Tarixi yaddaş kitablarımız  

ADA Universitetinin təşəbbüsü və dəstəyi sayəsində "Azərbaycan" qəzetinin (1918-1920) ərəb əlifbasından transliterasiya edilmiş ilk  10 cildinin nəşri ilə bağlı düşüncələr

 

 

Yolun yarısı keçildi.

Azərbaycan Cümhuriyyəti hökumətinin rəsmi mətbu orqanı - "Azərbaycan" qəzetinin ADA universitetinin təşəbbüsü və maddi dəstəyi ilə həyata keçirilən 20 cildlik transliterasiya mətninin 10 cildi artıq çapdan çıxıb. Bildiyim qədər 11-ci cild də çap edilib, 12 isə artıq mətbəəyə göndərilib. Digər cildlər üzərində iş gedir. Amma kitabxanamda hələlik yalnız ilk on kitab var. Odur ki, indilikdə hələlik bu möhtəşəm cildləri təqdim etmək, onlar haqqında söz açmaq istəyirəm.

Əslində oxucuların diqqətinə təqdim olunan bu yazı daha çox ümumi təəssürat xarakteri daşıyır. Başqa cür də mümkün deyil. Çünki cildlərdə yer alan ictimai-siyasi, hərbi-beynəlxalq mövzular, dərc edilən müxtəlif xarakterli məlumatlar  o qədər zəngin və əhatəli, tarixi-coğrafi baxımdan o qədər geniş miqyaslıdır ki, onların bəziləri haqqında neçə-neçə məqalə, hətta ayrıca araşdırma da yazmaq mümkündür. "Azərbaycan"ın 443 sayının toplandığı (indiki halda söhbət onların yarısında gedir) cildlər regionda və dünyada baş verən mürəkkəb proseslər burulğanında Azərbaycan Cümhuriyyətinin 23 aylıq siyasi, diplomatik, hərbi, iqtisadi, ictimai, mədəni-mənəvi mövcudluq tarixini az qala günbəgün izləməyə, cəmiyyət və dövlətçilik həyatının ən müxtəlif sahələrinə işıq salmağa imkan yaradır. Nəşr sayəsində "yoxdan bir ideal rəmzi olan üç rəngli bayraq yaratmaq", onu sivil dünyaya göstərmək və qəbul etdirmək, milyonlarla Azərbaycan türkünü bu bayraq altında birləşdirmək uğrunda aparılan uzun və çətin mübarizənin əyani surətdə  izlənməsi, hətta "görülməsi" mümkün olur.

"Azərbaycan" çoxcildliyinin ilk kitabı 2021-ci ildə, yəni müstəqil milli dövlətimizin bərpasının 30 illiyi ərəfəsində işıq üzü görüb.  Əslində zamanında siyasi iradə nümayiş etdirilsəydi, elmi mühit - politoloq, tarixçi və filoloqlarımız daha tədbirli, uzaqgörən tərpənsəydilər yəqin ki, bu qiymətli tarixi məxəzləri aşkarlıq kursunun elan olunduğu 1980-ci illərin ikinci yarısında da cəmiyyətə təqdim etmək mümkün idi. Bəlkə də belə lazımlı addım zamanında atılsaydı, bir sıra yanlışlıq və səhvlərdən qaçmaq imkanı yaranardı. Eləcə də, tək sıravi vətəndaşları deyil, dövlət rəhbərliyini, ictimai-siyasi dairələri də hazırlıqsız yaxalayan Qarabağ münaqişəsinin kökləri, səbəbləri, hərəkətverici qüvvələri haqda əlimizdə daha geniş, obyektiv bilgilər toplanardı. Qarşımızdakı düşməni bütün xəbisliyi və fitnəkarlığı ilə görə bilərdik.

