ALLAHIN İSMARIŞI
Hər gün möcüzələrin
arasındayıq, ancaq onlara o qədər
alışmışıq ki, hər birini əsl möcüzə
kimi yox, elə gündəlik həyatımızın ən
adi işləri kimi qavrayırıq. Səsi, təsviri lentə
yazmaq məsələsi təzə-təzə ortaya
çıxanda vaxt artıq sürətlə XIX yüzilin
sonlarına doğru gedirdi, insanlar daha
gözüaçıq, oxumuş idilər, odur ki, belə
düşüncə səksəndirən yeniliklərə
tez alışdılar.
Yoxsa orta əsrlərdəki kimi mövhumata qapalı
insanların bolluğunda yenicə ixtira edildiyi zamanlarda səsi
tutub saxlayan, üstündəki cığırlarda diri kimi
yaşadanvə lazım gələn anda
canlandırmağı bacaran fonoavtoqraf da, qrammofon da, fonoqraf
da, patefon da, şorinofon da, teleqrafon da, maqnitofon da Allahın
yerə göndərdiyi möcüzə, o möcüzəni
ortaya çıxaranlarsa peyğəmbər kimi
qavranılardı. Həmin başlanğıc dövrdəki
səs yazıb canlandıra bilən qurğulardan biri paleofon
adlanırdı ki, mənası"keçmişin səsi"
deməkdi. Dünənin səsinin o səsin sahibi ömür
möhlətini başa vurub çoxdan həyatdan gedəndən
sonra elə yenə sənin yanındaymış kimi eşitməyin
möcüzəliliyini bütün bu tarixçələri
bilə-bilə mən hər dəfə
düşünürəm, hər dəfə heyrətlənirəm
və bu neməti insanlığa bəxş edənlərə
minnətdar oluram.
Mütəllim Mütəllimov lap çoxdan əriyib
torpağa qarışıb. Ancaq yarım əsrə yaxın
uzaqlıqdan onun səsi gəlir. Şükür edirəm ki,
nə yaxşı, ovaxt imkanlarımın bütün məhdudluğuna
baxmayaraq, bu səsləri lentə almağa fürsət
tapmışam. İndi hərəsi bir tarixdir. Mütəllim
Mütəllimov danışır, elə bil ki, 1970-ci illərdə
yox, elə XXI əsrdədir, yanımdadır.
1979-cu ilin sonlarından səsyazma işim nisbətən
rahatlaşmışdı. Ağırlığı
çiynimi döyənək edən, heç həmişə
də istədiyim vaxt radiodakı müvafiq şöbədən
ala bilmədiyim, götürəndə də üstündə
yarımca saatlıq səs yazmağa çatan bircə lent
dolağı verilən reportyorlardan canım
qurtarmışdı. Bakıda qonaq olan los-ancelesli dostum,
San-Dieqo şəhərində radioda həftəlik "Sandy
opera" adlı musiqi proqramını aparan Fəramərz Bərazənde
mənə Yaponiya istehsalı yaxşı bir diktofon,
üstündə də xeyli kompakt kasetlər gətirmişdi.
Qol-qanadım açılmışdı, sağım-solum da
söhbətləri yazılası gəzən tarixlərlə
dolu idi, mən də daha lentim qurtarar məhdudiyyətindən
narahatlıq duymadan daim yanımda olan həmin səsyazanımla
arzayınca hər gün bir ucdan bir-birindən qiymətli həmsöhbətlərin
danışıqlarını lentə alırdım.
O sözləri ki indi yazacağam, bunları mənə
Mütəllim dayı o vaxt hansısa verilişdə səslənməkçün
deyil, elə ürəyini boşaltmaqçün söyləmişdi.
Növbəti dəfə görüşmüşdük,
çay içə-içə söhbət edirdik, səsyazanım
işləyirdi və Abşeron kəndlərindən birindəki
yas mərasimindən qayıtmış Mütəllim dayı
gileylənirdi. Mollanın qarasına danışırdı
ki, savadlı idi, yaxşı hikmətli söhbətlər
edirdi, amma "Quran" oxumağa başlayanda işləri
korladı. Səsi yaxşı idi, elə ağzını
açan kimi hiss olundu ki, ya keçmişdə xanəndə
olub, ya da dərviş toylarında oxuyandır. Ha istədim
deyəm ki, "Quran"ı bu cür, muğamata döndərib
oxumazlar. Elə boğazlar, elə şirinliklər edirdi ki,
bunlar xanəndə üçün vacibdirsə, molladan
ötrü qəbahətdir. Özümü zorla saxladım.
Fikirləşdim ki, deyərəm, qəlbinə dəyər,
məclisə qanqaraçılıq düşər.
Mütəllim dayı bunları söylədikcə
gözümdə "niyə" sualı
yaranmışdı və o da sualı dilimə gətirməyimi
gözləmədən belə davam etmişdi ki, ay bala, deyəcəksən
mən nə soruşdum Mütəllim dayıdan, bu nə
danışır, ucun alıb getdi ucuzluğa. Mənim ki ilk
ustadlarım həm xanəndəlikdən baş
çıxaran, həm şair, həm də ruhanilər
olmuşdular, onlardan öyrəndiklərim ömrüm boyu
karıma yetib. Ustadım Nadim Nəcəfdə təhsil
aldığ vaxtlarda bir gün hücrədə əyləşib
öz təzəcə yazdığı bu qəzəli avazla
oxuyurmuş:
Nə vəsf edim səni, yox nisbətən ol ayə
sənin,
Düşübdü şöhrəti bu
hüsnünün səmayə sənin,
Gül-ibehişt olmuş müənbər (ənbər
ətirli - R.H.) əndamın,
Mey-ibehişt ilə mayən veribdir dayə sənin.
