Çexovun "Qara
rahib nəzəriyyəsi"
(Əvvəli ötən sayımızda)
Həyatının bomboz və mənasız bir
şeyə çevrildiyini dərk edən Kovrin
özünün xəstə və dəli olması haqda
Tanyanın və həkimlərin təkidi ilə gəldiyi qənaətindən
qəti imtina edir. Müalicə rejimini qəti rədd edir.
Ürəkdən sevdiyi Tanyaya kobudluq etməyə
başlayır, çünki xəstə olması haqda fikri
ona ən çox Tanyanın təlqin etdiyini başa
düşür. Kovrin zorakı müalicəyə
qarşı çıxır, özü öz
hallüsinasiyalarını müdafiə edir. Hətta ikinci
yay malikanədə Qara keşişi axtarmağa
başlayır, darıxır onun üçün. Nəhayət,
Tanya ilə arasında ixtilaf yaranır və onlar
ayrılırlar.
Kovrin arvadı Tanyanı açıq-aşkar öz
çevrilməsində ittiham edir. İkinci yay Kovrin deyir
Tanyaya: "Niyə, niyə siz məni müalicə etdirdiniz,
bromlu dərmanlar, isti vannalar, hər qurtuma, hər addıma
görə qorxular, bunlar hamısı axırda məni bir əbləhə
çevirəcək. Mənim ağlım başımdan
çıxırdı, amma axı məndə dahilik
maniyası vardı, fərəh içində, gümrah idim,
hətta xoşbəxt, maraqlı və orijinal idim. İndisə
quru məntiqçi, ciddi olmuşam. Heyif ki, indi hamı kimi,
ortabab olmuşam. Yaşamaq mənə
darıxdırıcı olub. Mənə qarşı qəddar,
necə qəddar rəftar etdiniz. Mən hallüsinasiyalar
görürdüm, amma bu, kimə mane olurdu, soruşuram, kimə..?"
Ərlə arvadın münasibətləri tam
pozulandan sonra Kovrin yenə müalicədən sonrakı
öz ruhi vəziyyətini araşdırmaqda davam edir. O deyir:
"Məhəmməd peyğəmbər, ya Şekspirin
çox bəxti gətirib ki, xeyirxah qohum və həkimləri
onları ekstazdan, aşıb-daşan ilhamdan müalicə
etdirməyiblər. Məhəmməd peyğəmbər əsəbə
görə əgər bromlu kalium içsəydi, gündə
ancaq iki saat işləsəydi, ancaq süd içsəydi, bu
görkəmli adamdan o qədər xeyir qalardı, nə qədər
ki onun itindən qaldı".
Göründüyü kimi, Çexov fərdi ilham və
illüziya ilə bağlılığın bəşər
tarixində müstəsna yaradıcı rolu haqda nəzəriyyəni
Məhəmməd peyğəmbərin təcrübəsi ilə
də əsaslandırmağa çalışır. Xristian
rahiblər peyğəmbərin savadsız və impulsivliyini
çox tənqid ediblər. Amma fakt ortadadır: yazıb-oxuya
bilməyən idealpərəst insan bəşər tarixində
misilsiz izlər qoyubdur, bu izlər heç kimlə müqayisə
oluna bilməz və bu, Çexov nəzəriyyəsinin
düzlüyünü təsdiq edir.
Universitetdə Kovrinə kafedra verirlər. Xəstəliyə
görə birinci mühazirəsinə gedə bilmir. Qan
qusmağa və daha da haldan düşməyə
başlayır. Nəhayət, özündən iki yaş
böyük olan başqa qadınla yaşamağa
başlayır. Qadın ona uşaq kimi qulluq edir. Yaltaya yolda
Kovrin Tanyadan məktub alır. Məktubla bağlı
düşüncələrdə Kovrin ikinci yayda malikanədə
Tanyaya və atasına qarşı ədalətsiz təpkilərinə
görə peşmançılıq hiss edir. Məktubda Tanya
yazır ki, atası indicə ölüb, onun bağı
dağılır və olanlara görə Kovrini ittiham edir.
Yazır ki, onun ölümünü istəyir, onu lənətləyir,
"dəli" adlandırır bunlara görə. Dəli
sözünü oxuyanda Kovrin məktubu cırıb atır.