Lakin necə deyərlər, heç olmamaqdan gec olmağı da yaxşıdır. Cümhuriyyət irsi də nəzərə alınmaqla xalqımızın milli-mənəvi sərvətləri ilə bağlı vacib, xeyirxah layihələrin müəllifi və icraçısı kimi tanınan ADA universiteti "Azərbaycan" qəzetinin tam mətninin ərəb əlifbasından transliterasiyası və külliyyat şəklində nəşri məsələsində də onilliklərin sükut buzunu qırıb sözdən əmələ keçməklə hamıdan qabağa düşdü. Mühüm ictimai-siyasi və milli-mənəvi bir layihənin icrasına təkan verdi. Universitetin rektoru, görkəmli alim və diplomat, professor Hafiz Paşayevin təşəbbüsü ilə hələ bir neçə il əvvəl bu istiqamətdə indi artıq konkret nəticələrini gördüyümüz fəaliyyət başlamışdı. Artıq beş ilə yaxındır ki, bütün digər çoxsaylı vəzifələri ilə birlikdə Cümhuriyyətin xalq və tarix qarşısında hesabatı sayıla biləcək "Azərbaycan" qəzetinin tam şəkildə latın qrafikasına çevrilməsi və nəşri Hafiz müəllimin gündəlik qayğıları sırasına daxildir. Onun nəşrə yazdığı kiçik "Ön söz"də deyilir: "Qəzetin müasir oxucu üçün əlçatan olması tariximizin Cümhuriyyət dövrü kimi zəngin səhifəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək işinə töhfə verməkdən ADA universiteti qürur duyur".

Həqiqətən də qürur duyulası, iftixar ediləsi işdir.

Mütəxəssislər yaxşı bilirlər - ərəb əlifbasından kiril, yaxud latına transliterasiya sadəcə mexaniki  proses deyil. Böyük təcrübə, yüksək bilik və intellekt, haqqında bəhs açılan dövrün tarixinə, proses və şəxsiyyətlərinə, dil və üslub məsələlərinə, hətta siyasi mübahisə və mübarizələrinə bələdlik tələb edən yaradıcı işdir. Bəzən bir sözün, yaxud bir adın düzgün yazılışını tapmaq üçün uzun-uzadı düşünmək, ən müxtəlif versiyaları nəzərdən keçirmək lazım gəlir. Heç yadımdan çıxmır - Cümhuriyyətin bütün parlaqlığı və cəlbediciliyi ilə həyatımıza yenicə daxil olmağa başladığı 1990-cı ildə bir nəfər həmkarımla birlikdə diplomat və publisist Adil xan Ziyadxanın Cümhuriyyətin Xarici İşlər Nazirliyi tərəfindən tanıtım məqsədi ilə çap edilmiş "Azərbaycan" kitabını əski əlifbadan kirilə çevirib nəşrə hazırlayırdıq (Elə həmin dövrdə mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı əhatəli ön sözümlə kitab şəklində çap edilmişdi). Mətndə qarşımıza ərəb qrafikası ilə təxminən "sprlşmk" (ərəb əlifbasında sait səsləri ifadə edən hərflər demək olar ki, göstərilmir - V.Q.) şəklində yazılmış bir söz çıxmışdı. Dostum onun "sporlaşmaq" olduğunu iddia edir, mən isə "süpürləşmək" kimi oxuyurdum. Söhbət 1917-1920-ci illərdə beynəlxalq güclərin Azərbaycan, xüsusən də Bakı nefti uğrunda mübarizəsindən, yaranmış qarşıdurmadan getdiyindən hər iki oxunuş bu və ya digər dərəcədə məqbul sayıla bilərdi. Yalnız sonrakı bir neçə abzası məna - məzmun baxımından nəzərdən keçirəndən sonra ikinci versiyaya üstünlük verdik.

Çap texnologiyasının qeyri-kamilliyi, mürəttib və korrektor işinin lazımi səviyyədə olmaması da əski mətnlərin transliterasiyanı xeyli çətinləşdirir.

