Çexovun "Qara
rahib nəzəriyyəsi"
Anton Pavloviç Çexovun "Qara rahib" povesti
iki hissədən ibarətdir. Daha doğrusu, əsərin qəhrəmanı
gənc və ümidlər verən magistr Andrey Kovrinin yay
istirahəti niyyəti ilə öz qəyyumu və faktiki
atalığı Yeqor Pesotskinin yay malikanəsinə iki gəlişi
təsvir olunur. Birinci yay - romantik yaydır, ikinci yay tragik
adlana bilər. Amma her iki yay səfəri həkimin göndərişi
ilə baş verir. İntellektual işdən yorulmuş gəc
magistrə məsləhət görülür ki, baharı və
yayı kənddə yaşayıb
sağlamlığını möhkəmlətsin.
Yeqor Pesotski Rusiyada məşhur botanik və meyvəçilik
üzrə sayılan seleksiyaçıdır. Kovrini də həmin
malikanədə öz oğlu kimi böyüdüb, yetim
qalandan sonra. Cəmi beş il qabaq Kovrin Peterburqa universitetə,
fəlsəfə fakültəsinə girib və şəhərdə
yaşamağa başlayıb. Elə universitet illərindən
məqalələri çap olunub və təhsilinin davamı
üçün universitetdə çalışmaqda davam
edir. Yeqor Pesotski və onun yeganə qızı Tanya paytaxt
jurnallarında çıxan məqalələri oxuyub Andrey
Kovrinə pərəstiş edirlər. Amma Kovrinlə
atalığının həyat idealları bir-birinə əksdi.
Atalığı meyvə seleksiyası sahəsində
çalışıb "Rusiya sənayesini yüksəltmək"
istəyir.
Kovrin şərab içir, çox
danışır, az yatır və ya yata bilmir. Əsəbləri
bir az pozulub. Çoxlu oxuyur, yazır, ən çox iş
otağında oturmağı sevir, bahalı siqaretlər
çəkir, italyan dilini öyrənir. O öz dahiliyinə
dərindən inanır, öz əsərləri ilə
dünya şöhrəti qazanmaq istəyir və
özünü buna yaxın hesab edir. Kovrini sevən Tanya və
atası da Kovrinin dahiliyinə inanırlar və onun xəyallarına
şərikdilər.
Lakin arada Tanyanın və atasının bilmədiyi əngəl
var: bu, ixtiyarsız olaraq Kovrinin gözünə görünən
və onunla danışan Qara rahibdir. Kovrin bu rahibi təsvir edən
əfsanə oxuyub, eşidib, ya onu yuxuda görüb, bunu
özü də dəqiq xatırlamır. Hardasa, guya Şərqdə
peyda olub, adamlar onun həm canlı, həm də suyun
üzündə gəzə bilən, gah buludlara
dırmaşan ilğım variantı haqda
danışırlar. Kovrin birinci yayda hətta Tanyaya söyləyir
bu əfsanəni.
Rahib qara paltarda, ayaqyalın gəzir. Onun başı
ağappaq, qaşları isə qapqara, sifəti üzgün və
sümüklüdür. Tanya və atası Kovrinin Qara rahiblə
ünsiyyətindən xəbərsizdi. Amma Kovrin özü
psixologiya sahəsində biliklidi, Qara rahibi hallüsinasiya,
meditasiya, qarabasma, ilğım və sair adlandırır və
elmi şəkildə izah etməyə
çalışır. Bunu yorğunluq, yuxusuzluq, ifrat
intellektual işlə, fiziki zəiflik və sair ilə
bağlayır.
Kovrin Qara rahiblə həvəslə və hər
şeydən danışır. İkinci görüşdə
Kovrin Qara rahibi ilğım adlandırır, o isə
özü haqda deyir ki, mən sənin gözünə
görünürəm, sənin həyəcanlanmış xəyalındayam,
sənin xəyalın isə təbiətin bir hissəsidir.
