Heykəltaraşlıq
sənətinin canlı əfsanəsi
Azərbaycan Respublikasının Xalq rəssamı,
akademik Ömər Eldarov (1927) heykəl yaratmaq işinə
kompozisiyalı heykəltaraşlıqla başlamış və
bu sahə onun bütün fəaliyyəti boyu
yaradıcılıqla davam etdirilmişdir. İ.Repin adına
Leninqrad Rəssamlıq Akademiyasının tələbəsinin
diplom işi kimi yaradılmış "Gənc
qvardiyaçılar" barelyefi (1951) ideoloji istiqamətindən
asılı olmayaraq, sənət baxımından orijinal
portretlər qalereyasıdır. Bu kompozisiya eyni yaşda olan və
vahid amala xidmət edən səkkiz nəfər gənc
qvardiyaçının bir-birini təkrar etməyən
obrazlarının tuncdan tökülmüş təqdimatıdır.
Bu, Ömər Eldarovun tunc üzərində
canlandırılan portretlər yaratmaq istedadının ilk real
təzahürüdür. Və ya "Gənc
qvardiyaçılar" heykəltaraşlıq
kompozisiyası dövrünə görə aktual olan həmin
mövzuda yazılmış bir romanın fəlsəfəsini
tunc təsvirlərlə əks etdirir. Ömər Eldarovun
"Güllələnmə" kompozisiyası da (1977)
süjetli Azərbaycan heykəltaraşlığının
nadir nümunəsidir. Bu, repressiya faciəsinin sərt
dramatizminin orijinal heykəltaraşlıq həllindən ibarət
olan təsirli sənət hadisəsidir. "Güllələnmə"
kompozisiyası Ömər Eldarovun repressiya mövzusunda məharətlə
yaratdığı heykəltaraşlıq epopeyasıdır.
Son ölüm hökmü anında ayrı-ayrı
insanların keçirdikləri fərqli hisslər bu
kompozisiyada biri digərini qətiyyən təkrar etməyən
düşünülmüş detallar vasitəsilə ifadə
olunmuşdur. Beləliklə, Ömər Eldarov "Gənc
qvardiyaçılar" və "Güllələnmə"
heykəltaraşlıq kompozisiyalarında böyük məharətlə
oxşar taleli insanların fərqli xarakterlərini
böyük məharətlə tişə ilə
canlandırmağı bacarmışdır.
Xalq rəssamı Ömər Eldarovun "Azərbaycan
diviziyası, "Dəniz neftçiləri", "İlin
dörd fəsli" və "Bacılar" kimi heykəlləri
də süjetli heykəltaraşlıq nümunələrdir.
"İlin dörd fəsli" heykəl
kompozisiyasındakı dörd qadın obrazlarından hər
biri fəsillərə uyğun geyimi və bədən hərəkətləri
ilə həqiqətən də il ərzindəki iqlim dəyişikliklərini
real surətdə əks etdirir. Lakin bu, "İlin dörd fəsli"
kompozisiyasının ilk baxışda görünən tərəfidir.
Əslində Ömər Eldarov "İlin dörd fəsli"
kompozisiyasında insanın təbiətlə əlaqələrini
deyil, geniş mənada insan və zaman münasibətlərini
mənalandırmışdır. Obrazların hər birinin
zahiri və daxili gərginlikləri, əl hərəkətləri,
hətta saç düzümü ilə də Ömər
Eldarov narahat dünyanın obrazını yaratmağa nail ola
bilmişdir. Buna görədir ki, Ömər Eldarovun
"İlin dörd fəsli" kompozisiyası həm də
"Zamanın dörd zəngi" də
adlandırılır. Ömər Eldarov 1973-cü ildə,
dünyanın kapitalizm və sosializm kimi iki qütbə
böldüyü mürəkkəb bir dövrdə
yaratdığı "İlin dörd fəsli"
kompozisiyası ilə həqiqətən də narahat
zamanın və nigaran dünyanın təzadlarını,
tamaşaçının diqqətinə
çatdırmışdır. Bununla o, zaman haqqında kulislərdə
danışılan sərt realizm (surovıy realizm)
üslubunda həyəcanlı dünyanın tuncdan
tökülmüş heykəlini yaratmışdır.
Ömər Eldarovun heykəlləri incəsənətin
bir çox sahələrini özündə kompleks şəkildə
təcəssüm etdirən fərqli sənət əsərləridir.
