Qərb sivilizasiyası fəlakətinin inikası - “Tanrılar meşəsi”ndə

 

 

2024-cü ilin iyul ayında Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı romanı Bakıda “Nurlar“ Nəşriyyat-Poliqrafiya Mərkəzində Azərbaycan dilində işıq üzü görüb.

Romanı Litva dilindən tanınmış ədəbiyyatçı, filoloq mütəxəssis və mütərcim Mahir Həmzəyev tərcümə edib. O, həmçinin bu kitabın xüsusi redaktoru, tərtibatçısı, izahların, şərhlərin və ön sözün müəllifidir. Kitabın redaktoru Ayaz Əhmədovdur.

Kitabda litvalı tarixçi alim, humanitar elmlər doktoru Arunas Bubnisin “Litvalılar Ştutthof konslagerində“ başlıqlı məqaləsi də yer alıb. O, kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm də azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.

Nəşrdə Ştutthof konslageri muzeyinin fondlarından götürülmüş şəkillərdən istifadə olunub. Kitabın dizayneri litvalı rəssam Deymante Ribakovienedir. 

Kitab Litva Əhalisinin Soyqırımını və Müqavimət hərəkatını Araşdırmalar Mərkəzi ilə Litva Azərbaycanlıları Cəmiyyətinin birgə beynəlxalq layihəsi çərçivəsində nəşr olunub. Roman Litva Mədəniyyət Fondu, Litva Mədəniyyət İnstitutu və Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamentinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilib.

Mahir Həmzəyevin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.

XX əsr Litva ədəbiyyatının məşhur klassiki, yazıçı Balis Sruoganın (1896-1947) “Tanrılar meşəsi” adlı memuar romanı Dünya memuar ədəbiyyatında Hitler konslagerləri haqqında yazılmış ən orijinal və mükəmməl əsərlərdən biri sayılır.

Bu roman özünəməxsus üslubu və obrazlılığı, ideya-bədii xüsusiyyətləri, ictimai-siyasi və tarixi əhəmiyyətinə görə rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının (1918-2008) illərin sınağından çıxmış “QULAQ arxipelaqı” epopeyası və “İvan Denisoviçin bir günü” adlı povesti, eləcə də adlı-sanlı polyak yazıçısı Vitold Qombroviçin (1904-1969) məşhur “Ferdidurka” fəlsəfi romanı ilə rəqabət apara bilər. Hərçənd, “Tanrılar meşəsi” ağrılı həqiqətləri əks etdirən sərt səhnələrin parlaqlığı, bədii tərzində üstünlük təşkil edən acı ironiya və sarkazm intonasiyası ilə bu mövzulu digər möhtəşəm əsərlərdən seçilir.

“Tanrılar meşəsi” həm də çağdaş dünya ədəbiyyatı kontekstində getdikcə daha çox oxunan və dəyərləndirilən əsərlərdəndir. Hətta müasir Yeni Zelandiya yazıçısı Hezer Morrisin 2018-ci ildə işıq üzü görmüş “Auşvits döyməçisi” kitabının geniş məşhurluq qazanmasından sonra da yüz minlərlə oxucunun nəzərləri bir daha Litva ədəbiyyatının bu şedevr əsərinə çevrilib.

 

 

 

Litva yazıçısı Balis Sruoga

“Tanrılar meşəsi” kitabının üzqabığı

 

B.Sruoga görkəmli nasir, dramaturq, şair, tərcüməçi, ədəbi tənqidçi və teatrşünas olaraq Litva ədəbiyyatı və mədəniyyəti tarixində şərəfli bir yer tutur. Bununla bərabər, müəllifə məşhurluq gətirən “Tanrılar meşəsi” əsəri onu XX əsr Dünya ədəbiyyatı tarixində heç kimi təkrarlamayan, öz dəsti-xətti olan sənətkarlar səviyyəsinə qaldırıb və bədii siqlətinə görə sanballı dünya yazıçıları ilə eyni pilləyə qoyub. Tamamilə təbii haldır ki, “Tanrılar meşəsi” indiyədək alman, ingilis, fransız, italyan, ispan, çex, polyak, latış, eston, rus, bolqar, Niderland və bir sıra digər dünya dillərinə tərcümə edilib...

