Birinci olmağın sevinci və ağrısı  

 

 

Çağdaş ədəbi-nəzəri fikir tariximizdə məxsusi yeri olan Nizaməddin Şəmsizadə haqda söz deyən, bu nüfuzlu ədəbiyyatşünas və azərbaycanşünasın yaradıcılığı ilə bağlı tarixi yazılar yazan fikir adamı az olmayıb: Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Bəkir Nəbiyev, Kamal Talıbzadə, Yaşar Qarayev, Elçin Əfəndiyev, Vilayət Quliyev, Nizami Cəfərov, Şirindil Alışanlı, Rəhim Əliyev, Şamil Vəliyev... Bu siyahını uzatmağa ehtiyac görməyib bizə (Nizaməddinə, rəhmətlik Vəli Nəbiyevə, mənə) universitetdə tənqid kursundan dərs demiş Bəkir Nəbiyevin sözlərini yada salıram: "Görkəmli alim və müəllim, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə ömrü, taleyi və əməlləri ilə iki əsrin, iki minilliyin üzərindən körpü salmış istedadlı və məhsuldar həmkarlarımdan biridir". Oxucuya təəccüblü gələr-gəlməz, bilmirəm, amma mən Nizaməddin Şəmsizadə barədə onun (Nizaməddinin) öz sözlərini də xatırlatmaq istəyirəm. O, Nizami Cəfərovla özünü nəzərdə tutaraq deyir: "30 ildən artıqdır ki, biz Azərbaycan filoloji fikrini çəkib aparır... milli-nəzəri fikrə rəhbərlik edirik... ədəbi-nəzəri, ictimai-fəlsəfi baxımdan ömrümüzün əhatə etdiyi dövr bizim epoxamızdır, vaxt gələcək, o, bizim adımızla adlandırılacaq". Nizaməddin Şəmsizadə ilə şəxsi tanışlığı və ünsiyyəti olmayan oxucu bu sözlərə görə gərək onu qeyri-təvazökarlıqda qınamağa tələsməsin, onun bir qələm sahibi kimi ömür yoluna, xarakterinə daha yaxından bələd olmağa çalışsın. Yaxından tanışlıq oxucuda əminlik yaradar ki, Nizaməddin Şəmsizadə ədəbiyyatda, ictimai fikirdə, ədəbi-mədəni mühitimiz və sosial-siyasi həyatımızda gördüyü müsbət və mənfi meylləri dilə gətirib analitik təhlil süzgəcindən keçirdiyi kimi, öz həyatı, xarakteri, xarakterinin güclü və zəif tərəfləri barədə də açıq danışmaq nümunəsi göstərir. Boğazdan yuxarı danışmağın tüğyan elədiyi bir mühitdə özü haqda etiraf tərzində söhbət açmaq tək-tük ədəbiyyatşünasın işidir. Nizaməddin Şəmsizadə o baxımdan bizim barmaqla sayılacaq qədər az sayda ədəbiyyatşünas-tənqidçilərimizdən biridir. Nizaməddin Şəmsizadə o ədəbiyyatşünas-tənqidçilərdəndir ki, ədəbi-nəzəri fakt, onun nəzərində, yalnız ictimai fikri araşdırmağın yox, həm də özünü, öz şəxsi-subyektiv dünyanı ifadə etməyin bir vasitəsidir. Azərbaycan ədəbiyyatşünaslığının mərhələlərini və konsepsiyalarını sistemli şəkildə öyrənib ortaya qoyanda da, çağdaş tənqidimizin inkişaf istiqamətlərini üzə çıxaranda da, həmin tədqiqatlar əsasında azərbaycançılıq ideologiyasının nəzəri-fəlsəfi dərinliklərinə baş vuranda da, Nəsimidən, Füzulidən, Müşfiqdən, İlyas Əfəndiyevdən, Əli Kərimdən, Ramiz Rövşəndən yazanda da Nizaməddin Şəmsizadə öz portretini yaratmağı, hər yazıda bu portretə yeni ştrixlər artırmağı diqqət mərkəzində saxlayır. Kiminsə xətrinə və yaxud amansız gün-güzəran qayğıları ucbatından könülsüz yazdıqlarında avtoportretin təhrif olunduğunu görəndə Nizaməddin janrı dəyişməli, bioqrafik publisistikaya keçib özü barədə dolayı yox, birbaşa danışmalı olur və nəticədə "Mən kiməm" adlı maraqlı bir kitab - Nizaməddinnamə meydana çıxır. O kitaba bu yazıda yeri gəldikcə üz tutmaq lazım gələcək. Amma Nizaməddin Şəmsizadənin şəxsiyyətindən və ədəbi taleyindən söhbət açmaq istədiyim bu yazıda əvvəl-əvvəl öz müşahidələrimi xatırlatmaq, dostumuzun bir qələm əhli kimi atdığı addımlarla mənim müşahidələrim arasında bağlılığın nə dərəcədə olmasını aydınlaşdırmaq istəyirəm.

