Xalq
yazıçısı İlyas Əfəndiyevin 110 illiyi qeyd
edilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin
110 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
Xalq yazıçısı Elçin, Milli Məclisin
deputatı Günay Əfəndiyeva, Çingiz Aytmatov
adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik
Abdıldacan Akmatalıyev, Qırğızıstandan gəlmiş
ədəbiyyatşünas alimlər, Akademiya əməkdaşları
və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xalq yazıçısı İlyas
Əfəndiyevin əsərlərindən və haqqında
yazılmış kitablardan ibarət sərgiyə
baxış olub.
Tədbiri giriş sözü ilə AMEA-nın
prezidenti, Nizami Gəncəvi adaına Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəyli
açıb. AMEA rəhbəri vurğulayıb ki, İlyas
Əfəndiyev sovet dövründə yaşayan, amma
mümkün olduqca həmin ideologiyadan kənarda duran
sanballı ədəbiyyat nümunələri yaradıb. Qeyd
edilib ki, o, sovet dövründə yaşasa da, ümummilli ədəbiyyat
yaradaraq, xalqa onun ideallarına həsr olunan əsərlər
yazmağın mümkünlüyünü isbat edib.
Azsaylı yazıçılardan biridir ki, Kommunist Partiyasının
sıralarına daxil olmayıb. O, ixtisasca da ədəbiyyatçı
deyil, coğrafiya fakültəsini bitirmişdi. Öz
istedadının gücü ilə, öz qəlbinin səsi
ilə yazıb yaradaraq bu gün də, sabah da yaşayan,
ictimai formasiyaların dəyişməyindən asılı
olmayaraq yaşaya biləcək əsərlər yaradıb.
Onun yazdıqları Azərbaycanın sabahına ünvanlanan,
xalqının milli mənafeyinin daha dərindən təsvirinə
həsr olunub. “Kənddən məktublar”dan başlayan bu
böyük ədəbiyyat, Azərbaycan nəsrini zənginləşdirən
yeni ədəbiyyatın yaranması ilə nəticələnib.
“Sovet dövründə Azərbaycanda lirik-psixoloji nəsrin
ən böyük ustadı İlyas Əfəndiyevdir” – deyən
akademik İsa Həbibbəyli yazıçının
“Söyüdlü arx”, “Bahar suları” kimi əsərlərindən
başlanan bu üslubun inkişaf etdirilərək
“Sarıköynəklə Valehin nağılı”na qədər
davam etdiyi xatırladıb.
“İlyas Əfəndiyevin
yaradıcılığından danışanda onun
dramaturgiyasını ayrıca qeyd etməmək mümkün
deyil” – söyləyərək bildirib ki, o, lirik-psixoloji
teatrın və dramaturgiyanın da yaradıcısıdır.
“İlyas Əfəndiyevin teatrı lirik-psixoloji üslubda
olan, insanın iç dünyasını cəmiyyətə
təqdim edən fərqli teatr idi. İlyas Əfəndiyev
xüsusən 1960-1980-ci illərdəki əsərləri ilə
Azərbaycan xalqının ideologiyadan kənar, amma milli
ideallara, gerçək həyata yönəldilmiş bir ədəbiyyatı
xalqa verməklə onun gələcək müstəqilliyinə
hazırlaşmasına kömək edib. Xüsusən də
“Natəvan” və “Xiyabani” pyeslərindəki azərbaycançılıq
idealları İlyas Əfəndiyevin dövlət müstəqilliyi
təfəkküründə yeni nəslin yetişməsində
xidmətlərini aydın şəkildə ifadə edir. Onun əsərləri
istər janrına və mövzusuna, istərsə də qəhrəmanlarına
görə də yeni olur. Həm sənətkarlıq, həm
də mövzu və ideya cəhətdən bənzərsiz
olan yazıçı daim öyrənilir.
Dissertantlarımızdan birinə də İlyas Əfəndiyevin
yaradıcılığı haqqında dissertasiya mövzusu
vermişik. Bu mövzu ədəbiyyatşünaslıq
elmimizin də vəzifəsidir. Bu tədbir də İlyas
Əfəndiyevə elmin yenidən
qayıdışının ifadəsidir” – deyə akademik
İsa Həbibbəyli çıxışını
yekunlaşdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Asif
Rüstəmli “İlyas Əfəndiyev
yaradıcılığı Yaşar Qarayevin dəyərləndirmə
müstəvisində”, filologiya elmləri doktoru Vaqif Yusifli
“İlyas Əfəndiyevi xatırlayarkən” və filologiya
elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin
meyarları” mövzularında məruzələr ediblər.
