"O vaxt
"Ginnesin rekordlar kitabı"na düşən ilk azərbaycanlı
olduğumu bilmirdim"
Qrafika ustası Fəxrəddin Vəliyev: "Mən
özüm çox pozitiv adamam, aqressiv, neqativ insanları
sevmirəm"
Müsahibimiz məşhur qrafika ustası, hazırda
Fransada yaşayan, 5 dəqiqəyə 20 nəfərin siluetini
çəkməklə rekorda imza atan və adı
"Ginnesin rekordlar kitabı"na düşən həmyerlimiz
Fəxrəddin Vəliyevdir.
- Fəxrəddin bəy, sonuncu dəfə Azərbaycanda
nə vaxt olmusunuz?
- On beş il əvvəl. Bilirsiniz, illər sonra geriyə
qayıdanda insana elə gəlir ki, cavanlığını
görəcək. Gəncliyinə dair nələrsə
axtarırsan: insanlar, evlər, başqa detallar. Məsələn,
mən burada olduğum günlər ərzində çox
maraqlı anlar yaşadım. Bizim qoyub getdiyimiz şəhər
deyil bu. Tamamilə dəyişilib.
Cavanlıq kredit kimidir. Biz onu xərcləyirik, ancaq
bilmirik ki, hara getdi. Bir gün baxırsan ki, həmin kredit
bitib. Onda özündən soruşursan ki, yetmiş
yaşın var və nələrə müvəffəq
olmusan?
- Amma siz az şeyə müvəffəq
olmamısınız.
- Tərifi sevmirəm e (gülümsəyir).
- "Ginnesin rekordlar kitabı"na düşməyiniz. Gəlin, onda
bu haqda danışaq.
- Düzü, bunun üçün heç kəsə
müraciət etməmişdim. Sadəcə günlərin
birində məni böyük sərgiyə dəvət etdilər.
Bundan əvvəl Belçika kraliçasının rəsmini
çəkmişdim. Kraliça mənə təşəkkür
məktubu göndərmişdi və hər il bayramlarda təbrik
edirdi. Deməli, həmin sərgidə xüsusi nümayəndələr
iştirak edirdilər. Onların müşayiəti ilə
rekord reallaşdı. Düzü, o vaxt mən bilmirdim ki,
"Ginnesin rekordlar kitabı"na düşən ilk azərbaycanlıyam.
Bunu sonradan öyrəndim. Bildiyim bir şey vardı ki, həmin
dövrdə mən onu etməliydim.
Bilirsiniz, mən doxsanıncı illərdə xaricə
köçmüşəm. Rəssamlar daim
araşdırır, gəzir, yeni şeylər kəşf etmək
istəyir. Çox millətlərin içərisində
olmaq, nələrisə öyrənmək faydalıdır.
- Başqa bir ölkədə həyatını
sıfırdan qurmaq çətin olmadı?
- Mənə yox.
- Bu gün dünya rəssamlıq arenasına
çıxmaq istəyən gənc rəssamlarımıza nə
məsləhət görərdiniz?
- Dünya rəssamlıq arenasına çıxmaq
üçün mütləq qaydada həyati təcrübə
lazımdır. Belə gənclərə məsləhət
görərdim ki, çox ölkələr gəzsinlər, fərqli
rəssamların işləri ilə tanış olsunlar.
Ən əsası odur ki, bu peşəni ürəkdən sevsinlər.
Əgər insan rəssamlığı özünə sənət
seçibsə və bu işi sevirsə, mütləq
uğur qazanacaq. Ola bilər ki, rəssamların əsərlərini
yeni başlayanda anlamasınlar, ancaq müəyyən vaxt
keçəndən sonra onların əsərlərinə
daha çox qiymət verirlər. Belə rəssamlar çox
olub. Əsas məsələ odur ki, rəssam özü nə
çəkdiyini anlasın.
- Müasir dövr Azərbaycan rəssamlığına
kənardan baxanda hansı problemləri
görürsünüz?
- Kənardan baxanda bugünkü rəssamların
çoxunda sovet məktəbinin güclü təsirini
görürəm. Həmin rəssamların proqressiv fikirləri
yoxdur. Onlar köhnə dövrə baxıb nəsə etmək
istəyirlər. Yeni ideyaların yaranması üçün
başqa rəssamlarla işləmək lazımdır.