Universitet illərində Nizaməddin Şəmsizadə (onda soyadı Babayev idi) tələbə yoldaşlarından nə ilə seçilirdi? Səliqəli geyim-kecimi, ünsiyyətcilliyi, natiqliyi, ən başlıcası isə sərbəst davranışı ilə. Üç qrupdan, yetmiş beş nəfərlik bir "potok"dan ibarət olan auditoriyada müəllimin suallarına aydın nitqlə cavab vermək daxili sərbəstlikdən daha çox asılı idi. Bizim çoxumuz kimi kənd uşağı olan Nizaməddin bizim çoxumuzdan fərqli olaraq aşağılıq kompleksini daxilən boğa bilir, "auditoriyada mən heç kimdən kəm deyiləm" iddiası ilə fikrini səlis şəkildə çatdıra bilirdi. Qruplarımız ayrı olsa da, könüllü seçdiyimiz tənqid kursunda bir yerdə olmağımız Nizaməddini daha yaxından müşahidə etmək imkanı yaratmışdı. Xatırladım ki, tənqid kursundan bizə Bəkir Nəbiyevdən başqa ayrı-ayrı vaxtlarda Mehdi Məmmədov və Qulu Xəlilov da dərs demişdi. Bu müəllimlər içində Qulu Xəlilov mübahisələrə, hər hansı ədəbi əsər haqda sərbəst fikir yürütməyə daha çox meydan verirdi. Qulu müəllim "Azərbaycan" və "Ulduz" jurnallarında təzəcə çapdan çıxmış və az-çox diqqəti cəlb etmiş povest və romanları dərsdə müzakirəyə çıxarırdı. Müzakirə zamanı mübahisə yalnız tələbələr arasında yox, həm də tələbələrlə müəllim (Qulu Xəlilov) arasında başlayır, gərgin və maraqlı məcraya yönəlirdi. Qulu müəllimin yaratdığı bu cür sağlam dərs ab-havasında Nizaməddinin qabarıq hiss olunan cəhəti povest və romanların ideya yükünə, müəllifin çatdırmaq istədiyi həyat həqiqətlərinin dərinliklərinə varmaq bacarığındaydı. Bəkir Nəbiyev, Mehdi Məmmədov və Qulu Xəlilovun dərsdə yüksək qiymətləndirdiyi bu bacarıqdan kafedra müdiri Abbas Zamanov da xəbər tutdu (Xatırladım ki, tənqiddən xüsusi kurs Abbas müəllimin başçılıq etdiyi Azərbaycan sovet ədəbiyyatı kafedrasının fənləri sırasında idi). Abbas müəllim Nizaməddinin ayıq-sayıqlığını və mühakimə qabiliyyətini nəzərə alıb ona "Əli Nazimin ədəbi görüşləri" mövzusunda diplom işi təsdiq etdi. Abbas müəllimin bir elmi rəhbər kimi verdiyi məsləhətlər və repressiya dövrünə aid naməlum sənədlər əsasında Nizaməddin sanballı bir diplom işi yazdı. Tələbəsinin elmi səriştəsinə və qorxunc tarixi faktların üstünə cəsarətlə getmək hünərinə əmin olub Abbas müəllim "Ədəbiyyat və incəsənət" qəzetində Nizaməddin (və başqa tələbə yoldaşımız - Vəli Nəbiyev) haqda xeyir-dua səciyyəli məqalə çap etdirdi. Əli Nazimin ədəbi-nəzəri görüşlərinə həsr edilən diplom işi Nizaməddinin ədəbi taleyində həlledici rol oynadı və onun elmi fəaliyyətində bəri başdan iki mühüm istiqamətin təməlini qoydu: 1) ayrı-ayrı şəxsiyyətləri təqib və təzyiqlərə məruz qoymuş ictimai-siyasi mühitin analitik təhlil süzgəcindən keçirilməsi; 2) uzaq tarixə söykənən çağdaş ədəbi-nəzəri fikrin ən aparıcı meyllərinin sistemləşdirilib üzə çıxarılması. