Dünya düşünmə məkanıdı...
Həkimlik peşəsinə maraq müxtəlif səbəblərdən
yaranır. Kimi bu peşəni insanların xilaskarı olmaq
niyyətiylə seçir, kimi ata yolunun davamçısı
olmaq istəyi ilə, kimi oxuduğu əsərlərin təsiri
ilə, kimi tanınmış həkimlər haqqında
verilişlərə baxdıqdan sonra həkimlik peşəsini
düşüncələrinə işıq bilir. Hansı səbəbdən
olur-olsun, loğmanlığın, təbibliyin İbn
Sinalıq olduğunu dərk edənlər üçün
bir niyyət aydınlığı yaranır: Həkim
olacağam! Həkimliyin bəşərilik, dünyəvilik
peşəsi olduğu həmişə sədaqətlə
etiraf edilib. Bu etiraf yüzlərin, minlərin peşə
seçiminin səyyarəsinə dönüb. İndi də
belədir...
Ceyhun Əhmədxanov 1988-ci il oktyabrın 18-də
Bakşəhəri Nizami rayonunda anadan olmuşdu. Dünyaya gəlişi,
dünyaya nəfəsinin salamı payız fəslinə
düşmüşdü. Düşüncələrində
incəlik, xarakterində kövrəklik, kövrəkliyi
üstələyən qətiyyət, qətiyyətin
dönməzliyi vardı; payızın əlamətlərini
yaşada-yaşada illərini ömür edirdi Ceyhun.
Dünyaya vida baxışı da, son nəfəsi də ilin
payızına düşəcəkmiş...
Bakıda 288 saylı orta məktəbdə təhsil
alırdı. Oxuduqları xarakterini tənzimləyirmiş,
valideynlərinin, müəllimlərinin öyüd-nəsihətlərini
öyrəndiklərini tamamlayırmış. Ceyhun məsuliyyətli,
mərd, ünsiyyətcil, geniş dünyaduyumlu gənc idi.
Onu belə tanıyırdılar, belə sevirdilər.
İdmana da böyük marağı vardı. "İdman
insanının qamətini tənzimləməklə bir
sırada onun sosial fəallığına da təsir göstərir,
xarakterini möhkəmləndirir...", - söhbət
düşəndə belə deyirdi.
Onun tarixçi olacağını güman edənlər
də vardı, idmançı olacağını
düşünənlər də. Ceyhun sonuncu sinfə kimi
seçimini kimsəyə bildirməmişdi. Və son dərs
günü yoldaşlarının təkidinə inadkarlıq
göstərməmişdi. Həkim olmağı qərara
aldığını həmin gün bildirmişdi.
Yoldaşları bir anlığa duruxsalar da, onun niyyətini bəyənmişdilər,
"Xeyirxahlığın, insanlara sevgin ilə sən bu
peşənin bilicisi olacaqsan, Ceyhun. Seçimin gözəldir.
İnşallah, niyyətinə çatarsan..." - dedilər.
2008-ci ilin yayına az qalırdı...
Ceyhun Əhmədxanov yüksək balla Azərbaycan
Tibb Universitetinə daxil oldu. Ata-anasını, müəllimlərini,
yoldaşlarını sevindirə bilmişdi. Ceyhun bunu
özünün özünə mükafatı bilirdi.
İndiyəcən müəyyən uğurları
olmuşdu, bunu yaşadığı illərin ən
böyük uğuru bildi. "Elə bilirdim dünya mənimdir.
Həkim olacaqdım. Ata-anamın da istəyi gerçəkləşəcəkdi,
insanlara sevinc bəxş edəndə özümün də
istəyimə görünməzlikdən işıq
düşəcəkdi..." - Ceyhun söz düşəndə
belə deyirdi. Ürəyinə sığmayan arzuları
universitetin auditoriyalarına sığa biləcəkdimi? Tələbə
Ceyhun da dərslərinə - seminarlara, deməli, imtahanlara
şagird Ceyhunun məsuliyyəti ilə
hazırlaşırdı. "Gecələrin yuxu payından
kəsməyən tələbə gələcəkdə
yaxşı mütəxəssis ola bilmir" - müəllimlərindən
eşitdiyi bu kəlam onun tələbəlik illərinin
oxumaq, öyrənmək düsturu idi sanki; belə oxuyurdu, belə
öyrənirdi. Sözarası tələbə
yoldaşlarına da belə deyirdi. Sonuncu kursda oxuyanda tələbə
yoldaşlarından neçəsi ona bu fikirlərinə
görə təşəkkür etmişdi, "O fikir bizim də
düşüncələrimizi titrətmişdi, bizim də
yuxularımıza ortaq olmuşdu..." - demişdilər...
Universiteti 2012-ci ildə müalicə işi ixtisası
üzrə bitirdi. Ənənəvi olaraq o da Hippokrat andı
içdi. Bu anddan çox illər əvvəl kimsənin
eşitmədiyi bir and içmişdi Ceyhun: Vətənə
sədaqət andı, əsl vətəndaş olma andı,
azərbaycançılıq andı.
