Mirzə Əli Möcüz irsinə fərqli baxış: bir şeirin tarixçəsi

 

M.Ə.Möcüzün ədəbi irsini ilk dəfə kitab şəklində tədqiqatçı Q.Məmmədli 1945-ci ildə Təbrizdə çap etdirmişdi. "Seçilmiş əsərləri" adlandırdığı bu kitabdan sonra 36 il ərzində Bakıda şairin ən kiçiyi 20, ən böyüyü isə 350 səhifədən ibarət olan 6 kitabını çap etdirməsi Q.Məmmədlinin möcüzşünaslığa unudulmaz və danılmaz xidmətidir. Məhz onun tərtibi ilə çap olunan kitablar sayəsində, Q.Məmmədlinin özü demişkən,"M.Ə.Möcüzün adı... Azərbaycan ədəbiyyatı tarixi"nə daxil oldu.

Q.Məmmədlinin bu tarixi xidmətini qiymətləndirməklə yanaşı, dərin təəssüflə qeyd etməliyik ki, onun yol verdiyi təhriflər, lüzumsuz "redaktə əməliyyatları" şairin 1945-ci il "Seçilmiş əsərləri"ndən start götürərək nəşrdən-nəşrə keçdikcə "zənginləşib" və bəzi düzəlişləri nəzərə almasaq, son nəşrdə öz mövqeyini daha da möhkəmləndirib.

Araşdırmalar göstərir ki, bütün bunlar Möcüzü oxuculara Rusiyanı xilaskar obrazında görən, V.İ.Lenin ideyalarını ürəkdən bəyənən kommunist ruhlu bir sənətkar kimi təqdim etmək niyyəti ilə bağlı olub. Amerikada yaşayan və M.Ə.Möcüz haqqında dəyərli dissertasiya yazan cənubi azərbaycanlı möcüzşünas Hadi Sultan Qurrayinin dediyi kimi, "Möcüz heç vaxt kommunist olmağı arzulamamışdı".

Möcüzü kommunistləşdirmək cəhdini sübut edən faktların sayı-hesabı yoxdur. Bu məsələnin şərhi başqa bir məqalənin mövzusu olduğundan biz burada yalnız həmin niyyətin tərkib hissəsi olan və uzun illər boyu Möcüzün adına qara bir ləkə kimi düşüb qalan, nəinki təkcə Q.Məmmədli nəşrlərində, hətta müxtəlif antologiya, müntəxəbat və dövri mətbuat orqanlarında dönə-dönə oxuculara Möcüzün ən dəyərli əsəri kimi təqdim olunan, əslində isə Möcüz qələminə heç bir dəxli olmayan "Lenin" adlandırılmış bir şeir haqqında söz açmaq istəyirik.

Bu şeirin Möcüz qələminin məhsulu olmaması haqqındakı məlumatı biz hələ sovet dövründə - keçən əsrin 70-ci illərində Bakıda əslən cənubi azərbaycanlı, filologiya elmləri namizədi mərhum Əbülfəz Hüseyninin, Sovet İttifaqının süqutundan sonra isə İranda məşhur möcüzşünaslar M.T.Zehtabi, Y.Şeyda və M.Niqabinin dilindən dəfələrlə eşitmişdik. Hətta Ə.Hüseyni şəxsən bizə demişdi ki, "Lenin" şeirini o vaxt Azərbaycan Dövlət Universitetinin professoru Mübariz Əlizadə qələmə almış və Möcüzün şeiri kimi oxuculara təqdim etmişdi. 2000-ci ildə isə M.Niqabinin Naxçıvan Dövlət Universitetinin əməkdaşı Seyid Surəyə yazdığı məktubunda bu məlumatın doğruluğunu göstərən və tədqiqat üçün son dərəcədə əhəmiyyətli olan bir fakta rast gəldik: "Mübariz Əlizadə Qulamrza Budaqiyə (Cənubi Azərbaycan ziyalısıdır - F.X.) etiraf etmiş ki, "Lenin" şeiri və "Naxçıvan şurası" Möcüzün yox, bəlkə mənim qələmimdən axmışdır".