***

 

Professor B.Sruoganın özü 1943-1945-ci illərdə Ştutthof alman konslagerində katorqada olmuş, 21319 nömrəli məhbus olaraq burada ağrılı günlər və dəhşətli əzablar yaşamış, tikanlı məftillər arxasındakı cəhənnəmin bütün qapılarından keçmiş bir ziyalıdır. O, “Tanrılar meşəsi” avtobioqrafik romanında şahidi olduğu, yaxud iştirak etdiyi sarsıdıcı hadisələri, məhbus həyatında yaşadığı və ya müşahidə etdiyi qeyri-insani işgəncələri, konslagerdə insanı simasızlaşdıran və faciəni adiləşdirən nasist sistemi barədə təfərrüatları, eləcə də Ştutthofda fasiləsiz işləyən ölüm və cəza maşını ilə bağlı digər tükürpədici həqiqətləri sənədli nəsr və bədii üslubun qovuşuğunda bənzərsiz bir şəkildə təqdim edir. B.Sruoga əsərdə şəxsi təcrübəsinə istinadən nasist məcburi əmək düşərgəsinin müdhiş reallıqlarını da dəqiqliklə təsvir edib. Bu mənada romanı Ştutthof konslager həyatının bədii-sənədli ensiklopediyası və ya sərt realizm üslubunda çəkilmiş panoram tablosu adlandırmaq olar.

Yazıçı əsərində ürək ağrısı ilə yazır: “...Bir halda ki, XX əsrin ortalarında sivilizasiyalı Avropa insanı gözlənilmədən adamyeyənə dönürsə, onda mənim bütün kitablarımın dəyəri nədir ki?!”

Ştutthof alman konslagerinin darvazası və giriş qapısı. 21319 nömrəli məhbus B.Sruoganın şəxsi işindəki şəxsi uçot vərəqəsinin surəti. Ştutthof konslageri, 26 mart 1943-cü il

 

***

Litvalı ədəbiyyatşünas professor Vitautas Kubilyus (1926-2004) qeyd edir ki, “Tanrılar meşəsi” Litva ədəbiyyatında ilk əsərdir ki, burada XX əsrin qətliam fenomeni -  xalqları və sinifləri bütövlüklə məhv etmək mövzusu işlənib. Təsvir olunan olaylarda fərdi özünüdərk və fərdi talelər sadəcə saysız-hesabsız sayda ovulub yoxluğa sovrulan və artıq heç bir əhəmiyyət kəsb etməyən qum dənələridir. Konslagerdə, - kütlələri məhvetmə fabrikində, ölüm özünün “nəcib tragizm elementini itirir”, mistik gizlinliyindən və qəm-qüssəli dəfn mərasimindən məhrum olur. Ölüm burada artıq heç kəsi həyəcana gətirməyən və qorxutmayan “hərgünkü həyatın adi bir zibilinə çevrilir”. “Tanrılar meşəsi” totalitar sistemlərin insanı simasızlaşdırma ideologiyasını içdən ifşa edib açıqlayan özünəməxsus bir tragikomik romandır”.

Digər ədəbiyyatşünas alim Regimantas Tamoşaytis nəzərə çarpdırır ki, “Tanrılar meşəsi” romanında qaldırılan başlıca problem mədəniyyətin və humanist dəyərlərin süqutu, sivilizasiyanın fəlakətə uğramasıdır. Romanda idealist və humanist müəllif Qərb sivilizasiyasının keçirdiyi böhran barədə ürək ağrısı ilə problematik müzakirələr edir: - Niyə belə inkişaf etmiş və mənəvi zənginliklə yüklənmiş bir sivilizasiya qəddar barbarizm dövrünə qayıdır? Hansı qüvvələr insanda yırtıcı heyvana xas olan vəhşiliyi oyadır? Necə olur ki, “barokko mədəniyyəti” “baraklar mədəniyyətinə” çevrilir? Bu roman humanist dəyərlərin və mədəniyyətin zərifliyi, insan təbiətində gizlənən və totalitar rejim şəraitində aşkara çıxan kor-təbii instintklərin təhlükəsi barədə bir xəbərdarlıqdır. Bu, Qərb sivilizasiyasının qaranlıq tərəfi barədə ibrətamiz bir kitabdır”.

