Psixologiyamızı pozan
"psixoloqlar"
Psixologiya, insan davranışlarının, insanın
mənəvi dünyasındakı təlatümünün altında
yatan səbəbləri analiz edən, araşdıran bir elm
sahəsidir. Yəni bu tərifi oxuyan hər bir insan psixologiya
elmindən mənəvi dünyası üçün bir
rahatlıq, sakitlik tapmaq umur. Yaşadığımız
dövr sürətli dəyişikliklər
dövrüdür. Rabitə, sosial quruluş və beynəlxalq
münasibətlərdə dünya miqyaslı çevik yenilənmələr
yaşayırıq. Eləcə də insana və kainata olan
baxış bucağımızda da bir dəyişiklik
içərisindəyik. Necə deyərlər, yenilənmənin,
dəyişmənin çarxı əsla dayanmır və bir
elm sahəsi olaraq, psixologiya da bu yeniliyə yaradıcı bir
şəkildə cavab vermək məcburiyyətindədir.
Müasir dövrün insanı həyatına ən
az bioloji xəstəliklər qədər təsir edən mənəvi
problemlər içərisindədir. Bu problemlər səbəbindən
psixoloji dəstək almaq istəyən, bu sahədə
mütəxəssis axtarışında olan çox sayda
insan var. İnsanların psixoterapiya mövzusunda ən
yaxşını araşdırmasının təməlində
bir çox əsaslı səbəb dayanır. Daha əvvəl
psixoterapiya dəstəyi alan insanların özlərinin və
yaxınlarının yaşadığı uğursuz terapiya
təcrübələri bu siyahının başındadır.
Yəni yaxşı psixoloq olmaq o qədər də asan deyil.
Başqa insanların problemlərini dinləyib onları
doğru istiqamətləndirmək olduqca çətin və
stresli bir işdir. Mütəxəssislər yaxşı
psixoloq olmaq üçün bu peşəyə yönələn
insanın əvvəl özünün psixoterapiya mərhələsindən
keçib şəxsi problemlərini həll etməli
olduğunu vurğulayırlar.
Psixoanalitik nəzəriyyəyə görə,
şüursuz proseslərin insanların karyera seçimində
böyük rolu var. Pixoloq olmaq istəyən bir çox
insanın "öz daxili problemlərini həll etmək
üçün" şüursuz şəkildə bu
peşəyə yönəldiyi güman edilir. Bu baxımdan
psixologiya sahəsində çalışan insanlar da hər kəs
kimi öz daxili dünyalarında müəyyən psixoloji
problemlər yaşaya bilərlər. Bunun ən acı
nümunəsinə elə çox da uzaq olmayan
keçmişdə öz ölkəmizdə şahidi
olmuşduq. Tanınmış ailə psixoloqu Dəyanət
Rzayevin müəmmalı şəkildə öz
otağında intihar etməsi cəmiyyətdə əməlli
bir çaşqınlıq yaratmışdı.
Psixoloqun öz sahəsində nə qədər
uğurlu olub-olmaması onun bu problemlərin nə qədərini
həll etdiyi, bunun üçün apardığı
mübarizənin effektivliyi ilə əlaqəlidir. Ona görə
də dünyanın bir çox ölkəsində psixologiya
üzrə təlim keçən qurum və birliklər təlim
keçdikləri mütəxəssislərin psixoterapiya
seansları almasını vacib şərt olaraq irəli
sürürlər. Mütəxəssislər bunu belə əsaslandırılar
ki, psixoloqun psixoterapiyadan keçməsi öz
patologiyalarının fərqində olmasına və
onları aradan qaldırmasına kömək etmiş olur.