Kovrin soruşur Qara
rahibdən: "Sən obyektiv varsan?" Qara rahib cavab verir ki,
mən obyektiv varam, sənin yaddaşında mövcudam, onun
bir hissəsiyəm, axı sən məni xatırlayırsan,
tanıyırsan. Deməli, mən varam. Doğrudan da insan
yaddaşında olanlar obyektiv mövcuddur, onlar
xatırlanır, təsvir olunur sözlə, unudulub yenidən
bərpa oluna bilir, elmi şəkildə təsvir olunub, o biri
adamlara ötürülə bilir. Bütün nəzəriyyələr
və miflər, kitablar, əsərlər əslində müəyyən
yaddaş, fərdi hafizə obrazlarının maddiləşdirilmiş
şəklidir.
Kovrin soruşur Qara rahibdən: "Sən məni bəyənirsən?"
Rahib cavab verir: "Hə. Sən o nadir adamlardansan ki, onlar ədalətli
olaraq Allahın seçdikləri adlanır. Sən əbədi
həqiqətə xidmət edirsən. Sənin fikirlərin,
niyyətlərin, sənin heyrətləndirici elmin,
bütün həyatın ilahi, səmavi möhür
daşıyır özündə, çünki onlar
ağıla uyğunluğa və gözəlliyə xidmət
edir, o şeylərə ki, əbədidilər".
Kovrini narahat edən suallardan biri əbədi həqiqətin
var-yoxluğu məsələsidir. Rahibdən soruşur ki,
"əgər əbədi həyat yoxdusa, onda əbədi həqiqətlər
nəyə lazımdı, siz ölməzliyə
inanırsız?" Rahib deyir: "Hə. Əbədi həyat
var. Onun ali məqsədi isə dünyanı dərk etmək
həzzində, onun tükənməzliyindədi..." Onda
Kovrin soruşur: "Sən adamların ölməzliyinə
inanırsan?" Rahib cavab verir: "Hə. Əlbəttə.
Siz kimi insanları böyük və parlaq bir gələcək
gözləyir. Sən kimi adamlar yer üzündə nə qədər
çox olsa, həmin gələcək o qədər tez
yetişər. Sizsiz azad və şüurlu yaşayıb ali
başlanğıca xidmət - bəşər
üçün çətin olar". Rahib deyir ki, Kovrin kimi
adamlar olmasaydı, bəşəriyyətin əbədi həqiqətlərə
yetişməsi on min illərlə ləngiyərdi,
"halbuki siz əbədi həqiqətin bərqərar
olmasını doqquz-on min il irəli salırsız. Siz Allahın
lütfkar iradəsini təmsil edirsiz..."
Sonra onlar Kovrinin xəstə, ya sağlam olması məsələsini
müzakirə edirlər: söhbət isə normal və
seçilmiş adamlar arasındakı fərq məsələsinə
çevrilir. Rahib birmənalı şəkildə Kovrinə
deyir ki, sən xəstəsən, ona görə ki,
"çox işləyib özünü üzmüsən,
sağlamlığını ideyaya qurban vermisən,
canını da bu işə fəda edəcəyin gün
uzaqda deyil", yəni onun yaxın illərdə öləcəyinə
işarə edir. Amma bu mənfi hökmün
qaçılmazlığı üzərində durmayıb
povestin əsas ideyasına keçid edir. Bir daha
vurğulayır ki, Kovrin fərdi bir hadisə deyil, bəşərin
əbədi həqiqətlərini tapmaq və mənimsəmək
üçün özünü fəda etmiş minlərlə
seçilmişlərdən biridir, növbətisidir. Öz xəstəliyindən
şübhəli olan Kovrinə açıq deyir Rahib: "Sən
haradan bilirsən ki, bütün bəşəriyyətin
tanıdığı nəcib adamlar sənin kimi görmə
görməyiblər? Alimlər axı açıq deyirlər
ki, dahilik ağıl çaşmasının bir qohumudur.