Qranitdən, tuncdan, misdən, şüşədən,
ağacdan istifadə etməklə o, müraciət etdiyi
mövzunu və canlandırmaq istədiyi obrazı daxili
dünyası, səciyyəvi hərəkətləri və
xidmətləri ilə bir yerdə görə və göstərə
bilmişdir. Bu qəbildən olan ağacdan yonulmuş "Dəniz
neftçiləri" kompozisiyasında (1964) insanın
dözümü və iradəsi heykəltaraşlıq dili
ilə mənalı bir şəkildə ifadə
olunmuşdur. Bu cəhətdən heykəltaraş Ömər
Eldarovla Xalq rəssamı Tahir Salahovun əsərləri
ideya-sənətkarlıq, xüsusən də mövzunun bədii
həlli baxımından bir-birinə çox yaxındır.
Əslində həmin yaxınlıq bu qüdrətli sənətkarların
hər ikisinin sənətdə əsaslandığı əsas
prinsipin - sərt realizm yaradıcılıq metodunun daxili məntiqindən
irəli gəlmişdir. Sovet hakimiyyəti illərində
sosialist realizmi yaradıcılıq metodunun tələb etdiyi
nikbin əhvali-ruhiyyənin əksinə olaraq, Tahir Salahov və
Ömər Eldarov rəsmlərində və heykəllərində
həyatın, insan talelərinin gerçəkliklərini və
gərginliklərini böyük məharətlə sərt
realizm üslubunda diqqət mərkəzinə çəkmişlər.
Bu məqamda görkəmli sənətkarlar olan Tahir Salahovu
"Dəniz neftçiləri" və ya "Təmirçilər"
kompozisiyasında, Ömər Eldarovu isə "Gənc
qvardiya" barelyefində və Sevastopol şəhərində
ucaldılmış "Azərbaycan diviziyası" heykəl-kompleksində
yalnız mövzunun sovet dövrü üçün aktual
olması xilas etmişdir. Əslində isə mövzusunun
aktuallığı baxımından sosialist realizmi
yaradıcılıq metodu ilə səsləşən belə
kompozisiyalı heykəllərində Ömər Eldarov mahiyyət
etibarilə sosializm cəmiyyətindəki çətinliklərlə
üz-üzə qalan, dərin sarsıntılar keçirən,
mərd, dözümlü insanların ən çətin
anlarda da ümidlərini itirmədiklərini böyük
ustalıqla, məharətlə ifadə edə bilmişdir. Bu
mənada, xarici mətbuatda işlədilən "sərt
realizm" təyinatı sosialist realizminin təzahür
formalarından biri kimi yozularaq, müəllifinin cəmiyyətin
irəliyə doğru inkişafındakı maneələri
göstərərək sabaha ümidlə baxması
ampluasında mənalandırılmışdır. Əsl həqiqətdə
isə Xalq rəssamı Tahir Salahovun həyatın təzadlarını
əks etdirən rəsmlərində olduğu kimi, Ömər
Eldarov da süjetli heykəltaraşlıq əsərləri
ilə Azərbaycan xalqının keçdiyi gərgin məsuliyyətli
və şərəfli yolların epopeyasını
yaratmışdır.
Beləliklə, Ömər Eldarovun sənətində
heykəl yalnız şəxsiyyətin deyil, geniş mənada
Zamanın abidəsi statusunu yerinə yetirir. Bu, mümkün
olmadığı hallarda isə Ömər Eldarov Tokay Məmmədovla
birlikdə ucalddıqları Məhəmməd Füzuli heykəlində
olduğu kimi, düşündüyü süjeti abidənin
pyedestalında və ya Hüseyn Cavid heykəl-kompleksindəki
kimi ətraf sütunlarda əks etdirməyi
bacarmışdır.
Ömər Eldarov Azərbaycan monumental heykəltaraşlığının
tarixinə həm də görkəmli barakkoçu rəssam
kimi daxil olur. Süjetli heykəlləri Ömər Eldarovun
mahir rəssam-heykəltaraş olduğunu nümayiş
etdirir. Fərq ondadır ki, rəssamların boya, yaxud qələmlə
çəkdiklərini Ömər Eldarov tişə ilə,
daşdan yanaraq ifadə etmək istedadına malikdir...
