Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ledi Hamiltonla məhəbbət tarixçəsi

Horatsio Nelson görkəmli admiral olmaqla yanaşı, həm də ledi Hamiltonla yaşadığı eşq  macərasına görə də pərəstişkarlarına yaxşı tanışdır. Bu sevgi yeddi il davam etsə də, böyük qəhrəmanın həyatına özünə məxsus naxış vurması ilə seçilir.

Sonralar ser Uilyam Hamiltona ərə getdiyinə görə ledi Hamilton kimi tanınan bu qız, doğulanda Emi Lion adlanmış, sonralar Emma Harta çevrilmiş, ərinə görə isə qeyd olunan titula yiyələnmişdi. O, model, rəqqasə və aktrisa olmuşdu. 15 yaşından bir sıra varlı adamların, axırda isə lord Nelsonun məşuqəsi olmuşdu.

 1791-ci ildə, 26 yaşlı Emma  Britaniyanın Neapol krallığındakı səfiri, ser Uilyam Hamiltona ərə getdikdən sonra, Fransa kraliçası Mariya Antuanettanın bacısı, Neapol kralının kraliçası Mariya Karolinanın yaxın rəfiqəsi olmuşdur.

Ser Uilyam 55 yaşında dul qalmışdı, bu vaxt Emma isə məşhur gözəl idi. O, 21 yaşlı Emmaya vurulmuş və onlar Neapola gəlmişdilər. Müvəqqəti məşuqəsi kimi qızı o, evinə gətirdi. Beş il sonra, 1791-ci ildə onlar Parisdə evləndilər.

Emmanın vulqar geyimləri var idi, o, fiqurasını gah Medeyaya (Yevripidin məşhur pyesinin qəhrəmanı, qədim yunan mifologiyasında arqonavtların başçısı Yasona "Qızıl yunu" ələ keçirməkdə kömək edən Kolxiada çarının qızı, vurulduğuna görə Yasonla birlikdə Yunanıstana gedən və onun arvadı olan, lakin ərinin sədaqətsizliyinə görə ondan ağır intiqam alan qız), gah Kleopatraya  (söhbət sonuncu Misir çariçası VII Kleopatradan gedir, o, iki Roma sərkərdəsinin məşuqəsi olmuş, Antoni ilə gur eşq macərası yaşamış, onun rəqibi Aleksandriyanı işğal etdikdə, romalılara alçalmamaq üçün özünü intihar edən və tarixdə qızğın məhəbbət simvoluna çevrilmiş qadın) oxşadırdı.

Altı il bundan əvvəl evlənmiş və əlavə qüvvə toplamaq üçün 1793-cü ildə Neapola gəlmiş Horatsio Nelsonla Emma görüşdü. Və bu gözəl məxluqa qarşı sərkərdə heç də biganə qalmadı. Lakin görüş qısa oldu, beş gün sonra Nelson Sardiniyaya yollandı. Emma isə ərinin steril olması ucbatından dörd il ərzində doğmamışdı, gözəlliyini qoruyub, saxlamışdı.

 Beş il sonra, 1798-ci ilin oktyabrında ledi Hamilton, yenidən Neapola gələn Horatsio Nelsonla görüşdü, o, artıq Abukir döyüşündə qalib gəlmiş, yaşayan əfsanəyə çevrilmişdi. O, bir əlini və dişlərinin çoxunu itirmişdi. Məktubunda Emmaya heyran olduğunu etiraf etmişdi. Emma səfir əri ilə onu limanda qarşılayıb, öz evlərinə kimi müşayiət etdilər.

Emma burada, ərinin otağından aşağıda Nelsona qulluq edirdi və 1800 nəfər qonağın iştirak etdiyi ziyafət təşkil etdi. O, tezliklə Nelsonla sevişdi və bu qızğın eşq macərası başlandı. Şayiə bütün Neapola yayıldı və xəbər ingilis qəzetlərinə çatdı.

