Sürətlə dəyişən
Astana
Qazaxıstanda sonuncu dəfə pandemiyadan əvvəl
olmuşdum. Həmin səfərdən yazdığım reportajda
Astananı məhz gələcəyin şəhəri
adlandırmışdım. Çünki onda Astananın cəmi
20 yaşı var idi, müşahidə etdiklərim onu deməyə
əsas verirdi ki, şəhər sürətlə inkişaf
edir və yaxın gələcəkdə regionun əsas mərkəzinə
çevriləcək. Bu dəfə Astananı yaxşı mənada
tam fərqli gördüm. Şəhər çox inkişaf
edib, ilk növbədə diqqəti çəkən
maraqlı memarlığı, səliqə-səhmanı,
geniş yolları, təmiz havasıdır. Gənc
paytaxtın belə sürətli inkişafı onu təkcə
regional siyasi, iqtisadi, mədəni mərkəzə deyil, həm
də beynəlxalq mərkəzə çevirib. Astana
mühüm tədbirlərə ev sahibliyi edir, bir sıra
qlobal problemlərin çözülməsində dialoq məkanı
kimi çıxış edir.
Bu inkişaf ölkəyə gələn turistlərin
də sayına təsir edir. Eyni zamanda, paytaxtda gəzməli-görməli
yerlərin də sayı artıb. Bir sözlə, gəzdikcə,
xüsusilə payızda paytaxtdan zövq alırsan.
Qazaxıstana budəfəki səfərim həm ölkə
üçün mühüm əhəmiyyət kəsb edən
atom elektrik stansiyasının tikintisi ilə bağlı
keçirilən referendumu işıqlandırmaq, həm də
Dünya və Ənənəvi Dinlər liderlərinin
Qurultayı Katibliyinin XXII sessiyasında və Gənc Dini
Liderlərin Birinci Forumunda iştirak etmək idi. Təbii ki, səfər
həm də zəngin mədəniyyət proqramı ilə
yadda qaldı. Hər iki tədbirə çoxsayda ölkədən
jurnalistlər dəvət almışdı. Qardaş
Türkiyədən tutmuş, Ermənistana, Gürcüstana,
Fransaya, Qırğızıstan, İspaniya, İtaliya, Rusiya,
Belçika, Avstriya, Serbiya, Cənubi Koreya, İsveçrə,
Slovakiya, Litva, Belarus, Monqolustan, Qətər, Tacikistan və s.
ölkəyə qədər.
“Azərbaycana afərin, torpaqlarını
işğaldan azad etdi”
Xarici ölkələrdən olan həmkarlarımın
Azərbaycandan olduğumu biləndə hər birinin
maraqlı reaksiyası ilə qarşılaşdım. “Azərbaycana
afərin, torpaqlarını işğaldan azad etdi”, - həmkarlarımın
əksəriyyəti deyirdi. Gürcüstandan olan həmkarım
İrakli dedi ki, siz keçmiş SSRİ məkanında ilk
ölkəsiniz ki, torpaqlarınızı azad etdiniz, bir
gün gələcək biz də ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Rusiyadan olan həmkarım Olqa isə vaxtilə nənəsinin
hərbçi olan babasının işinə görə bir
müddət Azərbaycanda yaşadığını,
anasının isə 12 yaşına kimi Bakıda
yaşadığlnı deyib. Azərbaycanda
yaşadığını, Bakının dilindən
düşmədiyini söylədi: “Ölkəniz, insanlarınız
haqqında həmişə o qədər xoş sözlər
deyirdi ki... Mənim də arzum Azərbaycanı görməkdir”.
Qırğızıstandan olan həmkarım Ayjanar isə
rəfiqəsinin bu günlərdə Bakıda olduğunu və
Azərbaycanı çox sevdiyini bildirdi. Digər həmkarlarımdan
da eyni xoş sözləri eşidirəm...
Restoranda gənc qazax müğənni dahi sənətkar
Müslüm Maqomayevin repertuarından mahnı ifa edir. “O more,
more...” oxuyur, həmkarlarımdan biri mənə baxaraq
“Maqomayev bunu möhtəşəm oxuyub”. Onun yanında əyləşən
Fransadan olan jurnalist isə Maqomayevlə maraqlanır. Həmkarım
onu dünya şöhrətli azərbaycanlı sənətkar
olduğunu deyir...
1997-ci ildən Qazaxıstanın paytaxtı olan şəhərin
inkişafı üçün çox işlər
görülür. Hər addımda Astananın xarici
görünüşünə gözəllik verən, diqqəti
çəkən nələrsə yaradılıb. Məsələn,
parklar, maraqlı gül-çiçək kompozisiyaları,
tikililər, uşaqlar üçün açıq havada əyləncəli
məkanlar və s. Astanın gəzməli- görməli yerləri
barədə danışanda ilk yada düşənlər
sırasında Bayterek qülləsi var. Bura Astananın simvolu
hesab edilir, yerləşdiyi ərazi də Bayterek meydanı
adlanır. Bayterik həyat ağacı deməkdir. 105 metr
uzunluğundadır. Bayterik həm də sülh və
tolerantlıq əlaməti olaraq tanınır. Bayterik ərazisində
Prezident sarayı, parlamentin hər iki palatasının
binaları, Ali Məhkəmə, plazalar və digər tikililər
yerləşir.
Dünyanın ən böyük çadır şəhərciyi
olan Khan Shatyr 150 metr yüksəklikdə, 10 futbol
meydançası qədər ərazini əhatə edir. Bu
tikili özünün qeyri-adi arxitekturası ilə fərqlənir.
İçərisində mini qolf meydançası, park, alış-veriş
mərkəzləri, qapalı plyaj və digər əyləncə
məkanları var. Şəhərə gələn hər
bir turist bu ərazini ziyarət edir.