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdin Tağıyev, Əli Nazim, Bəkir Çobanzadə, Əmin Abid, Hüseyn Cavid, Mikayıl Müşfiq və başqa şəxsiyyətlərdən yazarkən həmin şəxsiyyətlərin faciələrlə üzləşdiyi tarixi mərhələlərin siyasi mahiyyətini açmaq, siyasi proseslərin milli mədəniyyətdəki rolunu müəyyənləşdirmək Nizaməddin Şəmsizadənin qarşıya qoyub həll etdiyi mühüm məsələlər sırasındadır. Çağdaş ədəbi-nəzəri fikrin əsas mərhələləri və konsepsiyaları araşdırılarkən 1920-30-cu illər ədəbiyyatşünaslığına xüsusi diqqət yetirmək və o dövrün ədəbi tənqidini Əli Nazim, Əmin Abid, Bəkir Çobanzadə, Hənəfi Zeynallı kimi repressiya qurbanlarının yaradıcılığı timsalında izləmək belə təsəvvür yarada bilər ki, Nizaməddin Şəmsizadə təftiş yolu tutur və sovet ideologiyasının ədəbiyyata, bütövlükdə mədəniyyətə danılmaz zərər vurmasını tədqiqatın başlıca ideya istiqamətinə çevirir. Əlbəttə, Nizaməddin Şəmsizadənin məşhur "Azərbaycan ədəbiyyatşünaslığı" əsərində proletkultçuluğun və vulqar sosiologiyanın kəskin tənqid olunması var. Amma elmi dəlillər və inandırıcı mühakimələr əsasında ifadəsini tapan o tənqid marksist estetika və sosioloji ədəbiyyatşünaslığın mütərəqqi tərəflərini görməyə və açıq-aydın göstərməyə mane olmur. Nəzərə alsaq ki, həmin əsər ("Azərbaycan ədəbiyyatşünaslığı") müstəqilik dövründə müəllifin seçilmiş əsərlərinin birinci cildinə elə bir dəyişiklik aparılmadan daxil edilib, onda bir ədəbiyyatşünas-tənqidçi kimi Nizaməddin Şəmsizadə barədə təsəvvürümüz daha da dolğunlaşar. Yəni əmin olarıq ki, sovet dövrünün acı həqiqətlərini yerli-yataqlı  söyləməyi bacaran Nizaməddin Şəmsizadə müstəqillik dönəmindəki təftiş ab-havasına uyub sovet dövrünə yerli-yersiz daş atmaq kimi ucuz populizm yolunu tutmur. Bu yerdə Nizaməddinin ustad Məmməd Cəfər barədə dediyi bu sözlər yada düşür: "Lap bu günlərdə alim haqqında dərc olunmuş yazıların birində deyilir ki, indi, müstəqillik dövründə Məmməd Cəfərin əsərlərini yalnız müəyyən ixtisarlarla çap etmək mümkündür. Bu fikirlə qəti razılaşmaq olmaz...