Təəssüf ki, ölkəmizdə bu sahədə
də xeyli yarıtmaz kadr var. Məşhurluq və daha
çox pul qazanma eşqi ilə bu sahəyə yönələn
kifayət qədər "psixoloq" saymaq
mümkündür. Tənqid və ironiya hədəfinə
çevirilən bu "mütəxəssis"lər cəmiyyətdə
kifayət qədər tanınırlar. Azərbaycanda psixoloq
adı ilə cəmiyyətə sırınan bu kəslərin
travmalı fərdlər olduğunu anlamaq üçün Freyd
olmağa da ehtiyac yoxdur. Elə çıxış
üçün seçdikləri mövzulara (daha çox
insanların cinsi həyatı, cəmiyyətdə seks
azadlığı), sosial hadisələrə (cinayət,
pedofiliya, zorlama) kəskin, emosional və məhəlli
yanaşmalarına diqqət etmək kifayətdir.
Bu adamların öz daxili aləmlərindəki
savaşda məğlub olub, seçdiyi peşəyə
uyğunlaşmaqda necə çətinlik çəkdiyi
açıq hiss olunur. Verdikləri açıqlamalarda
psixoloq yox, hakim, müstəntiq kimi çıxış edirlər.
Halbuki psixoloqun vəzifəsi mühakimə yox, kömək
etməkdir.
"Facebook"dakı dostluq siyahımda adının
qarşısında böyük hərflərlə
"Psixoloq" yazılan 50-dən çox adam var. Amma əksəriyyəti
istər paylaşdıqları fotoları, istər emosional
statusları, istər ifrat plastik, estetik əməliyyatları,
istərsə də danışıq tərzləri ilə
şəxsən məndə "Bu adam mənə necə
kömək edə bilər axı?" sualını
yaradır. Bir "psixoloq" xanım var, günə 20-30
şəkil paylaşır. Mütəxəssislər bildirirlər
ki, sosial mediada tez-tez öz fotosunu paylaşmaq depressiya əlamətidir.
Yəni bu fikirdən yola çıxsaq, deyə bilərik ki,
ölkəmizdəki psixoloqların 80 faizinin ciddi psixoterapiyaya
ehtiyacı var.
44 günlük müharibə dövründə və
sonra Azərbaycana bizim şəhid ailələrinə və
qazilərə psxioloji seanslar keçmələri
üçün Türkiyədən bir qrup mütəxəssis
gətirilmişdi. Halbuki ölkədə daş (ya da söz)
atırsan, psixoloqa dəyir. Bütün gün efirdə boy
göstərirlər. Sosial şəbəkələr
reklamlı psixoloqla doludur. Bu qədər psixoloqumuz var ikən
niyə bu nəcib iş onlara həvalə olunmadı,
dövlət kənardan transferə ehtiyac duydu? Deməli, bu
sahədə ciddi boşluğumuz var. Təsəvvür edin,
ölkənin ən məşhur, efirdən, saytlardan
düşməyən bir psixoloqu botoks reklamı ilə məşğul
olur. Yəni o adamları öz peşələrinin nüfuzu
deyil, bu peşənin adı ilə əldə etdikləri gəlirin
faizi maraqlandırır. Nəticədə xidmət sektoru
biznes sektoruna çevrilir və ortaya çıxan
dilxorçu mənzərə göz önündədir. Hələ bu yaxınlarda yenə
adının qarşısında "psixoloq" yazılan
bir xanımın reklam çarxı çıxdı
qarşıma. Başlıqda yazılıb ki, həmin
xanımın seansına görə adamlar Almaniyadan Bakıya
gəlirlər. Nəzərə alsaq ki, Almaniya
psixologiyanın xüsusi bir elm sahəsi olaraq ortaya
çıxdığı ilk ölkədir. Bildiyimizə
görə, 1876-cı ildə dünyada ilk psixoloji laboratoriya
Leypsiq Universitetində yaradılıb. Hətta dünyanın
ilk peşəkar psixoloqu sayılan Vilhelm Vundt da
almandır, reklam mətnindəki
bu iddianın nə qədər yersiz olduğunu anlaya bilərik.