Öz ömrünü saf-çürük edən Kovrin bu qənaətə
gəlir ki, o, ortabab bir adamdır. Amma bu zaman Qara rahib peyda olur
və ona deyir: "Sənə demişdim onda ki, dahisən,
niyə sözümə inanmadın, əgər inansaydın,
bu iki ildə belə kədərli və məyusluq içində
yaşamazdın". Bu məqamda Kovrin Qara keşişlə
bütün söhbətlərini xatırlayır və
özünün "Allahın seçdiyi" və dahi
olduğuna inanmağa başlayır. Kovrin danışmaq istəyir,
amma ağzından gələn qan onun sinəsinə
tökülərək onu boğur və halsız edir. O,
arvadını oyatmaq istəyəndə özü də bilmədən
iki dəfə "Tanya" deyə inildəyə bilir.
Əslində, o, birinci yay vaxtındakı gözəl həyatını
çağırır. Son dəqiqələrində də
Qara keşiş onu dahi adlandırır. Kovrin yerdəki qan
nohuruna baxa-baxa ölür.
lll
Hekayənin əsas fikri odur ki, hər adamda fiziki
enerjidən başqa, bir də fərdi psixi istək və
illüziyaların insan davranışına və fəaliyyətinə
istiqamət verən gücü var. Bu güc atomun içindəki
enerji kimi insanların hiss üzvləri ilə müşahidə
edilə bilmir. Amma o gücün sayəsində Məhəmməd
peyğəmbər kimi elementar yazı-oxu savadı olmayan adamlar
peyğəmbərlik səlahiyyəti qazanır və son nəticədə
bəşəriyyətin tarixini dəyişir və ya onda iz
qoyurlar.
Hekayədə qədim yunan və latın elmlərinin
səhvlərinə eyham edilməsi təsadüfi deyil. Dərsliklərdən
dörd temperament tipi haqda nəzəriyyə yadımızdadır.
Məhz bu, Qərbin psixologiya dərsliklərində universal
norma nəzəriyyəsinin hakim olmasının elmi bazası
olmuşdur.
Biz istedad nəzəriyyəsini antik dövrdən
bilirik. A.Çexov insanın fərdi illüziya və məntiqsiz
xəyallarını istedad nəzəriyyəsinə
qarşı qoyur. Çünki bugün hər ölkədə
Kovrin kimi minlərlə böyük potensial enerjili
insanları xəstə və anormal adlandırıb sosial tərəqqi
dövriyyəsindən kənara atırlar və atıblar.
Avropa məktəb sistemi xristian mütilik ideallarına əsaslanaraq
elementar təhsil və mənimsəmə istedadını əxlaqla
da bağlayır, qiymət cədvəllərinə əxlaqdan
da qiymət qoyulmasını bir qanuna çevirib.
Qərbi Avropaya nisbətən ABŞ təhsil
sisteminin uğurları haradandır? Təhsildə orta bir
normativlər tələbinin olmamağı. Xatırladaq ki, təhsildə,
tibbidə, psixiatriyada tətbiq olunan universal norma
anlayışı əslində antik istedad nəzəriyyəsinin
digər şəklidir. Çexov müasir tərbiyə, təhsil,
tibbin, sosial psixologiyanın universal prinsip kimi tətbiq etdiyi
norma anlayışını və prinsipini rədd edir. Əgər
istisnasız bir norma yoxdursa, onda norma nədir? ABŞ təhsil
sistemi dinin və dövlətin nəzarətindən kənar
inkişaf edirdi, ona görə özəl mülkiyyətə
əsaslanan məktəbin mühüm bir
üstünlüyü də fərqli təhsil prinsiplərinin
mümkünlüyü oldu. Universal norma tərəfdarları
ABŞ təhsilində xaos görürdülər. Amma həqiqətdə
belə təhsil sistemindən misilsiz iqtisadi və texniki, intellektual
tərəqqi törədi. Bunun əsas səbəbi
oradakı təhsil və sosial liftin yeni nəsillərin
yaradıcılıq potensialına cəmiyyətin ən
yüksək dəyəri kimi yanaşması idi. K.Marks
güman edirdi ki, cəmiyyətin ən böyük sərvəti
onun üzvlərinin ixtisas səviyyəsidir. ABŞ təhsil
sistemi isə sayır ki, cəmiyyətdə ən
güclü tərəqqi potensialı böyük xəyal və
illüziyaları reallaşdıra bilən güclü fərdlərdir.