Ceyhun Əhmədxanovu 2012-ci il iyulun 17-də hərbi
xidmətə çağırdılar. Silahlı Qüvvələrin
Təlim-Tədris Mərkəzində ehtiyat zabitlər kursunu
hərbi həkim ixtisası üzrə bitirdikdən sonra
müdafiə nazirinin müvafiq əmrilə ona tibb xidməti
leytenantı hərbi rütbəsi verildi və 217 saylı hərbi
hissənin tibb məntəqəsinin rəisi təyin edildi.
2015-ci il aprelin 14-dən 2020-ci il yanvarın 31-dək Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tibb məntəqəsinin həkimi oldu, sonra xidmətini
Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarında davam etdirdi.
Vətən kəlməsinin ifadə etdiyi məzmunu
Ceyhun da ruhu ilə dərk edirdi. Bu dərk yaşanılacaq
illərin ahənrubasına dönmüşdü. Hərbi
xidmətə belə bir sevgi ilə getmişdi. Sərhəd
qoşunlarında Vətənə sərhədsiz sevgisi Vətənin
sərhədlərinin əsgəri olmuşdu. Ceyhun da zabit
yoldaşlarına, əsgərlərə "Vətən sənsən,
Vətən mənəm, Vətən bizik!" deyirdi.
Könül xoşluğu yaradan bu kəlamın
işığında xidmət edirdilər...
Ceyhun Əhmədxanov geniş dünyagörüşə
malik gənc idi. O da həmyaşıdları kimi
torpaqlarımızın işğaldan qurtuluşu
üçün Ali Baş Komandanın döyüş əmrini
arzulayırdı. "Zabit olsam da, əsgər kimi
döyüşərəm, yaralananlara həkim kimi yardım
edərəm. Qalib gələcəyik. Ərazi
bütövlüyümüz tam bərpa olunacaq. Onda mən də
həm ordumuzun tarixi Qələbəsi ilə qürurlanacam, həm
də döyülərdə iştirakımla...", - duru
niyyət, Vətənə ad olan niyyət Ceyhunun hərbi xidmətinin
mahiyyətiydi; Vətənə sevgi həmişə gənclərin
aylarını, illərini ülviləşdirib. Ceyhun da əsgər
və zabit dostları kimi ülvi aylar yaşayırdı...
Torpaqlarımızın işğaldan qurtuluşunu
hamı gözləyirdi - ordu döyüşəcəkdi,
xalq ruhən ordunun yanında olacaqdı. "Kaş
döyüşlər biz əsgər olanda
başlayaydı..." - leytenant Ceyhun Əhmədxanov da, əsgər
yoldaşları da ordumuzun şəxsi heyəti kimi həmin
günün tezləşməsini arzulayırdı. Ermənistan
silahlı biləşmələri atəşkəsi pozurdu,
ordu hissələrimiz hücumların qarşısını
qətiyyətlə alırdı. Bu vəziyyət də,
işğalın sonlandırılmaması da "Mən azərbaycanlıyam!"
deyənlərin hamısı kimi, bu gənclərin də
heysiyyətini silkələyirdi...
İşğalçı Ermənistan unudurdu ki, Ali
Baş Komandanın döyüş əmrindən sonra Azərbaycanın
"hər daşından alov dilli ox olacaq" (M.Araz).
Ceyhun Əhmədxanov diplomatik düşüncəli
gənc idi. Həmyaşıdlarından analitik
düşüncəsi ilə fərqlənirdi. Bu
düşüncə tarixə söykənirdi, elmə
söykənirdi, milli mentalitetə söykənirdi. İkinci
ali təhsil almağa qərarlı imiş; 2021-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasını da bitirmişdi...
İkinci Qarabağ müharibəsi başlayanda Ceyhun
da döyüşlərə gedib, döyüşənlərin
sırasında olub. Yaralılara tibbi yardım göstərib
və onları müalicə edib. Onlarca əsgər və
zabitimizi ölümün pəncəsindən xilas edib. Hərbi
hissədə səslənən "Gün həmin
gündü!" harayı səngərlərdən
döyüş üzünə çıxıb. Bu haray
döyüş əzminə dönüb, qələbə ruhuna
dönüb...
Bir kövrək xatirə:
Anası Rəqiybə xanım xatırlayır ki,
döyüşlər ara verəndə Ceyhun güllə
gilizlərinə çiçəklər qoyub şəklini
çəkirmiş. Həmin şəkilləri evlərinə,
anasına göndərirmiş. Baxsın deyə,
vaxtını keçirsin deyə, döyüşlərin
sonunda döyüşçülərin evlərə sevinc
ifadə edən çiçəklərlə
qayıdacaqlarına inam olsun deyə. Bu şəkillərdə
Ceyhunun ruhu var. O çiçəklər solub, həmin şəkillər
çəkilən anlar tarixə dönüb. Ceyhun şəhid
oldu. O anları, Ceyhunun xatirəsini həm də bu şəkillər
yaşadır...
