Lənkəranın
100 yaşlı təhsil ocağı: Seminariyadan Kollecə
2024-cü ilin sentyabr ayında 100 illiyi tamam olan Lənkəran
Müəllimlər Seminariyasının (indiki Humanitar Kollec)
tarixindən və fəaliyyətindən yazarkən qatı
çoxdan saralmış arxiv sənədlərini yenidən
vərəqlədik, burada təhsil almış və həyatını
neçə illər əvvəl dəyişmiş ötən
nəslin nümayəndələrini xatırladıq.
Vaxtı ilə məktəbin 70 və 85 illik yubileyləri ərəfəsində
yazdığımız "Sabaha açılan pəncərə"
(1994) və "Seminariyadan kollecə" (2004)
kitablarını bir daha nəzərdən keçirdik.
Lənkəranda 2009-cu il dekabrın 1-2-də Humanitar
Kollecin 85 illiyi qeyd olunmuş, ovaxtkı təhsil naziri Misir Mərdanovun
"Regionlarda təhsilin inkişaf perspektivləri"
mövzusunda məruzəsi dinlənilmişdi.
lll
Lənkəran müəllimlər seminariyası Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsi və Xalq
Komissarları Şurasının "Azərbaycan SSR-də
ümumi icbari təhsilə kömək haqqında" 29 may
1923-cü il tarixli qərarı ilə yaradılıb.
1924-cü ildə "Darülmüəllimeyn"
adı ilə fəaliyyətə başlayan Seminariya
1926-cı ildə Lənkəran Pedaqoji Texnikumu
adlandırılıb. Əgər təşkil olunduğu ildə
məktəbdə 40 tələbə oxuyurdusa, iki il sonra
onların sayı 180 nəfərə
çatmışdı.
Lənkərandan əvvəl belə seminariyalar Qazax,
Bakı, Gəncə, Salyan, eləcə də digər şəhər
və rayonlarda yaradılmışdı. Teymur bəy Bayraməlibəyov
Qori müəllimlər seminariyasının ilk məzunlarından
idi. Seminariyadan sonra Lənkəranda məktəb müdiri
işləmiş, qızı Məryəm xanım Bayraməlibəyova
1925-ci ildə Moskvada müəllimlərin I Ümumittifaq
qurultayının iştirakçısı olmuş,
oradakı çıxışı "Pravda" qəzetində
dərc edilmişdi.
Müslüm Maqomayev Qori müəllimlər
seminariyasını bitirdikdən sonra Lənkərana gəlmiş,
1906-1911-ci illərdə Lənkəranda xor, dram dərnəyi,
nəfəsli orkestr təşkil etmiş, talış xalq nəğmələrini
toplayaraq nota almışdı.
Keçmiş təhsil naziri, AMEA Riyaziyyat və
Mexanika İnstitutunun indiki direktoru, professor Misir Mərdanovun məlumatına
görə, Qazax seminariyasının müdiri işləmiş
Xalq yazıçısı Mehdi Hüseynin atası Əli
Hüseynov 1926-1927-ci illərdə Lənkəran maarif
şöbəsinin müdiri olub ("525-ci qəzet",
08.12.2018).
Seminariyanın məzunu Məmmədəli Səfiyev
də Lənkəranda yeni demokratik təhsilin
yaradıcılarından olmuş, bu diyarın sosial-mədəni
həyatı ilə bağlı elmi, publisistik yazıları
"Zakafkazskiy vestnik" və "Kafkaz" qəzetlərində
çap edilmişdi (Əli Bağırov. Məmmədəli
Səfiyev "Lənkəran" qəzeti, 04.06.1991).
lll
Lənkəranda Müəllimlər
Seminariyasının açılması qəzanın mədəni
həyatında tarixi, əlamətdar hadisə idi.
Savadsızlığın ləğvində, Azərbaycan təhsilinin
inkişafında mühüm xidmətləri olan bu məktəb
orta ixtisaslı müəllim kadrlarının
hazırlanmasında kompas rolunu oynayıb.
Məktəb fəaliyyətə
başladığı ilk illərdə indiki Lənkəran
Dövlət Universitetinin inzibati binasında, həkim İsa bəy
Əlibəyovun mülkündə yerləşirdi. İsa bəy
binanı Əsgər xanın qızı Kişvər
xanımın şərəfinə tikdirmişdi. Kişvər
xanım 1912-ci ildə Tiflisdə keçirilən "Qafqaz
gözəli" müsabiqəsində birinci yeri tutmuşdu.