Düşünən heykəltaraşlıq məktəbi
Xalq rəssamı Ömər Eldarovun
yaradıcılığı Azərbaycan monumental heykəltaraşlıq
sənətində görkəmli siyasi və ədəbi
şəxsiyyətlərin özünəməxsus heykəllərini
yaratması ilə səciyyələnir. Düşüncə
Ömər Eldarovun şəxsiyyət heykəllərinin
xarakter xüsusiyyətini müəyyən edir. Onun heykəlləri
düşünən, mütəfəkkir
baxışlarına malik olan heykəllərdir. Məlum
olduğu kimi, Azərbaycan heykəltaraşlığında
dinamik (əl hərəkəti qabarıq olan), statik (pasport
şəkli kimi) və monumental (əzəmətli) obrazlar
yaratmaq ənənəsi geniş yer tutur. Milli heykəltaraşlıq
sənətində düşünən heykəltaraşlıq
üslubunun xüsusi bir istiqamət səviyyəsinə
çatdırılması məhz Ömər Eldarovun adı
ilə əlaqədardır. Ömər Eldarovun ilk heykəllərindən
olan əsərini "Şairə Xurşidbanu Natəvanın
portreti" adlandırması (1955) onun müraciət etdiyi
obrazı xarakterik portret cizgiləri ilə birlikdə ifadə
etmək qayəsinin ifadəsidir. İstedadlı heykəltaraş
Xurşidbanu Natəvanın əlindəki qələmi
kompozisiyaya daxil etməklə onun şairəlik istedadından
gələn lirizmi diqqət mərkəzinə çəkmişdir.
Şairənin gözlərində və sifətində rəssam
dəqiqliyi ilə çəkilmiş dərin kədər
onun cavan yaşlarında oğlunu itirməsindən doğan
hüznü geyimindəki gümüş kəmər və
saçaqlı yaylıq bəy-xan nəslinə mənsub
olduğunu xatırladır.
Məsələnin bu cəhəti xüsusilə maraq
doğurur, çünki sovet hakimiyyəti illərində
şairə Natəvana həsr edilmiş elmi və bədii əsərlər,
rəsm əsərləri yaratmaq mümkün olsa da,
Qarabağ xanının qızının portretini çəkmək,
heykəlini ucaltmaq ağıla sığacaq iş deyildi. Heykəlin
dövrün ictimai-siyasi mühiti və elmi-mədəni dairələri
tərəfindən normal qarşılanması isə ilk
növbədə abidənin Bakı şəhərində
ucaldığı 1960-cı ildə bütövlükdə
Sovetlər İttifaqında, o cümlədən də, Azərbaycana
İosif Stalinin vəfatından sonra baş vermiş
"Xruşov mülayimləşməsi" hadisəsi ilə
əlaqədar idi. İkincisi, Xurşidbanu Natəvanın heykəlinin
Azərbaycan SSR Ali Sovetinin sədri, görkəmli xadim, Xalq
yazıçısı Mirzə İbrahimov tərəfindən
sifariş edilməsi də ehtimal olunan maneələrin ondan
yan keçməsinə sırf səbəb olmuşdur.
Üçüncüsü isə Ömər Eldarov
Xurşidbanu Natəvanın heykəlində yerləşdirdiyi
zinət əşyalarını kompozisiyada Azərbaycan
qadınına aid detallar kimi elə yerli-yerində işləmişdi
ki, nəinki tamaşaçı, hətta senzura onların bəy-xan
nəslinə aid olmasından çox, xalqımızın
tarixi keçmişini əks etdirən reallıqlar kimi qəbul
etmişdir. Bütün bunlara görə Ömər Eldarovun
yaratdığı Xurşidbanu Natəvanın heykəli
Bakı şəhərinin ən seçilmiş mərkəzi
yerlərindən birində ucaldılmışdır. Bu, cavan
heykəltaraş Ömər Eldarovun çox mahir
yaradıcılıq uğur idi. Xurşidbanu Natəvanın
heykəli Ömər Eldarovun düşünən heykəllər
serialının uğurlu başlanğıcıdır.
Ömər Eldarov Azərbaycan heykəltaraşlıq
sənətində tişə ilə fırçanın
imkanlarını üzvü surətdə birləşdirərək,
canlı, ifadəli heykəllər yaratmağı bacarmışdır.