Ləbindən almış əqiq-i Yəmən təravətini,
Təkəllümün gətirir bülbülü nəvayə
sənin.
Xuram-inaz ilə gəl bədnəzərdən etmə
həzər,
Tutubdu əl gecələr Nadimin duayə sənin.
Müctəhid gendən bu oxumağı eşidincə
Nadimi çağırtdırır. O da əvvəlcə
qorxur, düşünür ki, yəqin, oxuduğuna görə
müctəhid cəza verdirəcək. Müctəhid qayıdır
ki, uzaqdan yaxşı eşidə bilmirdim, indi otur mənim
yanımda, bayaq oxuduğunu bir də təkrarla, qulaq
asacağam. Nadim istəyir boyun qaçırsın. Deyir ki, ay
ağa, axı muğam oxumaq ğinadı. Müctəhid mənalı-mənalı
gülümsünür: "Elə olmağına elədir.
Ancaq səndəki səs Pərvərdigarın
bağışladığı bir gözəllikdir, bu məlahətli
avazla nə qədər oxusan, ğina deyil. Di başla, oxu, qoy
nə günahın varsa, mənə gəlsin".
Mütəllim Mütəllimov həm dinin, həm xanəndəliyin
əsaslarına bələd olan ustadının ona verdiyi
öyüdlərə əsasən söyləyirdi ki,
muğamat heç vaxt dindən ayrı olmayıb. Əzan
verilir, o, muğamatdır, hüzr yerində "Quran"
oxunur, orda da muğamat var. Məgər nohələr, mərsiyələr
də elə muğam deyil?! Onların da əsası
muğamdır. Bunları oxuyanda oxuduğunun insanlara
yaxşı çatması üçün sözlərin
gözünə muğamın havasını azacıq
qatmağa ixtiyarın var. Amma ölçüsündə, həddində.
Başlayanda elə əsl xanəndə kimi gəzişməyə,
xırdalıqlar etməyə, bu, artıq olur əndazəni
aşmaq. Onda dinləyən sənin çatdırmaq istədiyin
sözün yox, avazının təsirinə düşəcək.
Elə ona görə lap başlanğıcdan şəriət
dini sözləri oxuyanda muğamdan istifadənin
ifratının əleyhinə olub, bu cür oxumağı dini
sözü çatdırmaq yox, elə müğənni kimi
oxumaq - ğina sayıb.
Bunları danışandan sonra Mütəllim dayı
başladı zümzüməyə - qabaqca Bakı kəndindəki
yas məclisində mollanın necə oxuduğunu səslə
göstərdi, sonra da, bax, əslində belə
olmalıdır deyib düzünü oxudu.
Mütəllim dayının ömrü ki el
yığnaqlarında, toyda-düyündə
ötmüşdü, hər cür adam da
görmüşdü, hər növ hadisə ilə
qarşılaşmışdı. Nəcəfdə baş
vermiş o hadisəni nağıl edəndən sonra sanki onun
tərsi olan bir əhvalatı söyləmişdi.
Danışmışdı ki, indiki kimi yadımdadır (50 il
əvvəlin olmuşundan bəhs edib belə deyirdi), 1927-ci
ilin yazında o vaxt Gəncədə yaşayan ellimiz
tarçı Əlabbas Bayramov, xanəndə Musa
Şuşinski, bir də qavalçıları Qaçay
Qasımov Ağcabədiyə gəlib toy apardıqları, o əsnada
məni də oxutdurub bəyəndikləri, gedəndə məni
də özləri ilə götürdükləri
çağlarda bir gün bir toyda Musa kişidən rica etdilər
ki, burda bir cavan oğlan var, qəşəng oxuyur, olarmı
dinləyəsiniz?
Həmin gənci sərpayı gətirir
çalıb-oxuyanların yanına, o gənc başlayır
oxumağa. Musa kişi deyirdi ki, qəşəng də bir qəzəl
seçmişdi, amma bir şöbənin heç
axırına çatmamış beş beytin
hamısını oxuyub qurtardı. Dedim, a bala, vaxt olub biz iki
qəzəllə bir muğamı oxumuşuq, sənə bu
gedişlə bir kitablıq söz lazımdır ki, bu
muğamı axıra çıxasan. Molla kimi oxuyursan, bu
gedişlə sənin oxuduğun sözün təsiri də
olmaz, çünki yadda qalmayacaq. Səninki avazla şeir demək
oldu. Molla o cür oxuya bilər, çünki onun oxuduğu
söz hamının həmişə eşitdiyi ayələrdir.
Sən ki şeir oxuyursan, hər misranı təkrarla, sözləri
bir-bir bəzə, oxuna şirinliklər qat ki, camaat da ləzzət
alsın, həvəsə gəlib oxumağının
müqabilində sənə peşkəş də versinlər.
...O gəlişlə Mütəllim ta 1930-cu ilə qədər
Gəncədə yaşamışdı, tarçı
Əlabbas, kamançaçalan Levon Qaraxanov, bir ara başqa
tarzən, məşhur sonraların skripkaçısı Azad
Əliyevin atası Həmzə Əliyevlə işləmişdi.