Bir neçə məqaləsindəki formal sitat və tesizləri nəzərə almaqla deyə bilərik ki, Məmməd Cəfər heç vaxt totalitar ideologiyaya boyun əyməmiş, konyukturaya uyub əsər yazmamışdır". Əvvəla, bu sözlərin 2009-cu ildə - Məmməd Cəfər müəllimin 100 illik yubiley tədbirində deyildiyini vurğulamaq istəyirəm. Xatırlatmaq istəyirəm ki, Akademiyanın Rəyasət Heyətinin binasında - beş yüz nəfərlik böyük salonda keçirilən o tədbirdə əsas məruzəçi Nizaməddin Şəmsizadə idi. Heç bir kağıza-filana baxmadan parlaq bir nitqlə məruzə edən Nizaməddin Şəmsizadənin ustad tənqidçi-ədəbiyyatşünasla bağlı fikirlərindən biri məhz sovet ideologiyasına münasibət məsələsinə yönəlmişdi. Çünki həmin yubileyin keçirildiyi vaxt o məsələ çox aktual idi, yaradıcılığı sovet dövrünə düşmüş elm və mədəniyyət xadimlərindən kimi "vurmaq" lazım gəlirdisə, "ideologiyaya xidmət" silahı işə düşürdü. Bu kəmfürsətlikdən çox yaxşı xəbərdar olan Nizaməddin Şəmsizadə elm və sənət elitasının toplaşdığı mötəbər tədbirdə bir yandan Məmməd Cəfər müəllimin ucalığını auditoriyanın diqqətinə çatdırırdısa, o biri yandan da öz məramını bəyan etmiş olurdu. O məram sovet dövründə yazdıqlarının üstündə durmaq, onların elmi həqiqət olduğuna oxucunu inandırmaq məramı idi. Belə bir məramla yaşamağın bariz göstəricisidir ki, Nizaməddin Şəmsizadə sovet dövründə yazdığı "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasını müstəqillik dövründə çap etdirərkən Marks, Engels və Leninə istinadlardan tutmuş Sov. İKP-nin müxtəlif qərarlarına qədər ideoloji yönlü nə varsa büsbütün hamısını olduğu kimi saxlayıb oxucunun ixtiyarına verir. Çünki həm ideoloji, həm də qeyri-ideoloji istinadların hamısı müəllifin analitik təfəkkürünə tabe olur və qoyulmuş məsələlərin məğzini obyektiv şəkildə açmağa istiqamətlənir. Məlum olur ki, marksist estetikanı yerli-yersiz topa tutmaq dünyadan bixəbərlərin işidir. Ədəbiyyatı ictimai şüurun bir forması sayan və ədəbi prosesə tarixilik prinsipi ilə yanaşmağı ən mühüm bir tələb kimi irəli sürən marksist estetika Azərbaycan sovet ədəbiyyatşünaslığından qırmızı xətt kimi keçib. Birinci mərhələsində Əli Nazim, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, sonrakı mərhələlərində isə Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Yaşar Qarayev, Arif Hacıyev və başqa nüfuzlu alimlərin adı ilə təmsil olunan Azərbaycan sovet ədəbiyyatşünaslığı ilk növbədə marksist estetikanın bəhrəsi kimi təşəkkül tapıb. Bir vaxt Belinski (eləcə də digər inqilabçı-demokratlar) sənətkarın gücünü şəxsi iztirab və sevincdən daha çox ictimai-tarixi mahiyyət kəsb edən iztirab və sevincin ifadəsində axtardığı kimi, sovet ədəbiyyatşünaslığı da obyektiv sosial-tarixi gerçəkliklə bağlılığı olmayan subyektiv hiss-həyəcan aləmini bədii ədəbiyyatın əsas predmeti saymırdı. Danılmaz faktdır ki, estetik düşüncədəki bu istiqamət ədəbiyyatın gül-bülbül və mərsiyəçilik mərəzindən uzaqlaşıb, konkret tarixi şəraitin diktə etdiyi mövzulara geniş meydan verməsinə əsaslı təsir göstərdi. O başqa məsələ ki, Belinski, Gertsen, Çernışevski, Dobrolyubovda özünün yüksək səviyyəsinə çatan