Ömər Eldarov Azərbaycanda heykəltaraşlıq sənətinin
rəssamı funksiyasını yerinə yetirən nadir sənətkarlardan
biridir. Məhz tişə ilə həm də
fırçanın görə biləcəyi işlərin həyata
keçirməyi bacarması onun yaratdıqları
obrazların təkcə bədən quruluşunun deyil, eyni
zamanda, sifətindəki cizgiləri, məsələn fikri,
düşüncəni, kədəri və təbəssümünü
də təsvir etməsinə imkan yaratmışdır. Bu isə
öz növbəsində Ömər Eldarovun
düşününən heykəllər silsiləsi
yaratmasına meydan açmışdır. Düşünən
və düşündürən heykəllər yaratmaq demək
olar ki, Ömər Eldarov sənətinin özünəməxsusluğunu
müəyyən etmişdir. Ömər Eldarovun
Tacikistanın Düşənbə şəhərində
ucaldılmış Sədrəddin Ayninin (1978) və məşhur
İbn Sinanın (1980), Hindistanın Comolunqması sayılan,
Nobel mükafatı laureatı Robindranat Taqorun (1987),
Ankaradakı İhsan Doğramaçının (2001), maestro
Niyazinin (2017) Bakı şəhərindəki heykəlləri
mütəfəkkir heykəltaraş düşüncəsinin
möhtəşəm abidələridir. Ömər Eldarovun
Azərbaycan ədəbiyyatının görkəmli
yaradıcılarından olan Hüseyn Cavidin Bakı şəhərindəki
heykəlində ifadə olunan dərin düşüncə və
romantik kədərin daşlaşmış məbədinin
ifadəsidir. Hüseyn Cavidin əlləri qoynunda
çarpazlaşdırılmış şəkildə təqdim
olunması filosof sənətkarın həyata, cəmiyyətə
dərin baxışlarını mənalandırır. Nəhayət,
Hüseyn Cavidin böyük planda təqdim olunmuş əzəmətli
heykəlində ədəbin başını
aşağıya meyllənmiş, nəzərləri məchul
bir nöqtəyə dikilmiş vəziyyətdə təsviri
də düşünən heykəltaraşlığın səciyyəvi
əlamətidir. Doğrudur, Hüseyn Cavid heykəlinin
kompozisiyasındakı dinamika şairi romantik kədərinin
xalqını gələcəyi ilə əlaqədar dərin
ümidlərlə bağlı olduğunu düşünməyə
əsas verir. Bu yolla düşünən Hüseyn Cavidlə
düşündürən süjet xətti obrazın
xarakterini, taleyini və bütövlüyünü
tamamlayır. Hətta Hüseyn Cavidin heykəlinin
pyedestalını təbii daşdan yonmaqla Ömər Eldarov sənətkarın
qazandığı əbədiyyəti heykəltaraşlıq
dili ilə nəzərə çatdırmışdır.
Qeyd etmək lazımdır ki, Ömər Eldarovun əksər
heykəllərində nəzərləri aşağıya
zillənmiş baxış detalı vasitəsilə fikir ifadə
etmək səciyyəvi xüsusiyyətlərdən biridir.
ilk sənət əsəri olan Xurşidbanu Natəvanın
heykəlinin Tokay Məmmədovla birlikdə
hazırladıqları Məhəmməd Füzuli heykəlində,
dahi Üzeyir Hacıbəylinin Avstriyanın paytaxtı Vyana
şəhərində və Bakıda Fəxri xiyabandakı qəbirüstü
abidəsində, hətta Nobel mükafatı laureatı
Robendranat Taqorun heykəllərində də Ömər Eldarov
obrazın dərin düşüncələrini, onun
aşağıya doğru baxışlarını təsvir
etməklə nail olmuşdur.
Sovet incəsənətindəki nikbinliklə
müasirlik prinsiplərin hakim olduğu dövrdə Ömər
Eldarovun düşünən, narahat, həyəcanlı
mütəfəkkir obrazları yaratması onun
yaradıcılıq metodu kimi seçdiyi sərt realizmin heykəllərdə
ifadə olunmuş təzahürləridir. Onun əksər
heykəllərində sərt realizmdən fərqi bədii
ifadə vasitələrini görmək mümkündür.
Ömər Eldarovun rəssam Səttar Bəhlulzadənin abidəsi
(1965) isə realist-romantik heykəldir. Böyük sənətkarın
üzündəki dərin düşüncə və əllərinin
budaq şəklində təqdimatı onun Azərbaycan təbiətinin
incəliklərini tapıb üzə çıxarmaq və
yağlı boya ilə kətana köçürmək
istedadının ağacdan yonulmuş təbii
görüntüsüdür. Təkrarsız rəsm əsərləri
kimi, Səttar Bəhlulzadə özü də Ömər
Eldarovun təqdimatında yaradıcı dühanın dərin
düşüncələrini bütün təbiiliyi ilə əks
etdirir. Bu mənada yaradıcılığındakı
romantik meyl Ömər Eldarov sərt realizminə fərqli
çalarlar əlavə edir.
