Eşqin nə qəribə halları varmış...
Bakirə baxışdan məhəbbət yağar,
Üzün tökülməyən suyu nur kimi.
Kimlər ki, dünyaya eşq ilə baxar,
Görər göy üzündə Ayı nur kimi.
Hünərdi bu yeri, göyü oxumaq,
Fanidə solmayan xalı toxumaq.
Sən gəl bu dərvişin halına bir bax,
Gör necə nuş edir meyi nur kimi.
Dərgahın dolanbac yolları varmış,
Bağında solmayan gülləri varmış.
Eşqin nə qəribə halları varmış,
Allahın aşiqə payı nur kimi.
Cəhənnəm
Ürəkdən and içib rədd eləsən də,
Ağlın pıçıldayır: "Vardır cəhənnəm".
Nifrətin at kimi şahə qalxdığı
Və eşqin bitdiyi yerdir cəhənnəm.
Adəmin İblisə məğlub olduğu,
İblisin bir az da məğrur olduğu,
İnsanın o gündən mağmın olduğu,
Könülsüz getdiyi yerdi cəhənnəm.
O uca göylərdən eşq dilə hər gün,
O uca eşq ilə məşq elə hər gün.
Cənnət olar əlbət eşq ilə bir gün,
İblisin əbədi yurdu cəhənnəm.
İnsan bu dünyada qonaq olsa da...
Axmaq da özünü ağıllı sayır,
Avara özünü avara bilmir.
Bu dünya sevgisi qumar kimidir,
Kim necə qurşanır "qumara", bilmir.
Baxıram dünyaya, mən də, bayaqdan,
Nə deyib küsəsən de, indi Haqdan;
Mələklər düşsə də, əldən-ayaqdan,
İnsanı Şeytandan qopara bilmir.
Ömür başdan-başa sınaq olsa da,
Hər günü kövrək bir budaq olsa da,
İnsan bu dünyada qonaq olsa da,
Özün qonaq kimi apara bilmir.
Ana laylasına yatan bəxtimiz
Bu dünyanın havasında nə var ki,
Dərd hopur adamın nəfəsinə də.
Boz günləri ömrə elə yamar ki,
Mat qalarsan bəxtin həvəsinə də.
Elə ki, dərd olub can sıxar eşqin,
Daha yer üzündə darıxar eşqin.
Qəfildən qış gələr, qar yağar
eşqin
Ürəkdə boş qalan yuvasına da.
Əldən düşüb əldən tutan bəxtimiz,
Bizi bu dünyaya atan bəxtimiz.
Ana laylasına yatan bəxtimiz,
İndi oyanmır heç top səsinə də.
"Kaş" deyə-deyə
Bu dünyanı eləyiblər su yolu,
Hey gəlib gedirlər "aş" deyə-deyə...
Necə getdin ömür adlı bu yolu,
Hər gün ayağına daş dəyə-dəyə.
Qələm tutan hər əl tarix yazmadı.
Fələklə oynayıb kim uduzmadı?!
Qəlbindən gələn səs bir an susmadı:
"Çalış bu fani də biş", - deyə-deyə.
Sən fil qulağında yatmısan ay fil,
Ay fil qulağında yuxlayan qafil,
Qəflət yuxusundan oyanıb qəfil,
Yanıb yaxılarsan "kaş" deyə-deyə.
Badam ağacının ağ çiçəkləri
Həkim Adil Qəmbəroğluna
Düşür ovsununa adam ağacın,
İlahi, sehrinə bax çiçəklərin.
Gəlintək bəzəyib badam ağacın, -
Badam ağacının ağ çiçəkləri.
Məst edər dəlisov küləkləri də,
Endirər göylərdən mələkləri də.
İnsafa gətirər fələkləri də,
Badam ağacının ağ çiçəkləri.
Kimin sevgisidir belə gül açıb?!
Nəyin həsrətidir belə dil açıb?!
Bəlkə göy üzünə Yer könül
açıb -
Badam ağacının ağ çiçəkləri.
Günəşin gül açan nurudu bəlkə,
Nənəmin ağappaq ruhudu bəlkə,
Torpağın işıqlı şeiridi bəlkə,
Badam ağacının ağ çiçəkləri.
Arzular da belə ağ olaydı kaş,
Dünya ağ çiçəkli bağ olaydı
kaş.
Qışda da gül açıb sağ olaydı
kaş
Badam ağacının ağ çiçəkləri.
Hüseyn BAĞIROLU
525-ci qəzet.-2024.- 18 oktyabr(№191).-S.15.