Dostum, normal və sapsağlam adamlar ancaq sürü nəfərləridir,
yorğunluq və əsəb tükənməsinə ancaq bu
cür mülahizələrnən yaşayanlar önəm
verir, sürü nəfərləri".
Qara rahibin dili ilə A.Çexov qədim yunan və
latın psixologiya məktəbindən gələn
"normallıq" nəzəriyyəsini kənara atır,
onların hər sözünü qeyd-şərtsiz qəbul
etməyə qarşı çıxıb deyir: "Hallı
olmaq, vəcd, ekstaz - şairləri, peyğəmbərləri,
fikir və əqidə əzabkeşlərini fərqləndirən
hər şey insanın heyvani tərəfinə ziddir. Təkrar
edirəm: sağlam və normal olmaq istəyirsənsə, get
sürüyə".
Yəqin ki, A.Çexovun fikrini ifadə edən Qara
rahib bildirir ki, bütün böyük, bəşəri
qabağa aparmış adamlarda düşüncə və
davranış qəribəlikləri olub. Bu günlə
yaşayanlar sürüyə məxsusdur, ancaq əbədi həyata
can atanlar həqiqi insanlardır.
Kovrin sevinir Rahibin dediklərinə, onu coşqun bir fərəh
bürüyür, rahibin dediklərini təmiz həqiqət
kimi qəbul edir və elə həmin gün Tanyaya
böyük ehtirasla eşq elan edir və onlar tezliklə evlənib
Peterburqda yaşamağa başlayırlar.
Pesotski özü Kovrinə təklif edir ki, Tanyaya evlənsin.
Bunun bir səbəbi də onun özündən çox istədiyi
meyvə seleksiyası bağının taleyinə görə
narahatlığıdır. Qızı təsadüfi bir adama
ərə getsə, bu bağ məhv olar, axı Pesotskinin
Rusiya üçün böyük işlər görmək
istədiyini, bunun Rusiyanın gələcəyi
üçün mənasını hər adam başa
düşə bilməz.
Beləliklə, povestin hər iki qəhrəmanı
böyük xəyal adamlarıdır. Amma onların xəyalları
tam əksdi bir-birinə. Pesotskinin xəyalı öz mənindən
kənara yönəlib: o, Rusiya sənayesini yeniləmək və
böyütmək xəyalındadır. Kovrinin xəyalı
isə öz içində, yaddaşında
yaratdığı dahi və şöhrətli Kovrin
obrazını gerçəklətməkdir. Kovrin dünya
üçün yeni, dahi bir Kovrin obrazını gerçəklətmək
istəyir. Pesotski, K.Marks demiş, dünyanı dəyişmək
istəyir. Kovrinsə dünya üçün, bəşər
üçün yeni bir peyğəmbər, dahi, öndər
obrazı yaratmaq istəyir. O, dünyanın mərkəzinə
özünü qoyur, hər şeyin başında
özünü görür.
Əslində onların hər ikisi öz xəyallarını
gerçəklətmək istəyirlər. Pesotskinin dəyişmək
istədiyi Rusiyadır, onun yaddaşından kənarda olan bir
şeydir, dünyanın maddi nizamına və quruluşuna
bağlıdır. Kovrin isə dünyanın ənənəvi,
metafizik tərəfi ilə əlləşir. O,
dünyanı dəyişmək yox, yeni bir obrazını
yaratmaq istəyir. İstədiyi də gerçəkdə
yox, ancaq yaddaşında olan bir obrazdır. Kovrin, nə az-nə
çox, bütün bəşəriyyətin
yaddaşına yeni bir obraz, yeni dahi obrazı əlavə etmək
istəyir. Əslində əsərdə söhbət elə
fərdin dünyanı dəyişməkçün istifadə
edəcəyi iki üsuldan gedir.