Bütün bunlar göstərir ki, Ömər Eldarov
heykəlin əzəmətini canlandırarkən mahir heykəltaraş,
onun fikir və düşüncələrini ifadə edərkən
görkəmli elm xadimi, əsl akademikdir. Onun sənətində
heykəltaraşlıqla akademik düşüncənin
möhkəm üzvi sintezi vardır. Akademik yanaşma ilə
bədii idrakın vəhdəti Ömər Eldarovun heykəltaraşlığının
mahiyyətini təşkil edir. Ömər Eldarovun zəngin
yaradıcılığı mütəfəkkir heykəltaraşlıq
akademiyasıdır. Uzun illər Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru olmuş Ömər Eldarov Azərbaycanda
akademik heykəltaraşlıq məktəbinin
yaradıcısıdır. Ömər Eldarov Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü, akademik heykəltaraşlığın
fəxridir. Bütün bunlara görə Ömər Eldarov
özü də xalq rəssamı fəxri adı ilə
akademik elmi rütbəsini eyni ucalıqda daşıyan və
yaşadan mütəfəkkir heykəltaraşdır. Dahi heykəltaraşın
əksər heykəlləri həm də onun möhtəşəm
elmi əsərləridir.
Ömər Eldarovun hələ 20 il bundan əvvəl
öz təşəbbüsü ilə heç bir sifariş
almadan Azərbaycanda xalq müdrikliyinin rəmzi kimi qəbul
edilən Dədə Qorqudun heykəlini hazırlaması onun
düşünən heykəltaraşlıq məktəbi
yaratmaq istiqamətindəki düşünülmüş
addımıdır. Heykəltaraşlıqda Dədə
Qorqudun obrazını yaratması Ömər Eldarovun
yaradıcılığında düşünən heykəltaraşlığın
təsadüfi olmadığını, seçilmiş,
düşünülmüş bir yol olduğunu isbat edir. Dədə
Qorqudun heykəli Ömər Eldarovun düşünən heykəlini
ümumiləşdirilmiş ifadəsidir. Xalq rəssamı,
akademik Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətinin
yaşayan Dədə Qorqududur.
Qranitlə əbədiləşdirilən dövlətçilik
Ümumiyyətlə, Xalq rəssamı Ömər
Eldarov böyük şəxsiyyətlərin
obrazlarını yaradarkən onların fəaliyyətlərinin
vətənə, dövlətə və xalqa
bağlılığını vəhdətdə ifadə
etmək ideyasını ön mövqeyə çəkir.
Ömər Eldarovun bütün əsərlərində
özünü göstərən bu prinsiplər cəm halda
ustad heykəltaraşın görkəmli dövlət xadimi
Heydər Əliyevə həsr olunmuş heykəl-abidələrində
özünün parlaq əksini tapmışdır. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin
çoxsaylı heykəllərini yaratmış Ömər
Eldarov heç vaxt özünü təkrar etməmişdir.
O, hər dəfə bu dahi şəxsiyyətin
obrazını yaradarkən onu fərqli bir
düşünülmüş detalla daha da zənginləşdirmişdir.
Ömər Eldarovun heykəltaraşlıq əsərlərində
xalqımızın və ölkəmizin xilaskarı, müstəqil
dövlətimizin banisi və böyük qurucusu Heydər
Əliyevin möhkəm iradəsi, qətiyyəti,
müdriklik və uzaqgörənliyi, xalqa
bağlılığı parlaq şəkildə əks
etdirilmişdir. O, mümkün olduqca heykəllərində
böyük müasiri, yaxından tanıdığı,
şəxsiyyətinin və siyasətinin miqyasını
aydın surətdə mənimsədiyi Ulu öndər Heydər
Əliyevin malik olduğu dərinlik və ucalığın
mahiyyətini açmağa
çalışmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin
heykəli ilk dəfə 1987-ci ildə Ömər Eldarov tərəfindən
yaradılmışdır. Sovet İttifaqı Kommunist
partiyası siyasi bürosunun iki dəfə Sosialist Əməyi
Qəhrəmanın adına layiq görülmüş
görkəmli dövlət xadimlərinin doğulduqları
şəhərdə büstünün uzadılması
haqqındakı qərarına əsasən həmin yüksək
göstəriciyə malik olan SSRİ Nazirlər Soveti Sədrinin
Birinci müavini Heydər Əliyevin gəldiyi
Naxçıvan şəhərindəki büstünün
müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Bu, Ulu
öndər Heydər Əliyevin sağlığında
ucaldılmış ilk heykəltaraşlıq nümunəsidir.
