KARVANLARIN QAYITMAQ VƏDƏSİ  

 

O "Zabul"u dinləməyən Azərbaycan "Segah"ını eşitməyən kimidir. Muğamlar arasında ən çox Azərbaycanınkı olan "Segah"dır. Səbəbsiz deyil ki, onun bizlərdə neçə çeşidi yaranıb. Hər muğamımızın bircə adı var, elə özləri də təkcədir. Ancaq yeganə "Segah"dır ki, ona ellərimizin bəslədiyi xüsusi məhəbbətin nəticəsi olaraq qol-budaqları çoxdur.

Oturuşmuş, köhnədən gələn "Orta segah", "Xaric segah", "Yetim segah", "Mirzə Hüseyn segahı" öz yerində, axı sonra bu cərgəyə "Haşım segahı", "Ağabala zabul"u, "Habil segahı" da qoşulub. Hələ onu demirəm ki, bu muğamı Xanın (1901-1979) ustadı, məşhur İslam Abdullayev (1876-1964) zamanında elə misilsiz oxumuşdu ki, o adla bu ad bir-birinə qovuşmuşdu, muğamla qol-boyun "Segah İslam" adı yaranmışdı, yaxud el, yanıqlı segahının sədaları bizə XX yüzilin ilk onillərində buraxılmış vallarda çatan şuşalı Məşədi Qasım Abdullayevin (1873-1927) adının bu tərəfindəki "Məşədi"ni, o yanındakı "Abdullayev"i ixtisara salaraq onu sayğı ilə "Zabul Qasım" etmişdi. Ancaq günlərin birində çoxlarının oxuduğu, bütün xanəndələrimizin də ürəklə, sevərək, hər kəsə bəyəndirərək ifa etdiyi "Segah"ı Mütəllim Mütəllimov elə ifa etdi ki, köhnələr yalan oldu. Onun oxuduğuna nə "Mütəllim segahı" söylədilər, nə də onu "Segah Mütəllim" çağırdılar. Ancaq dinləyən valeh olmaya bilmədi, dildə deməsə də, ürəyində təsdiq etdi ki, indiyəcən eşitdiyi Azərbaycan segahları arasında bundan şirini yoxmuş.

Onunla ilk görüşlərim hələ tələbəlik illərimdə - 1970-lərin ortalarında, Dram teatrının qarşısındakı bağda olmuşdu. Sonra köhnə xanəndələrimizlə bağladığım verilişlərdə xatirələrini söyləməkçün başlamışdım onu ara-sıra radioya dəvət edərək söhbətlərini yazmağa, ardınca da özü haqqında ayrıca veriliş hazırlamış, iri məqalə yazmışdım. Yaş artmış, səhnədən ayrılmışdısa da, daha xanəndəlik etmirdisə də, elə musiqi kimi səslənən danışığından, səsindəki şaqraqlıqdan hiss edirdim ki, ağzını açsa, elə o lentlərdəki cavanlıq avazından mənə tanış olan Mütəllim kimi oxuyacaq.

Kasıbyana həyat sürürdü, onun var-dövləti saralmış konsert proqramları, "Muğam gecələri"nə çağıran artıq çoxdan qat kəsmiş bolluca afişalar idi. Bunların hamısı 1930-cu illərin yadigarı idi. O günlərin ki, o vaxtlar "Müdafiə evi" adlanan indiki filarmoniyada belə muğamlı axşamlar nağıl kimi keçərmiş, illah ki, oxuyanlar arasında xurmayı papaqlı, yaraşıqlı, şümal bir oğlan olaydı: o zamanlar Bakıda ilk konsertlərini verən və bu ilk oxumalarıyla muğamsevərlərin, el havacatının vurğunlarının ürəyinə yol salan Mütəllim Mütəllimov. Onun səhnəyə çıxacağı elan edilən kimi salondan bir uğultu keçərmiş. Bunu özü danışırdı, xatirələrin gətirdiyi riqqətdən qəhərlənirdi, udqunurdu, sanki elə uzaq illərin o heyran uğultularını gerçəkdən eşidərək xəyala dalır, xeyli susurdu.

O çağlarda Mütəllim oxuyanda həmin günlərin tələbkar, bilici dinləyiciləri görərmişlər ki, bu cavan oğlan yaşından çox irəli gedir. O xallar, o şirin xırdalıqlar ki Cabbar kimi (1861-1944), Seyid (1889-1965) kimi adlı-sanlı oxuyanlarda görüblər, hamısını bitdə-bitdə yığıb, həm də onları sadəcə təkrar eləmir, götürdüklərinin üstünə öz bəzəklərini də əlavə edərək ayrı bir cazibədə çatdırır.

Mütəllim Mütəllimov ömrünün düz qırx ilini sənətə bağışlayıb. Düz qırx il xanəndəlik edib. Bu vaxta el içində "bir igidin ömrüdü" deyərlər, belə uzun sənət yolunun da səbəbi böyük musiqinin aləminə erkən atılması olub.