Xatırlayırdı ki, əslində elə Gəncədə
qalmağı qət eləmişdim, o zamanlar bura xanəndə
üçün çox münasib yer idi, həm yaxşı
dolanışıq vardı, yalnız Gəncə, Gəncəbasar
toylarına aparmırdılar, qıraq rayonlardan, hətta
Tiflisdəki azərbaycanlı toylarına da sifarişlər
alırdıq, ancaq getməyimə bir hadisə səbəb
oldu.
O dövrdə Gəncədə hələ 1920-ci ildən
hökumətdən qaçaq düşərək
dağlara, meşələrə çəkilmiş xeyli
qaçaq varmış. Axşamlardan birində Gəncədə
kirayənişin yaşadığı evə iki atlı təşrif
gətirir, tapşırırlar ki, elə bu gecə
tarçını, kamançaçalanını hazır elə,
sabah sübhdən sizi toya aparacağıq.
Nə toydur, hardadır, demirlər. Mütəllim o gələnlərin
danışığından, tərpənişindən hiss
edir ki, bunlar qaçaqlardır, artıq-əskik
danışmağın yeri yoxdur. Toyun haqqını da irəlicədən
ödəyirlər. Mütəllim etiraz edirsə də, qoyun
gedək, oxuyaq-çalaq, sonra verərsiniz,
razılaşmırlar. Qayıdırlar ki, başqa toylara
baxmayın, ola bilər, toy yarımçıq qalar, qarışıqlıq
düşər, haqqınızı ödəməyə
macal olmaz. Nə verəcəyiksə, bəri başdan
götürün ki, arada halallıq olsun.
Ertəsi gün səhər tezdən üç
atlı gəlir, hərəsini biri tərkinə alır, bəlli
bir yerə çatandan sonra gözlərini bağlayıb
onları xeyli piyada da aparırlar. Gözlərinin
sarığı açılanda görürlər ki,
dağlarda, meşənin gizlin yerindəki bir taladadırlar.
İşlərinin adı nə idi, hayıl-mayıllıqla
qulaq asanları, arada qol açıb oynayanları vardı,
gündəlik işləri elə belə məclisləri
yola verməkdi, pullarını da irəlicədən
vermişdilər, qabaqcadan da demişdilər ki, sizi çox
yormayacağıq, uzaqbaşı saat yarım-iki saat
oxuyub-çalıb gedəcəksiniz.
Ancaq heç yarım saat da çəkmir. Qəfildən
yaxın ətrafdan at kişnərtiləri, ardınca atəş
səsləri eşidilməyə başlayır, bunlar da atlanırlar,
silaha əl atırlar, xanəndəylə
çalğıçıları da yaxınlıqdakı
mağara tərəf tuşadırlar ki, cəld ora
sığının, sonra sizi aparıb evinizə
çatdırarıq.
Ancaq həmlə edənlər elə bunlar kimi
qaçaqlar yox, hökumət adamlarıymış. O
dövrdə dövlət artıq qaçaqlığın kökünü
biryolluq kəsmək qərarı veribmiş. Azərbaycanın
harasında qaçaq dəstələri varsa,
hamısının axırına amansızlıqla
çıxırlarmış - qırdıqlarını
qırırlar, hansılarsa da Türkiyəyə, İrana
qaçaraq canını qurtarır.
Mütəllimgil cavan adamlardılar, həyatlarında
birinci dəfə belə halla rastlaşmışdılar, ilk
dəfə onların çalıb-oxumasını
beşatılanların atəşləri yarımçıq
qoymuşdu. Çox qorxublarmış. Hökumət
adamları əllərində tar-kaman görəndə onlara
toxunmur, şəhərə aparıb dindirəndən sonra sərbəst
buraxırlar. Ancaq Mütəllim dayı söyləyirdi ki,
içərimdə bir vahimə vardı, hiss edirdim daha Gəncədə
qala bilməyəcəyəm, ona görə
yığışıb qayıtdım Ağcabədiyə,
ancaq hələ orda da dörd-beş ay məclislərdən
uzaq oldum.
Mütəllim Mütəllimov ilk dəfə
Bakıya gəlib filarmoniyada birinci konsertlərini verməsini
də şirin yuxu kimi xatırlayırdı.
"Hər yay biz ailəliklə Şuşaya gedərdik.
1931-ci oldə Zülfüqar Hacıbəyovla orda tanış
olduq. Məni Bakıya dəvət elədi. Tarçım
Ağdamın Quzanlı kəndindən olan Bəhram Həllacov
idi. Düz 15 konsert verdim. Bu, Bakıya ilk gəlişim idi. Bu
gəlişimlə filarmoniyaya ayağım
açıldı. Hər il bir neçə dəfə
konsertlər verməyə
çağırılardım".
Filarmoniya səhnəsində birinci konsertinin ilk dəqiqələrini
heç unuda bilmirdi. Danışırdı ki, rayonlarda, kəndlərdə
toylar o vaxtlar adətən gündüzlər keçirilərdi.
Tək-tək varlı adamların toyları bəzən
axşamacan uzanar, gecəyədək çəkərdi. Onda ətrafda
məşəllər yandırardılar, musiqiçilərin
yanında da üç-dörd çıraq düzərdilər.
"Birnci dəfə filarmoniya səhnəsinə
çıxanda ilk dəfə qarşımda bu qədər
adam, belə gur işıqlar gördüm, başım gicəlləndi.
Hövlləndim ki, gedib stula çatana qədər olan
beş-altı addımı ata bilməyəcəm, səndirləyəcəm.