Ömər Eldarovun yaratdığı Heydər
Əliyev heykəlləri dahi şəxsiyyətin qüdrətinin
bədii ifadəsi sahəsində ciddi yaradıcılıq
axtarışları aparılması ilə bərabər, bu
heykəllərin ucaldılması üçün münasib
məkanın tapılması ilə də müəyyən
olunur. Ulu öndərin öz sağlığında, 1987-ci
ildə Naxçıvanda ucaldılmış
büstünün arxasında görünən Möminə
xatun türbəsi və Araz çayı onun böyük vətənpərvər,
uzaqgörən azərbaycançı dahi rəhbər
olduğunu göstərir. Eyni zamanda, Naxçıvandakı
büstünün ətrafında bir neçə ölkənin
Türkiyə Cümhuriyyətinin və İran İslam
Respublikasının coğrafi sərhədləri və ərazilərinin
görünməsi Heydər Əliyevin beynəlxalq aləmdə
qəbul olunan dünya miqyaslı böyük siyasi xadim
olması fikrini ifadə edir. Görkəmli dövlət xadimi
Heydər Əliyevin Naxçıvan şəhərinin
Baş meydanındakı əzəmətli heykəlinin
fonundakı xatirə muzeyi Azərbaycan xalqının ən
çətin, məsuliyyətli illərində böyük
dövlət xadiminin bu diyarda çalışıb işlədiyinə,
xilaskarlıq missiyasını həyata keçirməsinə
mənalı bir işarədir. Türkiyə Cümhuriyyətinin
Qars şəhərində ucaldılmış Heydər
Əliyev abidəsinin fonundakı qədim və möhtəşəm
Qala bu qüdrətli liderin türk dünyasında
daşıdığı missiyanı dolğun surətdə
ifadə edir. Açıq səma və doğma torpaq ölkəmizin
müxtəlif regionlarında ucaldılmış Heydər
Əliyev heykəllərinin daşıdığı əbədiyyət
mənasını diqqət mərkəzinə çəkir.
Bakı şəhərində Fəxri xiyabandakı
Heydər Əliyev kompleksi üçün seçilmiş
fon - mərmər qranit üzərində Azərbaycan xəritəsinin
canlandırılması rəmzi şəkildə Heydər
Əliyevin ölməz adının Azərbaycan xalqı ilə
və müstəqil dövlətimizlə əbədiyyətə
qədər bərabər olacağını mənalandırır.
Fəxri xiyabandakı Heydər Əliyev heykəl-kompleksi Azərbaycan
memarlığının şah əsəridir. Bu möhtəşəm
abidə sözün əsl mənasında
xalqımızın və dövlətimizin simvoluna
çevrilmiş Ümummilli liderin bütün əzəmətini
özündə əyani surətdə əks etdirir. Hər dəfə
insanlar bu ölməz sənət abidəsinin
qarşısından keçərkən dərin iftixar hissi
"Borcumuzdur bu ehtiram" - deyərək irəliyə
doğru inamla addımlayırlar.
Ümumiyyətlə, Xalq rəssamı Ömər
Eldarov, Azərbaycan heykəltaraşlıq sənətində
dövlətçilik təfəkkürünün yerini və
əhəmiyyətini geniş və qabarıq şəkildə
əks etdirən heykəltaraşdır. Ümummilli lider Heydər
Əliyevə həsr etdiyi heykəllər qalereyası
böyük sənət əsərləri olmaqla
yanaşı, həm də Azərbaycanın dövlət
müstəqilliyinin heykəllərə çevrilmiş
sanballı əsərləridir.
Eyni zamanda, Ömər Eldarovun təqdimatında
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal
Atatürkün Bakı şəhərindəki heykəli də
qardaş ölkənin müstəqil dövlətçilik
abidəsi kimi ucaldılmışdır. Dağıstanda,
Mahaçqala şəhərində qoyulmuş görkəmli
elm və dövlət xadimi Əziz Əliyevin əzəmətli
heykəlində də çoxcəhətli fəaliyyətə
malik bu görkəmli şəxsiyyətin tərcümeyi-halındakı
dövlətçilik motivləri qabarıq şəkildə
əks etdirilmişdir. Bütün bu heykəllər həm də
Ömər Eldarovun mükəmməl dövlətçilik
baxışlarına malik görkəmli elm və sənət
xadimi olduğunu göstərir. Buna görədir ki, Azərbaycan
cəmiyyətində Ömər Eldarov həm də
tanınmış ictimai xadim kimi qəbul olunur. Görkəmli
dövlət xadimi Heydər Əliyev Xalq rəssamı Ömər
Eldarovun sənətinə yüksək qiymət verərək
demişdir: "Ömər Eldarov Azərbaycan mədəniyyətinin
inkişafında misilsiz xidmət göstərmişdir. Mən
Ömər Eldarovu çox illərdir ki, yaxından
tanıyıram. Onun əsərlərini demək olar ki,
hamısı ilə tanışam. Ömər Eldarovun
yaratdığı heykəltaraşlıq əsərləri Azərbaycan mədəniyyətini
zənginləşdirmişdir".