Sovet onillərinin çalıb-oxuyanlarının əsas dolanışıq yeri el şənlikləri, toy-düyün idi. Operada, filarmoniyada, Azərbaycan Konsert Birliyində və digər musiqi qurumlarında işləyən musiqiçilər dövlətdən balaca bir məvacib alırdılar. O həyat tərzi ki onlar yaşayırdılar, aldıqları cüzi maaşla bala başı saxlamaq, ailə dolandırmaq mümkünsüz idi. Çünki çox vaxt yollarda idilər, səfərin də uzaqlığından-yaxınlığından asılı olmayaraq, öz xərcləri vardı, camaat qarşısına çıxırdılar, gərək üst-başları səliqəli, geyimləri səhnədə də, həyatda da zövqlü ola idi, onların bazara-dükana getməyə, məişət qayğıları çəkməyə də vaxtı həmişə qıt idi, evdə həmişə müəyyən ehtiyatları olmalı idi külfət sıxıntı çəkməsin. Odur ki, özləri də həmişə etiraf edərdilər ki, bizi xalq saxlayır. 1920-ci illərdən ta 1980-ci illərin sonlarına, kolxoz-sovxoz, fabrik-zavod məsələləri sovet quruluşu ilə bərabər çökənə kimi sənət adamlarının, daha çox da xanəndə və sazəndələrin, müğənnilər və rəqs edənlərin əsas vəzifələrindən biri Azərbaycan boyu zəhmətkeşlər qarşısında çıxış etmək idi. Çəkdikləri zəhmətin müqabilində belə çıxışlara görə aldıqları əslində qəpik-quruş idi. Toylardan qazandıqlarının müqabilində bu, xeyli az olsa da, həmin ödənişlərin yeri başqa idi. Toy Allah ümidinə olan, bəxtin gətirməsindən asılı gedişat idi. Ola bilərdi ki, ay boyu hər gün hansısa toya dəvət edilmiş olasan, ola da bilərdi ki, gözün yolda, qulağın səsdə olsun, heç həftələrlə səni dəvət edən tapılmasın. Amma hökumət işi belə idi ki, hər halda daimi məvacibin vardı, əmindin ki, başqa heç bir gəlirin olmasa da, bu var, ac qalmayacaqsan.

Amma burası da var ki, hər ifaçının o dövrdə hansı dərəcəyə malik olmasına görə hər konsertdən, ya tarla düşərgələrində, ya müəssisələrdə fəhlələr qarşısında çıxışlarına görə bəlli bir konsert məzənnəsi vardı. Fəxri adları olanların vəziyyəti nisbətən yaxşı idi, çünki başqalarından 2-3 qat artıq alırdılar.

Mütəllim Mütəllimov lap cavanlıq vaxtlarından bu sahədə ən çox çalışanlardan, sözün dolu mənasında xalq musiqimizin zəhmətkeşlərindən idi. O əyyamlarda fəxri adlar və titullar paylananda bu "zəhmətkeş" sözünün yerində "əməkdar", "xalq artisti" ifadələri işlənərdi. Bunun şan-şöhrət göstəricisi olmasından savayı, çörək, güzəran mənası da, əlbəttə ki, vardı. O adlar və titullarsa Mütəllimdən əsirgənmişdi. Canlı klassik ola-ola ona əməkhaqqı ən sıravi çalıb-oxuyanlar qədər aşağı dərəcə ilə verilirdi. Mütəllim Mütəllimov 1972-ci ildə təqaüdə getmişdi, daha səhnəyə çıxmırdı, amma həyatda idi, yaşayırdı və radioda hər dəfə lent yazıları səsləndiriləndə diktor elan edirdi ki, "Oxuyur Mütəllim Mütəllimov", bəlkə də "oxuyur" deyildiyinə görə güman edənlər də vardı ki, bu xanəndə bu saat əlində qavalı, yanında tarçısı, kamançaçısı mikrofon qarşısındadır.

Əlli ilmi, yüz ilmi keçəcək, o lent yazıları yenə əlli il bundan irəlidəki təki nə bir boğaz o yana, nə bir zəngulə bu yana. Və əlli, lap yüz il keçəndən sonra da yenə ürəkləri oxşayacaq. Çünki bu səs, bu ifa xalqımıza, dilimizə, elimizin musiqisinə sevgiylə doludur, çünki bu səsin iliyinə millətin ruhu hopub. Elə bircə Mütəllim Mütəllimov "Zabul" üstündə "Hər bağın, hər bağçanın özr bülbül-i şeydası var, Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var" oxumasını eşitməniz yetər ki, hayıl-mayıl olasınız.

Mütəllim Mütəllimov düz qırx il müğənnilik edib. Bu qırx ilin yaxşılı günləri də olub, yamanlı günləri də. Qırx il oxuyub, həmişə də dinləyici "sağ ol"u, minnətdarlıq dolu alqışlar, xalqın sevgisi onun hayanı, yol yoldaşı olub. Mütəllim dayı bütün bunları ən böyük mükafat sanıb, bundan artıq heç nə ummayıb!

Hərçənd ondan artığını verən də yox idi.

...Mütəllim Mütəllimovla söhbətlərimin hamısı 1970-ci illərin sonlarının saxlancıdır.

İnsan həyatını yaşayıb gedib, səsi dipdiri qalır, dinlədikcə elə bil elə yenə yanındadır. Bunlar Mütəllim dayının keçdiyi yollar, gördüyü insanlar, öz ömrü-günü haqda bu gün ortada olan yeganə lent yazılarıdır. Oxuları kimi, bunların da hər biri artıq qiymətə sığmayan yadigarlardır.