Ərəb əlifbasının mürəkkəbliyindən, ən kiçik yanlışın da ciddi fikir və məna təhriflərinə yol açmasından, katib xətası nəticəsində bir nöqtə qoyulmamasının "söz"ü "şor"a, "göz"ü "kor"a çevirməsindən, bir hərf düşməsinin "nadir"in "nar" kimi oxunmasına yol açmasından bəhs edən böyük Füzuli 500 il əvvəl - hələ hamının gözünün bu əlifbaya öyrəşdiyi vaxtda acı-acı şikayətlənərək yazırdı:

 

Qələm olsun əli ol katibi-bədtəhririn

Ki, fəsadi-qələmi sözümüzü şor eylər.

Gah bir hərf süqutu ilə qılar nadiri nar,

Gah bir nöqtə qüsurilə gözü kor eylər.

 

Aydın məsələdir ki, Azərbaycanda ötən əsrin ilk iki onilliyinin qəzet dili hazır klişelərin mövcud olduğu ənənəvi poeziya dilindən müqayisə edilməz dərəcədə çətin və mürəkkəb idi. Çünki gündəlik həyatı, cari prosesləri işıqlandıran qəzetlərin leksikonunda çoxlu yeni istilahlar,  tarixi-coğrafi adlar, terminlər, Avropa dillərindən alınmış sözlər işlədilirdi. Odur ki, "hərf süqutu" və "nöqtə qüsuru" nəticəsində yaranan yanlışlıqlara daha tez-tez təsadüf edilirdi. Hətta bizim günlərdə vəziyyətdən çıxış yolu kimi ərəb əlifbası ilə olan mətnlərdə şəxs, yer, tarixi hadisə və s. adlarının oxunuşunda anlaşılmazlıq yaranmasın deyə mətn daxilində bu adlar mötərizə içərisində həm də  latın hərfləri ilə verilir.

Bunları yazmaqda məqsədim əsəri ərəb əlifbasından çevirib nəşrə hazırlayan iki nisbətən gənc, amma  üzərlərinə yetərincə böyük məsuliyyət yükü götürmüş və öhdəsindən şərəflə gəlmiş azərbaycanlı filoloq alimin - Türkiyənin Mərmərə Universitetinin keçmiş məzunu - indiki dosenti Mehdi Gəncəli ilə İstanbul Universitetinin məzunu Azad Ağaoğlunun necə böyük çətinliklərlə üzləşdiklərini göstərməkdir. Qətiyyən mübaliğəyə varmadan deyə bilərəm - onların qısa müddət ərzində gördükləri iş hər baxımdan həqiqi fədakarlıq nümunəsi, təqdirəlayiq vətənpərvərlik örnəyidir. Üstəlik, hazırlıqsız korrektorun mürəkkəb işin öhdəsindən gələ bilməyəcəyini  yaxşı başa düşən Azad Ağaoğlu başqa bir zəhmət və fədakarlığa qol qoyub - milyonlarla işarədən ibarət çoxcildli nəşrin korrekturasının oxunması vəzifəsini də üzərinə götürüb. Mehdi Gəncəlinin yetirmələrinin - Mərmərə Universitetinin dil-ədəbiyyat bölümündə təhsil alan tələbə və magistrlərin bir qrupunun könüllülük prinsipi əsasında transliterasiya işinə cəlb olunmaları isə, heç şübhəsiz, Türkiyədə Azərbaycan Cümhuriyyəti dostlarının, XX əsr Azərbaycan ictimai-siyasi həyatının gələcək tədqiqatçılarının sıralarını genişləndirməyə xidmət edir. Çoxcildliyin elmi redaktoru akademik Teymur Kərimlinin xidməti də ayrıca qeyd olunmağa layiqdir.