lll
Amma A.Çexovu maraqlandıran dünyanı dəyişmək
üsulları deyil. Onun nəzəriyyəsinin hədəfi
başqadır, daha dar və təvazökardır. O,
dünyanın yenilənməsinə yönələnən
böyük enerji mənbəyini aşkarlayıb və bəşəriyyəti
bu enerji növünə qarşı qədirbilən, həssas,
qənaətcil olmağa dəvət edir. Bu enerjinin adı bəşərin
gələcəyi barədə bütün adamlarda yaranan fərdi
illüziyaların yaradıcı və dünyanı dəyişici
gücü haqda nəzəriyyədir.
Əlbəttə, fərdi illüziyalar çox və
müxtəlifdir. Çexovu maraqlandıran onun fərd və
yaxın kollektiv, icma arasında olan hissəsidir. Başqa
sözlə, buna fərdin (mənin) daxil və aid olduğu
icmada (məsələn, oxuduğu universitetə, işlədiyi
idarəyə, üzvü olduğu partiyalara, idman klubuna,
yaradıcılıq ocağına, etnik qrupa və s.) aid təsəvvür
və illüziyalarıdır. Bunları fərdin
özünü icmada necə təsəvvür edib görməsi,
özünü identifikasiya etməsi ilə bağlı fərdi
təsəvvür və illüziyaların məcmusu da saymaq
olar. Fərdin aid olduğu belə qurumlarda həmişə
müəyyən və qəbul olunmuş iyerarxiya - səlahiyyət
və vəzifə nərdivanları vardır. Hər bir fərd
gəncliyindən, o sıradan povestin qəhrəmanı Kovrin
öz universiteti, onun ətrafındakı kafedra, jurnal və nəşrlərdə
gənc yaşlarından ta qocalanacan ünsiyyət və
münasibətlərdə olur. Bu münasibətlərdəhər
bir kəsdə özünə, kollektivdə öz gələcəyinə
dair xəyal və təsəvvürlər formalaşır və
illər boyu bu özünü eyniləşdirməyə dair
təsəvvürlər təkamül edir. Buna mənin təkamülü
də demək olar. Bu təkamülün əsas enerji mənbəyi
- fərdin icmanın dəyərləri, onların mahiyyəti
və gələcəyi barədə, bu gələcəkdə
öz yeri və rolu barədə təsəvvürləri, xəyal
və illüziyalarıdır. Bunlar hər bir mənin bel
sütunudur. Kovrinin simasında A.Çexov bu sütunun həm
də rəmzi olan Qara rahibin toxunulmazlığını
müdafiə edir. Ona görə ki, fərdin həyat
uğrunda mübarizəsi ən çox buradan enerji alır,
qidalanır.
lll
İllüziyalar məntiqsizdir, gülməlidir, qəribədir,
sadəlövhdür. Amma dünyanı dəyişmək
üçün ən böyük, ən güclü və
məsrəf tələb etməyən enerji mənbəyi
insanın məhz bu illüziyalarıdır. A.Çexovun Qara
rahib nəzəriyyəsi budur.
Çexovun povestinin ikinci hissəsində daha Qara rahib
aparıcı deyil, onun yerini Kovrin özü tutur. İkinci
yay, qayınatasının malikanəsində məyus olur.
Düzdür, o, daha Qara rahibi görmür. Amma birinci yay bu
malikanədə yaşadığı yüksək həyəcan
və sevincləri həmişəlik itirdiyini anlayır. Onun
həyatı qavrayışı böyük müsbət
emosiyalardan məhrum olur. Həyəcanlanmaq, heyrətlənmək,
vəcdə gəlmək, ehtirasla sevmək qabiliyyətini
itirir. Anlamağa başlayır ki, keçən yaydakı
sevinc və heyrət dolu həyatı normadan kənar bir
şey deyilmiş, onun əsl sağlam təbiəti
imiş...
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2024.- 17 oktyabr(№190).-S.12.