ABŞ cəmiyyətinin ideal qəhrəmanı da buna
uyğun olaraq güclü şəxsiyyətlərdir. Hollivud
filmləri özünü təsdiq edən güclü müsbət
qəhrəmanları kriminal əməllərinə məhəl
qoymadan belə müsbət adamlar kimi təqdim edir. Əsas
özünəinamdır, ona görə amerikalılar deyirlər:
"Karyera qurmaq istəyirsənsə, ürəyin istəyən
işdən yapış".
Orta əsrlərdə xristian və müsəlmanlar təlqin
və virddən istifadə edirdilər ki, cavanlar dinin əsas
ehkamlarına daha güclü bağlansınlar. İndi
ABŞ-da peşə treninqlərində belə "mən
milyonçu olacam" kimi təlqin üsullarından istifadə
olunur. Çünki daxili inam və xəyallar insanın
konkret istiqamətdə çalışma əzmini qat-qat
artırır.
lll
Qara rahib polemika zamanı Roma imperatoru və stoik
filosofu Mark Avrelinin (121-180) adını çəkir. Avreli də
Kovrin kimi övladlığa götürülüb, ilk dəfə
olaraq pozitiv düşüncənin insanı xoşbəxt edə
bilməsi haqda güman irəli sürüb, intellektual məşqlərin
fərdi qara camaatdan ayırıb yüksəyə
qaldırması ideyasını önə çəkib. Zikr
və təlqin məşqlərinin adamı yeniləyə
bilməsi haqda fikir məhz stoiklərdən xristian
mistikasına, onlardan isə islam mistikasına keçib.
Güclü fərd və ağılla idarə olunmayan insan
sürüsü əksliyi onun ən çox müzakirə
etdiyi məsələ olmuşdu. Bu tezis, yəni intellektual məşqlərlə
fərdi təkmilləşdirməyin mümkünlüyü
ideyası xristianlıqda eybəcər və əks şəkil
aldı: "İntellektual məşqlərlə qara
camaatı, toplumu, icmanı daha əxlaqlı etmək olar"
şəklinə keçdi. İntellektual məşqlərin
yerini monastırlarda hərbi intizam, inkvizisiya və
birkitablı mədəniyyət tutdu. Yəni çoxlu
kitabların olması qara camaatı əxlaqlı tərbiyə
etməyə mane olur. Bir kitab - İncil - qadağan edilənlərin,
günah olanların, yasaq olanların toplusu oldu. Fərdi mənəvi
cəhətdən təkmilləşdirməyin
mümkünlüyü ideyası bəşəriyyəti tələyə
saldı: əvvəl monoteizmə, sonra sosializm nəzəriyyəsinə
və əməliyyəsinə çevrildi. Stoiklərin
"Çoxluqdan ağıllı ol"
çağırışı öz əksinə çevrildi:
"Çoxluğu daha ağıllı edək!"
ideyasına döndü.
"Sən insanların əbədi həyatına
inanırsan?" - Kovrinin keşişə verdiyi bu sual onu
maraqlandıran ən mühüm problemdir. Xatırladaq ki, bu
sual islamda hürufilik məzhəbini yaratmış Fəzlüllah
Nəimini (1340-1394) də ömrü boyu müşayiət
etmiş qopmaz ideya idi. Qopmaz ideyalar, əslində, fərdi xəyal
və illüziyaların formalarından biridir. Fəzlüllah
hələ mollaxanada oxuduğu dövrdən əbədi həyat,
cavidanlıq yolunu axtarmış və islam dini içərisində
hürufilik məzhəbini yaratmışdı.
"Hürufi" sözü Fəzlüllahın
düşmənlərinin bu hərəkata verdikləri istehza
dolu addır. Amma hürufilərin Fəzlüllah tərəfindən
yazılmış müqəddəs kitabları "Cavidannamə"
adlanırdı, yəni insana əbədilik qazanmaq yolunu
göstərən kitab.