Nağıl edirdi ki, o da xanəndəlik sevdasına düşən başqa cavanlar kimi, muğam fəndlərinin, oxumaq yollarının çoxunu Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin (1864-1940), Məşədi Məmməd Fərzəliyevin (1872-1962), Şuşalı və Bakılı Seyidlərin (1867-1953) köhnə qrammofon vallarından öyrənib. Ancaq dəqiqləşdirirdi ki, bunlardan əvvəl onu şeirə, musiqiyə həvəsləndirən, xanəndəlik yolunu tutmağa ilhamlandıran iki insan varmış. Mütəllim 1909-cu ildən idi. Uşaqlığı, yeniyetməliyi çar hökuməti zamanlarına təsadüf etmişdi. Deyirdi ki, o zamanlar Ağcabədidə iki tanınmış şair varmış. Biri "Naim" təxəllüsüylə yazan Əhya Paşayev, o birisi də "Nadim" təxəllüslü Molla Səttar. Yada salırdı ki, atası Kərbəlayi Ələkbərin onların ikisiylə də arası sazmış. Mütəllim yazı-pozunu da onlardan öyrənmişdi. Xatırlayırdı ki, Naim özü bir məktəb oxumayıbmış, ancaq savadına, dünyagörüşünə söz ola bilməzmiş, qoşduğu qəzəllər dillər əzbəriymiş.

Mən köhnə cüngləri çox vərəqləmişəm, bir dəfə bu sahənin bizlərdə ən yaxşı mütəxəssisi olmuş rəhmətlik əlyazmaşünas Nəsrəddin Qarayevdən də xəbər almışdım ki, Naim təxəllüslü şair tanıyırsınızmı, əski şeir toplularımızda onun adına, yazdıqlarına rast gəlmisinizmi? "Hə" deməmişdi. Mütəllim Mütəllimovun hafizəsi isə bu unudulmuş şairin qoşub-düzdüklərindən neçəsini etibarla qoruyub saxlayırdı, mənə də oxumuşdu, lentə almışdım və o sözlər biryolluq yoxolmadan qurtulmuşdu. Elə biri bu:

 

Mənimlə bu fələyin bilməm iddiası nədir?

Basıbdı qəlbimə yüz min qəm cəfası nədir?

Mən arzu elədim, dilbəra, vüsala yetəm,

Fələk araya salıb ayrılıq, binası nədir?

Bu, ayrılıq günüdür, qoy ölüm qabağında,

Görən xəyal eləsin eşqin intəhası nədir?

 

Mütəllimin ilk müəllimlərindən saydığı Nadimsə bilikli adammış, Nəcəfdə təhsil alıbmış, ərəbcəni, farscanı yaxşı bilirmiş, şairliyindən əlavə yapışıqlı da səsi varmış. Mütəllim dayı danışırdı ki, Nadimin "Rast"ın mayəsində oxumağını eşitmişəm, o səs indi də qulağımdadır.

Nadim Mütəllimə öyrədirmiş ki, hər muğamı hər məclisdə oxumazlar, nəyi oxumağı məclisə baxıb seçərlər. Deyərmiş ki, hər muğamın da öz oxunma məqamı var. Gərək baxasan məclisə, görəsən əhval-ruhiyyə nə təhərdir. Amma bunu da əlavə edirmiş ki, yemək əsnasında çayın əvvəl, ya axırda verilməsinin təfavütü olmadığı kimi, "Segah"ı da hansı öynə oxusan, ürəyə yatasıdır, "Segah" da muğamların "çayıdır".

Mütəllim dayının xeyirxah yaddaşı sayəsində bu gün Nadimin də qəzəlləri bizimkidir:

 

Yatmaram mən bu xərab olmuşda bayquşlar kimi,

Gözlərim heyran baxır hər səmtə sayqular kimi.

Hicr əlindən ta səhər seylabə verdim çeşmimi,

Çeşme-yi çeşmim tökər qan-yaş, süzər cular kimi.

Rəhmə gəl, insaf elə, rəhm ü mürüvvət yaxşıdır,

Eyləmə Məcnun məni eşqində Leylulər kimi.

Salma gözdən Nadimi, ey məh, müqabil durgilən,

 

Ruyinə baxsın baxan baxdıqca güzgulər kimi!..

İndi, onillər sonra bunlara qulaq asıram və heyifsilənirəm ki, niyə o vaxt belə söhbətlərini çox yazmamışam. O qədər suallarım yaranır ki! Amma kimdən xəbər alasan? Mütəllim dayı da, onun tay-tuşları da çoxdan xatirəyə çevriliblər...

...Bu, danılmaz bir gerçəkdi ki, bizlərdə el şənlikləri, toy-düyünlər muğam sənətinin inkişafının, gözəl ifaçıların yetişməsinin əzəl qaynağı olub. Əsas da məclisə xanəndə-sazəndə dəstələrinin qoşa-qoşa, bəzən bir neçə cüt dəvət edildiyi Qarabağda və Abşeronda. Neçə böyük sənətkarımız sənətin min bir gizlincini toylarda görüb-götürüb, ilk ustadlarını bu el yığıncaqlarında tapıb, ilk məktəblərini, onları eşidə-eşidə keçiblər.

