Qızıl əyarlı böyük Müəllim  

 

Onu həmişə böyük hörmət, ehtiram və sayğı ilə xatırlayıram. Professor Şirməmməd Hüseynov - doğruları sevən insan, həqiqətlərin yanında olan Müəllim. Ömrümün qızıl anlarından gələn qızıl əyarlı insanlardan biri...

Dünyada ən böyük müəllimim olmuş, ən əvəzsiz dəyərləri öyrəndiyim gözəl və əvəzsiz insan, rəhmətlik atam bir gün ağır bir xəstəni ziyarətə getmək istəyirdi. Xəstənin artıq heç kəsi tanımadığını bildirdim. Soruşanda cavabında mənə belə dedi:

- Qızım, mən ki onu tanıyıram...

Onda anladım ki, insan ən birinci öz vicdanı qarşısında cavab verməlidir. Dünya belə olsaydı, nə dərdimiz olardı, İlahi! Bugünkü müharibələr, saysız-hesabsız qətliamlar olmazdı, yeyən insan qonşusunu ac qoymazdı. Yıxılana əl uzadardı insanlar, bir-birilərinə hörmətlə, mərhəmətlə yanaşardılar...

İlahi, gənclik nə gözəl dövrdür... Elə bilirsən, bitib-tükənməyəcək. Səndəki gözəllik, qüvvə olduğu kimi qalacaq son nəfəsinə qədər. Həmişə sənə elə gələcək ki, dağı-dağ üstünə qoya bilərsən. Ən uca dağları yaradacağını düşünürsən, yer üzündə səndən güclüsü, qüvvətlisi yoxdur sanırsan.

Elə bilirsən, həmişə şəninə təriflər, komplimentlər deyiləcək. Şeirlər belə yazılacaq. Sən də qürurunu qırıb, deyilənləri  qəbul etməyəcəksən... Amma... amma zaman keçəndən sonra, yaşlananda hər ötən gün, hər keçən il xatirələrə çevrilir. Əlçatmaz olur, ünyetməz olur. Bəzən o qədər təəssüflənirsən ki...

Xatirələr rəfinin də ən gözəl güşəsində tələbəlik illəri dayanır. O rəfə yaxınlaşmağa ehtiyat edirsən, qorxursan. Çünki hər anın qəlbini sızladacağını, incidəcəyini bilirsən. Ömrünün qızıl dövrü, o illərin qızıl əyarlı insanları...

Onlardan birini tez-tez xatırlayıram - professor Şirməmməd Hüseyovu...

Universitet, Jurnalistika fakültəsi. İlk gün auditoriyaya girəndə belə bir sual verdi:

- Səni harda görmüşəm? Oxumamısan bundan əvvəl burda?

Doğrudan qəribə gəldi sualı mənə. Çünki heç zaman oxumamışdım universitetdə. Bildim ki, kiməsə oxşadır.

- Yox, professor, bu il qəbul olmuşam.

- Hmm...

Qəribə gülümsəməyi vardı. Bir də ən qəribə olanı bəzən Şəki ləhcəsiylə dərsdən əlavə nəsə danışırdı. Bizi faktlarla yükləməmək üçün, arada dinləndirmək üçün. İnsanın gözəlliyi, qiyməti budur. Ona görə unuda bilmirsən, ona görə elə insanlara özünü borclu sanırsan. Və borcunu ödəmək üçün çabalayırsan. Elə insanların əməyinin heç olmasa, bir damlasını qaytarmağı düşünürsən...

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olmuşdu - təbiətin heç bir gözəlliyini əsirgəmədiyi bir bölgədə. O gözəlliklərin arasında böyümüşdü, oranın əsrarəngiz havasıyla nəfəs almışdı. 1940-cı ildə orta məktəbi bitirib, 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci Dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləmişdi.

Ancaq içindəki ədəbiyyat sevgisi, yazmaq duyğusu bir gün onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə gətirir. İnsan sevmədiyi yerdə olanda özünü sudan ayrı düşmüş balıq kimi hiss edir. Onun içindəki dəniz başqa hava üstə dalğalanır, tamam başqa şeylər pıçıldayırdı. Sözün tilsiminə düşənlərə qurtuluş olmayıb heç zaman. İnsan kimdən qaçsa da, özündən qaça, ürəyini, qəlbini isidən duyğulardan əl çəkə bilməz. Nə zaman olursa-olsun, o istəyin arxasınca gedəcək, həmin istəyin əsiri olacaq...

1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirir. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirir. 1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edir.

Bir gün auditoryada Moskvaya getdiyi günlərdən danışırdı:

- Anam Moskvaya gedəndə mənə  "Bax, tək qayıt, - dedi - dərslərinə diqqət elə".

Bu, bir müdrik türk qadının övladına verdiyi məsləhətdir, üstüörtülü tərbiyəsidir, mesajıdır, oğlunu yola salan ananın xatırlatmasıdır. Əsrlərdir belə qeyrətli anaların tərbiyəsilə böyüdük, onu yaşatmağa çalışdıq.