Maraqlıdır ki, Fəzlüllahın
seçilmişliyi və Allahın oğlu olması ehkamı
İsa Məsih haqda İncil ehkamlarının təkrarıdır,
amma bunların əsaslandırılması bir-birindən fərqlidir.
Fəzlüllahın allahın oğlu və sahibi təvil
olması statusu, bunun ona Allahın özü tərəfindən
verilməsi "Cavidannamə"nin 250-ci babına əsaslanır.
Bu babda ən ehtiraslı dua və namaz vaxtı möminin
gözünə görünən "Allahın
liqası" haqda söhbət gedir. Amma ekstaz içində
edilən bu dua da seçilmişlərə məxsusdur,
şübhəsiz ki, Fəzlüllahın özünü nəzərdə
tutur.
Burada biz möcüzə ilə ehkamın eyniləşməsini
görürük. Məhəmməd peyğəmbərin
meracı haqda hədis də gözə görünən xəyallar
sırasındandır, povestdəki Qara keşiş obrazı
ilə səsləşir. Nəsiminin faciəli qətli də
Kovrinin Qara keşiş macərasına bənzəyir. Nəsiminin
Allah kimi sevdiyi Fəzlüllah Əlincə qalasında onun
gözü qarşısında qətl ediləndən sonra
şair dərindən sarsılıb xəstələndi.
Çünki Allah - yeganə əbədi olandır, əgər
Fəzlüllah öldürüldüsə, deməli, o, həqiqətən
Allah deyilmiş. Sarsıntı içində Nəsimi bir
müddət imanını itirir, şübhə içində,
ibadətsiz yaşayır və bunu öz şeirlərində
açıq-aşkar yazıb. Amma bir gün sübh namazı
vaxtı ehtiras içində Allaha dualar edib düz yol istəyəndə
Fəzlüllahın üzü (liqası) ona
görünür. Nəsimi "Cavidannamə"nin 250-ci
babını xatırlayır və bu qənaətə gəlir
ki, Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib,
ikinci isə, ona da Fəzlüllahın malik olduğu
Allahın oğlu və sahibi təvil statusu verilib. Bu da yəqin
illüziyaydı. Nəsimi buna "nişana gəldim", yəni
"xaliq - Allah tərəfindən seçildim"-deyir.
Kovrinin yaxınları Qara keşiş məsələsinə
xəstəlik adı qoyurlar. Başsız qalmış
hürufi icması isə Əliyül-Əla başda olmaqla Nəsiminin
hüluliyyət (allahlaşma) iddiasına
düşdüyünü elan edirlər, ortodoks islamda isə
hülul küfrün bir şəklidir. Ona görə Nəsimih
ayqırırdı ki, "küfrü iman bilmişəm".
Nəsiminin qətlində hürufilərin də müsbət
rəyini istisna etmək olmaz.
Hegelin fəlsəfi sistemi də qopmaz ideyaların iradəni
istiqamətləndirmək gücünə əsaslanır di.
Bunu Bertran Rassel də qeyd etmişdir. Hegelin qopmaz ideyası sadə
bir hökm idi: konkret anlayışlar ümumi
anlayışlardan zəngindir. Yəni konkret bir diri it
kinoloqların bu heyvan haqda bütün yazdıqlarından, məzmunca,daha
zəngindir. Hökm paradoksa oxşayır, amma Hegelin fəlsəfi
sistemi, dialektika bu paradoksun elmi-nəzəri inkişafından
doğmuş və müasir fəlsəfə elminə təkan
vermişdi.
Sonra Freyd fərdi seksual enerjinin sublimasiyası nəzəriyyəsini
yaratdı. Bu nəzəriyyə də insanlardakı
yaradıcılıq enerjisinin fərdi müxtəlifliyini elmi
şəkildə təsdiqləmək üçün irəliyə
doğru addım oldu. Bu, sadə bir fikrə oxşayır,
amma bəşəriyyət bu fikrə necə də çətinliklə
gəlib. Qədim yunan dövründə pəhləvanlıqəsas
sosial nizamlayıcı qüvvə sayılırdı, yəni
adi fiziki güc. Sonra peyğəmbərlik institutu meydana gəldi.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet.-2024.- 18 oktyabr(№191).-S.12.