Almaniyada yüzlərlə psixoloji klinika, yüksək səviyyəli,
dünyada mühazirələri, kitabları ilə tanınan
saysız (və hər büdcəyə uyğun) psixoloq var.
Üstəlik, bildiyim qədəri ilə bu yaxınlarda
Türkiyə hökuməti Almaniyada olan mühacir və
miqrantlar üçün yüksək standartlara uyğun
psixoloji mərkəz yaradıb. Belə seçimləri olan
bir adamın şəfa tapmaq üçün həmin
psixoloqa müraciət etməsi gülünc
görünmürmü?!
Cürbəcür təsadüfi, mənşəyi bəlli
olmayan qurumlarda təlim keçib sertifikat alan belə
adamların cəmiyyətə sırınmasında
medianın da "xidmətlərini" vurğulamaq
lazımdır. Bu gün sayt və agentliklərin büdcəsinin
mühüm qismini aldadıcı reklamlardan gələn pullar
təşkil etdiyi sirr deyil. Amma həyati vacib sahələr
üzrə reklam etdiyimiz şəxslərə diqqət yetirməliyik,
aldadıcı reklamlara meydan açmamalıyıq. Məsələn,
bu gün istər yazılı, istər vizual medianın təbliğatını
aparıb, reklamını yayıb cəmiyyətə təqdim
etdiyi psixoloqlara, həkimlərə, vəkillərə,
ekspertlərə baxaq: əsasən kimlərdir bunlar? Şiddətə
haqq qazandıran, məhəllə arvadı janrında
çıxışlar edən, silikon dodaqlı, taxma kirpikli
qadınlar "psixoloq" kimi efir-efir gəzirlər.
Medianın bizə təqdim etdiyi adamlara görə, bu gün
insanların beynində "Azərbaycanda normal psixoloq var
ki?", "Azərbaycanda həkim var ki?", "Azərbaycanda
vəkil var ki?" sualları yer edib özünə.
Psixoloqun əməl etməsinin ən vacib olduğu
nüanslardan biri də anonimlikdir. Amma bizdə əksərən
bu şərt qorunmur. Yəni tanımadığın insana həyatında
baş verənləri bütün
çılpaqlığı ilə danışırsan,
üstündən bir həftə, on gün keçir, sənin
həyatın, sirlərin etibar etdiyin psixoloqun dilindən
yazılara, sosial şəbəkələrə
daşınır. Yadınızdadırsa, bir psixoloq xanım
ad çəkmədən demişdi ki, "pasiyentlərim
arasında məmur xanımları var ki, həyat
yoldaşlarına xəyanət edirlər". Bütün
kütlə tanımasa, bilməsə də, həmin
xanımın ən azı beş-üç
tanışı bilir ki, bu xanım kimdən terapiya alır.
Bu dərinlikləri düşünməyən, qaydalara əməl
etməyən adamların psixoloq xidməti göstərməsi
qadağan olunmalıdır.
Bu fikirlərim qətiyyən "Azərbaycanda
peşəkar psixoloq yoxdur" rəyi formalaşdırmaq məqsədi
daşımır. Şübhəsiz ki, öz işinin
peşəkarı olan psixoloqlarımız var. Ancaq onlar bu
cür ucuz reklamlar arxasınca qaçmırlar deyə
görünməyən qəhrəman rolundadırlar.
Uzun sözün qısası, işi insanlıq olan
peşədə uğur qazanan psixoloqların
uğurlarının sirri nə reklam, nə maddi güc, nə
də sosial mühitdir. Bunlar sadəcə olanı ortaya
çıxartmaq üçün istifadə olunan əlavə
vasitələrdir. Bir psixoloqun uğuru öz peşəsini,
insanları nə qədər sevdiyinə, özünü nə
qədər inkişaf etdirməsinə və bu
bacarıqları sayəsində səmimiyyətlə
başqalarına kömək etməyə
çalışmasına bağlıdır.
Günel MUSA
525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.18.