Mütəllim Mütəllimov da özünü toylara borclu hesab edirdi. Onu həm Qarabağ, həm Abşeron toylarında çox görüb eşitmiş ağsaqqalların məftun söhbətlərinə dəfələrlə qulaq asmışam. Çoxusunun da fikri bu olub ki, valını fırlatdığınız, lent yazılarına qulaq asdığınız Mütəllim başqa, bizim eşitdiyimiz Mütəllim ayrı. Bir var səhnədə mikrofon qabağında otura, vaxt hürküsü onu sıxa, gərginlik içində ola, bir də var böyüklü-kiçikli bir şənlikdə, asudəlikdə oxuya. Şahidlər söyləyirdilər ki, oxuduqca özü də, səsi də açılışırmış, elə bil daha çox oxuduqca ona yorulmaq əvəzinə ikinci nəfəs gəlirmiş.

...Sonrakı peşmanlıq necə bihudədirsə, vaxtında əncam çəkilmiş hər iş də əksinə, illər sonra adamı sevindirəndir. Ötmüş hər gün, ay, il hansısa qaçırılmış fürsətlər deməkdir. Dünəndən nələrisə qoparıb saxlamağı bacarmısansa, hamısı qənimətdir. İndi, bu gün, bu an dünyada hansı qüvvə var ki, 2015-ci ilin noyabrını qaytara bilə?

Yox, o vaxt artıq çoxdan idi ki, xanəndə Mütəllim Mütəllimov həyatda yox idi. Onunla əbədilik 1981-ci ildə ayrılmışıq. Ancaq 2015-ci ildə ona hər kəsdən daha yaxın olmuş bacısı oğlu Salman Ağayev sağ idi, Mütəllim dayının ömrünün, sənət yolunun elə təfərrüatlarını çatdıra bilirdi ki, bunlar heç kəsə, hətta o vaxt yaşayan, Mütəllim Mütəllimovu yaxşı tanımış, onunla eyni məclislərdə iştirak etmiş qocaman sənətkarlarımıza da bəlli deyildi. 1932-ci ildə Ağcabədidə təvəllüd tapmış, ixtisasca geodeziyaçı olan Salman kişi ali təhsilini Moskvada almış, orada Yer Quruluşu İnstitutunu bitirmiş, uzun illər öz sənəti üzrə müxtəlif idarələrdə çalışmışdı. Təbii ki, 2015-ci ilin payızında ömrünün 84-cü ilini yaşayan bu ağsaqqalı axtarıb tapanda məqsədim ondan Yer quruluşunun gizlinclərini öyrənmək deyil, bacısının oğlu olduğu Mütəllim Mütəllimov haqqında söhbət etmək, ustadın həyatının artıq sirr olan bir çox həqiqətlərindən soraq almaq idi. Salman kişi danışırdı ki, Mütəllim dayı təqribən 40 yaşına qədər - 1948-əcən Ağcabədidə yaşayıb-işləyib, fəaliyyət göstərib, bu səbəbdən də onu uşaqlıq, yeniyetməlik çağlarında xeyli müddət yaxın məsafədən izləmək imkanı olub.

"Xatirimdədir, mənim yeddi-səkkiz yaşım vardı, o zamanlar xanəndə İslam Abdullayevin qızı Şükufə xanım Ağcabədidə həkim idi, oğlu Epidemioloji stansiyanın direktoru idi, ona görə də İslam Abdullayev Ağcabədiyə tez-tez gələrdi, hiss edirdim ki, dayıma xüsusi hörmət bəsləyir. Bir gün belə oldu ki, axşam nə münasibətləsə İslam Abdullayev, dayım Mütəllim və xəstəxananın işçiləri yığışıb məclis düzəltdilər. Məclisin şirin yerində hamı Mütəllimdən xahiş elədi ki, bir ağız oxusun. Ancaq nə qədər təkid etsələr də, pərdə saxlayaraq ustad qarşısında oxumaqdan boyun qaçırdı. Axırda İslam Abdullayev özü dilə gəldi ki, Mütəllim, mən də təvəqqe eləyirəm, eybi yoxdur, oxu. Dayım yenə tərəddüd edəndə İslam Abdullayev özü əlini qulağının dibinə qoyub bir "Segah" başladı, sonra da dayıma işarə elədi ki, ardını da sən de. Dayım onda cavan idi, 30-31 yaşı olardı, cavan oğlandı. Bu, oxudu, nə oxudu! Çalğı yox idi, elə belə dəmyə oxuyurdu. Hamı mat qalmışdı. İslam durdu bunu qucaqladı öpdü, dedi ki, Mütəllim, sən böyük xanəndə olacaqsan. Bax, həmin səhnə indiki kimi mənim yadımdadır".

Salman kişi Mütəllim Mütəllimovun yeganə bacısının oğlu idi. Tək bacı-qardaş olduqlarından bir-birlərinə istəkləri də çoxmuş. Mütəllimin atası, Salman kişinin babası Kərbəlayı Ələkbər torpaqla əlləşən, Ağcabədidə yetərincə tanınan, hörmət-izzət sahibi, bacarıqlı bir adammış. Salman kişinin deməsincə, Ağcabədinin mərkəzindəki o dördbucaq şəkilli bulvarı da o salıbmış. Mütəllimin ata tərəfi Ərdəbildənmiş. Babası Məşədi Mütəllim İran təbəəsi imiş.

Elə Kərbəlayı Ələkbərin də 1938-ci ilədək İran pasportu varmış.

Salman kişi bunu da söyləyirdi ki, nə qədər "Kolxoza gir" demişdilərsə də, kərbəlayı razılıq verməmişdi, bir bağı vardı, onu da elə kolxoza qoşulmaq istəmədiyi üçün əlindən almışdılar.