***

“Tanrılar meşəsi” həmçinin rəngarəng portretlər qalereyası kimi düşünülmüş bir romandır. Burada müxtəlif yaşlı, vəzifəli və əqidəli 100-ə yaxın insan portreti yaradılıb. Onların əksəriyyəti, - sıravi nəzarətçilərdən tutmuş SS ştandartenfürer rütbəli rəisə qədər, düşərgə müdiriyyətinə aiddir. B.Sruoga bu portretlərdə yalnız normal insan psixikası ilə sadizm arasındakı şoka salan dərin uçurumu deyil, həm də sadizmin müstəsna formalarını təsvir edib. Onun seçib təsvir etdiyi cəlladlar heç də “şüursuz davranan” adi başkəsənlər yox, işgəncə vermə sənətinin “əsl ustadlarıdır”. Müəllif obyektivliyi qorumaq naminə, onların hər birinin tərcümeyi-halını, karyera tarixini, xarakterik xüsusiyyətlərini, həyata baxışlarını, vərdişlərini, insanı kötəkləməyin və öldürməyin sevimli üsullarını sənədli şəkildə açıqlayır. Amma bunu adətən təsvir olunan personajın unikal xüsusiyyətlərdən birini seçməklə və bunun vasitəsilə bütün xarakteri təqdim etməklə gerçəkləşdirir.

Ştutthof alman konslagerinin panoram görünüşü. 1941-ci il.

Əsərdə məhbuslar, cəlladlar və rəislər arasındakı xidməti, mənəvi-əxlaqi və psixoloji münasibətlər həmçinin sərt mükalimələr fonunda təsvir olunub. Müəllif bu zaman, baş verən amansız hadisələrin mahiyyətinə və konslager mühitinin səciyyəvi ruhuna üslubca uyğunlaşdırılan söyüşlər, vulqarizmlər və arqo sözlər də işlədir ki, bunlar əsərdə təsvir olunan dramatik səhnələri bütövlükdə psixoloji cəhətdən daha gücləndirir, mükalimələrə əlavə emosionallıq gətirir, ekspressivlik verir və münasibətlərin dərin qatlarını doğal şəkildə açmağa imkan yaradır.

***

B.Sruoga yaradıcılığının litvalı tədqiqatçısı Algis Samulyonisin (1936-1994) təbirincə, “Tanrılar meşəsi”ni dünya ədəbiyyatındakı bu tipli əsərlərdən fərqləndirən ən xarakterik və özünəməxsus əlamət müəllifin təsvir etdiyi olaylara, yaşadığı iztirablara və düşərgə mühitinə bəslədiyi ironik münasibətdir. Belə münasibətin köklərini B.Sruoganın digər əsərlərində də sezmək olar. Lakin “Tanrılar meşəsi”ndə bu əlamət konslagerin faciəvi həyat materialı ilə üzvi şəkildə birləşib özəlliklə gözlənilməz çalarlar alıb”.

Yazıçı bu baxımdan romanda gülüşün ən müxtəlif ifadə formalarından – sərt istehza, acı ironiya, yumorlu kinayə, öldürücü sarkazm, məsxərə, şarjlı təsvir, ironik kalambur, rişxəndli aforizm, lətifə və satirik səhnəciklərdən məharətlə istifadə edir.