Neapolda inqilab başlananda kral və kraliça Sardiniyaya qaçdı. Nelson inqilabı yatırtmağa kömək etmək istəyirdi. Hətta inqilab liderlərindən biri edam edilmişdi. Emma özü də inqilaba son qoymaqda mühüm roı oynadı.

U.Hamilton Neapoldakı vəzifəsindən istefa verdi. 1800-cü ilin aprelində Emma artıq Nelsondan hamilə idi, bu vaxt o, əri ilə birlikdə Londona gəldi. Nelsonun arvadı Fanni Emmanın hamiləliyini eşidib, çox pis oldu. Nelson da arvadı ilə qəddarcasına davranırdı. Bu vaxt o, vitse-admiral rütbəsi almışdı. Sevgililər məktub mübadiləsi ilə əlaqə saxlayırdılar.

1801-ci ilin yanvarında Emmanın Nelsondan qızı oldu, bir ay sonra Nelson Londona gəlib, qızını gördü. Üç il sonra Emmanın əri U.Hamilton öldü. 1804-cü ildə onun doğduğu yeni uşaq da altı həftə sonra öldü. Emma qumar oynayır, çox içirdi, səhhəti korlanmışdı.

1804-cü ildə bir neçə varlı adam ona nikah təklifi etdi, lakin qadın Nelsonu sevdiyinə görə onları rədd etdi. Horatsia adlanan qızı beş yaşında onunla Mertonda yaşadı. Avqust ayında Nelson İngiltərəyə gəldi, kraldan xahiş etsin ki, Emmaya maddi yardım göstərilsin və qızı Horatsia gələcəkdə yalnız Horatsia Nelson kimi adlandırılsın.

21 oktyabr 1805-ci ildə Nelson Trafalqar döyüşündə fransız-ispan birləşmiş donanması üzərində parlaq qələbə çaldı. Döyüş vaxtı Nelson ciddi yaralanmışdı və üç saat sonra öldü. Emma xəbəri eşitdikdə, kədər içərisində bir neçə həftəni yataqda keçirdi. Nelson millətdən xahiş etmişdi ki, Horatsiaya qayğı göstərsin. Dövlət qəhrəman admiralın matəminə böyük xərc çəkdi.

Üç il ərzində Emmanın 15 min funt məbləğində borcu əmələ gəldi. 1811-1812-ci illərdə o, vaxtının çoxunu rəsmi borc dustaqxanasında keçirdi. Hətta özünü öldürmək istəmişdi. 1815-ci ildə Emma 49 yaşında öldü.

Horatsia 14 yaşında Duvra gəldi. Sora o, ərə getdi, 10 uşağı oldu. İlk oğlunu Horatsio Nelson, bir qızını isə Emma Hamilton adlandırmışdı.

Ledi Hamiltonla əlaqədar Londonda bir gülməli hadisə də baş vermişdi. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatında SSRİ yığma komandası şərəfinə yüksək səviyyədə qəbul düzəldilmişdi.  Ziyafətdə tost demək məşhur qapıçı Lev Yaşinə həvalə edilmişdi. O, çıxışını "Ladies and Hamilton" sözləri ilə başlayanda, ingilisləri gülmək tutdu. Yaşin ingilis dilini bildiyini göstərmək istəmiş, "gentlemen" sözü əvəzinə "Hamilton" kəlməsini işlətmişdi. Səfərdən əvvəl o, "Ledi Hamilton" filminə baxmış və şüurunda bu ad qalmışdı. Çıxışın belə başlanğıcı məclisdə çaşqınlıq yaratdı, lakin məşhur futbolçu olmağı Yaşini biabırçılıqdan xilas etdi.   

 

III Napoleon

 

(1808-1873-cü illər)

 

1870-ci ilin yayında Fransa ilə Prussiya arasında mürəkkəb vəziyyət yarandı. Bundan istifadə edib, ətrafı III Napoleonu müharibəyə hazırlayırdılar, onu inandırırdılar ki, ispan taxt-tacı məsələsində Prussiya güzəştə getməli olduğundan, Fransa ona başqa məsələləri də diktə edə bilər. Onlar III Napoleonu, Fransanın güclü hərbi qüdrətə malik olduğuna əmin etdilər. İmperator müharibədəki qələbə ilə, siyasətindəki bütün səhvləri malalamaq istəyirdi və bu yolla işlər müharibə başlanmasına gətirib çıxardı.