Salman Ağayev xalq arasında "İranlıyığdı" deyə məşhur olmuş, bir neçə gün ərzində Azərbaycan boyu bütün İran vətəndaşlığı olanların ya sovet pasportu alaraq burda qalması, ya da dərhal köçürülməsi şərti qoyulan günlərdə baş verənlərə şahid olmuşdu, evdə-eşikdə də həmin həyəcanlı günlərin söhbətləri sonra illərcə danışıldığından hər şeyi dəqiqliklə yadda saxlamışdı. Deyirdi ki, 1941-1945 müharibəsindən qabaq Ağcabədidə, qohum-qonşu arasında İran təbəələri çoxmuş, hamısını sürgün edirlər, elə Mütəllimgilə - Kərbəlayı Ələkbərin ailəsinə də iki sutka vaxt verirlər ki, İrana getməlisiniz.

Və hamısını İrana yola salmaqçün Bakıya gətirirlər.

"Babam da, dayımgil hamısı Bakıya gətirilmişdi. Ancaq anamgilə toxunmamışdılar. Çünki atam buralı idi, ona görə bizə dəymədilər. Dayımgili nədirsə Bakıda düz üç ay saxladılar. Bütün qohum-əqrəba hamısı köçüb getdi İrana. Ancaq dayımın söyləməsinə görə, o, Mir Cəfər Bağırovun qəbulunda olubmuş. Sənətə təzə başlasa da, 1930-cu illərin əvvəllərindən o, Bakıya toylara gəlib-gedirdi, buralarda tanınmışdı. O vaxt oxuyanlar da sən deyən çox deyildi, ola bilsin, Bağırov da onu xanəndə kimi eşidibmiş, ya uzaqdan-uzağa tanıyırmış ki, bu görüş baş tutubmuş. Hər nədirsə, başqalarını dərhal İrana yola salmışdılarsa da, Mütəllim dayımın ərizəsinin üstünə müsbət dərkənar qoyulur, burada qalmağına icazə verilir. Odur ki, qayıdıb gəldilər Ağcabədiyə. Üzeyir bəyin 60 illiyi qeyd olunanda dayımı da Bakıya dəvət etmişdilər. Elə o vaxtdan da Bakıda qaldı. Əsas Bakı kəndlərində toya gedərdi. Həm də filarmoniyanın solisti idi".

Müharibə illərində Mütəllim Ağcabədidə klub müdiri olmuşdu. Yaqub Məmmədov danışırdı ki, yolunun başlanğıcından ona himayədarlıq edən Mütəllim Mütəllimov olub. Yalnız konsertlərdə oxumazmış, yerli həvəskarlarla birgə klubun səhnəsində göstərilən tamaşalarda rollar da oynarmış.

Salman kişi yada salırdı ki, klubun böyründə gövdəli ağaclar vardı, dırmaşardıq, budaqların arasından Yaqubun da rol aldığı "Beş manatlıq gəlin"ə, digər tamaşalara baxardıq.

Salman Ağayev danışır, bizi aparır 1950-60-cı illərə: "Dayımgilin evi Hüsü Hacıyev küçəsi 85-də (indi Azərbaycan prospekti - R.H.) idi. Fikir verərdim, axşamlar Beşmərtəbənin qabağında, Füzuli meydanındakı bağa yığışıb otururdular. Ora Seyid Şuşinski də gəlirdi. Neçə dəfə həmin Füzuli bağındakı görüşlərdən sonra Ağanın dayımgilə gəldiyini də görmüşdüm. Aralarında yaş fərqi olsa da, Seyidlə söhbətləri tuturdu. Seyiddən öyrənməyinə çox şey öyrənib, ancaq Ağa onun müəllimi olmayıb. Dayımın müəllimi Musa Şuşinski (1893-1971 - R.H.) olmuşdu. O, Gəncədə otururdu. Dayım düz 3 il onun yanına gedib-gəlib, tələbəsi olub, muğamın açar-kilidini ondan mənimsəyib".

Bu da Salman Ağayevin söylədiyi əhvalatlardandır, ona da cavanlıq çağlarının bu hekayətini Mütəllim Mütəllimov özü danışıbmış.

Bir gün Mütəllim Göyçaya toya çağırılıbmış. Elə həmin gün Göyçayda başqa bir yerdəki çalınan toyun xanəndəsi Seyid Şuşinski olubmuş. Mütəllim söyləyirmiş ki, oxuyurdum, bir də onu hiss etdim ki, məclisdə nəsə canlanma əmələ gəldi, baxdım, köynəyinin üstündən toqqa bağlamış bir yaraşıqlı adam içəri girmişdi, hamının nəzəri onda idi, mənə tərəf işarə edərək soruşdu ki, "bu oxuyan kimdir?" Oxudum qurtardım, ovaxtacan Ağanı üzdən tanımırdım, amma bu gələnin Seyid olduğunu biləndə məni vahimə basdı, cəld qalxıb ona yaxınlaşdım, salam verdim, üzrxahlıq elədim. Məni qucaqlayıb alnımdan öpdü ki, "çox yaxşı oxuyursan, sənin gələcəyin var".