Realizm və rəssam fantaziyası başqa-başqa
şeylərdir. Gənclərə məsləhət görərdim
ki, bir az realist olsunlar, fantaziyalarını inkişaf etdirsinlər.
Rəssam gələcəyi görməlidir. Bugünkü rəssamlarımızın
çoxunun seçimi köhnə rənglərdir yeni, modern
rənglərə üstünlük vermək lazımdır.
Sərgilərdə olanda ən çox bunun əskikliyini
müşahidə elədim. Bu o qədər də gözəl
görünmür. Çatışmazlıqların üzərində
işləmək lazımdır. Xarici rəssamlar bizim sənət
adamlarından çox şey öyrənir. Ümumiyyətlə,
Azərbaycanın çox güclü rəssamları var.
- Belə başa düşdüm ki, sovet rəssamlığına
münasibətiniz böyük rəğbətə əsaslanmır.
- Əlliyə əlli. Çünki onların
içərisində çox güclü rəssamlar olub. Sadəcə
həmin sənətkarlar sovet prinsiplərinə uyğun
işləyiblər, hansı proqramı veriblərsə, onu
çəkiblər. Azadlıq şüarı olmayıb.
Müəyyən bir çərçivə olub. Ancaq indi elə
deyil.
- Müasir dövr rəssamlarımızdan xüsusilə
kimin adını çəkə bilərsiniz?
- Bəzilərini izləyirəm. Məsələn, rəssam
İqbal Həsənəlizadənin işləri çox
xoşuma gəlir. Düzü, gənc rəssamları elə
də yaxşı tanımıram, əsasən, sovet
dövrünün rəssamları ilə tanışam.
- Cəbrayıldansınız? Deyirlər, o bölgənin
adamları rəngi çox yaxşı hiss edir. Bunu anlamaq
üçün xalça nümunələrinizə baxmaq
kifayət edir.
- Hə, Cəbrayılda doğulmuşam, ancaq
Sumqayıtda böyümüşəm. Şükürlər
olsun ki, doğma torpaqlarımız işğaldan azad edildi.
Allah şəhidlərimizə rəhmət eləsin.
Sizə deyim ki, hər bölgənin özünəməxsus
rəngləri var. Məsələn, əgər bir ərazidə
davamlı yağış olursa, orada həmişə rəngarəng
xalçalar yaranır. Yaxud da istinin hökm sürdüyü
ərazilərdə rənglərdə tündlüyə
üstünlük verirlər. Sanki kölgə görmək
istəyirlər.
- Bəs sizin rənginiz hansıdır?
- Qara - dünyanın ən gözəl rəngidir.
Bu, mənim subyektiv fikrimdir. Qaranı ən koloritli rəng
hesab edirəm. Bu rənglə istənilən ideyanı
göstərmək olar. Əsas olan rəssamın
fantaziyasıdır. Bir də qara rəngi dəyişmək
olmur. Ağ vərəqdə bir qara nöqtə qoysan,
hamı birinci ləkəni görəcək. Ancaq eynisini qara
üzərində etsən, ağı görə bilməyəcəklər.
Bu, insan psixologiyasından irəli gəlir, qaranı görməyə
daha çox meyl edir. Münasibətlərdə də belədir,
bəzən insan ona edilən on yaxşılığı
unudub bir pisliyi xatırlayır. Hamı baxır, ancaq hər
adam görə bilmir.
- Sizi qrafikaya gətirən də qara sevginizdir?
- Hə. Rəngləri çox sevsəm də, həmişə
düşünmüşəm ki, rəng daha çox
kosmetikadır. Adam var ki, gecələri çox sevir. Ancaq
gündüz gözəlliklərini görmək
üçün günəş doğmalıdır.
Həm də elə bir sənətlə məşğul
olmaq istəyirdim ki, qeyri-adi olsun. Adi kistlə işləmək
məni çəkmirdi. Düşünürdüm ki,
qrafikada fantaziyamı daha yaxşı işlədə bilərəm.