Ürəyim az qalırdı sinəmdən
çıxsın. Fikirləşirdim ki, bu minvalla heç səs
də sözümə baxmaz. Tarçı da hiss edirdi ki,
özümdə deyiləm. Ona görə mənim
oxumağıma ayaq verənəcən xeyli çaldı, o
çaldıqca da asta-asta özümə gəlirdim. Ancaq o
axşam elə oxudum ki, mənə elə gəlir,
ömrümdə nə ondan əvvəl, ən ondan sonra o
cür yaxşı oxumağım olmayıb".
Cavan, şux, şaqraq səsli Mütəllim Mütəllimov
o axşam özünü də, dinləyənlərini də
fəth etmişdi. İlk konserti ilə elə möhür
vurmuşdu ki, onu elə bu ilk çıxışdan etibarən
yolunu təzə başlayan cavan deyil, yetişmiş xanəndə
kimi qəbul etmişdilər.
Və axıracan da belə qaldı.
Yəqin, haçansa musiqili səhnəmizin sabit bəzəkləri
"Arşın mal alan"ın, "Əsli və Kərəm"in,
"Şah İsmayıl"ın, "O olmasın, bu
olsun"un, "Aşıq Qərib"in,
"Koroğlu"nun və digər bu qəbil incilərin əvvəldən-sona
müfəssəl tarixi yazılacaq, o araşdırmalar
aparılırkən izlər arayacaqlar ki, müxtəlif illərdə
bu əsərlərdə ən azı baş rolları
oynamışların hamısını müəyyənləşdirsinlər.
Bu ipucunu da sabahın tədqiqatçılarının
o nəcib işinə kömək üçün biz verək,
yoxsa ki, bu sorağı hardan alasıdırlar?!
Ustad Mütəllim Mütəllimovun öz səsindən
öz sözlərini gətirirəm ki, lap dəqiq olsun:
"Ağcabədidə, yerli həvəskarları,
istedadlı oxuyanları da cəlb edərək 1932-ci ildə
bir "Arşın mal alan" da vermişdik. Mən Əsgəri
oynayırdım. Məsumə adlı bakılı qız vardı,
o, Gülçöhrəmiz oldu. Sonralar adlı-sanlı xanəndə
olacaq Yaqub Məmmədovun bacısının yoldaşı
Əlişoğlu Saleh müəllim Soltan bəy idi. Sonra
görüm kim var idi? Hə, bir-bir yadıma
düşür... Fərzəli Novruzov, azançı Camal,
tarçı Quzanlı Bəhram, kamançaçı Vahan.
Bu "Arşın mal alan" camaatın ürəyinə
yaman yatmışdı. Sonra uzun müddət camaat elə həmin
"Arşın mal alan"dan danışırdı. 1941-ci
ilin payızı gəlmişdi, müharibənin
şıdırğı vaxtları idi. Ancaq hələ
heç kəs təsəvvür eləmirdi ki, bu dava 1945-ci
ilə qədər uzanacaq. Hamı ümid edirdi ki, bu qan-qada
tezliklə başa çatar. O vaxt Ağcabədidə raykom
katibi Səfa İmanov idi. Çox yaxşı adam idi. Bir
gün məni çağırtdırdı ki, Mütəllim,
vəziyyətimiz nə təhərdi, onu deməyə ehtiyac
yoxdur. Bu ağır günlərdə camaatımızda ruh
yüksəkliyi yaratmaq çox vacibdir. Klubumuz da heç
yaxşı vəziyyətdə deyil. Cavanlardan topla, gör
neyləyirsən. Bəli, oldum klub müdiri. Klubun tək
adı vardı. Bir uçuq-sökükbina idi. Ahıllar,
cavanlar əl-ələ verdik, hər şeyi az vaxtda qaydaya
saldıq. Kiçik bir teatr truppası düzəltdik.
Konsertbriqadası da yaratdıq. Qüssəli günlər idi.
Tez-tez ölüm-itim xəbərləri gəlirdi. Çox
ağır, dərdli günlər idi. O vaxt Ağcabədidə
30 kolxozvardı. Hər kolxozda ayda iki-üç dəfə
tamaşalar göstərər, konsertlər verərdik. O vaxtlar
ərləri, ataları, oğulları, qardaşları cəbhədə
olan ana-bacıların, qız-gəlinlərin dilindən
eşitdiyim "Adamın, doğrudan da, yorğunluğu
çıxarmış, eyni açılarmış"
sözlərini mən həmişə ən yüksək tərif,
ən yaxşı mükafat bilmişəm. O səslər
indi də qulağımdadır. O dövrdə "Əlli
yaşında cavan", "Beş manatlıq gəlin"
tamaşalarını göstərərdik. Yaqub Məmmədov
o vaxt hələ balacaydı, onu da cəlb eləmişdim
kluba, "Əlli yaşında cavan"da Qulunu
oynayırdı, arada xırda-xırda oxuyurdu da. O illərdə
əslində Ağcabədidə yaxşı səsi olan
çox cavanlar vardı. Ancaq hamısı cəbhədəydi,
neçəsinin də "qara kağız"ları gəldi.
Odur ki, Yaqub kimi hələ əsgərlik yaşı
çatmamış uşaqları, yeniyetmələri kluba
sarı çəkirdik ki, heç olmazsa say düzəlsin,
rolları bölüşdürəndə
sıxıntımız olmasın".
...Mütəllim Mütəllimovun səsi Azərbaycan
radiosundan birinci dəfə 1945-ci ilin sentyabr ayında
eşidilmişdi. O zamanlar hələ lent
yazılışları yox idi, bütün ifalar elə
birbaşa radiostudiyada, mikrofon qarşısında dayanaraq,
canlı edilirdi.
