Min bir nöqtə
novella
Şeir yazanda cəfa çəkib qafiyə-filan
axtarmıram, özümü əziyyətə qatıb fikir
dalınca da qaçmıram. Görünür, adamları
boşboğazlıq, çənə söhbəti sən
deyən maraqlandırmır. Ümumiyyətlə insanın
açıq söhbətdən zəhləsi gedir.
Çünki açıq söz onun beynini kütləşdirir,
düşünməyə, daxili mülahizə və yozmalara
imkan yaratmır (bəlkə də "yaratmır"
sözünün əvəzinə "vermir" sözü
daha yerinə düşərdi, qoy, kim nə təhər istəyir
elə oxusun). Nə isə, mən onu da anladım, daha
doğrusu, uzun illərin təcrübəsindən sonra onu da
bildim ki, fikir nə qədər dumanlı, pərdəli (hələ
yaşmaqlı demirəm),
üstü örtülü olsa, bir o qədər
yaxşıdır. Belə olduqda yazıçı oxucuya
imkan verir ki (bu dəfə "verir" sözünü həmin
ifadəni sevənlərin xətrinə yazdım), hə,
imkan verir ki, oxucu öz qəlbindəkiləri oxusun, yəni
kar kimi könlündəkiləri anlasın.
Bilirsən bunu ilk dəfə nə vaxt dərk elədim?
Qəzetdə bir şeirim
çıxmışdı, şeirin bəndlərindən
biri üç nöqtə ilə bitirdi.
Bunu oxuyan oxucuların əksəriyyəti (məni
tanıyıb-bilənləri nəzərdə tuturam)
üzümə mənalı-mənalı baxıb, yarı
pıçıltılı səslə dedilər:
- Əla! Vallah əla! Hər şey bir yana qalsın,
amma o cızmaqaraçı yazıçılar haqqında
nöqtələrlə dediyin bir aləmdir, olduqca qəliz
fikirdir.
- Hansı cızmaqaraçılar?
- Hansı yazıçıları nəzərdə
tutduğunu həmin an bildik. Heç kəs onların
qoşma, gəraylı, hekayə adı altında camaata
sırıdıqları boyat mətnlərini belə
açıq şəkildə tənqid atəşinə tuta
bilməzdi. Sən o nöqtələr vasitəsiylə dediyin
fikri dilinə gətirmək çox adamın hünəri
deyil.
- O nöqtələrlə nə demişəm, axı?!
- səmimi qəlbdən soruşurdum.
- Özünü xora-xoşa qoyma - deyə
sualımı vurdular, - arifə
bir işarə bəsdir... Yaxşı anladıq, hər
şeyi başa düşdük, o nöqtələri tam dəqiqliyi
ilə oxuduq, o əldəqayırma nasirlərin şəklini
də tam aydınlığı ilə gördük! Əla!
Onu sözlə elə deyə bilməzdin, sadəcə, o
boyda fikri ifadə etməyə sözün imkanı
çatmazdı. Sən sözünü dedin, payı olan
payını aldı, almayıbsa alacaq, narahat olma, pərdəli
sözü ünvanına çatdırmağa cəhd edənlər
tapılacaqlar. Amma sən qorxma, indiki zamanda qabağına
çöp də sala bilməzlər, boşboğaz
sözbazların yekə-yekə danışmağına
baxma, buna hünərləri çatmaz. İşində ol, o
nöqtələrdən yeri gəldikcə bas getsin!
Gördüm, həmin nöqtələrə görə
adım dillərdə gəzir. Dillərdə gəzir yox ey,
bəşər tarixində ən cəsur, sözün
düzünü (nöqtələrlə də olsa) deyən ədəbi
tənqidçilər sırasındayam. Indiyə qədər
yazdığım bütün əsərlər qalıb bir
yanda, bu nöqtələr məni lap duhaya çevirib.
Bax onda bildim, onda kəşf etdim ki, söz
azadlığının da öz azarı var. İnsanlar bu qədər
həsrətini çəkdiyi açıq-saçıq
sözdən, yalandan-gerçəkdən,
böhtandan-möhtandan bezib, bir vaxt əlindən
usandıqları eyhamların, işarələrin,
üstü örtülü, pərdəli deyimlərin, fikirlərin
həsrətini çəkməyə başlayırlar.
Bunu bilən kimi də keçdim nöqtə
yaradıcılarına, artıq ədəbi təhlil və tənqid
sahəsində otuz beş nöqtələr kitabım
çapdan çıxıb, onların içində nəzmlə
yazdığım nöqtələr də var, nəsrlə
yazdığım da. Onu da deyim ki, nöqtələrimi tam dəqiqliyi
ilə anlaya bilməyən cahil oxucular üçün mətndə
yeri gəldikcə "bəziləri" və "kimlərsə"
sözlərindən də istifadə edirəm. Kitablarım əl-əl
gəzir. Nöqtələrimi oxuyan oxucular bir bəh-bəh
deyirlər ki, beləsi heç zaman heç bir yazara qismət
olmayıb. Hamı deyir ürəyimcə yazırsan!.. elə
bil mənim qəlbimi oxuyursan!.. Sən yeganə adamsan ki,
sözünü, ədəbiyyatdan uzaq, bədii sözdən
xəbəri olmayan bəzi üzdəniraq
yazıçıların üzlərinə qarşı
deyirsən (nöqtələrlə)!
Keçən ay çapdan bir kitabım çıxdı,
inanılmaz olsa da, üzünün boyası qurumamış
yeddi dilə çevirdilər. Belə kitabları, oxucular
demişkən, fikri qəliz olsa da, bu dildən o dilə tərcümə
etmək çox asandır: tərcüməçi kitabı
qabağına qoyub nöqtələri səliqə ilə
türkcədən ingiliscəyə və yaxud ruscaya
çevirir. Amma o diqqətli olmalıdır, fikri təhrif etməsin
deyə, nöqtələrin sayına və onların
arasındakı məsafəyə dəqiq riayət etməlidir.
İndilərdə "Min bir nöqtə"
adlı kitab yazmaq fikrindəyəm. Düzdür, belə bir
kitabı yazmaq böyük cəfa tələb edir, fikrimi,
diqqətimi cəmləşdirməliyəm ki, kitabda
doğrudan da, min bir nöqtə olsun, min iki və yaxud mincə
nöqtə oldusa, əməyin zay olar, oxuculara
çatdırmaq istədiyimin əvəzinə tamam başqa
fikir alınar. Kitab da öz oxucularını itirə bilər.
Bir nöqtə belə o yan, bu yan olmamalıdır, min bir
nöqtə, vəssalam!
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2024.- 16 oktyabr(№189).-S.11.