Akademikdən "525"ə minnətdarlıq məktubu

 

Əməkdar elm xadimi, akademik Arif Həşimov "525-ci qəzet"ə minnətdarlıq məktubu göndərib. Qəzetimizin baş redaktoru Rəşad Məcidə ünvanlanan məktubu oxuculara təqdim edirik:

Hörmətli Rəşad müəllim.

Sizin baş redaktoru olduğunuz "525-ci qəzet"in müasir Azərbaycan mətbuatının inkişafında xüsusi rolu və mövqeyi vardır. Siz bu xüsusi mövqeyə uzun illər ərzində obyektivlik, operativlik, peşəkarlıq prinsiplərinə əməl etməklə, yalnız informasiya siyasəti ilə məşğul olmaqla kifayətlənməyib xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin təbliği ilə məşğul olmaqla nail olmusunuz. Bu mənada qəzetiniz fəaliyyət göstərdiyi bütün dövrlərdə cari məqsədlərə deyil, strateji hədəflərə xidmət etməklə, sözün həqiqi mənasında, bütöv bir maarifçilik hərəkatı həyata keçirilib. Elə bunun nəticəsidir ki, sizin qəzetin ən etibarlı daimi oxucuları həmişə Azərbaycan ziyalıları, elm və mədəniyyət adamları olublar.

Hörmətli Rəşad müəllim.

Mən də Sizin qəzetin daimi oxucularındanam. Müraciətimin səbəbi son dövrlər qəzetinizin səhifələrində müntəzəm olaraq nəşr edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-la bağlı silsilə məqalələrə, zəngin informativ məlumatlara, müsahibə və reportajlara görə özümdə Sizə təşəkkür etmək ehtiyacını hiss etməyimdir. COP29-la bağlı "525-ci qəzet"in təqdim etdiyi materiallar öz analiktik siqləti, informativ dəqiqliyi, əhatəliliyi ilə xüsusi olaraq fərqlənməklə geniş oxucu kütləsini yalnız məlumatlandırmır, həm də maarifləndirir və öyrədir.

Məlum olduğu kimi, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini qlobal iqlim dəyişmələri fonunda ekologiyanın və ətraf mühitin qorunması, yaşıl enerji siyasəti, ümumiyyətlə, cəmiyyətdə yaşıl təfəkkürün bərqərar olması təşkil edir. Siz bu istiqamətdə fəaliyyətinizlə bir tərəfdən dövlət siyasətinin əsas istiqamətlərindən olan qlobal ekoloji tarazlığın qorunmasında ölkənin daha yaxından iştirakını təmin edir, digər tərəfdən isə alimlərin bu əhəmiyyətli tədbirə hazırlığına, onların lazımi informasiya ilə təmin olunmasına yardım etmiş olursunuz. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra müxtəlif konfrans, simpozium, seminar və s.-də çıxışlar etmək, təqdimatlarla məruzələr etmək Azərbaycan alimlərinin, o cümlədən, bizim fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevrilmişdir. Qeyd olunan təqdimatların hazırlanmasında biz digər mənbələrlə yanaşı, rəhbərlik etdiyiniz "525-ci qəzet"də təqdim edilən COP29-la bağlı materiallardan geniş şəkildə istifadə edirik. Qeyd etməliyəm ki, bu materiallar öz məzmununa görə COP29-a aid bütün istiqamətləri əhatə edir və bu baxımdan da bizim üçün xüsusi elmi-informativ əhəmiyyət daşıyır. "525-ci qəzet"in bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulamaqla Sizə uğurlar arzulayıram.

 

Akademik Arif HƏŞİMOV

525-ci qəzet.-2024.- 18 oktyabr(№191).-S.6.