Bu sahə mənə çox maraqlı gəlirdi. Hələ
foto yaranmamışdan qabaq kölgə rəsmi olub.
Ümumiyyətlə, həmişə incəsənətlə
məşğul olmuşam. Belçikada sənət məktəbi
bitirmişəm. Sonra Latın Amerika keramikasını öyrənməyə
başladım. Ancaq sonda məhz bu sahəni seçdim.
Bu, elə bir sənətdir ki, dünyada çox az
adam məşğul olur. Ona görə də bir çox sərgilərə
bizi dəvət edirlər. Böyük şou - proqramlarda
oluruq. 2002-ci ildə Kann film festivalında işləmişəm.
Orada bir çox sənətçilərin rəsmini işləmişəm.
- Məşhur şəxslərdən kimlərin rəsmini
çəkmisiniz?
- Kraliça Fabiola, Pyer Rişar, Luis Mişel, Fred
Tilman və bir çoxları.
- Tələbələriniz varmı?
- Bəli. Əvvələr Belçikada
yaşayırdım, indi Fransaya köçmüşəm.
Orada tələbələrim var. Artıq burada da tələbələr
yetişdirmək istəyirəm. Online olaraq dərs keçməyi
düşünürəm.
- Bəs siz sənətin sirlərini kimdən öyrənmisiniz?
- Özüm. Çoxlu kitablar oxumuşam,
araşdıraraq öyrənmişəm.
- Bildiyim qədərilə sizin aktiv diaspor fəaliyyətiniz
də var.
- İllərdir ki, diaspor işlərilə də məşğul
oluram. Əlimdən gələni etməyə
çalışıram.
- 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin
siluetini çəkməklə rekorda imza atmısınız.
Mənə maraqlıdır, insanlar qısa müddət ərzində
öz təsvirini görəndə necə reaksiya verirlər?
- İnsanların çoxusu təəccüblənir,
sevinirlər. Elələri var ki, hər il yanıma gəlirlər.
İspaniya, İtaliya, Fransadan rəsm çəkdirmək
üçün gələnlər daha çox olur. Çəkdiyim
rəsmləri bədənlərinə tatu vurduranlar da var.
- Onların içərisində xüsusilə
yadınızda qalan bir rəsm olubmu?
- Mən çox insanların rəsmlərini çəkmişəm.
Ancaq ən çox qiymət verdiyim fiziki cəhətdən
müəyyən çatışmazlıqları olan
insanların rəsmidir. Onlara həmişə çox diqqətlə
yanaşmışam. Bilirəm ki, qəlbləri çox həssasdır.
Belə rəsm əsərləri məndə kifayət qədər
çoxdur. Çoxunu da çəkib hədiyyə edirəm.
Demək olar ki, hər sentyabrda ənənəvi olaraq
İspaniyanın çox şəhərlərində əlil
insanları gəzməyə çıxarırlar, başqa
ölkələrdən gələnlər olur.
Çalışıram ki, həmin dövrdə orada olum və
rəsmlərini çəkim.
Mən özüm çox pozitiv adamam, aqressiv, neqativ
insanları sevmirəm. Yanımda bir az giley-güzar edən
adamla ikinci dəfə görüşmək istəmirəm.
Həmişə gözəlliyi görmək istəyirəm.
Qardaş-bacı vardı, ikisi də insult xəstəsi idi. Hər
ikisinin olduqca gözəl üz quruluşu vardı. Onların
hər il rəsmlərini çəkirdim. Bu işlər mənim
üçün çox dəyərlidir.
- Ən çox sevdiyiniz rəssam kimdir?
- Pikasso ən sevdiyim rəssamdır. Onun əsərləri
haqqında danışmaq üçün günlər
lazımdır. Pikassonun fəlsəfəsi tam başqadır.
- Sizin fəlsəfəniz nədir?
- İnsanda olan qüsurları görməmək. Mən
onları həqiqətən görmürəm və göstərmirəm.
Çünki insan hansısa
çatışmazlığını görəndə
inciyə bilər. Mən bunu istəmirəm.
Aytac SAHƏD
525-ci qəzet.-2024.- 19 oktyabr(№192).-S.9.