Sonra da gülümsədi:

- Mən də tək qayıtdım, anamı incidə bilməzdim...

Və bu da bir türk oğlunun anasına sayğısı, hörməti idi... Yaxşı bilirdim ki, professorumuz bu söhbətləri elə-belə danışmır - dərs arasında bizə tərbiyəni də aşılamağı unutmurdu. Onun Moskvada işləmək imkanı olmasına baxmayaraq, doğma universitetinə qayıtması da boşuna deyildi.

Bax, Vətən budur - səni çəkir, səni çağırır. Harada yaşayırsan yaşa, hara gedirsən get, hansı adların, sərvətin, sarayların sahibi olursan ol, onun gücündən, qüvvəsindən, cazibəsindən çıxa bilməzsən. Səhra olsa belə, susuz, günəşi beyinləri qovuran çöllər olsa belə.

Səni yaşıllıqların, rəngarəng meşələrin ortasından, çiçəkli-güllü baxçaların arasından geri alacaq, qoynunda barındıracaq. Sən bütün gözəllikləri o tozlu-torpaqlı səhraya dəyişəcəksən. Çünki o, Vətəndir. Hara getsən, onun qoxusunu duyacaqsan, onun həsrətini çəkəcəksən, ora  qayıtmaq istəyəcəksən... Ürəyinə hökm edə bilməyəcəksən... Çünki Vətən Vətəndir...

Şirməmməd müəllimin Vətən sevgisi, dövlətinə, torpağına sədaqəti bir başqaydı. Bunu duymaq, anlamaq lazım idi. Məncə, bunun üçün onun yazdığı kitabları, elmi məqalələri oxumaq yetər. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını ortaya qoyması çox şey deyir bizə. Onun ən çox ədalətli olması, doğruları sevməsi alqışa layiqdir.

BDU-nun professoru Akif Rüstəmovun dedikləri: "Mən həmişə özümü Şirməmməd müəllimin tələbəsi sayıram. Onun xeyirxahlığını heç vaxt unutmaram. Amerika yazıçısı və filosofu Henri David Taronun təbirincə desək, yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Bəli, ustad müəllimin yaxşılıq libası heç vaxt köhnəlməyəcək, çünki bu libas vicdan, ləyaqət və xeyirxahlıqdan biçilib. Onun qədər doğruluğu sevən ikinci birinə rast gəlmədim. O, həqiqətləri sovurmaq üçün rektoru, yüksək vəzifəli insanları belə qarşısına alırdı.

Şirməmməd müəllim sözündə bütöv adamdır. Onun ən çox nifrət etdiyi şey yalan danışmaqdır. Həmişə deyirdi ki, yalanın ən böyük düşməni var, o da həqiqətdir. Şirməmməd müəllimin dekanlığı dövründə (1970-1976), əgər belə demək mümkünsə, tədris məktəbi keçdim. Tədrisin incəliklərini məhz həmin dövrdə öyrəndim. Dekan işlədiyim vaxt öyrəndiklərimin çox böyük köməyi oldu. Həmin dövrdə fakültədə tədris olunan bütün fənlərin proqramı çar olundu, elmi əsərlərin "Jurnalistika" seriyası və "Jurnalist" tədris qəzetinin nəşri qaydaya düşdü".

1954-cü ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində işə başlayan Şirməmməd müəllim ömrünün sonuna qədər həyatını tələbələrin təhsilinə həsr edib. Dekanlığa qədər yüksəlib. Universitetinin "professor" titulunu qazanıb.  Mediaya aid olan mükafatlara və titullara sahib çıxıb. "Şərəf" ordenli professor tələbələrin sevimlisinə çevrilib...

Həmişə düzlüyün, ədalətin yanında olan insan unudula bilməz. Jurnalistika fakültəsinin hansı tələbəsindən bunu soruşsan, heç düşünmədən dediklərimlə razılaşarlar.

Onun qayğıkeşliyi adamı heyran qoyurdu. Özü də sözünü elə deyərdi ki, zərrə qədər incməzdin, alınmazdın. Bir dəfə Bakının küləkli payız günlərinin birində dəhlizdə qarşılaşdıq. Mənə baxıb gülümsədi:

- Bu qədər zəriflik olmaz, qızım. Bir az çox ye. Yoxsa Bakının küləyi səni aparar...

Həmişə onun bu sözlərini xatırlayıram. Qayğıkeşliyi, özünəməxsus gülümsəməyi düşür yadıma. Dönə-dönə rəhmət oxuyuram ömrümün qızıl dövrünün qızıl əyarlı insanına.

Dediyi heç bir cümləni də unutmazdı. Çox iti yaddaşı vardı. Son imtahanda qapıdan çıxanda dedi:

- Xatırladım səni əvvəllər harda görmüşəm. "Gün keçdi" filmində.

Sonra da yenə gülümsədi...

Moskva

 

Ulduz QASIM

Yazıçı-publisist, Moskva

525-ci qəzet .- 2024.- 17 oktyabr(№190).-S.11.