Ədəbiyyat və
... digər xəstəliklər
Esse
Karl Qustav Yunq sənət əsərlərinin təhlilini
apararkən bir fikrin altından qırmızı xətt
çəkir: "Mən əsərin mahiyyətini deyil, onun
hansı vəziyyətdə yaranmasını və hansı təsirləri
göstərməsini araşdırıram".
Psixoloq şəxsi təcrübələrindən
istifadə edib qarşısındakı sənətçinin
hansı meyarlarda əsər ortaya qoya biləcəyini yəqin
edər, ancaq fövqəladə bir mətnin
qarşısında bütün rasional fikir instansiyaları
kimi o da acizdir. Mətn haradan gəlir və onun
qaynağındakı materiallar niyə digər insanlar
üçün gizlidir? Sənət anormallığın
mahiyyət qazanmış forması şəklindədir.
Psixologiya, bir qayda olaraq, sənət və sənətçini
ruhi xəstələrin daha faydalı tipi kimi görür. Və
bu cür insanları iki qrupa bölür:
- nevropatoloji xəstələrin əlamətlərini
daşıyanlar;
- şizofreniyanın əlamətlərini
daşıyanlar.
Hər iki halda onlarla necə davranmaq lazım
olduğunu ən usta psixoloqlar belə çözə bilməyib.
Yunq isə cəhd edir və Pikassonun rəsmlərindən
yola çıxır. Amma öncə yuxarıdakı iki
qrupun fərqini bir neçə cümlə ilə
aydınlaşdıraq.
Nevropatiklər duyğunun ən zəif tonlarından
istifadə edən və bəzən öz iradəsindən
xaric nə yaratmaq istədiyini bilməyənlərdir. Yəni
onların özünü ifadə tərzi alınmır.
Şizofrenlər isə tamamilə duyğudan
arınmış və açıq şəkildə öz
ruhsuz və qarışıq dünyalarını cəsarətlə
təqdim edənlərdir. Onlar özlərini ifadə etmək
istəmir.
Birinci qrup sənətçilərin nəyi ifadə
etdiklərini, ikinci qrup sənətçilərin isə nəyi
ifadə edə bilmədiklərini anlayırıq.
Hər iki qrupun yaradıcılığının
yalnız özünə məlum olan mahiyyəti və
genetikası var. Yunan mifologiyası ilə Kunk-fu fəlsəfəsi,
məsələn, burada kəsişir. Hər ikisi nə isə
anlatmağa və yeni yozumlar "uydurmağa"
çalışır. Dünyanın vahid mədəniyyət
xəritəsini sadəcə bu hipotez üzərindən
aydın görə bilirik. Beynimizdəki o məşhur sual:
Necə oldu fərqli dillər, fərqli mədəniyyətlər
yarandı? Axı hər kəs eyni məkanın və
zamanın sakini idi.
Cavab çox və çeşidlidir. Dini moizələrdən
tutmuş sadə riyazi aksiomlara qədər minlərlə
cavab axtarmaq olar. Hətta mifoloji təhlillərlə də
ünvana gedib çıxmaq olar. Lakin sənətin bu mərhələnin
hansı səmtində yarandığını aşkara
çıxarmaq çətin olacaq. Yəni ilk nağlı
kim danışdı? Ya da ilk xəbərçiliyi kim etdi?
Psixologiya da digər elm sahələri kimi yalnız
görünənin açıqlamasını verir.
Piramidanın qaranlıq tərəfləri elə qaranlıq
da qalır. Elm bir nəsnəni özünü təqdim
etdiyi simvollarla öyrənir. Yaddaşı olmayan sənət
haqqında bir mənalı olaraq elm heç bir təhlil apara
bilmir. Eyni zamanda da psixologiya sənətçinin kim
olduğunu bilməsə, rənglərin və sözlərin
qəliblənmiş təqdimatından kənarda dayansa, onun
necə aciz göründüyünü izləyə biləcəksiniz.