sosioloji yanaşma sosrealizmin ifrat sinfilik və partiyalılıq tələbləri ilə bayağılaşır və bu bayağılıq bədii əsərlərdə də öz ifadəsini tapırdı. Bayağılığın bariz nümunəsini Nizaməddin Şəmsizadə baş qəhrəman məsələsinə münasibətdə görür və həmin məsələni diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Nizaməddin Şəmsizadə "Baş qəhrəman necə olmalıdır?" sualına ədəbiyyatımızın bütün dövrləri üzrə cavab axtarır, "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasında geniş şərhini tapan baş qəhrəman problemi "Tənqidin ədəbi prosesdə rolu" monoqrafiyasının da ana xətlərindən birinə çevrilir. Sovet yazıçılarındakı baş qəhrəmanları qiymətləndirərkən Nizaməddin Şəmsizadənin başlıca meyarı belə olur: Baş qəhrəman "kollektiv" kommunist ideologiyasının məhsuludur, ya özünəməxsus yazıçı düşüncəsinin? Özünəməxsusluğu, fərdi üslub ortaya qoymağı yazıçı üçün son dərəcə vacib şərt sayan Nizaməddin Şəmsizadə baş qəhrəmanlara münasibətdə ədəbi tənqidi ideoloji sxemlərdən mümkün qədər uzaq olmağa səsləyir, sxem-şablon elementlərini ən nüfuzlu tənqidçilərin belə yazılarında görmək istəmir. Məsələn, Yaşar Qarayevin ("Biz Yaşar Qarayev idrakının üfüqlərindən enib gəlmişik", - deyib yaradıcılığına böyük ehtiram bəslədiyi bir tənqidçinin) "Peyğəmbər" və "Topal Teymur" kimi əsərlərə yanaşması Nizaməddin Şəmsizadəni o qədər də qane etmir, çünki bu yanaşmada siyasi sıxıntılar çəkmiş 20-30-cu illər ədəbi tənqidinin izləri ilə qarşılaşır. Məlumdur ki, 20-30-cu illər tənqidinin ən böyük sıxıntılarından biri proletkultçuluq təliminin təzyiqi altında dini dəyərləri inkar etməklə bağlı idi. Yaşar Qarayev, Cavidin "Peyğəmbər"indəki baş qəhrəmanı "dinlərə qarşı düşünülmüş bir obraz" adlandıranda Nizaməddin Şəmsizadə, təbii ki, 20-ci illərin stereotiplərindən çox da fərqlənməyən belə bir yanaşma ilə heç cür razılaşmır, təzad və dramatizmi obrazın (din yolunda çarpışan peyğəmbərin) gücsüzlüyü yox, gücü kimi qiymətləndirir. Proletkultçu yazıçıların məğlubedilməz və həmişəqalib qəhrəmanlarından fərqli olaraq Cavid qəhrəmanlarının daxili təzad və dramatizm baxımından diqqəti cəlb etməsi "Topal Teymur" tarixi dramının - kifayət qədər mübahisələr doğurmuş bir əsərin də təhlilində Nizaməddin Şəmsizadə üçün açar rolunu oynayır. Yaşar Qarayev həmin əsərdəki baş qəhrəmanı "tiranları ifşa üçün seçilmiş ən zalım və ən dahi tiran" adlandıranda Nizaməddin Şəmsizadə bu fikri də heç cür bölüşə bilmir. Nizaməddin Şəmsizadənin fikrincə, Əmir Teymur obrazı Cavidə "tiranı ifşa etmək"dən daha çox tiranın faciəsini əks etdirmək üçün lazımdır. Bu faciənin əsas göstəricilərindən biri qardaş qırğınına bais olmaqdır. Sultan Bəyazidlə vuruşub qardaş qanı tökdüyünə görədir ki, Əmir Teymur da Sultan Bəyazid kimi son nəticədə məğlub olan hökmdardır. Bəli, nə qədər böyük qüdrət sahibi olsa da, Əmir Teymuru "Topal Teymur" əsərində qalib qəhrəman gözündə görmək çətindir. Ona görə ki, Cavid 20-30-cu illərin tərəddüddən, daxili təbəddülat və sarsıntıdan büsbütün uzaq qəhrəmanlarını həm də sənətdən uzaq qəhrəmanlar sayırdı və öz əsərləri ilə fərqli bir yol gedirdi.