Ceyhun da sevib, sevilib. Bu sevgi dil açmayıb, səssiz
doğulub, ancaq səssiz yaşamayıb - misralarda
yaşayıb, misralarla yaşayıb. Sevdalı qız ona
şeir yazıb. Gözəl şeirdi. Ceyhuna sevgi
yazdırıb bu şeiri:
Sığal çəkib telimə, həsrətimə
deyib get,
Göz yaşım ol, gözümün selində
boğularsan.
Dodağının izini yanağımda qoyub get,
Bir də gəlsən dünyaya mənumçün
doğularsan...
Ceyhunun yoxluğunda da yaşayır bu şeir - ruhun
şeiridi indi...
Atası Xanlar oğlunu həmişə qəhərlə,
qəhrəmanlıq qarışıq qürurla
xatırlayır. "Həyatda çox dostlarım olub, var,
könül söhbəti elədiklərim azdı. Ceyhun mənim
ən səmimi dostum idi. Adamı səbirlə dinləyirdi, həmsöhbətinin
xətrinə dəyməmək üçün kəlmələri
seçib deyərdi...", - Xanlar oğlu Ceyhun haqqında azərbaycanlı
oğullar haqqında danışırmış kimi
danışır. "Qayğıkeş idi, hamıya kömək
etməyə
çalışırdı. Həkimlik peşəsini
seçməsi də bu xarakteri ilə bağlı idi.
"İnsanlara yaxşılıq etmək imandandır.
Tanımadıqlarınla da tanıdıqların kimi
davranmalısan, onlara da səmimi xidmət etməlisən..."
- Ceyhun tay-tuşlarına, həkim yoldaşlarına belə
deyərdi...
Tələbə yoldaşı Rəşad Məhərrəmov
Ceyhun Əhmədxanovun qayğıkeşliyini, duyumluluğunu
xatırlayır, xatırladır, "Bu duyum da, bu
qayğıkeşlik də onu hamıya sevdirirdi. Tələbəlik
illərində heç kim ondan zərrəcə incimədi.
Hərdən tanımadığımız cavanların yersiz
hərəkətlərindən hirslənirdi. Atletik qaməti
vardı. Tərs-tərs baxanda o cavanlar özlərini
yığısdırırdı. Heyif, Ceyhun kimi dost
dünayadan tez köçdü..." deyir. Bu təəssüf
sevgidi, yoxluqla barışmamaqdı və çarəsizlikdi,
bir az da xatirələrdə yaşatmaqdı...
Ceyhun dostluğu sevirdi, dostlarını sevirdi. Vaxt
tapanda onlarla görüşməyə can atardı. Bakıda
da, rayonlarda da. Tələbə yoldaşlarıyla hər
görüşü könül ziyarətinə dönərdi.
"Bərdəyə, mənim iş yerimə gəlmişdi.
Bu görüş ikimizə də gözəl könül
xoşluğu vermişdi. "Ürəyim istədi,
darıxdım, şənbəni gözləməyə səbrim
çatmadı..." - Rəşad dostu ilə son
görüşünü qəhərlə
xatırlayır...
Fövqəladə Hallar Nazirliyinin aviadəstəsində
həkim işləyirdi. Qışın sazağında,
çətin metereoloji şəraitdə hansı xəstəyəsə
kömək üçün, bu və ya digər səbəbdən
hansı ağır yaralanana isə yardım üçün
neçə-neçə təhlükəli reyslərdə
olmuşdu. Ceyhun belə reysləri "müharibəsiz
vaxtların səssiz müharibəsi"
adlandırırdı, "Həkim-döyüşçü
kimi Vətənə belə xidmətimə görə
taleyimdən razıyam...", - deyirdi...
2021-ci ili noyabrın 30-u idi. "Qaraheybət"
aviasiya poliqonunda helikopterə təcili uçuş əmri
verilmişdi. Ekipajın tərkibində tibb xidməti
kapitanı həkim Ceyhun Əhmədxanov da vardı. Xidməti
tapşırıq idi. Heç birində - pilotlarda da, heyətin
üzvlərində də əlahiddə həyəcan yox idi,
hamısı məsuliyyətlə, əmri yerinə yetirmək
qətiyyətiylə helikopterə
yaxınlaşırdı...
Helikopter qəzaya uğradı. 14 nəfər həlak
oldu, 2 nəfər ağır yaralandı. Ceyhun Əhmədxanov
da həlak oldu. II Şəhidlər xiyabanında dəfn etdilər
Ceyhun Əhmədxanovu. Ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif edildi Ceyhun...
Dünya yaxşı insanları unutmayanlar
üçün düşünmə məkanıdı.
Düşünürsən, fəzilətlərin bəşərilik
olduğunu dərk edirsən, belə yaşayanların
sırasında olmaq istəyirsən. Ceyhun Xanlar oğlu da belə
yaşayırdı, Ceyhunu tanıyanların söhbətləri
də belə yaşamağın işığına
dönür; Ceyhun işıqlı ömür
yaşadı...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.-2024.- 18
oktyabr(№191).-S.14.