Yunq və Freyd müxtəlif yollarla zamanının və gələcəyin
sənət əsərlərini öyrənmək
üçün yüzlərlə teorem tapdılar. Saf şəkildə
proqnoz vermək elm üçün olduqca çətindir.
Qayıdaq Pikassoya. Pikasso yuxarıdakı qruplardan
ikinciyə - şizofrenlərə uyğun sayılır. Yunq
dayanmadan Pikassonu şizofren kimi təqdim edir və belə bir
açıqlama verməyə özünü borclu sayır:
"Mən demirəm ki, Pikasso şizofrendi. Sadəcə bir
şizofrenə xas olan bütün təsbitlər Pikassonun rəsmlərində
var. Mən öz pasientlərimi onun rəsmləri ilə
müalicə etməkdə çətinlik çəkmirəm".
Yunqun Pikasso və Ceyms Coys haqqında iki məşhur
məqaləsi çıxanda cəmiyyət onu qınadı.
Coysu və Pikassonu dəli adlandırdığı
üçün dəfələrlə elmi konfranslarda ondan
izahat tələb olundu. Sonralar Yunq həmin iki məqaləni
yenidən dərc etdirəndə məsələni bir qədər
anlaşılan etmişdi. Sənət və psixoloji diaqnoz
arasındakı incə xətt sənətin mahiyyətində
dayanan fəlsəfi xarakterdir. Bütün şizofrenlər rəsm
əsərləri çəkə, musiqi bəstələyə,
şeir yaza bilər. Ancaq hamısı sənət
kateqoriyasına girməz. Eyni zamanda da bütün sənət
əsərlərini bu cür ciddi psixoloji travmalarla əlaqələndirmək
olmaz. Yaradıcılıq mahiyyət etibarilə işarələr
sistemidir. Bu, elmi simvollar deyil. İnsan eqosunun
parollarıdır. Sənət öz
yaradıcısının hansı səviyyədə
tanrılıq iddiasında olduğunu göstərir.
Şüuru ələ keçirmək
"Uliss" romanını yada salırıq.
1904-cü ilin 16 iyun günü. Və qarşıdakı
yeddi yüz səhifə boyunca biz bir günün təfərrüatlarını
oxuyuruq. Yunq "Uliss" haqqında o dövr
üçün qalmaqallı bir neçə fikir yazır.
Pikasso kimi onun da şizofren mahiyyətini açıqlayır
və oxucunu necə ələ keçirdiyini
araşdırır.
"Uliss"də heç bir hadisə baş vermir.
Baş verəcəkmiş kimi nüanslar yaranır. Və hər
səhifədə ustalıqla yazılmış mətnlər
bizə nə isə vəd edir. Sanki sehrbaz səhnədədir,
əlində şapka var, çubuğunu fırladır,
üzündə qətiyyət və biz zaldan onun indi
şapkadan dovşan çıxaracağına
inanırıq. Daha doğrusu, bunu gözləyirik. O isə
gah yerini dəyişməklə, gah şapkanı
fırlatmaqla prosesi bir az da uzadır. Dovşan yoxdur, biz isə
hələ də sehrbazı buna görə
qınamırıq. "Uliss" bu taktikayla
yazılmış, üstəlik, zərgər dəqiqliyi ilə
ölçülüb-biçilmiş estetik səhnələrdən
ibarətdir. Öz mifoloji əcdadı kimi heç nə
gözləməyən, heç nəyə təəccüblənməyən,
bir qədər də xoş görünüşlü
sıxıntı ilə təqdim olunur.
Faust Höte üçün, Zərdüşt
Nitsşe üçün nə ifadə edirsə, Uliss də
Coys üçün odur. Onun əbədi rahatlıq
axtarışları sona çatmışdır. İsa və
Budda kimi. Və Uliss də eynən Faust kimi axmaq
düşüncənin, maddi əbədiliyin xaricində,
bütün bunları aşmış mərtəbədədir.
