Çağdaş poeziyamızda zərif
meh səsi
MAHİRƏ NAĞIQIZININ BƏDİİ
YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR
Bədii yaradıcılığı haqqında
danışmaq istədiyim şəxsin bioqrafiyasına nəzər
salanda zəhmətli bir yol görünür. Belə ki, Mahirə
Nağıqızı (Mahirə Nağı qızı
Hüseynova) 1960-cı ildə gözəl bir payız
günü, noyabr ayının 4-də Naxçıvan Muxtar
Respublikasının Naxçıvan rayonu (indiki Babək
rayonu) Sust kəndində anadan olub. 1968-ci ildə həmin
rayonun Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə
daxil olub, yaşayış yerini dəyişməklə əlaqədar
olaraq 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsindəki
Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbi
bitirib. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun
(ADPU-nun) filologiya fakültəsinə qəbul olunub və
1984-cü ildə institutu fərqlənmə diplomu ilə
bitirib. Elə həmin ildən də təyinatla Abşeron
rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə
müəllim kimi əmək fəaliyyətinə
başlayıb. Müxtəlif illər ərzində Təhsil
Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil
işçisi" adına layiq görülub, qızıl
döş nişanı ilə təltif edilib, 2003-cü ildə
"İlin nümunəvi müəllimi" Respublika
müsabiqəsinin qalibi kimi I dərəcəli diplomla
mükafatlandırılıb. 2004-cü ildə Azərbaycan
Respublikasının "Qaqbaqcıl təhsil
işçisi" döş nişanına, 2007-ci ildə
"Qızıl qələm" və "İlin alimi"
mükafatlara layiq görülub.
2008-ci ildən ömrünü Azərbaycan Dövlət
Pedaqoji Universitetinə bağlayan Mahirə xanım əvvəlcə
Müasir Azərbaycan dili kaferasının müəllimi,
2014-cü ildən baş müəllim, 2015-ci ildən həm
Müasir Azərbaycan dili kafedrasının dosenti, eyni zamanda həmin
kafedranın müdiri vəzifəsinə təyin olunub.
2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının
professoru adını alıb və həmin ilin dekabr
ayının 10-dan Universitetinin Filologiya fakültəsinin
dekanı vəzifəsinə seçilib. 2021-ci ildən isə
ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində
çalışır.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülüb, həmçinin "Səməd Behrəngi"
Beynəlxalq mükafatını alıb. Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzinin Müşahidə
Şurasının üzvüdür. 2020-ci ildən təsisçisi
olduğu "Linqvistika problemləri" Beynəlxalq Elmi
jurnalının baş redaktorudur.
Bədii yaradıcılıqla paralel şəkildə
elmi araşdırmaları ilə də diqqəti cəlb edən
Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın
Dərələyəz mahalı üzrə tədqiqatlar
aparır. Həmin mahalın aşıq və el şairlərinin
yaradıcılığı, onomastik vahidləri haqqında
xeyli material toplayıb, 2012-ci ildə başladığı
işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə
doktoru elmi adını qazanıb. 2017-ci ildə "XIX-XX əsr
Azərbaycan aşıq və el şairlərinin
yaradıcılığının dil, üslub xüsusiyyətləri"
adlı dissertasiyasını uğurla müdafiə edərək
filologiya elmləri doktoru adına layiq görülüb. Azərbaycan
dilçiliyinin müxtəlif sahələri üzrə
araşdırmaları ilə seçilən Mahirə
xanım 40-a yaxın elmi kitabın - monoqrafiya, dərs vəsaiti,
metodik vəsait, proqramın müəllifidir. Alimin
respublikamızın nüfuzlu jurnallarında (o cümlədən,
xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda
400-ə qədər elmi məqaləsi çap olunub.
Tələbəlik illərində bədii
yaradıcılığa başlayan Mahirə xanım 20-yə
yaxın bədii kitabın müəllifidir.
Respublika mətbuatında onun kitabları haqqında
300-dən çox məqalə dərc olunub, şeirlərinə
30-dan çox mahnı bəstələnib, həmçinin
aşıqların repertuarında 70-dən çox şeiri
saz havaları üzərində dilləndirilib.
Bu, Mahirə xanımın geniş elmi və bədii
yaradıcılığının yazıma
sığışdırdığım çox qısa bir
hissəsidir. Amma mən daha çox şairə Mahirə
Nağıqızı haqqında düşüncələrimi
bölüşmək fikrindəyəm.