Heykəltaraşlıqda lirizm
Xalq rəssamı Ömər Eldarovun heykəltaraşlığında
lirizmin və bədii detalların zənginliyini də
özünəməxsus yeri vardır. Onun demək olar ki,
bütün heykəllərində lirika əlamətləri həkk
olunmuşdur. Şairə Natəvanın heykəli sanki
bütünlüklə şeiriyyətdən
yoğrulmuşdur. Ömər Eldarovun Natəvanı qranitdən
yoğrulmuş lirik-romantik nəğmədir. Məhəmməd
Füzulinin heykəlinin pyedestalındakı Leyli və Məcnun
obrazlarının təsvirləri dahi şairin
lirikasının daşlaşmış rəmzləridir.
Akademik Zərifə xanım Əliyevanın Ömər
Eldarov tərəfindən yaradılmış abidəsi
sözün həqiqi mənasında Azərbaycan milli heykəltaraşlıq
sənətinin müasir səviyyəsinin yüksək
göstəricisidir. Fikrimizcə, bu nadir sənət əsərinin
"Elegiya" adlandırılması da təsadüfi
olmayıb, həm də abidənin ruhundakı mehri, insanpərvərliyi
lirizmi mənalandırır. Akademik Zərifə xanım
Əliyevanın abidəsini özünün lirizmi etibarilə
bu sahədə Azərbaycan poeziyasının şah əsərlərini
yaratmış Məhəmməd Füzulinin lirikası ilə
müqayisə etmək olar. Zərifə xanım
Əliyevanın abidəsi Azərbaycan heykəltaraşlıq
sənətinin tuncdan tökülmüş incə ruhlu
poeziyasıdır. Zərifə xanım Əliyevanın heykəli
işə ilə də lirika yaratmağın
mümkünlüyünün isbatıdır. Nəhayət,
Zərifə xanım Əliyevanın heykəli Ömər
Eldarovun sərt realizmi daxilindəki romantik üslubi
çalarların möhtəşəm təqdimatıdır.
Ömər Eldarovun yaratdığı akademik Zərifə
xanım Əliyevanın heykəli Azərbaycan heykəltaraşlıq
sənətinin şedevridir. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev Ömər Eldarovun dahiyanə
şəkildə canlandırdığı Akademik Zərifə
xanım Əliyevanın heykəlinin 1997-ci ildə Bakı
İncəsənət Muzeyində keçirilən təqdimat
mərasimində aşağıdakı kimi yüksək qiymət
vermişdir: "Görürsünüz, bu, adi əsər
deyil. Bu əsərdə məni valeh edən, - bu sözü
tam həqiqətlə deyirəm, - sevindirən və məndə
böyük hissiyyatlar doğurdan odur ki, bu əsərdə
böyük fəlsəfə, məna vardır. Ən
birincisi odur ki, Zərifə xanımın daxili mənəviyyatının,
onun simasının daxili və xarici simasını Ömər
Eldarov əks etdirə bilibdir. Eyni zamanda, o, gözəl bir
heykəltaraş kimi heykəltaraşlıq məktəbinin -
nəinki Azərbaycan heykəltaraşlıq məktəbinin,
dünya heykəltaraşlıq məktəbinin elementlərini,
yaxud onların müəyyən cəhətlərini bu əsərdə
həyata keçirə bilibdir".
Sərt realizm üslubu ilə romantik çalarları
birləşdirən Ömər Eldarovun
yaradıcılığında realizm baxımından
dünya şöhrətli böyük bəstəkar və
müğənni olan Müslüm Maqomayevin heykəli də
xüsusi yer tutur. Əvvəla, Bakı şəhərində,
Dənizkənarı parkda, Xəzərin sahilində 2022-ci ildə
ucaldılmış Müslüm Maqomayevin heykəli Azərbaycan
monumental heykəltaraşlığının
qiymətli nümunələrindən biridir. Bu, mənalı
və əzəmətli heykəl dünya şöhrətli
Azərbaycan müğənnisi Müslüm Maqomayevin
böyük sənəti ilə xalqına və ölkəsinə
sevgisinin möhtəşəm ifadəsidir.