20 cildliyi müəyyən mənada həm də akademik nəşr kimi qəbul etmək olar. Tək elə onu göstərmək kifayətdir ki, iş prosesində qəzet mətnində yol verilən ayrı-ayrı yanlışlıqlar aradan qaldırılıb. Mətndəki çətin başa düşülən ərəb-fars tərkibli sözlərin, ifadələrin açıqlaması kvadrat mötərizə içərisində verilib. Qəzetin hər sayından sonra əlavə olunan "Qeyd və şərhlər" bölməsindəki izahlar da mətnin səhih və düzgün anlaşılmasını, məna təhriflərinin aradan qaldırılmasını, dövrün ruhunun, ab-havasının daha dəqiq əks olunmasını təmin edir. Adların orijinala uyğun transliterasiyası, habelə XX yüzilliyin əvvəli ilə müqayisədə meydana çıxmış fərqlərin göstərilməsi də diqqətdən yayınmayıb. Hər cildin axırında verilən, şəxs, yer, dövlət, qurum, idarə, təşkilat, şirkət və cəmiyyət  adlarını ehtiva edən əhatəli "Adlar göstəricisi" də məsələyə akademik yanaşmanın göstəricisi sayıla bilər. Bu həm də qəzetdə toxunulan məsələlərin tarixi əhatə dairəsini və coğrafi genişliyini daha dərindən anlamağa kömək edir, eyni zamanda redaksiya ətrafında toplanan əməkdaşları yaxından tanıdır.

 

lll

 

"Azərbaycan" geniş profilli mətbu orqan kimi fəaliyyət göstərirdi. Var qüvvəsi ilə dövlətçilik düşüncəsinin yayılması, istiqlal ideyasının beyinlərdə və ürəklərdə yol tapması, xalqın vahid qüvvə kimi dövlətinin ətrafında birləşməsi amalına xidmət edirdi. Leninin yerinə düşən sözləri ilə desəm, təkcə "kollektiv təbliğatçı və təşviqatçı deyil, həm də kollektiv təşkilatçı" işinin öhdəsindən layiqincə gəlirdi. "Azərbaycan" yalnız hökumətin qanun və qərarlarının mətnini, parlament müzakirələrinin stenoqramını, müxtəlif qurumların elan və sərəncamlarını, dünyanın aparıcı xəbər agentliklərinin rəsmi materiallarını çap etməklə kifayətlənmirdi. Qəzetin səhifələri Cümhuriyyət qayəsinə tapınan, milli istiqlal ideyasına töhfə vermək istəyən yaradıcı simalar, eləcə də sıravi vətəndaşlar üçün açıq idi. Burada rəsmi xronika ilə bir sırada tarixi araşdırmalar, vətənpərvər ruhlu publisist yazılar, hərbi və iqtisadi xarakterli təhlillər, siyasi polemika nümunələri, şeirlər, beynəlxalq icmallar, hətta felyetonlar da dərc olunurdu. Ölkənin mövqe və nüfuz baxımından birinci qəzeti ilk türk Cümhuriyyətinin çətin günlərində, həyəcanlı sınaq anlarında xalqı öz dövləti ətrafında sıx birləşdirmək üçün bütün mümkün yollara baş vururdu. Vətəndaşları milli-tarixi kökləri ilə tanış edir, onlara türkçülük, sağlam milliyyətçilik ruhu, döyüşkənlik və mübarizlik əhval-ruhiyyəsi aşılayırdı. Bu baxımdan "Umudvar" təxəllüsü ilə çıxış edən Ömər Faiq Nemanzadənin Denikin ordularının Azərbaycan istiqlalına real təhlükə yaratdığı 1919-cu ilin iyununda yazdığı aşağıdakı ehtiraslı və həyəcanlı sətirlər günümüzdə də öz keçərliliyini qoruyub-saxlamaqdadır:

"Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcı ayılardan daha yırtıcıdır. Vəhşilərdən daha vəhşidir. Ən qəhhar xunrizlərdən daha xunrizdir.

Ey azərbaycanlı! Ey türk! Bil ki, sən zəif olduqca, hər yandan olursa olsun, üstünə hücum mühəqqəqdir!

Ey türk! Gözünü aç ki, əlindəki neməti-istiqlalı qapmaq istəyirlər.

Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən-birə "ürəyinin" üstünə çökməyə, hərarəti-həyatiyyəni söndürməyə qəsd edirlər.

