"Buzovnada payız"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Nurtəkin
Hüseynovadır. Müsahibimizlə Xalq rəssamı Fərhad
Xəlilovun "Buzovnada payız" əsəri haqqında
danışmışıq.
Xalq rəssamı Fərhad Xəlilov Azərbaycanın
tanınmış fırça ustalarındandır.
"Abşeron məktəbi" adlanan sənət birliyinə
mənsub olan rəssam müasir təsviri sənətin
ideya-estetik əsaslarını formalaşdırmış
"60-cılar nəsli"nin nümayəndəsidir.
Fərhad Xəlilovun yaradıcılığı bir
neçə mərhələyə bölünür.
Yaradıcılığının erkən dövründə
- ötən əsrin 60-80-ci illərində o, Abşeron mənzərələrinin
magik-realist xarakterli təsvirlərini işləyib. Bu mənzərələr
ekspressiv əhvali-ruhiyyəsi, tünd koloriti, yarpaqsız
ağacları, tənha bağ evləri ilə
tamaşaçıda ekzistensial ovqat yaradır ("Sahildə",
"Maştağada küləksiz hava"). Rəssamın həmin
dövrdə işlədiyi digər mənzərələrdə
isə aydın, əlvan kolorit, işıqlı səmanın
yaratdığı xoş ovqat üstünlük təşkil
edir ("Yazın qələbəsi", "Buzovnada
bahar").
Ötən əsrin 90-cı illərinin sonlarından
Fərhad Xəlilov yaradıcılığının yetkin
dövrünə qədəm qoyub, abstrakt sənətin özünəməxsus
təcəssüm forması olan müstəvi proyeksiyalara meyl
göstərib. Rəssamın həmin illərdə və
sonralar yaratdığı xətti mənzərələr
Abşeron təsvirlərini daha çox rənglərin dili ilə
əks etdirir.
- Nurtəkin xanım, "Buzovnada payız" əsəri
Fərhad Xəlilov yaradıcılığının
hansı dövrünə aiddir?
- "Buzovnada payız" tablosu 1973-cü ildə
çəkilib və rəssamın erkən dövr
yaradıcılığına aiddir. Kətan üzərində
yağlı boya ilə işlənən mənzərə
100x100 sm. ölçüyə malikdir. Əsər
hissi-assosiativ əhvali-ruhiyyəsi ilə diqqət çəkir.
Burada payız ovqatı tutqun rənglər və rəmzlər
vasitəsilə əks olunub.
- Əsərin kompozisiyası necədir?
- Kompozisiyanın mərkəzində
yarpaqlarını tökmüş böyük bir ağac təsvir
edilib. Ağacın arxasında, kompozisiyanın sağ hissəsində
tərk edilmiş bağ evi, suyu boşalmış
çarhovuz görünür. Əsər ideya əsasında
tənhalıq, adamsızlıq ovqatı yer alır.
Tünd-boz kolorit tablodakı ekzistensial əhval-ruhiyyəni
daha qabarıq əks etdirir.
- "Buzovnada payız"ı Fərhad Xəlilovun
erkən dövr yaradıcılığının tipik
nümunəsi hesab edə bilərikmi?
- Bəli. Həmin dövrdə Abşeron motivlərinin
hissi-assosiativ və rəmzi müstəvidə təqdim edilməsi
"Abşeron məktəbi"nin təmsilçilərinin
yaradıcılığında geniş yer tuturdu. Bu tipli əsərlər
Tahir Salahov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Sirus Mirzəzadə
və başqalarının yaradıcılığında da
geniş yer tutur. Tənhalıq, assosiativlik, romantiklik,
ekspressivlik həmin tabloların əksəriyyətinin ana xəttini
təşkil edir.
"Buzovnada payız" tablosunu Fərhad Xəlilov
yaradıcılığının xarakterik nümunəsi
kimi dəyərləndirmək olar. Tənha, yarpaqsız
ağac, adamsız həyət, boş bağ evləri -
bütün bunlar tamaşaçıda lirik kədər
ovqatı yaradır. Bu kədər payızla əlaqədardır,
çünki məhz payızda Abşeron bağları
boşalır. Yayın istisi tədricən çəkilib
gedir, dərslər başlayır, bir vaxtlar uşaqların
şən səslərinin yayıldığı bağlar, həyətlər
səssizliyə qərq olaraq qəribsəyirlər. Əsər
məhz bu ovqata köklənib və zərif, lirik kədəri,
incə nostalji hissləri əks etdirir.
Fərhad Xəlilov abşeronçu rəssamdır.
Onun əksər Abşeron tabloları şəxsi
müşahidələri, gəzib dolaşdığı yerlərin
təəssüratları ilə əlaqədardır. Bu
tabloların hər biri bir xatirənin bədii təcəssüm
formasıdır. Artıq yarım əsrdən çoxdur ki,
doğma Abşeron torpağı rəssamın tükənməz
yaradıcılıq mənbəyinə çevrilib. Bəziləri
üçün Abşeron təbiəti quru,
cansıxıcı görünə bilər. Quru, meşəsiz,
dağsız, çaysız məkan... Lakin rəssam
gözü ilə baxdıqda hər şey tamamilə dəyişir.
Abşeron landşaftının öz romantikası var və
bu romantikanın vizual formada əks olunmasında Fərhad Xəlilovun
böyük payı olub. Rəssam bu gün də Abşeron
gözəlliklərini yeni, abstrakt təsvir formalarında
böyük həvəslə əks etdirir.
- Əsərin rəng həlli necədir?
- Fərhad Xəlilovun erkən dövr
yaradıcılığında Abşeron mövzusu bahar və
payız kontekstlərində təqdim olunub. Bunların hər
ikisinin özünəməxsus təsvir dili, romantikası
var. Bahar ovqatı major, payız ovqatı minor ritmlər üzərində
qurulub. "Buzovnada payız" tablosu payızı,
insanların bağdan köçərək şəhərə
qayıtdığı zamanı əks etdirir və buna
görə də əsərdə minor ovqat, nostalji hisslər
var. Burada əlbəttə ki, koloritin rolu böyükdür.
Rəssam tünd boz, tutqun rənglərdən istifadə edərək
əsərdəki tənhalıq, kimsəsizlik hisslərini
daha da qüvvətləndirib. Tünd-boz rəng
çalarları əsərin eksiztensial məzmununu qabarıq
əks etdirir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər şəxsi kolleksiyadadır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər insanlara Abşeron ritmlərini
görüb duymağı, gözəlliyi sevməyi təlqin
edir. Hətta boz koloritin də özünəməxsus gözəlliyi
var. Bu gözəllik payız fəsli vasitəsilə öz
vizual təcəssümünü tapır. Hər fəsil
kimi payızın da öz gözəlliyi var. Abşeronun
payızı da özünəməxsus nostalji gözəlliyə
malikdir. Əsərin ideyasının əsasını məhz
bu amil təşkil edir.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 16 oktyabr(№189).-S.11.