Əlimizdə M.Əlizadənin bu etirafını təsdiq edən kifayət qədər əsaslar vardır və artıq vaxtı çatıb ki, bu əsaslara söykənərək həqiqətin nədən ibarət olduğunu ortaya çıxaraq. Məsələyə aydınlıq gətirmək üçün lap əvvəldən - həmin şeirin meydana çıxması və yayılması tarixçəsini xronoloji ardıcıllıqla izləməkdən başlayaq.

10 sentyabr 1945-ci il. "Azərbaycan gəncləri" qəzetində M.Əlizadənin "Cənubi Azərbaycan şairi Möcüz Şəbüstəri" adlı məqaləsi dərc olunur. M.Əlizadə məqalədə Möcüzü "ölməz dahinin (V.İ.Lenin nəzərdə tutulur - F.X.) məddahı" adlandırır, "sosialist inqilabımızın məziyyətlərini Möcüz qədər dərindən dərk edən və onun qədər səmimi bir qələmlə tərənnümə çalışan başqa bir şairin o zamankı İranda olmadığını" iddia edir. Müəllif bu iddiasının təsdiqi üçün "Tutaq Lenin ətəyindən, ona pənah aparaq" misrası ilə başlayan 4 misralıq şeiri bütövlükdə nümunə göstərir:

 

Tutaq Lenin ətəyindən,

ona pənah aparaq,

Zəmanəmizdəki

həllali-müşkülat odur!

Həmişə mədh-sənasini vird qıl,

 Möcüz,

Fəqirə qeydi-sitəmdən verən

nicat odur!

 

Beləliklə, sonralar Q.Məmmədlinin "Lenin" adlandırdığı şeir ilk dəfə olaraq meydana çıxır.

25 noyabr 1945-ci il. Möcüz haqqındakı ilk məqaləsindən iki ay 15 gün sonra "Ədəbiyyat qəzeti"ndə M.Əlizadənin "İran Azərbaycanının şairi Möcüz Şəbüstəri" adlı ikinci məqaləsi dərc olunur.

Bu dəfə müəllif daha irəli gedərək Möcüzün "Lenin bayrağı - azadlıq bayrağı"nın qarşısında diz çökməsi"ndən, "zəhmətkeş bəşəriyyətin böyük rəhbəri və müəllimi Lenin haqqında saf duyğularını tərənnüm edən nəğmə" yazmasından - dırnaq içərisində verdiyimiz dəbdəbəli və təmtəraqlı ibarələrlə - söz açır, "Lenin" adlandırılmış şeiri nümunə göstərir. Hətta bu şeirin yazılma tarixini 1918-1919-cu illərə aparıb çıxarır.

1948-ci ildə Q.Məmmədli həmin şeiri "Lenin" adlandıraraq şairin həmin ilin 29 aprelində çapa imzalanan və həmin ilin avqustunadək Bakıda nəşr olunan ilk kitabına daxil edir  və məhz bundan sonra haqqında bəhs etdiyimiz şeir Möcüzün əsəri kimi məşhurlaşır. "Lenin" şeirinin meydana çıxması və Möcüzün Bakıda çap olunan ilk kitabına daxil edilməsinin qısa - 3 illik tarixçəsi bundan ibarətdir.

İndi sual olunur: Əgər bu şeir həqiqətən Möcüzündürsə, onda:

1. Nə üçün şairin 1945-ci ildə Təbrizdə buraxılan ilk kitabına daxil edilməmiş, yaxud digər şeirləri kimi M.Əlizadənin təqdimindən əvvəl Təbrizdə çıxan "Vətən yolunda" qəzetində və "Şəfəq" jurnalında dərc etdirməmişdi?

2. Nə üçün Q.Məmmədli Möcüzün ilk kitabına yazdığı müqəddimədə həmin şeir haqqında bir kəlmə də məlumat verməmişdi? Axı bu müqəddimədə Möcüzün Leninə münasibətindən bəhs edərkən belə bir fakt ona hava və su kimi lazım idi!

3. Nə üçün Möcüzün tanınmış tədqiqatçılarından biri olan professor Cəfər Xəndan 1946-cı ildə "Vətən yolunda" qəzetində dərc etdirdiyi "Lenin İran Azərbaycanı şeirində" adlı məqaləsində Möcüzün Leninə münasibətindən bəhs edərkən "Lenin" şeirindən söz açmamışdı? Maraqlı burasıdır ki, C.Xəndanın arxivindən tapılaraq 1970-ci ildə "Ulduz" jurnalında dərc etdirilən həmin məqalənin təkmilləşdirilmiş variantında "Lenin" şeirinin misraları da nümunə göstərilir. Bu artıq o vaxt idi ki, M.Əlizadənin qoşduğu "Lenin" şeiri şairin əsərlərinin 1948 və 1954-cü nəşrlərinə daxil edilmişdi.