Ey cavan türk! Vətənini, onunla bərabər ananı, bacını, balalarını qurtarmaq üçün kimsədən imdad diləmə, saqın, aldanıb kimsəyə əl uzatma! Əl uzatma ki, sənin yeganə yardımçın sənsən! Sənin yaşamaya, istiqlala olan inamındır! Sənin millətinə olan məhəbbətindir!

Ey azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını bir az yuxarı qaldır! Ticarət işini bir az yüngülləşdir, həmiyyətini və qeyrətini göstər!

Ey kimsəsiz türk! Qorxma! Həmiyyətinə, mənəviyyatına, imanına nöqsan gətirmə! Sən kimsəsiz olduğun halda daha böyük aslansan! Tək, möhkəm və əsaslı təşkilatın (dövlət nəzərdə tutulur - V.Q.) ən güclü silahın olsun. Səndə o iman, o həmiyyət olduqca, həmişə qalibsən!"

Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, iki ildən də az müddət ərzində Cümhuriyyət "millətə bir az istiqlal və hürriyyət dadızdıra" bilmişdi. İnsanlarda milli qürur tərbiyə etmiş, vətənpərvərlik hisslərini aşılamışdı. Bu işdə ən böyük məsuliyyət dövlətin əsas tribunası, səsi və sözü olan "Azərbaycan" qəzetinin üzərinə düşürdü. Ona görə də Vətənimizin adını daşıyan qəzeti təkcə tarixi mənbə, qaynaq kimi deyil, bu günümüzün və gələcəyimizin həmişə qüvvədə olan mühüm sənədlərindən biri kimi yaşatmaq və öyrənmək lazımdır.

 

lll

 

Əlimin altında olanda "Azərbaycan" qəzetinin saylarını gözdən keçirməyi çox sevirəm. Səhifələri vərəqlədikcə xəyalən 100 il əvvələ qayıdıram. Xəbərlərdə haqqında söhbət açılan adamların üzlərini görürəm, səslərini eşidirəm. Onların narahatçılığı və həyəcanı ilə yaşayıram. Sevinclərinə və kədərlərinə şərik oluram. Elə bil dövrün hadisələrinin axarına düşürəm. Müzakirələrin, fikir mübadilələrinin iştirakçısına çevrilirəm. Mirzə Cəlil demişkən, "dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı" qarmaqarışıq 1918-ci ildə yenicə qurulmuş milli hökumətin tapşırığı ilə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin arxivini, əmlak və avadanlıqlarını qısa müddətdə min bir çətinliklə Qazaxa daşıtdırıb burada müstəqil Qazax müəllimlər seminariyası (yeri gəlmişkən, həmin seminariya binası da ADA universitetinin yaxından köməyi ilə mükəmməl şəkildə bərpa olunaraq müasir təhsil mərkəzinə çevrilib - V.Q.) təsis edən Firudun bəy Köçərlinin vətəndaş qeyrətinə heyran qalmaya bilmirəm. 100 il əvvəl yaşamış gənc bir soydaşım Vətəni, istiqlalı qorumaq üçün əsgərliyə getməkdən qürur duyduğunu deyəndə mən də sanki daxilən qürurlanıram. Yüz il əvvəlki bir nəfər halal, qeyrətli məmur haqda oxuyanda, onun dövlətçilik  düşüncəsi ilə tanış olanda belə  örnək insanların nədən yalnız keçmişdə qalmasından təəssüflənirəm. O vaxtkı pislərin varisi, davamçısı olanların bu gün də at oynatmalarından, hökm vermələrindən, insan talelərini həll etmələrindən kədərlənirəm.

Qəzetin 9 iyun 1919-cu il tarixli 199-cu sayında diqqətimi "Rüşvət" adlı bir neçə sətirlik yazı cəlb etdi. Müxtəsər xəbərdə deyilir: "Ticarət və Sənaye Nəzarəti müvəkkili Sultanov cənablarına əcnəbi tüccaranından (xarici tacirlərdən) rəsmi bir mövqe tutan şəxs mal gətirməsinə müsaidə qəsdi ilə (icazə almaq niyyəti ilə) böyük miqdarda rüşvət təklif etmişdir. Sultanov cənabları bundan dilgir (dilxor) olaraq hərifi qovmuşdur".