Qeyd edək ki, romanın tonu qroteskə yaxın rişxənd tərzindərir və müəyyən mənada, tanınmış polyak yazıçısı Tadeuş Borovskinin (1922-1951) Auşvits alman konslageri mövzulu əsərini xatırladır. B.Sruoga ən faciəli hadisələr haqqında ya acı istehza və qəzəbli sarkazmla, ya da ironiya ilə bəhs edir. O, bir çox nəsnələri – düşərgə cəlladları və onların iddialarından tutmuş, məhbusu hər an izləyən ölümə qədər hər şeyi şiddətlə lağa qoyub gülür. Bu öldürücü sarkazm, çəkdiyi əzabların dəhşətini ifadə etmək üçün artıq başqa üsulu olmayan və düşərgə mühitinin məhvedici təsirinə qarşı digər müqavimət yolu qalmayan bir insanın yeganə silahıdır (B.Sruoga konslagerdən göndərdiyi məktubların birində yazırdı ki, “Ürəyimdə o qədər ağrılar yığılıb ki, artıq ağrı həddini itirmişəm”). Həm də bu sarkazm ona yad olan bir mühitdən özünü qorumaq üçün təhlükəsiz məsafə saxlamağın, bu mühiti pisləməyin, ondan kəskin narazılığın və başqa dəyərlərə dəvətin ifadəsidir. B.Sruoga istehzalı gülüş vasitəsilə öz mənəvi fəallığını nümayiş edir, zülmə boyun əymir, çəkdiyi əzablara qalib gəlir və öz insani mahiyyətini qoruyub saxlayır.

“Tanrılar meşəsi” modernizm ədəbi cərəyanına məxsus müstəsna bir əsərdir. Əsər qeyri-adi bədii forması, təsvir metodları, üslub əsasları və özünəməxsus ədəbi dili ilə seçilir. Müəllifin böyük ədəbi məharəti, duyum dünyasının həssaslığı, iti müşahidə qabiliyyəti, ən rəngarəng və təsirli bədii təsvir və ifadə vasitələri seçmək bacarığı əsəri daha cəzbedici edib. Yazıçı həmçinin romanda Litva dilində xeyli sayda yeni leksik vahidlər – təzə sözlər, söz birləşmələri və linqvistik qısaltmalar yaradıb.

Ştutthof alman konslagerinin gözətçi qülləsi.

***

 

B.Sruoga romanı 1945-ci ilin mayında konslagerdən Litvaya qayıtdıqdan dərhal sonra, cəmi bir neçə ay ərzində yazıb bitirdi və həmin ilin noyabrın 5-də “Tanrılar meşəsi” kitabının nəşri ilə bağlı Litva SSR-in Dövlət bədii ədəbiyyat nəşriyyatı ilə müqavilə imzaladı. Amma kitab senzurada ilişdi. Qlavlit əsərin tez-tez qroteskə çevrilən rişxənd tərzini, burda üstünlük təşkil edən sarkazm və istehza intonasiyasını, söyüşləri və arqo sözləri qeyri-məqbul sayaraq kitabın çapına icazə vermədi. Senzura bu bədii xüsusiyyətləri sovet məhbuslarının fəlakətli taleyinə və çəkdikləri əzab-əziyyətlərə biganəlik ifadəsi, onları lağa qoyub təhqir etmək üsulu kimi dəyərləndirdi. Müəllifə isə guya əsərdə özünü düşərgə həyatından təcrid etdiyinə, nasist cəlladlarına müqavimət göstərmədiyinə, ümumi maraqlara saymazyana yanaşdığına və liberal ziyalı neytrallığına can atdığına görə siyasi irad tutdular.

Bütün bunlar Stalin dövrünün ideoloji tələblərinə uyğun gəlmədiyi üçün senzura romanı çapa hazırlayarkən əsərdə ixtisarlar aparır, məna dəyişiklikləri edir, bəzi parçaları müəllifə yenidən yazmağı məsləhət görürdü. Amma B.Sruoga buna razı olmur, kitabın redaktoru ilə yazışmalarında mübahisə edir və öz mövqeyini qorumağa çalışırdı. Senzura isə heç nə eşitmək istəmirdi. Mübahisələr beləcə iki ilə yaxın davam etdi, kitabın nəşri ilə bağlı məsələ bir neçə dəfə ən yuxarı instansiyalarda müzakirəyə qoyuldu. B.Sruoga bu zaman tez-tez mənəvi, psixoloji və siyasi təzyiqlərə məruz qalırdı. Litva SSR Yazıçılar İttifaqının ümumi yığıncağında kitabın müzakirəsi zamanı Kommunist partiyası mərkəzi komitəsinin yüksək çinli rəsmilərindən biri üzünü ona tutub belə demişdi: “Görünür, almanlar düz edirdilər ki, bu cür adamcığazları konslagerlərdə saxlayırdılar”. B.Sruoga bu sözləri eşidib şoka düşdü və yığıncaqdan bir qədər sonra - 1947-ci ilin oktyabrın 16-da öldü.