"Lenin" şeirinin mətni əlyazma şəklində S.Mümtaz adına Azərbaycan Respublikası Ədəbiyyat və İncəsənət Arxivində Möcüzün 454 nömrəli fondunda saxlanılır. Lakin bu əlyazma Möcüzün yox, Q.Məmmədlinin xətti ilədir. Maraqlıdır, görəsən, Q.Məmmədli bu şeirin üzünü hansı mənbədən köçürüb? Bəlkə, Təbrizdə əldə etdiyi şairin avtoqrafından? Axı, 1942-1945-ci illərdə Təbrizdə H.M.Naxçıvani və Möcüzün digər dostlarından aldığı avtoqraflarından üzünü köçürməsini Q.Məmmədli dəfələrlə etiraf etmişdi. Faktlar göstərir ki, yox! Q.Məmmədli Təbrizdə olarkən həmin şeiri nə görmüş, nə də üzünü köçürmüşdü. Əgər, doğrudan da, Təbrizdə bu şeir ona bəlli olsaydı, onda nə üçün sovet dövründə çox dəyərli hesab edilən həmin "nəğmə"ni M.Əlizadədən əvvəl heç yerdə çap etdirməmişdi? Güman edilə bilər ki, bəlkə, Q.Məmmədli Şimali Azərbaycana qayıtdıqdan sonra bu şeiri tapmışdı? Yox, bu da inandırıcı deyil. Çünki belə bir iş olsaydı, ədəbiyyat və mədəniyyət tariximizə aid hər hansı bir kiçik fakta belə rast gələndə onu sensasiya kimi mətbuata ötürən Q.Məmmədli susmaz və belə bir "qiymətli tapıntı" haqqında oxuculara məlumat verərdi.

Beləliklə, heç bir şübhə yeri qalmadan razılaşmaq lazım gəlir ki, Q.Məmmədli "Lenin" adlandırdığı şeirin üzünü M.Əlizadənin Möcüz haqqındakı ilk məqaləsindən köçürmüş, sonra onu şairin əsərlərinin Bakı nəşrlərinə daxil etmişdi.

Nəhayət, bu məsələ ilə bağlı nəticə olaraq belə qənaətə gəlmək olar:

Sovet dövləti və onun banisi V.İ.Leninin "müqəddəsliyi", "əzəməti" və "qüdrətini" göstərmək məqsədilə əslən Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan M.Əlizadə Şəbüstər ləhcəsinə az-çox bələd olduğu üçün "Tutaq Lenin ətəyindən ona pənah aparaq" misrası ilə başlayan şeiri Möcüzün dilinə və üslubuna oxşar şəkildə yazmağa nail olub və 1945-ci ildə onu mətbuatda Möcüzün şeiri kimi oxuculara təqdim edib.

Əlinə göydəndüşmə bir töhfə kimi çatan bu şeiri Q.Məmmədli "Lenin" adlandıraraq Möcüzün kitablarına daxil edib ki, bu da, şübhəsiz, onun Möcüzü kommunistləşdirmək niyyətindən irəli gəlib. Vəssalam.

Axı, 850 il bundan əvvəl yaşayan böyük Azərbaycan şairi N.Gəncəvi haqqında məşhur sovet şərqşünası Y.E.Bertels (M.Ə.Rəsulzadənin də ironiya ilə xatırlatdığı!) "zəmanəmizdə yaşamış olsaydı, Nizami bizimlə (yəni bolşeviklərlə) birgə olardı" hökmünü verirsə, 1924-cü ildən bolşevik partiyasının üzvü olan və əməlli-başlı təhsil görməyən Q.Məmmədlinin sovet diktaturası illərində həyatda olan və lap yaxında - qonşu İranda yaşayan Möcüzü "kommunistləşdirməsində" təəccüblü nə var ki?!

 

Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə elmlər doktoru

525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.23.