Deməli, Cümhuriyyət qısa müddət ərzində rüşvət almağı ləyaqətsizlik sayan məmur yetişdirə bilmişdi. Hökumətin rəsmi orqanı isə belə saf, təmiz adamların əməlinin təqdir etməyi, hamıya nümunə göstərməyi zəruri saymışdı.

Başqa bir xəbər: "Bakıda sükunət edən (yaşayan) Malışev qubernatora bir ərizə verərək məlum etmişdir ki, 4-cü uçastok pristavı Kərimbəyov və müavini Axundov kəndi xidmətlərindən (vəzifələrindən) sui-istifadə edərək bir çox şikayətçilərdən rüşvət istəyirlər. Qubernator həmin şikayəti təhqiq etmək üçün qalabəyinə (komendanta) göndərmişdir".

Burada mənzərə qanqaraldıcıdır. Təbii ki, Cümhuriyyətlə bağlı idillik fikirlərdən çox uzağam. Qətiyyən o dövrün məmurlarının hamısının Aydan arı, sudan duru olduğunu düşünmürəm. Amma yenə məmnun qalmağa əsas verən səbəb var: Dünənə qədər velikorus şovinizminin zülmü, təzyiqləri ilə üzləşən Azərbaycan humanist və demokratik dəyərləri əsas tutub vətəndaşları arasında milli fərq qoymur. Sıravi bir rus sakinin şikayəti qubernatorun diqqətini cəlb edir, iqtidar onun narazılığını rəsmi hökumət qəzetinin səhifələrinə çıxarmaqdan çəkinmir. "Erməni cümhuriyyətində türklərin vəziyyətinə" həsr olunmuş silsilə məqalələr də milli ədavət, qisas və intiqam hissindən çox uzaqdır.

Bu mənada Cümhuriyyətin təşəkkülü prosesində humanizm, demokratiya, hüquq bərabərliyi, dini azadlıq, insan haqlarına sayğı və bütün bunların rəsmi dövlət qəzetində dəqiq əksini tapmasından qürur duymamaq olmur. "Azərbaycan" səhifələrində təbliğ edilən dəyərlər fikrimcə, hələ də cahil orta əsr düşüncəsindən, mağara təfəkküründən, milli nifrət və həsəddən uzaqlaşa bilməyən sərsəm erməni təbliğatına ən düzgün, ən kəsərli cavabdır.

 

lll

 

Düşünürəm ki, gələcəkdə 20 cildliyin materialları əsasında "Azərbaycan" qəzetinin kitabxanası"nı yaratmaq mümkündür. Nəinki mümkün, deyərdim ki, hətta zəruridir. Belə bir "kitabxana" həm şəxsləri, yəni nəşrin fəal müəlliflərini (məsələn, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Fərhad Ağazadə, Əliabbas Müznib, Xəlil İbrahim, Adil xan Ziyadxan, Şəfiqə Əfəndizadə, Yusif Camal və b.), həm də qəzet səhifələrində ardıcıl işıqlandırılan və dövlət həyatı, milli mövcudluqla sıx bağlı olan mühüm ictimai-siyasi mövzuları (Rusiya, Osmanlı imperatorluğu, İran, Gürcüstan, Ermənistan, Dağıstan və Avropa ölkələri ilə əlaqələr, hökumətin və Parlamentin fəaliyyəti, hərbi quruculuq, Paris Sülh konfransı, daxili siyasət, iqtisadiyyat, Qarabağ və Zəngəzur hadisələri, milli münasibətlər, qaçqınlar problemi, nazirlik və idarələrin işi, milli-mənəvi tərbiyə, naqisliklərə qarşı mübarizə və s. və i.) əhatə edə bilər.