Məktəbin şəhərin Şirəli Axundov
küçəsində yerləşən indiki binası
1895-ci ildə tikilib. 1936-cı ildə binada əsaslı təmir
və yenidənqurma işləri aparılaraq 4 nömrəli
məktəbin istifadəsinə verilib. Tikintisində vaxtı
ilə Xan bağı kimi tanınan, indi isə Milli Qəhrəman
Ə.Əliyevin adını daşıyan mədəniyyət
və istirahət parkında yerləşən rus kilsəsinin
kərpic və daşlarından istifadə edilib. 4 nömrəli
məktəb 1982-ci ildə başqa yerə
köçürüldükdən sonra həmin bina
adını çəkdiyimiz məktəbin istifadəsinə
verilib.
Lənkəran Pedaqoji Məktəbi müharibə ərəfəsində
- 1940-cı ilin may ayında Salyanda, 1943-cü ildə
Astraxanbazar rayonunun Prişib qəsəbəsində (indiki Cəlilabad
rayonunun Göytəpə qəsəbəsi - müəl.) fəaliyyət
göstərib. Tələbələrin bir qismi isə təhsillərini
Bakıda, Şuşada və Salyanda davam etdirib.
Məktəb müharibədən sonra - 1945-ci il avqust
ayında fəaliyyətini yenidən Lənkəranda davam
etdirib. 1945-ci ildən bu məktəb Lənkəran şəhər
6 saylı səkkizillik məktəbinin ikinci mərtəbəsində
yerləşib və 1982-ci ilədək bu binada fəaliyyət
göstərib. Müharibə dövründə isə bina hərbi
hospitala çevrilmişdi.
lll
İlk dövrdə buraya fəhlə və zəhmətkeş
kəndli ailəsindən olanlar qəbul edilirdilər. Qeyd
edildiyi kimi, tədrisin ilk ilində burada 40 uşaq təhsil
alıb. Arxiv sənədlərindən görünür ki, tələbələr
arasında 3 nəfəri fəhlə, 28 nəfəri kəndli,
3 nəfəri sənətkar, 4 nəfəri qulluqçu ailəsindən,
2 nəfəri başqa təbəqədən olub. Tədrisin
proqramına ana dili, ədəbiyyat, rus dili, pedaqogika, fizika,
kimya, təbiət, coğrafiya, tarix, musiqi, bədən tərbiyəsi
və sair fənlər daxil idi.
Tələbələrin təminatı dövlət
hesabına olub. 1924-cü ildə məktəbin ehtiyacına
6458 manat həcmində maliyyə vəsaiti
ayrılmışdı. Respublika Xalq Maarif komissarı
M.Quliyevin sərəncamına əsasən həmin il
noyabrın 23-də Lənkəran seminariyasına əlavə
olaraq daha 120 manat, yataqxana sakinləri üçün 500 manat
maliyyə vəsaiti buraxılmışdı. Pulsuz paltar və
yemək, dərs ləvazimatı, yataqxana ilə təmin
olunan tələbələrə gündə üç dəfə
isti yemək verilirmiş.
1924-cü ildə məktəbdə 7 müəllim dərs
deyirmiş. Teymur Şahverdiyev və Əkrəm Cəfər ədəbiyyatı,
Sahil Hüseynov riyaziyyatı, Əliağa Əhmədbəyli
təbiəti, Havva xanım əmək dərslərini tədris
ediblər. Seminariyanın direktoru Teymur Şirəli bəy
oğlu Şahverdiyev idi. 1925-ci ildə məktəbdə 4
qrup fəaliyyət göstərib. Təhsil müddəti 4 il
olub. 1926-cı ildə məktəbdə oxuyan 180 tələbədən
13-ü qız idi (E.Əhədov. Sabaha açılan pəncərə,
B.1994, səh.61).
Müəllim Yəhya Əkbərov danışırdı
ki, 1926-cı ildə Lənkəran Seminariyasında tələbə
Pəri İslam qızı vəfat edərkən matəm
mitinqi keçirildi: "Məktəbin direktoru Teymur
Şahverdiyev kövrək bir səslə
çıxış etdi və son sözünü bu sözlərlə
qurtardı:
- Ax, Pərican, Pərican! Yadındamı doğulduğun
günlər?! Sən ağlarkən gülürdü aləm.
İndi sən susursan, amma ağlayır aləm!.."
Məzunlar Azərbaycanın şəhər və kəndlərində
ibtidai məktəblərə müəllim təyin edilirdilər.