Mütəllimin radioda oxumasının təşəbbüsçüsü
də Üzeyir bəy olmuşdu.
Böyük bəstəkarın 60 illiyi qeyd ediləndə
1945-ci ilin sentyabrında Mütəllimi də Ağcabədidən
dəvət etmişdilər və ayın 13-dən 27-dək
müxtəlif səhnələrdəki
çıxışlarından savayı, radioda da bəzən
hər gün, bəzən də günaşırı
oxumuşdu. O vaxt radioda bədii rəhbər Səid Rüstəmov
idi. Elə radiodakı ifaları əsnasında Mütəllimi
gözaltı edibmiş, niyyətini radio verilişləri idarəsinin
direktoru Şəmsəddin Abbasova da açıbmış.
Bir neçə gün davam edən silsilə yubiley tədbirləri
və konsertləri yekunlaşaraq rayonlardan gələnlər
ev-eşiyinə qayıtmağa hazırlaşanda Mütəllimə
xəbər verirlər ki, bir az ləngi, radionun direktoru səni
görmək istəyir.
Şəmsəddin Abbasov onu mehribanlıqla
qarşılayır və deyir ki, Səid təklif etdi, biz də
onun rəyi ilə şərikik, istəyirik ki, səni radioda
solist saxlayaq. Get rayondakı işlərini sahmana qoy, qayıt
gəl, sənin yerin buralardır, indi təzə dövr
başlayır, bizim qabiliyyətli cavanlara ehtiyacımız
artıb, bundan belə konsertlərimizin saatları da çox
olacaq, dəvət olunan müğənnilərdən əlavə,
gərək ştatımızda oturan daimi solistlərimizin
sayı da arta.
Beləcə, Mütəllim az sonra Bakıya biryolluq
köçür, bir müddət radioda
çalışandan sonra 1947-ci ildə Azərbaycan Dövlət
Estradasına keçir, ardınca da 1950-ci ildən olur
Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasının işçisi.
Bunları səbəbsiz xatırlamıram. Ağcabədidə
klub müdiri olduğu çağlarda hər gün bir
kolxozda konsert, tamaşa verdikləri kimi, filarmoniyanın solisti
olduğu uzun illər ərzində işi yalnız elə bu
işıqları gur səhnədən çıxış
etmək, günortaları "Goburnat bağı"nda həmkarları
ilə söhbətləşərək çay içməkdən
ibarət deyildi. Daim o da, sənət yoldaşları da səfərlərdə
idilər. Kəndlərin həndir-hamar tozlu yollarından
keçirdilər, şaxıyan günün altında, pambıqlı
düzlərdəki tarla düşərgələrində
konsertlər verirdilər, bir tərəfdə mal-qaranın,
qoyun-quzunun sıralandığı fermalardakı samanlıq-səhnələrdə
çalıb-oxuyurdular. Nə həmin ezamiyyətlər
vaxtı dincəlməyə münasib mehmanxanalar, qonaq evləri
vardı, nə onları gedəcəkləri ünvanlara rahat
çatdıran nəqliyyat. Ancaq bütün əziyyətlərə
baxmayaraq, ürəklə, həvəslə, şövqlə
işləyirdilər, kənd əməkçilərinə
azacıq da olsa zövq bağışlamaqdan həzz
alırdılar. Bu sadə insanların alqışları,
sağolları onlara yeni belə səfərlərə çıxmaqçün
əlavə güc verirdi.
Sovet onillərində "xalq artisti" adına layiq
görülmüş sənətkarlarımızın təqribən
hamısı bu yolları keçiblər, bu zəhmətləri
çəkiblər. Bu mənada onların hamısı elə
sözün ən sərrast mənasında xalq artisti idilər,
xalqın artisti idilər.
Eyni fədakarlıqları zamanında Rəşid
Behbudov da edib, Xan Şuşinski də, Şövkət Ələkbərova
da, Sara Qədimova da, Gülağa Məmmədov da, Zeynəb
Xanlarova da... Hamısı! Biri də kənarda qalmayıb.
Hamısı fədakarlar olub! Heç biri inciməsin. Bu
iradımın onların hansının hansı sənət səviyyəsinə
sahib olmasına dəxli yoxdur. Ancaq özünüz
götür-qoy edin - indinin xalq artistlərinin hansı bu
yollardan keçib?
Mütəllim Mütəllimov 40 illik sənət yolu
boyunca həmişə belə fədakar zəhmətkeş
oldu.
İstər böyük olsun, istər kiçik. Zəhmətinə
qiymət veriləndə hərdən kövrəlincəyə
qədər sevinir. Bəlkə də elə buna görədir
ki, Mütəllim dayı da xidmətlərinin müqabilində
vaxtı ilə ona verilmiş fəxri fərmanları ən əziz
yadigarlar kimi qoruyub saxlayırdı, onları ayrıca
cığara kağızlarla da üzləmişdi ki, ləkə-filan
düşməsin. Hamısını mənə fəxrlə
göstərmişdi. Biri 1957-ci ildə Azərbaycan Dövlət
Estradasındakı əla yaradıcılıq işinə
görə aldığı fəxri fərman idi, digərini
1961-ci ildə təqdim etmişdilər: yenə əla xidmətlərinə
görə, özü də bu səfər Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Mərkəzi
Komitəsinin Rəyasət Heyəti tərəfindən təltif
edilmişdi.
