dolu olan sınaqlardan çıxmağı bacarmışdır. Lakin ana kimi ona öz qucağını açan dəniz, bəzən onu öz ağuşunda boğmağa çalışır. Suyun xeyli qalxması hesabına şəhərin bütünlüklə batması, ona xas olan məğrurluğundan məhrum olması təhlükəsi vardır. Əgər geniş miqyaslı mühafizə tədbirləri görülməsə, təbiətin şıltaqlığı özünün məhvedici işini görəcək, əsrlərlə insanın ağır zəhmətinin bəhrəsi bir andaca yoxa çıxacaqdır.  Bəşəriyyətin öyünmə mənbəyi olan bu nadir şəhər suların altında dəfn oluna bilər. Belə şəhəri itirmək isə bəşəriyyətin stixiya qarşısında təslim olmasının acı sübutu kimi, gələcək nəsillərin də narazılığına və hiddətinə səbəb ola bilər.

Şəhərin acı tale yaşamaması üçün nəhəng ölçüdə maliyyə və texniki resurslar tələb olunur və belə xərc İtaliya hökumətini imkanları xaricindədir. Bu işə dünyanın varlı dövlətləri girişməli, ən yüksək xərci də ödəməkdən onlar yayınmamalıdır.

Uşaq ağır xəstə olanda valideyn varlı və kasıb olmasından asılı olmayaraq, ən ağır xərclə də razılaşır və həkimlərin köməyi ilə övladını ölümün əlindən xilas edir. Venetsiyanın valideyni rolunda bütün bəşəriyyət çıxış etməlidir. Vəziyyətin ağırlığı və onun öhdəsindən gəlmək varlı ölkələrdən belə alicənablıq, mərhəmət və fədakarlıq tələb edir. Təbiət, amansız stixiya insanları ölüm- dirim döyüşünə çağırır, qəti qələbəyə qədər bəşəriyyət bu döyüşdən yayınmamalıdır. Titsianın, Tintorettonin, Vivaldini ruhu da bunu müasir pərəstişkarlarından tələb edir, böyük italyan şairi Françesko Petrarka Venetsiyanı sivilizasiyanın möcüzəsi adlandırmışdı. Sivilizasiya öz qiymətli sərvətindən, gözəllik etalonu sayılan və ikinci nüsxəsi olmayan, əfsanəvi bu şəhərdən hansısa bir səbəbə görə imtina edə bilməz. Varlı dövlətlər müasir dünyanın liderləri sayılır və onlar sivilizasiyanın hər bir nailiyyəti üçün məsuliyyət daşıdıqlarını unutmamalıdırlar və nə qədər gec deyil, bu əvəzsiz varlığı xilas etməyə girişməlidirlər.

Venetsiyanı əsrlər ərzində böyük zəhmət hesabına istedadlı insanlar nəsli yaratmışdır. Bu şəhər nəhəng gözəllik muzeyinə bənzəyir, belə böyük ərazidə hər kəsə heyranlıq bəxş edən ikinci bir monumental abidə yaranmamışdır. Belə abidənin dağılmasına, məhv olmasına bəşəriyyət laqeyd qala bilməz, belə sınaq qarşısında yaxanı kənara çəkmək bağışlanmaz qəbahət, biabırçılıq olardı. Ümid etmək lazım gəlir ki, XXI əsr insanlarının belə münasibətlə razılaşması heç cür ağlabatan deyildir.

 

SON

28 iyul 2024-cü il

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 16 oktyabr(¹189).-S.14.