Yeri gəlmişkən, bu istiqamətdə ilk addım artıq atılıb. Anadan olmasının 150 illiyi ərəfəsində görkəmli publisist, həqiqi millət təəssübkeşi Ömər Faiq Nemanzadənin "Azərbaycan" qəzetində dərc olunan yazıları, eləcə də onun barəsindəki materiallar Mehdi Gəncəli və Azad Ağaoğlunun tərtibi, mənim ön sözümlə ADA universiteti tərəfindən ayrıca kitab şəklində nəşr edilib. İndi isə başqa bir Cümhuriyyət xadimi - İrandakı ilk səfirimiz Adil xanın məqalələrdən ibarət kitab üzərində iş gedir. Gələcəkdə digər fəal müəlliflərin toplularının nəşri də nəzərdə tutulub. "Azərbaycan" qəzetinin artıq maraqlanan mütəxəssislərin sərbəst şəkildə istifadə edə bildiyi 20 cildlik külliyyatı dil, tarix, iqtisadiyyat, daxili və xarici siyasət, beynəlxalq münasibətlər, dövlət quruculuğu, parlamentarizm və s. mövzularda elmi-tədqiqat əsərlərinə, magistrlik və doktorluq dissertasiyalarına zəmin olmaqla tariximizin az öyrənilmiş səhifələrinin daha dərindən tədqiqi üçün kifayət qədər geniş imkanlar açır, yeni və zəngin materiallar verir.

"Azərbaycan" adlı qəzet yaratmağa ilk dəfə 1893-cü ildə məşhur mətbuat sülaləsinin kiçik nümayəndəsi - Kamal Ünsizadə təşəbbüs göstərmişdi. Lakin görünür, hər şeydən çox nəşrin adından xoflanan Qafqaz Senzura Komitəsi ideyanı necə deyərlər, beşikdəcə boğmuşdu. Aradan milli dirçəliş uğrunda mübarizələrlə dolu 25 il keçəndən sonra isə "Azərbaycan" eyni adlı müstəqil dövlətin rəsmi mətbu orqanı kimi nəşrə başlamışdı. Azad ölkənin vətəndaşları bu qəzeti Cümhuriyyətin özü qədər sevir, ona dərdlərinin tərcümanı, sevinclərinin ifadəçisi, haqlarının müdafiəçisi, azadlığına qovuşmuş xalq və dövlətlə bağlı həqiqətlərin carçısı kimi baxırdılar. Maraqlı bir detal: müvəqqəti redaktor Üzeyir Hacıbəyli 1919-cu ilin oktyabrında Bakıdan Parisə, Versal sülh konfransının işində iştirak edən qardaşı Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda qəzetin gündən-günə tərəqqi etdiyi, redaksiyada təmir aparıldığı, otağına telefon çəkildiyi haqda xəbər verir, regionu bürümüş xaos və iqtisadi çətinliklərə baxmayaraq, "Azərbaycan"ın müəlliflərə "qələm haqqı" - yəni qonorar ödəməsindən iftixarla söz açırdı.

Cümhuriyyətlə birlikdə doğulan, ilk sayı Bakının azadlığa qovuşduğu gün (15 sentyabr 1918-ci il) nəşr olunan, qısa müddət ərzində azad ölkənin simasına, səsinə və sözünə çevrilən "Azərbaycan" bolşevik süngüləri altında, Cümhuriyyətlə eyni gündə - 1920-ci ilin 27 aprelində fəaliyyətini dayandırmalı olmuşdu. Lakin haqq söz ölmür, əlyazmaları yanmır. Aradan yüz il ötəndən sonra müstəqil dövlətimizin  ilk rəsmi sözçüsü küllər altından dirçələn Səməndər quşu kimi yenidən həyata qayıdır. Unutduğumuz, yaxud xəbərsiz qaldığımız həqiqətlərin ünvanı olmaq səlahiyyətini, bələdçiliyini  öz üzərinə götürür.