Mən bu yazının əvvəlində "Nizaməddin nədən yazırsa, birbaşa və ya dolayı şəkildə öz xarakterinin müəyyən cizgilərini də bizə xatırlatmış olur", - dedim. O məsələyə bir də qayıdıb bildirim ki, bir çox ədəbi qəhrəmanlardan, xüsusən də Nəsimi, Füzuli və Cavidin romantik obrazlarından bəhs edərkən Nizaməddin bir insan kimi öz xarakterini daha qabarıq büruzə verir. Əmir Teymurdan, eləcə də Türk tarixinin digər cahangirlərindən müxtəlif yazılarda şövqlə danışarkən Nizaməddin, psixoloqların dili ilə desək, öz Eqosunu büruzə vermirmi? Orta məktəbdə qızıl medal üstündə qırğına çıxan; ali məktəbdə mümkün vəzifələrin ən böyüyünü - tələbə elmi cəmiyyətinin sədri vəzifəsini tutan; 50-60 səhifəlik diplom işi əvəzinə 130 səhifəlik diplom işi yazmaqla tədris-təhsil standartlarından kənara çıxıb filfakın kefinə soğan doğrayan; başqa tələbələr müəllimlərdən çəkindiyi halda, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev kimi adlı-sanlı professorlarla dostluq münasibətləri qurmağı bacaran; yaşıdları içərisində hamıdan tez doktorluq dissertasiyası müdafiə edən; yaşıdlarından fərqli olaraq 50 və 60 illik yubileylərini Azərbaycan Dövlət Dram Teatrında təntənəli şəkildə qeyd edən Nizaməddin Şəmsizadə birinciliyə can atmırdımı və bu canatmada ulu babaların məğlubiyyət ağrıları ilə dolu fatehliyindən bir nişanə yoxdurmu? Suala "Əlbəttə, elədir!" - cavabını verib Nizaməddinin doktorluq müdafiəsinə toxunmaya bilmirəm. Nizaməddin doktorluq dissertasiyasını namizədlik (indiki anlamda fəlsəfə doktorluğu) müdafiəsindən cəmi dörd il sonra - 1986-cı ildə, Yaşar Qarayevin müdir olduğu Tənqid və ədəbi proses şöbəsində çalışdığı vaxt ortaya qoymuşdu. Amma bu müdafiə o vaxt baş tutmadı, çünki Nizaməddin filfakın böyük əzmlə qorunan standartlarından kənara çıxdığı kimi, Ədəbiyyat İnstitutunun da dəmir qaydalarını pozurdu. O qaydaların biri yaş həddini gözləmək idi. Ədəbiyyat İnstitutunda bizim ədəbi nəslin nümayəndələrindən (Qurban Bayramov, Vaqif Yusifli, Kamran Əliyev, Vilayət Quliyev, Teymur Kərimli, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Vəli Nəbioğlu... kimi cavanlardan) qabaqda yaşı qırxı çoxdan keçmiş, amma doktorluq dissertasiyasının adını belə çəkməyən başıaşağı elmlər namizədləri (fəlsəfə doktorları) vardı: Hüseyn İsrafilov, Nadir Məmmədov, Əflatun Məmmədov, Ağarəfi Zeynalov, Nadir Vəlixanlı, İslam Ağayev... Bu adamlar dura-dura Nizaməddinin qəfil meydana atılıb doktorluq iddiasına düşməsi Ədəbiyyat İnstitutunda əməlli-başlı çaşqınlıq yaratdı. Müdafiənin qarşısı "mədəni" şəkildə alındı. Və Nizaməddin 1986-cı ildən hər şeyi cağbacağ yerində olan doktorluq dissertasiyasını, axır ki, 90-cı ildə müdafiə edə bildi. Maneçilikdə başlıca səbəbin yaş həddi olduğunu göstərən başqa səciyyəvi fakt da odur ki, həmin vaxt doktorluq müdafiəsi edən Kamran Əliyevdən də Moskvaya başqa bir təşkilat yox, məhz Ədəbiyyat İnstitutu donos yazmışdı. Həmin donosun ucbatından Kamran Moskvaya getməli oldu, təsdiqini yalnız orda sorğu-sualdan keçəndən sonra ala bildi. Bu faktları xatırlatmaqda məqsədim birincilik fikrinə düşməyin ətrafda qısqanclıqla qarşılandığını vurğulamaq, özünə arxa bildiyi bəzi adamlardan Nizaməddinin üzüdönüklük görüb, sarsıntılar keçirdiyinə diqqəti yönəltməkdir.