İlk tələbəlik illərimdən mən
1960-70-80-ci illərdə çox populyar, ən çox oxunan
nəşrlərdən olan "Bakı" axşam qəzeti
ilə əməkdaşlıq edirdim. Hərdən redaksiyada
köhnə illərin cild-cild tikilmiş
buraxılışlarını da vəqərləyirdim ki, qəzetin
üslubuna, xəttinə bir az da dərindən bələd
olum. Bir dəfə belə vərəqləmələr əsasında
təsadüfən gözüm tanış ada sataşdı,
kiçik bir xəbər idi. "Bakı" qəzetinin
1961-ci il 15 iyul tarixli nömrəsində belə bir xəbər
dərc edilmişdi: "Respublikamızın bir qrup incəsənət
ustasından ibarət bədii briqada xam torpaqların sakinlərinə
mədəni xidmət etmək üçün Qazaxıstana
gedir. Onlar bir ay müddətində Qazaxıstanın
Selinoqrad, Kustanay, Pavlodar şəhərlərinin kolxoz və
sovxozlarında konsert verəcəklər. Bu gün səhər
bədii briqadanın bir dəstəsi - respublikanın Əməkdar
artisti Mütəllim Mütəllimov, 6-cı Ümumdünya
Gənclər Festivalının laureatı Çingiz Mehdiyev,
akrobatlardan Əliyev qardaşları və başqaları təyyarə
ilə Qazaxıstana yola düşmüşlər".
Ola bilsin ki, neçə il qabaq qəzet çıxan
günü bu kiçik yazı adicə xəbərmiş. Mənim
o yazıyla rastlaşdığım 1975-ci ildə isə
artıq aradan 14 il keçirdi və illər
ayrılığından sonra bu, bir xoş xatirə, yadigar
idi. Odur ki, xəbəri köçürdüm, istədim ki,
ən yaxın görüşümüzdə Mütəllim
dayıya da oxuyaraq onu sevindirim, həm də suallar verim ki, o səfər
gedişində hansısa maraqlı hadisələr baş
veribmi?
Tezliklə görüşdük, mən də elə
salam-kəlamdan sonra sevincək cibimdən bu yazını
çıxararaq oxudum ki, onun da kefi açılsın. Ancaq
gözlədiyimin tam əksinə olaraq mən xəbəri
oxuyunca Mütəllim dayı nədənsə sıxılan
kimi oldu və hiss etdim ki, açıqca pərtləşdi. Təəccüblə
soruşdum ki, niyə tutulduz, a Mütəllim dayı?
Qayıtdı ki, a bala, burda səhv yazıblar, axı mən əməkdar
artist olmamışam, səhv yazıblar, bu yazı lap
utandırdı məni...
Mən də pərtləşdim. Qaş düzəltdiyim
yerdə vurub göz çıxartmışdım.
İşin tərsliyindən ha fikirləşdim,
ağlıma bir yönlü söz də gəlmədi, elə
dilucu dedim ki, səhvlər olur da, Mütəllim dayı,
bundan ötrü siz niyə utanırsınız ki!
...Mütəllim Mütəllimov çağdaşı
olduğu xanəndələrin bir çoxundan həm də
sözə həssas münasibəti, qəzəliyyatı
dürüst, əruz vəznini incitmədən, ərəb-fars
kəlmələrinin mənasını duyaraq təhrifsiz
oxuması ilə seçilirdi.
O, ömrü boyu özünün də,
sözünün də yerini dəqiq bilən adam olmuşdu, çörəyi
yalnız səsdən deyil, həm də sözdən
çıxdığından sözə, şeirə, ədəbiyyata
həmişə həssas yanaşmışdı. Bir dəfə
ondan soruşmuşdum ki, elə el havaları oxumusunuzmu,
bilirsinizmi ki, daha oxunmur, amma oxunması, təzədən
musiqi dövriyyəsinə gətirilməsi faydalı
olardı? Qayıtmışdı ki, birdimi, beşdimi, ondumu,
bu gün də oxunulası, bəyəniləsi çox
unudulan mahnılar var ki, ola bilsin, bəzilərinin
sözünə azacıq əl gəzdirsən, qısa
müddətdə ən sevilən mahnılara dönərlər.
Əlavə də etmişdi ki, biz oxuyan vaxtlarda hər xalq
havasının ayrı-ayrı çeşidini,
ayrı-ayrı xallarını axtarardıq.
Misal da çəkmişdi. Demişdi ki, Yavər
xanım Kələntərlinin "Bayatı-Kürd"də
oxuduğu təsnif var: "Yar şirin olar", həmin hava
Cabbardan qalmadır, mən elə həmin musiqi üstündə,
ancaq bir az əlavələrlə Qaryağdıoğlunun məşhur
qəzəlini oxuyardım:
Saldı yarın üzünə zülfün, əcəb
pürçəmi var,
Bu nə işvə, bu nə qəmzə, nə
gözəl çəm-xəmi var.
Şirin olur, şirin olur, şirin olur, şirin.
Atadan, anadan yar şirin olur, şirin.
Bunu sözlə deyəndən sonra avazla da
oxumuşdu, əla da oxumuşdu, mən də dərhal təklif
eləmişdim ki, səsinizin bütün məlahəti
yerindədir, səhnəyə
çıxmırsız-çıxmırsız, radionun səsyazma
evində gününü, saatını danışım,
icazəsini alım, yer götürüm, bunu heç olmazsa
verilişdə səsləndirmək üçün lentə
yazaq. Razılaşmamışdı. Demişdi ki, xanəndənin
əsl oxumaq vaxtı 25 ildir, mənsə 25 il yerinə 40 il
oxumuşam, daha bəsdir, indi meydan cavanlarındır, ancaq bir
də bu cür mahnını mənim indi oxumağım
düz olmaz. Oxuyanda elə qəzəl, elə söz
seçməlisən ki, yalnız səsinə yox,
yaşına-başına da uyğun olsun.
