Füzuli günü
2020-ci il sentyabrın 27-də erməni silahlı
qüvvələri növbəti genişmiqyaslı təxribat
törətdi. Dinc azərbaycanlı əhalinin
yaşadığı kəndlər atəşə tutuldu.
Düşmənə öz yerini göstərmək,
torpaqlarımızı azad etmək vaxtı artıq gəlib
çatmışdı. Elə həmin gün Müzəffər
Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir
yumruq” əməliyyatına başlandı.
Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal
edilmişdi. Ermənilər işğal müddətində
Füzuli şəhərini, rayonun kəndlərini
dağıdıb, dini, tarixi, mədəni abidələrə,
qəbiristanlıqlara, eləcə də təbiətə
qarşı vandallıq əməlləri törədib.
Füzuli şəhəri və rayonun böyük bir hissəsi
1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə
aparılmış hərbi əməliyyatlar nəticəsində
Azərbaycan Silahlı Qüvvələri rayonun 22
yaşayış məntəqəsini işğaldan azad etdi.
Birinci Qarabağ müharibəsi zamanı işğala məruz
qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən
darmadağın edilərək xarabalığa
çevrilmişdi. Burada daş-daş üstə belə
qalmamışdı. Sanki bu yerlərdən vəhşi qəbilə
keçib, hər şeyi viran qoymuşdu. Düşmən bu ərazilərdə
hərbi birləşmələrini gücləndirməklə,
istehkam və maneələr yaratmış, özünə
müdafiə xətti qurmuşdu. Çünki bilirdi ki, bu
torpaqlar onun deyil. Gec-tez Azərbaycan əsgəri öz
torpağını azad edəcək və o, bu günü
qorxu içində gözləyirdi. Nəhayət, gözlənilən
gün gəlib çatdı... Vətən müharibəsində
isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62
yaşayış məntəqəsi işğaldan azad edildi.
Füzuli uğrunda gedən döyüşlər İkinci
Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində
ən mühüm döyüşlərindən biri idi.
Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin
Cəbrayıl və Xocavənd rayonunun da bir sıra
yaşayış məntəqələri ordumuz tərəfindən
azad edildi. Füzuli şəhərinin azad olunmasının əməliyyat
planı özünəməxsusluğu ilə diqqət
çəkir. Belə ki, ordumuz düşmənin gözləmədiyi
yerdən, tam fərqli istiqamətdən şəhərə
daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində
düşmənin yalnız bir yolu qalırdı – qaçmaq.
Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki
Azərbaycanın, həm də dünyanın hərb tarixində
əlamətdar bir yenilikdir ki, bu gün də bir çox
ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən
olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu.
Artıq həmin günlər geridə qaldı. 27 ildən
sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuz Vətən müharibəsində
yeni tarix yazdı.
Vətən müharibəsinin 21-ci günü -
2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin
və ətraf kəndlərin erməni işğalından
azad edildiyi gün kimi yazıldı. Dövlətimizin
başçısı cənab İlham Əliyevin 2023-cü
il iyulun 31-də imzaladığı Sərəncama əsasən
Füzuli şəhərinin işğaldan azad edildiyi 17
oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd
olunur.
44 günlük Zəfər yürüşündə
hər gün qələbə xəbərləri gəlirdi.
Bu əlamətdar günün təsis olunması Füzuli
şəhərinin Ermənistan silahlı qüvvələrinin
işğalından azad edilməsi tarixi ilə
bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də
şəhərin erməni işğalçılarından təmizlənməsindən
4 il ötür. Döyüşlər başlayandan
oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi
uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu.
Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini
isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciətində
çatdırıb. Cənab Prezidentin müraciətində həmin
gün Füzuli şəhəri ilə yanaşı,
Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli,
Musabəyli, Çimən, İşıqlı və Dədəli
kəndlərinin də işğalından azad olunduğunu
elan edib.
Füzuli şəhərinin işğaldan azad edilməsi
uğrunda şiddətli döyüşlər gedib.
Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu
onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə
uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan
ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv
edilib. Azərbaycan Respublikasında “Füzulinin azad
olunmasına görə” medalı təsis olunub. Prezident
İlham Əliyevin Sərəncamı ilə Füzuli
rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin
azad olunmasına görə” medalı ilə təltif olunub.
Füzulidə, Qaraxanbəyli kəndinin
yaxınlığında şəhidlərimizin şərəfinə
abidə - 27 sentyabr – Anım Gününə həsr
olunmuş xatirə lövhəsi ucaldılıb. 2022-ci ilin
sentyabrın 27-də Prezident cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti
dəfə səfəri zamanı həmin xatirə lövhəsini
ziyarət ediblər.
2023-cü il sentyabrın 19-da üçtərəfli
bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının
alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə
lokal xarakterli antiterror tədbirlərinə
başlanıldı.
23 saatdan bir qədər çox davam edən tədbirlər
çərçivəsində Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin ön xətt
və dərinlikdə olan mövqeləri və uzunmüddətli
atəş nöqtələri, eləcə də
döyüş vasitələri və hərbi təyinatlı
obyektləri yüksək dəqiqlikli silahların tətbiqi
ilə sıradan çıxarıldı. Düşmən
ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın
bütün ərazilərində Konstitusiya quruluşu bərpa
edildi. Hazırda Qarabağın hər nöqtəsində Azərbaycanın
üçrəngli şanlı bayrağı
dalğalanır.
2023-cü il oktyabrın 16-da Azərbaycan Prezidenti
İlham Əliyev növbəti dəfə Füzuli rayonuna səfər
etdi. Dövlət başçısı səfər çərçivəsində
rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, şəhərdəki
idman kompleksinin, ikinci və üçüncü
yaşayış komplekslərinin, 240 yerlik uşaq
bağçasının və inzibati binanın təməlini
qoymuşdu. Bu il isə Azərbaycanda səfərdə olan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız
Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr
Lukaşenko da Füzuli rayonunda olublar. Dövlət
başçıları martın 12-də Füzuli şəhərinin
Baş planı və Füzuli Mərkəzi Rayon Xəstəxanasının
layihəsi ilə tanış olub, Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzinin
açılış mərasimində iştirak ediblər.
Qırğız Prezidenti və Azərbaycan Prezidenti aprelin
25-də Füzuli şəhərinin
dağıdılmış yerlərinə baxıb, şəhərin
Baş planı ilə tanış olublar. Belarus və Azərbaycan
prezidentlərinin mayın 17-də rayona səfərləri
zamanı isə “Qarabağın hava qapısı”
adlandırılan və cəmi 9 ayda inşa edilən
Füzuli Beynəlxalq Hava Limanı barədə ali qonağa məlumat
verilib. Hər iki Prezident Füzuli şəhərinin
dağıdılmış yerlərinə baxıb və
şəhərin Baş planı ilə tanış olublar.
Belarus Prezidenti işğalçı Ermənistanın 30 il ərzində
Füzuli rayonunun ərazisində törətdiyi
dağıntılar, vandalizm aktları, həmçinin şəhərin
Baş planına uyğun olaraq həyata keçirilən və
görüləcək işlər haqqında məlumatlandırılıb.
Qeyd edək ki, Baş planda 2040-cı ilədək
Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin
50 min nəfərə çatdırılması nəzərdə
tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə
uyğun inşa ediləcək Füzuli işğaldan azad
edilmiş ərazilərdə ən böyük şəhərlərdən
biri olacaq. Füzuli şəhərinin dayanıqlı
inkişafına, sakinlərin və sahibkarların rifahına
töhfə verəcək “Ağıllı şəhər”
konsepsiyası irəli sürülüb. Şəhərdə
orta və azmərtəbəli yaşayış binaları, həyətyanı
torpaq sahələri olan fərdi evlər inşa ediləcək,
təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri
yaradılacaq.
Füzuli Həsənov,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını
Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin
sədri, I qrup Qarabağ qazisi
525-ci qəzet.-2024.- 18 oktyabr(¹191).-S.7.