Dram dərnəyindən peşəkar səhnəyə

UNUDULMAZ SƏHNƏ XADİMİ MÜZƏFFƏR SƏFƏROVUN HƏYAT VƏ SƏNƏT YOLUNA BİR NƏZƏR

 

 

Naxçıvan teatrı yarandığı gündən xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinin geniş dairədə yayılmasına çalışıb, yüksək hazırlığa malik kadrları ilə ölkəmizdə teatr ənənələrinin zənginləşməsində yaxından iştirak etməklə mədəniyyətimizin ümumi tərəqqisi naminə önəmli rol oynayıb. Azərbaycan teatrının inkişafında özünəməxsus yeri, xalqımızın mədəni və ictimai həyatında mühüm rolu olan Naxçıvan teatrı çətin və şərəfli bir yol keçib. Bu teatr müasir səviyyəyə çatana qədər ağır sınaqlardan həmişə üzüağ çıxıb. Naxçıvan teatrında xalq kütlələrini mədəniyyətə doğru aparmağa can atan, çətinliklərə sinə gərən elə adamlar olublar ki, onların həyat və yaradıcılıqlarını öyrənmədən teatrlarımızın tarixini aydın və hərtərəfli şəkildə təsəvvür etmək mümkün deyil. Doğrudur, həmin qabaqcıl adamlardan çoxu nə mükəmməl təhsil almış, nə də geniş şöhrət qazanan teatrların səhnəsində çıxış ediblər. Onlar yalnız öz istedad və bacarıqları, səhnə sənətinə olan tükənməz həvəsləri ilə bu yolda böyük fədakarlıq göstəriblər.

Adları mədəniyyət tariximizə pozulmaz naxışlarla həkk olunan insanların yaradıcılığını araşdırarkən əksəriyyətinin bioqrafiyasında diqqətimizi çəkən "Naxçıvanda doğulub" ifadəsi bizi xeyli düşündürdü. Burada doğulan insanlar harada çalışmağından, işləməyindən asılı olmayaraq Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin, dövlətçiliyinin inkişafında, təşəkkülündə fədakarlıq göstəriblər. Naxçıvanlı ziyalıların sənət aləmində də özlərinə məxsus sözü və izi olub.

Unudulmaz həyat və yaradıcılığa malik olan naxçıvanlı ziyalılar haqqında qələmə aldığımız bu yazıda Azərbaycan musiqisini geniş təbliğ edən Səfərovlar ailəsindən söz açmaq istəyirik. O Səfərovlar ailəsi ki, Azərbaycan musiqi aləminə məşhur müğənni Yaşar Səfərov kimi görkəmli ifaçı bəxş edib. Həmin ailənin digər nümayəndəsi də Naxçıvan teatrında uzun illər fəaliyyət göstərmiş Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Müzəffər Allahverdi oğlu Səfərov idi.

Müzəffər Səfərov 1932-ci ilin 9 mayında Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdu. Şıxmahmud kənd orta məktəbində təhsil aldığı müddətdə müəllimləri onun aydın diksiyaya, gözəl səsə malik olduğunu duyduqlarından onu məktəbdə fəaliyyət göstərən dram dərnəyinə cəlb edirlər. O, məktəbdə dram dərnəyində göstərilən tamaşalarda həvəslə iştirak edir. Yaxşı oyunu ilə müəllimlərinin ümidini doğruldur. Orta məktəbi bitirdikdən sonra Şıxmahmud kənd klubunda fəaliyyət göstərən dram dərnəyinin fəal üzvlərindən olur. O dövrdə dram dərnəyində, adətən, birpərdəli pyeslər tamaşaya hazırlanırdı. Müzəffərin dram dərnəyində fəaliyyət göstərməsi onun gələcək yaradıcılıq inkişafına, demək olar ki, zəmin yaradırdı. O, dram dərnəyində hazırlanan tamaşalarda çıxış etməklə yanaşı, həm də tamaşaların hazırlanmasında fəal iştirak edirdi.

Ötən əsrin əllinci illərində, müharibədən sonra, Naxçıvan teatrının bir çox sənətkarları cəbhələrdən geri qayıtmadıqlarından teatrda aktyor kadrları çatışmırdı. Ona görə də teatrın rəhbərliyi bu boşluğu doldurmaq üçün muxtar respublikada fəaliyyət göstərən dram dərnəklərində iştirak edən istedadlı həvəskar aktyorları teatra cəlb edirdi. 1956-cı ildə muxtar respublikanın müxtəlif dram dərnəklərindən Naxçıvan teatrı üçün kadr seçən teatrın direktoru, 1943-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülən (Azərbaycanın Xalq artisti - 1965) İbrahim Həmzəyev, Şıxmahmud kənd dram dərnəyində göstərilən tamaşaya baxarkən, Müzəffərin oyunu görkəmli sənətkarın diqqətini cəlb edir.

Müzəffərin səsindəki ecazkarlığı hiss edən İ.Həmzəyev onun teatra gəlməsini məsləhət bilir. Müzəffərin gələcəyinə böyük ümid bağlayan İbrahim Həmzəyev demişdi: "Bu torpağın sinəsi gizli istedadlar məskənidir. Bax, bu gənc oğlan da elə bil səhnə üçün doğulmuşdur. İlahi Müzəffərə gözəl səs bəxş etmişdir".