Sözlə belə ehtiyatlı, nəvazişli
davranmağı özü üçün
danışıqsız riayət etdiyi qaydaya çevirmiş
Mütəllim Mütəllimovun şeiriyyata məsuliyyətli
və heyran münasibəti, hətta özünün də
şeir yazması haqda təfərrüatlardansa, heyiflər
ki, artıq onun həyatda olmadığı vaxtlarda xəbər
tutdum.
O vaxtlar Ukraynada yaşasa da, mütəmadi əlaqə
saxladığımız, hərdən şəxsən də
görüşdüyümüz, təəssüf ki,
çoxdan xəbərim olmayan Müşfiq Ağazadə -
Mütəllim Mütəllimovun ona zahirən qoşa alma kimi
bənzəyən nəvəsi ilə 2015-ci ildə birlikdəydik,
babasından danışırdıq. Deyirdi ki, babası
dünyadan köçəndə 12 yaşı varmış.
Ancaq Müşfiqin ömründə həmişə qalacaq
izini qoymağa girəvə tapıbmış: "Hələ
məktəbə getmirdim, Mütəllim babam məni məcbur
edirdi ki, şeirlər öyrənim. Mənə əski əlifbanı
öyrətmişdi. İstəyirdi ki, ərəbcəni,
farscanı da öyrətsin. Tənbəlliyimdən onları
öyrənmədim, amma hər halda babamdan ərəb əlifbasını
öyrənməyim sonralar çox karıma gəldi. Ata babam
Süleyman bəydən evimizdə qalan kitabların
arasında bir vaxtlar sovetin qadağan etdiyi, əski əlifba ilə
yazılmış xeyli əsərlər vardı. Evimizdəki
əski əlifbalı kitablarla bağlı orda-burda artıq-əskik
danışmayaq deyə bizə başa salmışdılar
ki, bunlar "Quran" kitablarıdır. Ancaq Mütəllim
babam mənə əlifbanı öyrədəndən sonra
yavaş-yavaş başladım həmin kitabları
oxumağa. Gördüm ki, bunların hamısı Hüseyn
Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi 1930-cu illərdə
sovetlərin "xalq düşməni" elan edərək
güllələdiyi, əsərlərini qadağan etdiyi
şair-yazıçıların kitablarıdır. Başqa
evlərdə sovetin verəcəyi cəzalardan ürkərək
çoxları belə kitabları ya torpağa
basdırmış, ya da kibrit çəkib
yandırmışdılar. Mütəllim babam o kitabları
oxuyardı, mənə də tövsiyə edərdi ki, indi də,
gələcəkdə də bu kitabları oxu. Evdə olanda
Mütəllim babamın əlindən kitab düşməzdi.
Həmin köhnə kitabları dönə-dönə
oxuyardı. Babam şeir yazmağı da xoşlayırdı.
Qardaşım Qasımla evdə sözlərimiz çəpləşəndə,
höcətləşməyə
başladığımız vaxtlarda deyərdi ki,
dalaşmayın, belə deyişməkdənsə
başlayın şeir yazmağa, görək bu yarışda
kim kimə üstün gələcək. Yəni bizi
yalnız şeir kitablarını oxumağa yox, şeirlər
yazmağa da təşviq edirdi".
Müşfiq bunu da söyləyirdi ki, Mütəllim
dayı evdəki köhnə maqnitofonunda keçmiş xanəndələrin
lent yazılarına qulaq asmağı xoşlarmış, hər
bazar günü saat 2-də də hökmən radioda
muğamat konsertini dinlərmiş.
Deyir, soruşardıq ki, ay baba, hamının
oxumağını bu muğamat konsertlərində verirlər,
niyə səninkini vermirlər? Hiss olunardı ki, bu
sualımızdan təsirlənir, ancaq özünü o yerə
qoymurdu, cavab verirdi ki, bala, mən vaxtında çox
oxumuşam, indi cavanlara çox yer vermək lazımdır ki,
onları da yaxşı tanısınlar. Ancaq hiss edirdik ki,
umur, istəyir muğamat konsertlərində onun da ifaları səslənsin.
Əlbəttə, götürüb radioya zəng vursaydı,
inanıram ki, sözünü yerə salmazdılar, elə
növbəti bazar günü oxuduqlarından verərdilər.
Ancaq hansısa işindən ötrü kiməsə
ağız açmağı rəva bilməzdi, deyərdi
ki, neynək, özləri haçan məsləhət bilərlər,
onda da verərlər.
Mütəllim Mütəllimov hansı muğamı
oxuyubsa, ona sanki təzə can, yeni nəfəs verib. Onun
"Mirzə Hüseyn segahı"na vurduğu
naxışlarsa misilsizdir. Mütəllimdən sonra bu
muğama üz tutanların çoxu onun şirin
boğazlarını, ləzzətli keçidlərini, gah
zildə, gah bəmdə vurduğu süsləri nə şəkildəsə
öz ifalarında təkrarlamağa
çalışıblar.
Müşfiq danışırdı ki, Alim
Qasımovun sənətə yenicə gəldiyi vaxtlar idi, onun
oxusunda babamın şirinliklərinin sədasını hiss
etdiyimdən Bakı kəndlərində harda toyu olurdusa,
çağırıldım-çağırılmadım,
ora gedirdim ki, qulaq asam.