Onun daxili siyasətindən narazılıq da çox idi. Ona qarşı sui-qəsd halı da olmuşdu. Arvadı Yevgeniya ilə imperator teatrda tamaşaya baxarkən, orada bomba partladılmışdı, onlara ziyan dəyməsə də, 8 nəfər ölmüş, 150 nəfər yaralanmışdı. Bu hadisə ona qarşı olan nifrətdən xəbər verirdi.

İspan taxt-tacı məsələsində Prussiyanın güzəştə getməsi isə kraliça İzabellanın inqilab nəticəsində İspaniya hökmranlığından devrilməsindən sonra baş vermişdi. Bu vaxt boş qalan kürsüyə Prussiyanın Hohentsollern kralına uzaq qohum olan şahzadə II Leopoldun namizədliyi təklif edildi. Bismark bu cəhətə görə həmin variantı bəyəndi. Lakin Fransa bu təklifin əleyhinə çıxdı. II Leopold İspaniya taxt-tacına yerləşdirildi. Bu vaxt Fransa virtual qaydada Hohentsollern sülaləsi ilə əhatə olunacaqdı. Fransızların şahzadə II Leopoldun taxt-taca yiyələnməsinə zidd çıxması kayzer I Vilhelmə əsas verdi ki, qohumunu, öz namizədliyindən geri çəkilməyə məcbur etsin. Bismark isə kralın hərəkətindən narazı qalmışdı. Diplomatik qələbə çalındığından, fransızlar I Vilhelmə sadəcə təklif etdilər ki, Fransadan formal qaydada üzr istəsin və vəd etsin ki, heç vaxt bir də Leopoldun namizədliyinin baş tutmasına razı olmayacaqdır.

Kansler Bismark kraldan teleqramı alıb, onu fransız tələbi kimi formalaşdırdı və mətbuatda nəşr etdirdi. Burada həmin təklif təhqir kimi üzə çıxdı. O, yaxşı bilirdi ki, fransızlar hiddətlənib, müharibə elan edəcəklər. Fransızlar, həqiqətən, Bismarkın gözlədiyi kimi reaksiya verdilər və Prussiyaya 15 iyul 1870-ci ildə müharibə elan etdilər. Fransız Baş naziri bununla əlaqədar qeyd etmişdi ki, "Biz müharibəyə təmiz ürəklə gedirik".

Bədbəxtlikdən, fransızların "təmiz ürəyi" heç də vuruşmaq üçün kifayət deyildi. Onlar yaxşı döyüşə bilmədiklərini göstərdilər. Prussiyalıların isə əksəriyyəti yaxşı təşkil olunmuşdu. Cənubi alman dövlətləri Prussiya ilə hərbi alyansına da vicdanla əməl edərək, öz müharibə cəhdlərini Fransa əleyhinə yönəltdilər.

2 sentyabr 1870-ci ildə Sedanda bütün fransız ordusu və III Napoleonun özü əsir götürüldü. İkinci fransız imperiyası birincinin taleyini təkrar edərək, süqut etdi. Lakin müharibə hələ başa çatmamışdı. Dörd aylıq ağır müqavimətdən sonra Paris 28 yanvar 1871-ci ildə işğal edildi və rəsmi sülh müqaviləsi yalnız 3 mayda bağlandı.

Fransa 5 milyard frank məbləğində təzminat ödəməli idi, Elzas və Lotaringiya əyalətləri yeni birləşmiş Almaniya dövlətinə keçməli oldu. Ərazi itkisi fransızları qəzəbləndirdi və onlar intiqam almaq alovu ilə yanırdılar.