Coysun şizofren detalları ilə işlədiyi (Yunqa görə)
Uliss bir yerdən sonra oxucunun da şüuruna təsir etməyə
başlayır. Xüsusi bir hal olmasa, yuxunuz gəlməsə,
Coysun qəhrəmanından imtina etmək mümkünsüz
hala gəlir. Bu nə onun dil oyunları ilə, nə estetik
yeniliyi ilə, nə modernist inkarçılığı və
cəsarəti ilə bağlıdır. Bu, birbaşa olaraq
Coysun psixoloji vəziyyəti (özü bilərəkdən və
ya bilməyərəkdən) idarə etməsi ilə
bağlıdır. Hadisənin baş verəcəyini gözləmək
onu yaşamaq qədər həyəcanlıdır, hətta
daha həyəcanlıdır. Həyəcan isə sənətin
mahiyyətindəki bizə məlum olan çox az xarakterdən
biridir, bəlkə də birincisidir. Günümüzün ədəbiyyatı
ilə müqayisə etsək, Coys bu gün də təəccübləndirir.
Yunqun öz əmisi ilə belə bir dialoqu var:
"- Bilirsənmi, şeytan cəhənnəmdə
ruhlara necə işgəncə verir?
- ...
- Onları gözlətməklə..."
Yəqin ki, Yunqun əmisi bu dialoqu hansısa dini mətndən,
ya da nağıldan yadında saxlayıb. Amma illər sonra
"Uliss"də bu cür psixoloji üslubla
qarşılaşan Yunqun beynini yeni bir sual cırmaqlayır:
"Sənət kimi psixologiya da mətnlər üzərindən
təkamül edib. Şüurun başlanğıcı,
mübaliğəsiz, mətndirmi?"
Ədəbi cərəyanlar
Coysun Ulissi nihilistdir. Onun nihilizmi Nitsşedəkinə
həm bənzəyir, həm də yox. Nitsşenin ali insan
yaratmaq çabalarından arınmış Uliss öz mənəvi
tərəddüdünün səbəblərini axtarır.
Nihilizmdən yol alıb ekzistensializmə, oradan da digər ədəbi
cərəyanların əsasındakı psixoloji özüllərə
çata bilərik. Modernizmin yaranmasında, daha sonra
postmodernizmin meydana çıxmasında, bundan sonra
postpostmodernizmin, metamodernizmin yaranmasında nə qədər
sosial dəyişikliklərin, ictimai rəylərin və təbəqələşmənin
gücü hiss olunursa, bir o qədər də psixoloji
ehtiyacın sənət üzərində
dominantlığı əldə etmək cəhdləri də
gözdən yayınmır. İnsan axınını istiqamətləndirmək
üçün psixoloqların yaratdığı münbit
mühit vacibdir. Sosial işlər akademiyalarında bu gün
süni zəka və texnoinqilabın gətirdiyi yeniliklərə
insan beyninin hazırlanması prosesi üçün layihələr
verilir. Yeni dünyanın insanı süni intellektlə
mübarizə aparacaq və onun iki silahı var. Birincisi, sənət,
ikincisi, psixologiyası. Süni zəkanın sənətdə
yaratdığı cərəyanlar, əslində, təməl
prinsiplərin duyğu selindən qurtulmuş
variantıdır. Son illər çəkilən animasiya filmlərinə
diqqət etsəniz, çox azında yeni ssenarilər və
duyğulu səhnələr görə biləcəksiniz.
Daha çox şiddətin təbliğinə
hesablanmış mətnlərin ekran işinə
çevrildiyi zamanda xalis sənət nümunələri
"Qırmızı kitab"a düşəcək səviyyəyə
gəlib. Lakin bu, ədəbiyyatın nə süni intellektə,
nə də psixologiyanın yeni "uydurmalarına"
uduzmağı deyil. Sənətin öz mahiyyəti yaranan ədəbi
cərəyanları istiqamətləndirir və onları ədəbi
əcdadları ilə görüşdürür. Yeni mətnlərin
mif və dini ehkamlara söykənən məntiqi bununla
bağlıdır.
Rəvan CAVİD
525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.13.