"Bir dəfə də Alimdən xahiş elədim
ki, qardaş, nə olar, Mütəllimsayağı bir "Mirzə
Hüseyn" oxu. Qayıtdı ki, mən o qələti eləyə
bilmərəm.
Alim Qasımovun şəxsiyyətinə də,
yüksək sənətinə də mənim böyük
hörmətim var və o, belə bir söz dedi. O sözlərlə
mən iftixar edirəm. Bu, mənimçün elə
babamın oxumağına qoyulan ən ali qiymətdir. Çünki
bu sözləri adi adam deməyib, sıradan olan bir sənətkar
söyləməyib. Bu, babamın sənətinə
muğamda zirvəyə çatmış bir xanəndənin
məhəbbətlə, ehtiramla verdiyi dəyərdir".
...Elin gözünü ən dəqiq çəkən
tərəzi sayanlar, təbii ki, haqlıdırlar.
Çünki bu tərəzinin
yanılmazlığını ötən zamanın
sınaqları həmişə sübuta yetirib.
Bir əsr yaşamış unudulmaz tarzənimiz Firidun
Ələkbərov söyləyirdi ki, Mütəllim,
kamançaçı Hafiz Mirzəliyevlə bir də o,
Hövsan kəndinə toya dəvət ediliblərmiş.
Əhvalat vaqe olurmuş 1960-cı illərin əvvəllərində.
O çağlarda ki, muğam aləmimizdə də azman sənətkarlar
çoxmuş, Abşeron kəndlərində, illah da
Hövsanda muğam sərrafları bəs deyincəymiş.
Firidun müəllim yada salırdı ki, bu kəndin adətinə
uyğun olaraq məclisə girməzdən əvvəlcə
xanəndəni ayrıca bir otağa dəvət edərdilər,
ürəfadan beş-altı nəfər
yığışıb onu dinlərdilər.
Baxırlar ki, otaqda mikrofon da qurulub, maqnitofonu da işə
salıblar. Mütəllim "Bayatı-Qacar"
başlayır.
Bu, doğruçu şahidin, rəhmətlik Firidun
Ələkbərovun sözləridir: "Mütəllim elə
bir "Bayatı-Qacar" oxudu ki, nə mən elə
"Bayatı-Qacar" eşitmişəm, nə indiyəcən
o gözəllikdə "Bayatı-Qacar" oxuyan olub. Azı
45-50 dəqiqə oxudu. Hamısı ayağa qalxıb əl
çaldı. Mən illərlə Hövsana toylara gedib-gəlmişəm.
Sonralar xəbər tutdum ki, o lent 40 il Hövsanı ev-ev gəzib.
Hansı evə aparılsa, orda qoyun kəsilər, qonaqlıq
verilər, muğamat aşiqləri yığışıb
Mütəllimin "Bayatı-Qacar"ından feyziyab
olarmışlar. İndi o lent könəlib. Hövsan kəndində
Valeh adında tarçalan var, ondadır. Mən ondan xahiş elədim
ki, versin, aparım kaset çıxardım, bu, qiymətə
sığmayan bir yadigardır, mənimçün də
ikiqat əzizdir ki, Mütəllimin o gözəl oxusuna mən
çalmışam. O "Bayatı-Qacar" bir dərslikdir,
tayı-bərabəri olmayan oxumaqdır".
Bu sözləri deyəndə, bir daha Mütəllim
Mütəllimovun həmin füsunkar oxusunu dinləməyi
arzulayanda qocaman sənətkar Firidun Ələkbərovun 97
yaşı vardı, səksən ildən çox idi ki, tar
sinəsində idi, bu uzun ömrü boyunca saysız xanəndələr
də görmüşdü, yüzlərlə
"Bayatı-Qacar"lar da eşitmişdi. Ancaq bu sinnində
də onu dünyadan doymağa qoymayan, həyata bağlayan
gözəlliklərdən biri də Mütəllimin köhnəlmiş
lentdə qalan köhnəlməz oxusu, böyük səhnədə,
yüzlərlə dinləyicinin iştirakı ilə yox,
balaca bir kənd evində beş-altı xiridarın
gözü qarşısında yaratdığı
möcüzə idi.
Nə olsun ki, bütöv ömrü bir çətən
külfətlə darısqal komada keçirib, kasıbyana həyat
sürüb, nə olsun ki, dövrünə görə
böyük imtiyaz sayılan və ondan qat-qat
aşağıda olanlara səxavətlə paylanan fəxri
adları ona qıymayıblar, nə olsun ki, zamanında
oxularının radionun, televiziyanın konsert proqramlarına
mütəmadi daxil edilməsindən onu umsuq qoyublar, nə
olsun ki, vaxt, mühit, insan soyuqluğu çox zaman parlaqlardan,
layiqlərdən, qadirlərdən onlara düşməli olan
halal payı insafsızca əsirgəyir?!
Bir adamın özü dünyadan köçüb
gedəndən sonra da səsi, əsəri onillərcə təbərrük
kimi ev-ev gəzdirilirsə, onun gəlişi hər evdə
bayram kimi qarşılanırsa, o gəlişə qurban kəsilirsə,
həmin adamın adı, xatirəsi elə yenə həyatda
olan bir varlıq kimi məhəbbətlə çəkilirsə,
bunlar Allahın yetərincə qədir bilməyən bəndələrə
ismarışı deyilmi ki, siz nə tədbir
tökürsünüz-tökün, siz nə sayaq əlləşirsiniz-əlləşin,
mən sevib-seçdiyimi bunca əziz edə bilirəm!
14 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.16-17.