...Mütəllim Mütəllimov ağır oturub batman gələn, özünün-sözünün yerini bilən, təvazökar bir insan olub. Bu, onu tanımışların çoxunun söylədiyidir ki, xətrini hər yerdə çox istəsələr də, başqalarının xahişlərini etməsinə baxmayaraq, heç vaxt öz işlərindən ötrü kimsəyə ağız açmazmış. Sözü də üzə şax deyənmiş. Salman kişinin xatırlamasınca, hətta bir dəfə Seyid Şuşinski Mütəllimə irad tutubmiş ki, sənin dilin acıdır, o gün eşitdim, orda o sözü ki dedin, əslində deməməli idin.

Mütəllim razılaşmır ki, ay Ağa, axı düzünü demişəm. Seyid nəsihət edir: "Düz deməyinə düz demisən. Ancaq düz sözün hamısını da demək olmaz, birinin xoşuna gələr, birininkinə gəlməz".

Salman kişi bunu da ürək ağrısı ilə danışırdı ki, Bakıda 30-a qədər qohum-əqrəbamızın mənzil almasına köməyi dəymişdi, amma Mütəllim özü ölənə qədər həyat yoldaşı və dörd uşağı ilə 15-16 kvadratmetrlik balaca otaqda yaşadı, gedib bir kəsə demədi ki, belə narahat şəraitim var, mənə ev verin.

Qürurlu olub, kimsədən minnət götürmək istəməyib.

Salman kişi mənə 1968-ci ildə Qobustanda şahidi olduğu bir əhvalatı da söyləmişdi. Deyir, Duvannıda bir qohumumuzun toyu olacaqdı, ərkim çatdığı üçün o toyun xanəndəliyini etməsini Yaqubdan xahiş elədim. Tarçı Məmmədağa Muradovu götürdü, kamançaçı da Nevton oldu, toy çox yaxşı keçdi, sonra da dəstəylə getdik Qobustanı seyr eləməyə. Yaqub saya bir adam idi, baxdı ki, quru qayalıqlardır, soruşdu, məni bura niyə gətirmisiniz, nə var burda?

Qayaların üstündəki şəkilləri göstərdim ki, bunların hərəsinin neçə min il yaşı var, babalardan bizə qalan mirasdır. Fikrə getdi, handan-hana dilləndi ki, Mütəllim əmi də mənim ömrümə elə iz qoyub, elə şəkil çəkib ki, bu qayanın üstündəki rəsmlər kimi, nə qədər varam, mənimlə qalacaq, yediyim onun çörəyidir, o olmasaydı, mən Yaqub olmazdım, uşaq vaxtımda qolumdan yapışıb irəli aparmasaydı, indi Allah bilir harda idim, indi burda sizinlə bir yerdəyəmsə, dünən o toyda oxuyurdumsa, bu kənddə birinci dəfə görənlər də radiodan-televiziyadan məni qiyabi tanıyırdılarsa, köhnə tanış kimi hörmətlə qarşılayırdılarsa, yenə səbəbi Mütəllim əmidir.

Nə Xan Şuşinski, nə Mütəllim Mütəllimov mükəmməl musiqi savadı almışdı, onlardakı fitri istedad, bir də İlahidən qismətlərinə yazılan məlahətli səs idi. Düzdür, Xan İslam Abdullayevdən, Mütəllim Musa Şuşinskidən müəyyən qədər öyrənmişdilər, ancaq bunlar müntəzəm təhsil almaq deyildi, eləcə ustad yanına gedərək eşitməklə nələrisə qavramaq, yadda saxlamaqdı. Xan da, Mütəllim də daha çox özləri özlərini yetişdirən sənətkarlar olmuşdular.

Mütəllimin pərakəndə savadalmalarının müxtəlif mərhələlərini düşündükcə özünün söylədiyi bu məqamlar da yadıma düşür ki, tifilkən necə mollaxanaya gedərmiş, Ağcabədidə tarçalan Əli Abbasdan necə öyrənərmiş. Əli Abbasla da görüşməsi sırf təsadüfi olubmuş. Təsadüfi deyəcəyin ki, bəlkə bu da elə Pərvərdigarın bir yazısıymış ki, mollaxanada oxuyan uşağın ürəyinə musiqi qığılcımını salmaqçün həmin görüşü təşkil edibmiş.

Balaca Mütəllim özü kimi xırda uşaqlarla ağacların budaqları arasında bülbül kimi cəh-cəh vurmağı, quşlarla səs-səsə verməyi xoşlarmış. Bunu da vaxtilə özü mənə söyləmişdi ki, quşlara qulaq asardıq, oxumaqlarında fasilə verəndə biz oxuyardıq, biz başlayan kimi onlar da yenidən başlardı, sonra aramızda bəhsəbəs yaranardı, quşlar oxuyardı, biz oxuyardıq, quşlarla yarışa girərdik ki, kim kimi yoracaq. Mütəllim dayı bunu da deyirdi ki, quşlarla yarışmağa başladıqmı, elə onların da bizim kimi olduğunu hiss eləyəndən sonra tay-tuşlarımız quşatan düzəltmək, budaqlardakı quşları vurmaq şakərlərindən birdəfəlik əl çəkmişdilər.