Eyni zamanda, Ömər Eldarov Müslüm Maqomayev
obrazını romantik şəkildə təsvir etməklə
aşağıdakı iki mühüm vəzifəni də
yerinə yetirmişdir: Müslüm Maqomayevin öz
mahnıları ilə daim Azərbaycanı vəsf etdiyini,
doğma xalqı və ölkəsi ilə fəxr etdiyini mənalandırmışdır;
dahi müğənninin sənətinin daxilindəki ümumbəşəri
romantikanı, dərin realizmi açmışdır.
Müslüm Maqomayevin heykəlinin həm də onun
ölməz mahnılarının səsləndirilməsi
imkanı ilə birlikdə təqdim olunması sanki
böyük sənətkarın xanlı obrazın
yaradılması təəssüratı yaradır. Azərbaycanın
ən gözəl guşələrindən olan Bakı
Bulvarında Mavi Xəzərin geniş üfüqlərinin
fonunda ucaldılmış Müslüm Maqomayev heykəli
ölməz müğənninin
bənzərsiz ifası ilə əbədiyyət
qazandığını nümayiş etdirir.
Beləliklə, lirik-romantik motivlər və nümunələr
Ömər Eldarovun akademik üslubunu, istinad etdiyi, sərt
realizm metodunun fərqli çalarlarla zənginləşdirir,
onun fəlsəfi məzmunlu heykəllərinə həyat nəfəsi
gətirməyə xidmət edir. Sərt realizm üslubunda
yaratdığı heykəllərdə heykəltaraş-rəssam
kimi çıxış edən Ömər Eldarov lirik
romantik üslubda canlandırdığı obrazlarda və
lövhələrdə şair-heykəltaraş olaraq
özünü büruzə verir.
Böyük sənətə yüksək qiymət
Xalq rəssamı, akademik Ömər Eldarovun Azərbaycan
heykəltaraşlıq sənətinin inkişafı sahəsindəki
xidmətləri dövlət səviyyəsində yüksək
qiymətləndirilmişdir. O, 1959-cu ildə, 32 yaşında
ikən heykəltaraşlıqda nümayiş etdirdiyi
xüsusi istedadına görə "Şərəf nişanı"
ordeni ilə təltif olunmuşdur. Az sonra o, 1963-cü ildə
- Məhəmməd Füzuli abidəsinə görə Tokay
Məmmədovla birlikdə SSRİ Rəssamlıq
Akademiyasının gümüş medalına və II dərəcəli
diplomuna layiq görülmüşdür.Ömər Eldarov
1963-cü ildə - Azərbaycan SSR Əməkdar İncəsənət
xadimi fəxri adını almışdır.
Azərbaycan SSRİ Dövlət mükafatı
laureatı (1980) olan Ömər Eldarov 1982-ci ildə - Azərbaycan
Dövlət mükafatı qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin sərəncamı ilə Ömər Eldarov 1982-ci
ildə - Azərbaycan Xalq rəssamı fəxri adına layiq
görülmüşdür. O, 1986-cı ildə -
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif
edilmişdir. Müstəqil Azərbaycan Respublikasının
"İstiqlal" (1997), "Şərəf" (2012) və
"Heydər Əliyev" ordeni (2017) ilə təltif
edilmiş Ömər Eldarov eyni zamanda Heydər Əliyev
Mükafatına (2022) və Heydər Əliyevin yüz illiyi
medalına (2024) layiq görülmüşdür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xalq rəssamı
Ömər Eldarovun sənətinə və şəxsiyyətinə
yüksək qiymət vermişdir. Ömər Eldarovun Ulu
öndər Heydər Əliyevin ideyalarının
böyük sənət əsərlərində yüksək
peşəkarlıqla əks etdirilməsi sahəsindəki
mühüm xidmətlərinin dövlət səviyyəsində
qiymətləndirilməsi ölkəmizdə sənətə
və sənətkara göstərilən böyük
ehtiramın real təntənəsidir.
Azərbaycan Milli Elmlər Akademiyası da akademik
Ömər Eldarovun xidmətlərini dəyərləndirmişdir.
O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü seçilmişdir. Akademik Ömər Eldarov 2014-cü ildə
AMEA-nın Üzeyir Hacıbəyli adlı mükafatı ilə
rəğbətləndirmişdir.
Hazırda Xalq rəssamı Ömər Eldarov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 9 may
2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikası Prezidentinin Fərdi təqaüdçüsü
kimi həyatı və yaradıcılığının ən
şərəfli bir dövrünü yaşayır.
Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq
sənətinin canlı əfsanəsidir.
avqust 2024-cü il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.10-11.