Azərbaycan Cümhuriyyəti barəsində, 1918-1920-ci illərdə ölkəmizin, xalqımızın keçdiyi çətin, mürəkkəb tarixi yol haqqında indiyə qədər az yazılmayıb. Amma mənə elə gəlir ki, həmin yazıların ən səmimi, təsirli və inandırıcı olanları məhz "Azərbaycan" qəzetinin  səhifələrində özünə yer alanlardır. Çünki bəzən hətta naşı, sadəlövh təsir bağışlayan, ədəbi kamillikdən uzaq görünən sətirlər də məna və məzmununda zamanın möhürünü, günün nəfəsini, canlı şahidlərin hiss-həyəcanını, sevinc və qürurunu, ağrı və narahatlığını daşıyır.

Bu sehrli tarixi dünyaya baş vurmağa, Şərqdə ilk dəfə Cümhuriyyət quran xalqımızın, insanımızın halını onların öz dilindən eşitməyə, öyrənməyə dəyər. Günümüzü mühüm milli-tarixi sərvəti olan "Azərbaycan" qəzetinin transliterasiya edilmiş nəşri hamının qarşısında belə fürsət açır.

 

lll

 

Sonda bir arzumu da dilə gətirmək istəyirəm. Vaxtı ilə ərəb əlifbasının islahı, sonda isə ümumiyyətlə bu yazı sistemindən imtina ideyasını ortaya atan Mirzə Fətəli öz-özünə belə bir sual verirdi: "Bəs soruşa bilərlər ki, indiyə qədər təb edilmiş kitabların halı necə olacaq?" Sonra da cavabında yazırdı: "Zamanla müəssisələrimiz yaranacaq, orada bilikli, bacarıqlı insanlarımız o kitabların ən lazımlı olanlarını seçib yeni əlifbaya köçürəcəklər".

Düzdür, indiyə qədər belə müəssisə yaranmasa da, ayrı-ayrı mütəxəssislərin həmiyyəti, təşəbbüsü, vətəndaşlıq qeyrəti sayəsində tariximizin çətin dövrlərində "ümmətdən millətə çevrilmək" işinin binasını qoyan  "Əkinçi", "Füyuzat", "Molla Nəsrəddin" kimi nadir milli mətbuat nümunələrinin transliterasiya mətnləri ortaya çıxdı. "Azərbaycan"ın 20 cildlik nadir külliyyatı bu son dərəcə zəruri, faydalı fəaliyyətdə xüsusi mərhələyə çevrilir. Çox istərdim ki, lazımlı proses yarı yolda dayanmasın, yaxın illərdə "Həyat", "İrşad", "Tərəqqi", "Açıq söz" kimi qəzetlərin də transliterasiya edilmiş mətnlərini vərəqləmək, oxumaq imkanı yaransın.

P.S. Bu məqalə üç həftə əvvəl "10 möhtəşəm cild" adı ilə "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdi. ADA universitetinin rektoru, çoxcildlik nəşrin işıq üzü görməsində böyük zəhməti keçən Hafiz Paşayev qeydlərlə tanış olduqdan sonra mənə yazmışdı: "Vilayət müəllim, yazınızı ayfondan oxudum. Təəssüf ki, Bakıda, köşklərdə qəzeti tapa bilmədim. Gördüyümüz işin vacibliyinə bir daha əmin oldum. Gözəl təhlil vermisiniz. Kaş daha geniş oxucu kütləsi yazınızla tanış olsun, 100 il bundan əvvəlki hadisələri bu günlə üzləşdirsin, tarixin dərslərini dərk etsin. Sizinlə tam razıyam ki, Mehdi və Azadın fədakar əməyi ən yüksək qiymətə layiqdir. Hafiz".

"525-ci qəzet"in oxucu auditoriyasının genişliyini nəzərə alıb milli yaddaşımızı zənginləşdirən, bizi dövlətçilik  tariximizin qürurverici səhifələri ilə tanış edən nəşr haqqındakı yazının təkrar çapına ehtiyac gördüm.

 

Oktyabr, 2024-cü il

Vilayət QULİYEV

525-ci qəzet.-2024.- 19 oktyabr(¹192).-S.14-15.