Mütəllimin Əli Abbasla qovuşmasına da elə quşlar, budaqlar arasında vurduğu cəh-cəhlər səbəb olmuşdu. Əli Abbas cingiltili səsli bu uşağın oxusunu eşitmişdi, musiqiçi idi, duymuşdu ki, bu balacanın səsi obirilərinkindən deyil, onu seçmişdi, günlərin birində Mütəllimi budaqlar arasından endirib oxutdurmuşdu, yaxalayaraq düşündüyünü özü üçün təsdiqləyəndən sonra gəlmişdi Kərbəlayı Ələkbərin yanına ki, bu uşağın qəşəng səsi də, qabiliyyəti də, yaxşı musiqi yaddaşı da var, heyifdir, qoymayaq itib-getsin, buna musiqi savadı vermək lazımdır.

Salman kişi mənə bunu da söyləmişdi ki, Mütəllimin atası Kərbəlayı Ələkbərin də həm güclü, həm məlahətli səsi varmış. Yox, o, xanəndə kimi muğamat-filan, təsnif-el havası oxumazmış.

"Babamın səsinə söz ola bilməzdi. Çox gözəl, təsirli avaz idi. Ağcabədidə hündür minarəli bir məscid vardı, müharibə vaxtı onu söküb anbar elədilər. Yadımdadır, uşaq idim, babam ordan əzan çəkəndə, inanın, sədası şəhərin o başına yetişərdi. Hətta namaz qılanda sözləri elə muğamat üstündə zümzümə edərdi".

Bəlkə əslində Mütəllim üçün ilk təkançı, onun içərisinə musiqi sevdasını damızdıran elə atasının namaz oxuyarkən, əzan verərkən hər gün eşitdiyi doğma səsi olmuşdu.

O vaxt, 2015-ci ilin noyabrında Salman Ağayevlə Mütəllim Mütəllimov haqqında söhbət edərkən o, bir mülahizəsini də söyləmişdi və xahiş etmişdi ki, bunu elə öz aramızda qalmaqçün deyirəm, danışıqlarımı radioda verib-eləsən, bu hissəni kəsərsən.

Demişdi ki, görüb-eşitdiyi xanəndələrin hamısının öz gözəlliyi var, hərəsi bir cəhəti ilə üstündür, Yaqub Məmmədov da, Arif Babayev də, Süleyman Abdullayev də, Canəli Əkbərov da, Alim Qasımov da, digərləri də güclü sənətkarlardır, hamısı yaxşı oxuyurlar, ancaq heç birinin səsini Mütəlliminki ilə müqayisə etmək olmaz.

Bu qənaətinə özü də bir az şübhə ilə yanaşaraq öz-özünə etiraz etməyə çalışırdı ki, bəlkə dayımdır, qan çəkir, ona görə bu səs mənə belə şirin, belə əziz, bütün başqa oxuyanlarınkından gözəl gəlir?

Ancaq Salman kişinin Mütəllim Mütəllimov avazı haqqında o məhrəm düşüncələrini mənimlə bölüşdüyü anlardan illər keçib, mənim də yaddaşımda onlarca qabil xanəndəmizin sevimli səsləri daim dolanmaqdadır, hamısını da millətimizin sərvəti sayır, hamısının da qədrini-qiymətini yaxşı bilirəm.

Fəqət mən də nədirsə, muğam səslərimiz arasında Mütəllim Mütəllimovunkundan məlahətlisini, bundan cazibədarını, bundan şaqraqını, bundan duyğulusunu, bundan ipəyini, bundan üstününü görmürəm.

Mən ki Salman kişi kimi Mütəllim ustadla qohum deyiləm ki, bu sevgiyə izah tapmağa çalışam ki, qan çəkir.

Ancaq məgər hamımızın, bu millətin ruh adamlarının bütününün damarlarından axan eyni deyilmi?

Siz də Mütəllim Mütəllimovun oxularına qulaq asın, başqa canayatan muğam avazlarımızla tutuşdurun, görün sizdə hansı düşüncələr, hansı təəssüratlar yaranır.

...Mütəllim dayı 1981-ci ildə vəfat etdi, gedişindən az əvvəllərdə də söhbətlərimiz olmuşdu, müəyyən boğazları, keçidləri əyani olaraq oxuyub göstərməsini xahiş etmişdim, oxuduqca da yazmışdım, indi dinləyirəm, görürəm ki, cavanlıq səsindəki təravət elə həminki kimi qalmaqdadır. Ancaq yəqin ki, daha çox yaşasaydı, ömrün sonrakı illərinin ağrıları onun səsində kədəri, yanğını dəfələrlə artırardı.

Mütəllim dayının iki oğlu, üç qızı vardı. Kiçik oğlu ürək tutmasından 2012-də keçindi, böyük oğlu da ondan bir il sonra rəhmətə getdi. Nə oğlanları, nə qızlarının səmti sənətə sarı oldu. Balalarını, əlbəttə ki, bir ata kimi çox istəyirdi. Ancaq onlara verə bildiyi elə məhəbbəti oldu. Özü dünyadan gedəndə balalarına qalan mal-dövləti, sərvəti elə hamının ehtiramla çəkdiyi adı, bütün xalqın sevdiyi səsi oldu.