Mahirə xanımın sevilən şeirləri
arasında "Unuduruq" adlı bir nümunə də var.
"Unuduruq" deyəndə çoxumuz həzin sevgi
notları üzərində kəpənək kimi
uçuşuruq. Amma Mahirə xanım bizi başqa bir aləmə
aparır:
Süzə-süzə, düzə-düzə gəlirik,
Görən nəyi unuduruq həyatda?
Çəmənlərdə çələng də
düzəldirik,
Görən nəyi unuduruq həyatda?
Sınağa çəkəndə həyat birini,
Verə bilirikmi kömək əlini?
Bir nadana göstərmirik yerini,
Görən nəyi unuduruq həyatda?
Şairləri şairlərdən yaxşı kimsə
anlamaz, mənim fikrimcə. Mahirə xanımın
"Gözlərim" adlı şeirini oxuyanda bir az
özümü gördüm. Elə bildim, o şeiri mən,
özüm haqqında yazmışam. Çünki şairlərin,
demək olar ki, hamısı sözün adamı
olduqlarından, bəzən sözlərə açıblar
sirlərini. Bu yaxınlarda, - şairin sirri olmur, - dedi,
Rüstəm Behrudi. Yəni şairin nəyi varsa, şeirlərində
gizlədib. Duyumlu oxucu, diqqətli oxucu o şeirlərdə
şairin nə yaşadığını tuta bilər.
İndi isə gələk həmin şeirə. "Gözlərim"
şeirində Mahirə xanım şairlərin tənhalığına
ayna tutur:
Gecələri şirin-şirin yatmadım,
Dərdi yarı-yarı böldü gözlərim.
İçim yandı, alov ərşə dayandı,
Ovutdu dərdimi, güldü gözlərim...
Ömrümün ən şirin ötən
çağları,
Sinəmə çəkilən düyün
dağları,
Tapa bilməyəndə qəm otaqları,
Yığıb dərd-qəmini doldu gözlərim.
Mahirə xanım haqqında yazılmış bir məqalədəki
bu fikirlər xüsusən onun şeirlərini küll
halında oxuduqda əsaslı şəkildə öz təsdiqini
tapır: "Mahirə Nağıqızı zəngin
yaradıcılığı öz şəhdini, şirəsini
xalqımızın minilliklər boyu yaşatdığı
milli folklorumuzdan almış, ona yeni rəng, yeni nəfəs,
yeni ruh qataraq çağdaş dövrümüzün
söz xəzinəsində əbədiyyət
qazandırmışdır. Şair əsrlərdən
süzülüb gələn qədim adət-ənənələrə
söykənərək, milli kimliyimizi, mənəvi-əxlaqi
dəyərlərimizi, xalqımızın mübarizələrlə
dolu qəhrəmanlıq salnaməsini öz poetik
dünyasında qərarlaşdırmış, fəlsəfi
məzmun və mündəricəyə malik olan yüksək
tendensiyalı əsərlər yaradaraq oxucuların
ixtiyarına vermişdir".
44 günlük zəfərimizin qazanılmasında
bir çox amillər kimi şairlərin vətənpərvərlik
ruhunda yazdığı şeirlərin də rolunun olduğu
aydındır. Bu mənada, "Sən döyüşə
hazır ol" şeirində Mahirə xanım hələ 44
günlük zəfərimiz əldə edilməmişdən
illər əvvəl yazırdı:
...Sən vətənin gücüsən,
vətənin əsgər oğlu,
Vətən haya çağırmaz,
haraylamaz hər oğlu.
Qızlar gül-çiçəyiylə
süslər müzəffər oğlu,
O gəlişin naminə, son döyüşə
hazır ol!
Ötən il "Naxçıvanlı şairlərin
şeirlərində Heydər Əliyev obrazı"
mövzusunda bir məqalə işləyirdim. Təbii ki, Ulu
öndər haqqında çox yazılıb, peşəkar
şairlər də, həvəskarlar da öz şeirlərində
Heydər Əliyevin obrazını yaratmağa
çalışıblar. Lakin elmi məqalə yazırsansa,
işə həm də elmi yanaşmalı, peşəkar
münasibət göstərməli, peşəkar qələm
sahiblərinin nümunələrinə daha çox diqqət
yetirməlisən. Odur ki, Mahirə xanımın "Heydər
Əliyev dastanı" adlı şeirini də obraz
yaradıcılığı baxımından təhlilə cəlb
etmişdim. Həmin şeirdə Mahirə xanım deyir ki:
Haqq işini görmək üçün
qayıtdın,
Haqqa güman vermək üçün
qayıtdın.
