AYRILIQ FƏSLİ
Kim deyir dörd fəsil var?
Bəs ayrılıq fəsli?
Çiçəkləri dərd ətirli,
ağacları ağrı-ağrı tumurcuqlar.
Nə varsa saralar, bütün duyğular donar...
Bir udum havasından ruhun alışıb yanar.
İllərin fəslini, fəsillərin
yazını,
ayların mayını bir vaxt sevərdim.
Ayrılığın ağrı oldu, ağır
oldu,
yasəmən ayını sevə bilmədim,
illərin yazını sevə bilmədim.
ayrılıq fəsliydi o - yaz deyildi.
Ayrılıq fəslini yaşamaq olmur.
Yanırsan, donursan, çat-çat olursan, amma
yaşamırsan...
Və bir payız gəldi.
Oğulların yeni payız gətirdi.
Bu payız Qarabağa yaz gətirdi.
Qaytardı çöl-çəmənin rəngini,
çiçəklərin ətrini, çayların
ahəngini.
Al-əlvan geyərmiş payızda bağlar,
sevinə bilərmiş payızda dağlar...
Heç belə vurğunun olmadım, payız.
Heç belə sevmədim payızı, Şuşam.
Dastan yazılarmış hər bir qarışa.
Heç belə payız yaşamadıq, Şuşam.
Ayrılıq fəslində bir ümid günəşisən,
şəhidlərin üzündə qələbə
gülüşüsən.
Havan da bir başqadı.
Bir başqadı
igidlərin nəfəsi qarışan havan da.
Bir inam doğulur bətnimdə
həsrətlə içimə çəkdiyim
havandan,
Bilirəm, ayrılıq fəsli bitəcək,
hər tərəf çiçək-çiçək,
yamyaşıl geyinəcək,
çöl-çəmən də güləcək.
Zəngəzur, Zəngibasar, İrəvan,
Təbriz, Ərdəbil, Zəncan, Həmadan
gözləyəcək.
Hər yandan
"Sən azadsan" deyən səs yüksələcək..
Hələ neçə Zəfər Yolu
yenə sənə gələcək.
BİR LAYLA
Bir layla de, layla, ana,
bir az sakit, bir az rahat yata bilim
O nağıllı uşaqlığın
əllərindən tuta bilim.
Gecələrin sükutunu
ürəyimdən ata bilim
Bir layla de, layla, ana,
qoy o kövrək uşaqlığım
nəfəsinə sığınaraq
bu günümə dönsün mənim,
köməyimə gəlsin mənim.
Qoy üzümü mən hamıdan
güclü sanım, güclü bilim.
Bir layla de, layla, ana,
səsin dolsun ürəyimə
Mən laylanda
qoy bir azca əzizlənim,
qoy bir azca güzgülənim, təmizlənim
Bir layla de, laylan gəzsin Yer üzünü,
gözü yaşlı arzular var Yer üzündə,
sən onları ovut, ana.
Səsin gəzsin Yer üzünü,
mürgüləyən, yuxulayan ürəklər var,
duyğular var Yer üzündə,
laylan ilə sən onları oyat, ana,
yatanları oyat ana,
yatmışları oyat, ana.
lll
Şahnur Hüseynova
Bu dünyaya gəldin
sən də ağlayaraq.
Göz yaşların bir başqaydı sənin ancaq.
Sən başqa cür ağlayırdın,
Anlayırdın acısını ana yurdun.
Bir başqa cür sevdin elə doğma yurdu,
uşaqlıqdan
"Mən general olacağam,
xainlərdən vətənimin qisasını
alacağam"
oldu andın.
Öz andına sadiq qaldın,
"Dəmir atlı" kapitanım,
Unutmadın öz əhdini
yarıb Ohanyan səddini
Sən yol açdın azadlığa.
İlk qələbə xəbəriylə
haray saldın Qarabağa.
Harayından bu torpağa səpildi nur.
elə sevdin bu torpağı
nurtək hopdun bu torpağa, igid Şahnur.
QORU HƏR AN
Bu dünyada adamlar var
böyük-kiçik.
bu dünyada amallar var
böyük-kiçik.
Böyük-kiçik ürəklər var,
böyük-kiçik istəklər var.
Gözlər var ki,
gördüyündən doya bilmir,
Əllər var ki,
nəyi desən tuta bilir.
Böyü, qızım, böyüdükcə
səsindəki şirinliyi,
nəfəsində təmizliyi,
əlindəki hərarəti,
qəlbindəki məhəbbəti
qoru hər an.
Bu dünyanın yaraşığı -
gecələri ulduz bilən,
səhərləri günəş bilən,
insanları dayı, əmi, xala görən
gözündəki o işığı -
həqiqəti qoru hər an.
Elə onlar dünyamızın bəzəyidir,
elə onlar dünyamızın gərəyidir.
İZELİM
Əlindən tutanda
elə bilirəm
həyatımdı ovuclarımda.
Bütün ömrüm indi sənin
bapbalaca ovuclarında.
Amandı əlimi buraxma -
həyatım ovuclarında.
NƏ VAXTSA
Hər görüş özüylə bir qəm gətirər,
Susarıq... dinməyə dilimiz gəlməz.
Hər görüş gözündə bir nəm gətirər,
Baxarıq... silməyə əlimiz gəlməz.
Görüşərik, hey danışar
baxışlar
Niyə belə gec görüşdük görəsən?
Sən deyərsən, mən deyərəm:
"bağışla".
Mən özümü qınayaram,
Sən günahı tək özündə görərsən.
Görüşərik... sevincimiz bir ümman,
ayrılarıq bu sevincdən nigaran...
Görüşərik, gecikmişik hardasa,
ayrılarıq, tələsmişik nə vaxtsa...
Kamalə ABİYEVA
525-ci qəzet.-2024.- 18 oktyabr(№191).-S.15.