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat
İnstitutunun direktoru akademik Abdıldacan Akmatalıyev
çıxışında bildirib ki,
Qırğızıstanda Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələri Bəxtiyar
Vahabzadə, İlyas Əfəndiyev, Anar və Elçinin əsərləri
tərcümə olunaraq geniş oxucu kütləsinə
çatdırılıb. Öz ölkəsində alimlərin,
tədqiqatçıların və tərcüməçilərin
Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini
də vurğulayıb. İlyas Əfəndiyevin üç
romanının qırğız dilinə tərcümə
olunaraq nəşr edildiyini və böyük maraqla qarşılandığını
əlavə edib. Qonaq çıxışında elmi
konfransın təşkilinə görə akademik İsa Həbibbəyliyə
təşəkkür edib.
Ədəbiyyat İnstitutunun böyük elmi
işçisi Dilarə Adilova “İlyas Əfəndiyevin
romanlarında müasirlik” mövzusunda məruzəsində
qeyd edib ki, “İlyas Əfəndiyev nəsrinin əsas qolunu
onun “janrı gözəl bildiyi” romanları təşkil edir.
Onun romanlarının mövzusunu nə konkret kəndə aid
etmək olur, nə şəhərə.
Yazıçının qəhrəmanları birmənalı
şəkildə nə kəndlidir, nə şəhərli.
“Söyüdlü arx” və “Dağlar arxasında üç
dost” romanlarında müharibədən sonra böyük aqrar
ölkənin ucqar kəndləri – Güney qışlaq, Quzey
qışlaq və Qartallı dərə təsvir edilir,
müasir kənd modeli, onun tərəqqisi problem kimi
götürülür. Kəndlərimizin bugünkü mənzərəsindən
fərqli olaraq, oralarda həyat qaynayır. Heç kim şəhərə
köçməyi düşünmür, əksinə, şəhərlilər
təyinatla rayona işləməyə gedirlər…”
Məruzəçi əlavə edib ki, “İlyas
Əfəndiyev cəmiyyətdəki və insan mənəviyyatındakı
qüsur və eybəcərliklərlə öz əsərləri
ilə mübarizə aparırdı. İnsan haqlarının
pozulması və taptanılmasına, əxlaq pozuntusuna
qarşı barışmaz mövqedə idi. Zəhmət, əmək,
ailə, dostluq onun üçün müqəddəs nəsnələr
olub əsərlərinin də baş mövzusu idi.
“Sarıköynəklə Valehin nağılı”
yazıçının digər romanlarından fərqlənir...
Əgər “Söyüdlü arx”, “Körpüsalanlar”,
“Dağlar arxasında üç dost” 1960-cı illərin əvvəllərini
əhatə edirdisə, “Sarıköynəklə Valehin
nağılı” sosial, məişət və ictimai problemləri
ilə sırf 80-ci illərə aiddir. Burada
gördüyümüz xoşbəxt cütlüklə ədibin
başqa romanlarında qarşılaşmırıq. Romanda
uşaqlıqdan bir-birini sevən iki gəncin çətin
taleyi və saf məhəbbəti fonunda dövrün
çatışmazlıqları, haqsızlıqları əks
olunur. Romanın sərlövhəsinə
çıxarılmış “nağıl” sözü təsadüfi
xarakter daşımır. Bu, yazıçıya yeri gəldikcə
hadisələri “nağıl”laşdırıb, qəhrəmanları
düşdükləri mürəkkəb vəziyyətlərdən
çıxarmağa imkan verir. Nağıl qəhrəmanları
həmişə simvol kimi qəbul edilirlər;
işıq-qaranlıq, xeyir-şər... Akademik İsa Həbibbəylinin
sözlərilə desək, “İlyas Əfəndiyevin
yaradıcılığı Azərbaycan ədəbiyyatının
özünəməxsus nağılıdır”.
Tədbirin sonunda ədibin ailə üzvləri
adından Xalq yazıçısı Elçin
çıxış edərək bu tədbirdə söhbətin
ədəbiyyatdan getməsinə görə onu xoş hadisə
adlandırıb. Bildirib ki, məhz Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun əməkdaşları
İlyas Əfəndiyevin yaradıcılığı barədə
sanballı söz dedilər. Atası haqqında
danışaraq vurğulayıb ki, onun əsərləri bu
gün heç bir dəyişikliyə məruz qalmadan
oxuculara alın açıqlığı ilə təqdim
olunur.
Ədəbiyyat İnstitutu ilə bağlı xoş
xatirələrini və təəssüratlarını
bölüşən Xalq yazıçısı məruzələr
haqqında da yüksək fikirlər səsləndirib. “Bu
gün mütəxəssis sözü İlyas Əfəndiyev
yaradıcılığına daha artıq qiymət verirsə,
deməli, o, xoşbəxt yazıçıdır. İlyas
Əfəndiyev öz yaradıcılığı ilə
ideologiyaya yox, ədəbiyyata xidmət edib” – deyərək
çıxışının sonunda tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkürünü
bildirib.
525-ci qəzet.-2024.- 19 oktyabr(¹192).-S.13.