Sülh və Həmrəylik sarayı (piramidası)
Sülh və tolerantlıq simvolu olaraq inşa
edilmiş piramidanın xarici görünüşü Misir
piramidaları formasındadır, amma daxili çox fərqlidir.
62 metr hündürlüyü olan piramidanın içərisində
muzey yaradılıb, qədim Misir barədə məlumatlar
yerləşdirilib. Burada konsert, iclas, konfrans zalları, opera,
qış parkı var. Qazaxıstanda 130 millətin nümayəndəsinin
yaşaması nəzərə alınaraq, piramidanın
üst tərəfində 130 fərqli milləti təmsil edən
göyərçinlər çəkilib, 18 fərqli dinlə
bağlı məlumatlar yerləşdirilib.
Böyük məscid
Astanada 2022-ci ildə yeni məscid açılıb.
Bu, Qazaxıstanda və Mərkəzi Asiyada ən
böyükdür. Dünyada da ən böyük məscidlər
arasında ilk onluqda qərarlaşıb. Məscid ianələr
hesabına inşa olunub. Tikintiyə özəl investorlar tərəfindən
dəstək göstərilib, dövlət büdcəsindən
vəsait istifadə olunmayıb. 2019-cu ildə tikintisinə
başlanılıb və üç ilə yekunlaşıb.
Məscid binası klassik İslam üslubunda, ənənəvi
qazax ornamentləri tətbiq edilməklə tikilib.
Məscid təxminən 68 min kvadratmetr sahədə
inşa edilib, eyni anda içində 35 min, həyətində
isə 200 minə yaxın insan namaz qıla bilər.
Hündürlüyü 130 metr olan dörd minarəsi var. Hər
bir minarə İslamın beş sütununu - kəlməyi
şəhadət, namaz, oruc, zəkat, həcc - simvolizə edən
5 hissədən ibarətdir. Sol qanaddakı minarələrdən
biri ziyarətçilərin üzünə
açıqdır.
Böyük günbəzin hündürlüyü
83,2 metr, diametri 62 metrdir. Qapılar qazax naxışları ilə,
bayır divarları mavi fonda ağ ərəb qrafikası ilə
bəzədilib. Qiblə tərəfdəki divarda Allahın
99 adı həkk olunub. Mozaika divarının uzunluğu 100
metr, hündürlüyü 22,4 metrdir. Mozaika müxtəlif rəngli
25 milyon şüşədən ibarətdir. Məscidin
birinci və ikinci mərtəbələrində ibadət
otaqlarından əlavə, dərs otaqları, konfrans zalı,
nikah zalı, Quran oxuma zalı, televiziya studiyası, ofislər,
xidmət otaqları, mağazalar, muzey və texniki otaqlar yerləşir.
Ən böyük pravoslav kilsə
Astanada ölkədə və Mərkəzi Asiyada ən
böyük olan pravoslav kilsəsi yerləşir. Kilsə
sovet vaxtından mövcud olub, müstəqillik illərində
isə bərpa olunaraq ərazisi genişləndirilib. Çox
möhtəşəm və tarixi tikilidir. Burada eyni zamanda 4
min nəfər dua edə bilir. Binanın
hündürlüyü 68 m-dir, 3 ibadətgahı var.
Qazaxıstan Milli Muzeyi
Astanadakı müstəqilik meydanında yerləşən
ölkənin ən böyük muzeyi 2014-cü ildə
açılıb. Muzey kifayət qədər maraqlı və
eksponatlarla zəngindir. Muzeylə tam tanış olmaq
üçün xeyli vaxt tələb olunur. 11 zalda ölkənin
qədim tarixi, qazaxların adət-ənənələri əks
olunub.
Həmçinin, burada müstəqillik zalı da var
ki, orada ölkənin müstəqillik aktı, digər sənədlər,
bayrağı, gerbi və s. nümayiş olunur.
Atırau körpüsü
Astananın tarixi hissəsinin mərkəzində yerləşən
Atırau piyada körpüsü paytaxtının 20 illik
yubileyi münasibətilə Atırau vilayətinin hədiyyəsi
olaraq inşa edilib. Açılışı 2018-ci ildə
baş tutub. Layihənin dizaynı ISAN Corporation (Cənubi
Koreya) mühəndislik şirkətinin Almatı filialında
texniki direktor Nurlan Kilıbayevin rəhbərliyi altında
qazax dizaynerləri, o cümlədən, urbanist və memar
Asxat Saduov ilə birlikdə yaradılıb. Obyekt şəhərə
heyrətamiz mənzərə bəxş edir, sakinlərin və
turistlərin cazibə mərkəzinə çevrilib. Obyektin
dizaynı qlobal memarlıq tendensiyalarına istinad edir.
Üç min ləçəkdən ibarət olan
körpünün naxışları onu çox maraqlı
edir. Tikilinin mərkəzində bu yerin rəmzi olan nərə
balığının tunc fiquru var. Onun ətrafında
çoxlu əfsanələr və hekayələr
yaradılıb. Məsələn, yerli sakinlər deyirlər
ki, körpünün “qoruyucusu”nun quyruğuna və ya burnuna əlinizi
çəksəniz, ən gözəl arzularınız
mütləq gerçəkləşəcəkdir.
Körpünün ümumi uzunluğu 313,5 metr, eni 10,5 metrdir.
Metal konstruksiyanın çəkisi 1920 tondur. Bu körpü
hazırda Astananın əsas simvoluna çevrilib.
Təbii ki, yazdıqlarım hamısı deyil, Astanada
maraqlı və mütləq görüləsi yerlər
çoxdur. Qalır gedib görmək...
Bakı-Astana-Bakı
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2024.- 17 oktyabr(¹190).-S.9.