Xalqa inam vermək üçün qayıtdın,
Bu tarixdir, bir nəfəsə oxunur.
Yaradıcılığı ilə bütöv halda
tanışlıqdan sonra bu qənaətə gəldim ki,
Mahirə Nağıqızı özü də bir
şeirdir: Anasının yazdığı şeir. Və
anası yazan şeirin hər misrasında xalq ruhu, xalq
poeziyası boy göstərir. Təsadüfi deyil ki, müəllifin
şeir kitablarının əksəriyyətində ana
obrazı ad mərtəbəsinə yüksəlib: "Mənim
anam" (2006), "Su at dalımca, ana" (2006), "Ana
sevgisindən doğan nəğmələr" (2008),
"Yaşadacaq anam məni" (2009), "Ana kəndim
Xalxalım" (2010), "Analı dünyam" (2015).
Mahirə Nağıqızı
yaradıcılığında "Bayatılar" ayrıca
bir mərhələdir. Düşünürəm ki, bu
bayatılar ana südü ilə varlığına
ötürülüb və bu gün həmin bayatılar ana
südüylə yoğrularaq su üzünə
çıxır:
Çarə yolu yüz olar,
Biri də dümdüz olar.
Qaranlıqqalan deyil,
Axırı gündüz olar.
Yaxud:
Dərdi küncə qoyalar,
Bircə-bircə qoyalar.
Ürək torpaq deyil ki,
Bir il dincə qoyalar.
Bu bayatıları oxuduqdan sonra Mahirə xanımın
"Onun daş nağılı" kitabına
"Daşlaşan həqiqətin poeziyası" adlı
ön söz yazmış akademik Möhsün
Nağısoylunun nə qədər də haqlı olduğu
bir daha görünür: "Mahirə
Nağıqızının yaradıcılığına
xarakterik cəhətlərdən biri, bəlkə də ən
birincisi, onun şeir yaradıcılığının
poeziyamızın yaşarı ənənələrinə
sıx bağlılığıdır. Bu
bağlılıqda həyat və onun gerçəkliyinin
inikası çox aydın ifadə olunur. Ümumilikdə isə
Mahirə xanımın zəngin və rəngarəng poetik
dilinin linqvopoetikası, poetik sintaksisi, üslubi
frazeologiyası, onomastik vahidləri təkrarsız bir şəkildə,
yaradıcılıq axtarışlarının nəticəsi
olan formada aşkarlandığından cəlbedicidir, lirizmi,
musiqiliyi ilə seçilir, fərqlənir".
Mahirə xanımı mətbuatdan oxuyan, müxtəlif
qəzetlərdə haqqında yazılmış məqalələrədən
tanıyan, son bir neçə ildə Naxçıvanda
keçirilən elmi konfranslarda, görüşlərdə,
kitab təqdimatlarında canlı olaraq dinləyən biri kimi
bunu da deyim ki, əziz, unudulmaz dayısı, görkəmli
alim Həsən Mirzəyev xalqımız üçün
çox qiymətli bir irs qoyub getdiyi kimi, Mahirə
Nağıqızı da bu mənəvi irsi daha da zənginləşdirməkdə,
onun dəyərini, gərəkliliyini daha da
artırmaqdadır.
Yenidən poeziya üzərinə, şairlik və
şeir yaradıcılığı mövzusuna dönərək
bir mühüm, təsirli məqamı xüsusi qeyd etmək
istərdim: Mahirə xanımı, onun
çıxışlarını, söhbətlərini,
şeir deməsini dinləyərəkən
şəxsən mənə elə gəlir ki, çox zərif,
xəfif bir səhər yeli həzin-həzin ağaclara
sığal çəkir, insanın ruhu oxşayır. Və
qoy bu iki bənd də yazımda son söz yerinə olsun:
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir?
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi.
Şairlər də belədir. Dərdləri cürbəcürdür,
amma sığındıqları yer birdir: Söz.
Sözünüz min budaq olsun, Mahirə xanım!
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet .- 2024.- 17 oktyabr(№190).-S.13.