Müzəffər 1957-ci ilə İbrahim Həmzəyevin təşəbbüsü ilə Naxçıvan teatrında fəaliyyətə başlayır. Həmin vaxt Hüseyn Cavidin "Şeyx Sənan" pyesi tamaşaya hazırlanırdı. Əsərin quruluşçu rejissoru Süleyman Ələsgərov idi. Rejissor tamaşada Müzəffərə Kor Ərəbin rolunu tapşırır. Tamaşada Müzəffər Kor Ərəbin mahnısını son dərəcədə məharətlə ifa edir. Gənc Müzəffər bu çıxışı ilə İbrahim Həmzəyevin ümidini doğruldur, tamaşaçıların qəlbinə yol tapır, onların məhəbbətini qazanır, pərəstişkarlarını sevindirir. Həmin tamaşadan sonra Müzəffər Səfərov Naxçıvan teatrında Kor Ərəb rolunun mahir ifaçısı kini tanınır. O, Naxçıvan teatrında getdikcə püxələşir, istedadı, bacarığı ilə ifa etdiyi obrazların daxili aləminə nüfuz edir. Uzun illər "Şeyx Sənan" tamaşasında Kor Ərəb rolunu canlandırır. Zaman ötdükcə teatr Müzəffərin mənzili, səhnə isə iş yeri olur. Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əsgər Əsgərov, Kamran Quliyev və digər rejissorların quruluşlarında Müzəffər Səfərov bir-birindən fərqli, müxtəlif xarakterli obrazlar silsiləsi yaradır. Hüseyn Cavidin "Şeyx Sənan"ında Kor Ərəb, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Zeyd, "Əsli və Kərəm"ində Kərəm, Səməd Vurğunun "Vaqif" mənzum dramında Xanəndə, Süleyman Rüstəmin "Qaçaq Nəbi" əsərində Qəhrəman, Zeynal Xəlilin "Qatır Məmməd"ində Aşıq Zeynal, Cəlil Məmmədquluzadənin "Anamın kitabı"nda Qəhrəman, Nəriman Nərimanovun "Nadir şah"ında Cəngavər, Rafiq Səməndərin "Şəhidlər"ində Kor, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Molla Möhsün, "Od gəlini"ndə Sönməz, Cəmşid Əmirovun "Sahil əməliyyatı"nda (Səhnələşdirəni İ.Həmzəyev), həkim Hüseyn Razinin "Odlu diyar"ında Aşıq Əli, Süleyman Sani Axundovun "Laçın yuvası"nda Səlim bəy, Kəmalə Ağayevanın "Məhsəti"sində Xanəndə, "Apardı sellər Saranı"nda Ozan və sair surətlər aktyorun manerasının genişliyindən xəbər verirdi.

Müzəffər təkcə dram əsərlərində çıxış etməklə kifayətlənmirdi. O, həm də musiqili komediyalarda da bir çox yaddaqalan obrazlar yaradırdı. Onun Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Məşədi İbad", "Əsli və Kərəm" musiqili komediyalarında Zeyd, Sərvər, Kərəm, Səid Rüstəmovun "Beş manatlıq gəlin"ində Xanəndə obrazları daha maraqlı və cazibədar idi. "Leyli və Məcnun" tamaşasında Müzəffər Səfərov Zeyd surətini məharətlə, sənət sevgisi ilə, özünəməxsus tərzdə yaradır. O, bu tamaşada Zeynəb Xanlarova (Leyli) və Arif Babayevlə (Məcnun) birlikdə çıxış edir.

C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinin əsas qayəsini ana dilimizin saflığı uğrunda aparılan mübarizə təşkil edir. Bu tamaşada Qəhrəman (baş çoban) rolunu oynamaq Müzəffərə nəsib olur. O, bu obrazı özünəməxsus tərzdə canlandırır. Teatrlar adətən yay aylarında qastrolda olurlar. Bu, təbiidir. Çünki yay aylarında bütün teatrlar kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı da qastrolda olur və ən məzmunlu, yaddaqalan, gözəl tamaşalarını respublika zəhmətkeşləri qarşısında uğurla nümayiş etdirir. Teatrın kollektivi ilə bərabər, Müzəffər Səfərov da vaxtaşırı respublikanın Şəki, Zaqatala, Yevlax, Bərdə, Qasım İsmayılov (indiki Goranboy), Ağcabədi, Qutqaşen (indiki Qəbələ), Vartaşen (indiki Oğuz), Əli Bayramlı (indiki Şirvan), Salyan, İmişli, Qazax, Tovuz və digər şəhər və rayonlarında, eləcə də Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının müxtəlif bölgələrində zəhmətkeşlər qarşısında çıxış etmiş, geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdı.

Müzəffər xoşbəxt bir sənətkar idi. Çünki pərəstişkarları onu sevirdi. Məgər aktyor üçün bundan əziz bir şey varmı? O, bir də ona görə xoşbəxt idi ki, Azərbaycan xalq mahnılarını ifa etmək bacarığı ilə aktyorluq istedadı onda üzvi surətdə birləşirdi. Əlbəttə, bu, hər sənətkara nəsib olmur. Naxçıvanlı tamaşaçılar Müzəffəri səhnədə həm müğənni kimi, həm də aktyor kimi alqışlamağa vərdiş etmişdilər.

Müzəffər Səfərov 1974-cü ildə teatr sənətinin inkişafında xidmətlərinə görə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb.

Tanınmış sənətkar ömrünün 84-cü ilində - 2016-cı ildə dünyasını dəyişib və Şıxmahmud qəbiristanlığında dəfn olunub.

 

Əli QƏHRƏMANOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.-2024.- 18 oktyabr(№191).-S.13.