Beləliklə, B.Sruogaya sağlığında romanın nəşrini görmək nəsib olmadı. Başıbəlalı “Tanrılar meşəsi” kitabı yalnız müəllifin ölümündən 10 il sonra, - SSRİ-də Xruşşov mülayimliyi dövrünün əvvəlində - 1957-ci ildə Vilnüsdə öncə litvaca, 1958-ci ildə isə rusca işıq üzü gördü.

Lakin mülayimlik dövrünə baxmayaraq, bu nəşrlərdə “senzura qayçısı” kifayət qədər öz işini görmüşdü, redaktə nəticəsində romandan bir neçə min söz ixtisar edilmiş, hətta bütöv parçalar kəsilmişdi. Ötən əsrin 60-80-ci illərində roman bir neçə dəfə təkrarən nəşr olunub. Bu nəşrlər də senzorların amansız hücumlarına məruz qalmış halda çapdan buraxılıb.

 

***

 

Roman ilk dəfə Litva oxucusuna onun senzura edilməmiş mətninə maksimal yaxın şəkildə yalnız müstəqillik illərində təqdim olunub. Bununla yanaşı, litvalı mətnşünas alim, humanitar elmlər doktoru Neringa Markyaviçiene sovet senzurasının süzgəcindən keçən və çoxsaylı “zədələr” alan avtoqrafın - əlyazma və makina çapının tam bərpa edilib ilk hala qaytarılması üzərində işi davam etdirib. Litva Ədəbiyyatı və Folkloru İnstitutunda aparılan bu iş hazırda başa çatıb. Ancaq avtoqrafın bərpa olunmuş ilk variantı hələlik nə Litva, nə də başqa bir dildə nəşr edilib.   

Buna görə xüsusilə vurğulamaq istərdik ki, roman göstərilən İnstitutda bərpa edilmiş avtoqrafdan - əlyazma və makina çapından bilavasitə tərcümə edilərək ilk dəfə Azərbaycan dilində çap olunub.

Romanın oxucu toplumuna gəlincə qeyd etmək lazımdır ki, adətən konslager mövzulu kitablar gərginliklə - bir qədər ağır oxunur və oxucudan təmkin istəyir. Bu üzdən dəyərli oxucuları ilk növbədə səbirli olmağa çağırırıq. Bununla belə, “Tanrılar meşəsi”nin bənzərsiz çalarlarını nəzərə alaraq düşünürük ki, roman tədqiqatçıları bu mövzulu əsərlər barədə artıq oturuşmuş sayılan bəzi yanaşmalara yenidən, fərqli bucaq altında nəzər salmağa sövq edəcək, onun məzmun və ideyasından doğan bu üç ümumbəşəri suala cavab axtaran hər kəs üçün oxunaqlı olacaq:

1. Faşizm XX əsrin ortalarında Avropanın mərkəzində insanı qaniçən yırtıcıya necə çevirə bildi?

2. Necə oldu ki, qabaqcıl Qərb sivilizasiyası və onun zəngin humanist dəyərləri fəlakətə uğradı?

3. Bəs niyə XX əsrdə dünyanı sarsıdan o faciəli olaylar və apokaliptik mənzərələr müasir dövrdə ayrı-ayrı ölkələrdə təkrarlanır?! 

Hər birinizə xoş oxumalar və yaddaqalan təəssüratlar arzulayırıq!

Vilnüs-Bakı, 28 aprel 2024-cü il.

 

Mahir Həmzəyev

Litva Yazıçılar Birliyi və Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü

m.gamzajevas@gmail.com

525-ci qəzet .- 2024.- 17 oktyabr(¹190).-S.14-15