Müharibə başa çatdıqdan sonra hətta Cənubi Alman dövlətləri Şimali Alman Konfederasiyasına girməyə razılıq verdilər. 18 yanvar 1871-ci ildə XIV Luinin Versal sarayının Güzgülü salonunda sarayın istifadəyə verilməsindən hələ iki əsr keçməmişdi, I Vilhelm tacın yanında dayanıb, II Alman imperiyasının (birinci Orta əsrlərdəki Müqəddəs Roma imperiyası hesab olunurdu)   kayzeri və ya imperatoru elan edildi. Bismark isə bu vaxt yeni birləşmiş dövlətin kansleri oldu.

Almaniya birliyinə Prussiya monarxiyası və Prussiya ordusu tərəfindən nail olundu. Fransızların ağır məğlubiyyətində isə Bismarkın Realpolitic-indən irəli gələn provokasiyası mühüm rol oynamışdı. Real düşüncədə Almaniya Prussiyanın tərkibində meydana gəldi, Prussiya heç də Almaniyanın daxilində deyildi. Alman liberalları da sevinirdilər. Onlar birliyi və azadlığı çox arzulayırdılar. Lakin birliyə nail olmaq bu vaxt daha əhəmiyyətli bir məsələ kimi görünürdü.

III Napoleon iddialı adam idi, ambisiyalarında əmisi I Napoleona bənzəmək istəyirdi, lakin ona istedadı və imkanları çatmırdı. Dahi Viktor Hüqo nifrətlə yanaşdığına görə onu "Xırda Napoleon" adlandırmışdı. O, xarici siyasətdə avantürizmə yol verirdi. Ordusunun köməyi ilə Maksimilianı Meksikanın prezidenti etmişdi. Ordu təzyiqə davam gətirməyib, Meksikanı tərk etdikdən sonra müdafiəsiz qalan prezident istefa verməyə məcbur edildi, həbs edilib, 1867-ci ildə güllələndi.

Prussiya ilə müharibənin təşəbbüsçüsü III Napoleon özü idi, guya qələbəsi ilə siyasətində buraxdığı səhvləri ört-basdır edəcəkdi. Müharibə ölkədə dövlət və ictimai quruluşun möhkəm olmadığını aşkara çıxardı, bunu isə onun öz siyasəti yaratmışdı. Ordusu hücum etməyə qadir olmadığından, Prussiya ordusunun və onun müttəfiqlərinin Fransaya müdaxiləsinə mane ola bilmədi. Fransa bir-birinin ardınca məğlub olurdu. Sedan ətrafındakı döyüş III Napoleonun özünü təslim olmağa məcbur etdi. Özünün dediyinə görə, ölümü tapmaq ona müvəffəq olmamışdı.

İmperator əsir götürüldükdən bir gün sonra onun hökumətini yıxan Sentyabr inqilabı baş verdi. Sülh müqaviləsi bağlandıqdan sonra azad olan III Napoleon İngiltərəyə getdi. Özünün devrilməsinə etirazını bildirirdi. Fransızlar isə onu Sedandakı məğlubiyyətə görə "biabırçı təslim olmaqda" ittiham edirdi.

Digər böyük iradə gücünə malik olan şəxsiyyətlərdən fərqli olaraq, III Napoleon hətta alçalmaq yoluna düşüb, düşmənin köməyi ilə imperatorluğa bərpa olunmaq istəyirdi. Hələ əsir ikən Bismarka memorandum ünvanladı ki, sülh müqaviləsindən sonra Prussiya kralı fransız xalqını məcbur etsin ki, onu imperator adlandırsınlar. Bismark isə imperatoru taxt-taca bərpa etmək niyyətində deyildi, xalq isə Napoleonu düşmənin marionetkası hesab edirdi. III Napoleon siyasi traktatlar və məktublar yazmaqda davam etdi və yenidən hakimiyyətə qayıtmağı arzulayırdı. Nəhayət, onun İngiltərəyə sürgün edilməsinə qərar verildi və 1871-ci ilin martında şimaldakı qonşu ölkəyə gəldi.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.22.