Səs də, digər sənət istedadları da adətən irsən keçən olur, hətta birbaşa övladda üzə çıxmasa da, nəvələrdə, nəticələrdə görünür. Bu haqda da Mütəllim dayının ailəsinə içəridən bələd olan bacısı oğlundan soruşmuşdum. Salman Ağayev demişdi ki, Mütəllimin böyük oğlu Qəhrəmanın da elə atasının səsinə bənzəyən nəfəsi varmış, ancaq oxumağa meyil etməmişdi. Qızının səsi daha da gözəlmiş. Ancaq Mütəllim qızının oxumasının, sənətə gəlməsinin qəti əleyhinə olur. Bu, zənnimcə, təkcə müsəlmançılıq, qeyrət-filan məsələsi deyildi. Özü musiqiçi olmuşdu, bilirdi sənətkar ömrü üzdən bər-bəzəkli görünməsinə baxmayaraq, nə qədər müşküldür, nə qədər qayğılı, bəzən sarsıntılarla doludur. Odur ki, özünün gördüklərini və çəkmiş olduqlarını bu yolu tutaraq nə qızının, nə də oğlunun təkrar yaşamasını rəva görmədi.

Amma hər halda Tanrının saf bulaq kimi bu nəslə nəsib etdiyi səs sovqatı Mütəllimin nəvələrində göründü, hətta onlardan estradaya çıxaraq oxuyan da oldu, yəqin, əks-səda sonralardan gəlir və gələcək.

Salman kişidən bunu da soruşmuşdum ki, indi çəkisini, mənasını itirsə də, sovet dönəmində sənətkara verdiyi imtiyazları az olmayan fəxri adlardan məhrum qalması ilə bağlı ev-eşikdə Mütəllim dayı nəsə danışırmışmı?

Salman dayı bu sualıma belə cavab vermişdi ki, adətən bu haqda ailədə heç danışmaz, narazılığını da bildirməzdi, ancaq mən özüm bir dəfə soruşdum ki, bu boyda sənətin var, bütün sənət yoldaşların sənin böyük olduğunu təsdiqləyir, nə əcəb tay-tuşlarının hamısı lap çoxdan əməkdar artist, xalq artisti olduğu halda sənə indiyəcən ad verilməyib? Cavabı qısa olmuşdu ki, bu məsələ dərindir.

Nə imiş o dərinlik, bu etinasızlığın arxasında nə dayanırmış?

Olan-olub, keçən-keçib. Daha o dövr də, o adamlar da, o fəxri adların təntənəli, fərəhgətirən, faydaverən zamanları də arxada qalıb, indi ən yüksək fəxri adların da elə bircə havası qalıb. Ancaq tarix də yerindədir axı. Günündə belə qıymamaqlarla neçə sənətkarın qəlbini sındırmaq macəraları da hələ büsbütün unudulmayıb. Bütün belə fəsadlara bais olan kəc insan münasibətləri başqa istiqamətlərdə yenə var axı. İndi də yüz cür başqa nöqtədən pırtlayıb üzə çıxır. Odur ki, "keçmiş olsun" deyib üstündən keçdiklərimizin hərdən-hərdən ən azı belə naqisliklərin bir daha təkrarlanmaması üçün unudulmamasına, deyilməsinə, yazılmasına, bilinməsinə ehtiyac var ki, yeni zamanın mərdümazarlarına bəlkə dərs ola.

Salman kişi dayısı ilə 1981-ci ildəki son görüşünü xatırlayır: "Eşitdim ki, dörd nömrəli xəstəxanada yatır. Getdim baş çəkməyə. Dedilər, şəkəri şox qalxıb. Ancaq onun əvvəllər şəkərdən şikayətlənməsi olmamışdı, yeməyinə də fikir verəndi, ömrü boyu dilinə spirtli içki də dəyməmişdi. Amma görünür, tək şəkər məsələsi deyilmiş. Çünki sonra başladı gün-gün geri getməyə. Heç bir ay da çəkmədi. Bir gün mənə zəng elədilər ki, dayının vəziyyəti yaxşı deyil. Tez özümü çatdırdım. Evdə idi, çarpayıda uzanmışdı, üzgündü. Mənə halsız-halsız baxdı. Dedim ki, yaxşıydın axı, dayı, niyə özünü boş buraxdın, inşallah, sağalacaqsan, bir az özün də özünə ruh ver. Yorğun-yorğun gülümsündü, "Zabul"da oxuduğu məşhur qəzəlin misralarını astaca pıçıldadı:

 

Dərd-i hicran günlərilə ömr odlardan keçər,

Hər könül bir karivandır ki, susuz səhrası var.

 

"Karvanın getmək vaxtıdır", - dedi.

Bu onun dilindən qopan axırıncı sözlər idi. Huşunu itirdi, həkim çağırdıq, "İncitməyin mənası yoxdur", - dedi".

...Dünya əzəldən belədir. İnsanlar da, karvanlar da gəlir, gedir. Ən güclü insanların, ən intəhasız ixtiyar və qüdrət sahiblərinin də aqibəti budur - hamı ölüm qarşısında acizdir. Gözəl sənətdən qeyri!

Karvan necə gedib ki, böyük Azərbaycan xanəndəsi Mütəllim Mütəllimov diri ruhuyla, gedib-gələn nəfəsindən qopan bal kimi şirin avazıyla bu gün də hər an bizimlədir və hələ bizdən sonra da nəsil-nəsil insanların birbaşa ürəyinə təsir edəcək, onları ovsunlayacaq, vəcdə gətirəcək.

Karvan çıxıb getmiş, yol bitmiş olsa, bunlar mümkündümü?

Hər növbəti yeni gün o karvanın, o cür ölməz qafilələrin qayıtmaq vaxtıdır...

 

12 oktyabr 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 16 oktyabr(№189).-S.12-13.