Nizaməddin bir vaxt siyasətlə də məşğul olub. Əvvəl nüfuzlu bir partiyanın, sonra isə tanınmış ziyalıların elan etdiyi bir ictimai təşkilatın sayılıb-seçilən üzvü kimi fəaliyyət göstərib. Həm partiyada, həm də ictimai təşkilatda yaxın silahdaşlarından etibarsızlıq gördüyünə görə siyasətdən uzaqlaşıb. Bir az keçib, səhhəti ilə bağlı ciddi çətinliklər ortaya çıxıb və o, universitetdəki iş yeri ilə də vidalaşmaq məcburiyyəti qarşısında qalıb. Yaranmış vəziyyət, təbii ki, Nizaməddinin - həyatsevər dostumuzun əhvalına öz təsirini göstərib:

 

Keçəl Həmzə Qıratı

Koroğlunun əlindən

Aldadıb alan kimi

Məni məndən aldılar.

 

Bu misraları Nizaməddinin "Mən kiməm" adlı ömür kitabından götürmüşəm. O kitabda bu cür kədərli məqamlarla yanaşı, qəzəblə süslənmiş məqamlar da var: "...məni çevrələyən cəmiyyət mənə boy verə bilmir. Okean gəmisi gölməçədə üzə bilməz". Nizaməddinnamədəki kədərin və qəzəbin hardan gəldiyi bəllidir. Aydın məsələdir ki, Nizaməddin Şəmsizadə etibarsız dünyada qədir-qiymətinin layiqincə bilinməyəcəyindən nigarandır. Amma nigarançılığa, rəhmətlik Abbas Zamanovun sözləri ilə desəm, şikayətə heç bir əsas yoxdur. 70 yaşının tamam olduğu bir vaxtda Nizaməddin dostumuz qoy sufiyanə bir eşqlə insanı - üzündə ilahi nur gəzdirən bəşər övladını sevməkdə davam eləsin və bilsin ki, Nizaməddin Şəmsizadə adlı ədəbiyyatşünas və azərbaycanşünası tanıyanlar, onun sözünə dəyər verənlər sayca öz düşündüyündən qat-qat çoxdur.

 

10 oktyabr 2024-cü il

 

Muxtar KAZIMOĞLU

525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.20;21.