Seminariyanın direktoru Teymur Şahverdiyev 1927-ci ildə
"müsavatçılıq" ittihamı ilə həbs
edilib, 5 il sürgündə qalıb. Azad olunduqdan bir neçə
il sonra yenidən həbsə alınıb.
Əlyazmasından görünür ki, həbsdən
sonra Gəncəyə köçmək istəyib, sonralar
fikrini dəyişərək Salyanda məskunlaşıb -
burada əczaçılıqla məşğul olub. Amma hiss
edirmiş ki, doğma diyardan - Lənkərandan kənarda
yaşaya bilmir. Çox keçməmiş, yenidən Lənkərana
köçüb.
"Teymur Şahverdiyev 1977-ci ildə vəfat edib. Məzarı
Lənkəran şəhərinin Böyük bazar qəbiristanındadır"
("Qala" qəzeti, 02.02.1991).
T.Şahverdiyevi mollanəsrəddinçi
İsmayıl Qənbərov əvəz edib. Bir il sonra
İsmayıl Qənbərov dünyasını dəyişib,
1928-ci ildə Səfər Ramazanov məktəbin direktoru təyin
edilib. Səfər müəllimin məktəb işində
yaxşı təcrübəsi vardı, bu məktəbə
gələnədək Bakı Dövlət Universitetində
müəllim işləmişdi.
Səfər Ramazanovun direktorluğu dövründə
məktəbdə nəfəsli orkestr dərnəyi
yaradılmışdı, məktəbdə nizam-intizam
yüksəlmişdi. Direktor yataqxanada qalan tələbələrə
gecələr də nəzarət edirmiş. Həmin günlərdən
birində qəza maarif şöbəsinin müdiri Əhməd
Seyidovla araları dəyir. Məktəbin ilk məzunlarından
biri, uzun illər pedaqoji məktəbdə işləmiş və
bu sətirlərin müəllifinə şəhər 1
nömrəli məktəbdə ədəbiyyatdan dərs
demiş Mütəllim Sadıqov şahidi olduğu həmin əhvalatı
danışarkən dedi: "Maarif şöbəsinin
müdiri Əhməd Seyidov məktəbə gəlmişdi.
Dərs vaxtı olduğundan Səfər müəllim ona
qruplara keçməyə icazə verməmişdi. Bu hadisədən
sonra məktəb direktorunu həbs etdilər. Bu hadisədən
40 il sonra Səfər müəllimin sağ olduğu xəbərini
eşitdik. Tələbə yoldaşım, əslən Astara
rayonundan olan Ətəlla müəllim Daşkəndə
getmişdi. Orada təsadüfən Səfər müəllimlə
rastlaşıb. Aradan illər keçsə də, Səfər
müəllim də öz tələbəsini tanıyıb,
onu evinə dəvət edib".
Səfər müəllim Orta Asiya respublikalarında həbsdə
olduğu 10 ildə çox əziyyətlər çəkmişdi.
25 aprel 1966-cı il imiş. Birdən dəhşətli bir
uğultu başlarının üstünü alıb, az sonra
yer ayaqlarının altında ləngər vurub. Torpaq əjdaha
kimi ağzını açaraq adamları, qarşıya
çıxan hər şeyi öz cənginə
alırmış... Səfər müəllim Daşkənd zəlzələsi
nəticəsində evsiz-eşiksiz qalıb.
Dağıntılar altından ailəsini xilas etmək
mümkün olmamışdı. Bu hadisədən sonra Səfər
müəllim Daşkənddə yaşaya bilmir, Bakıya
köçür. Səfər müəllimin sonrakı taleyi
ilə maraqlandıqda M.Sadıqov dedi: "1971-ci ilin yayı
idi. Bakıya getmişdim. Qohumlarımdan birinin hüzür məclisində
idim. Əlində təsbeh bir nəfərin təbəssüm
edib mənə baxdığını gördüm. Sifətindən
tanış gəlirdi. Bir də diqqət yetirdim, o da gözlərini
məndən çəkmirdi. Zənnim məni
aldatmamışdı. Ayağa durub yanında əyləşdim.
- Sizi Mirzə Səfərə oxşadıram, - dedim.
O gülümsündü və başı ilə təsdiq
etdi.
Mirzə Səfəri daha sonralar, səksəninci illərdə
də gördüm. "Lənkəran" mehmanxanasında
qalırdı. Həyatın hər üzünü
görmüş Mirzə Səfər çox
sınıxmışdı. Əvvəlki məğrur
görkəmindən əsər-əlamət
qalmamışdı. Ömrünün son illərində
doğma yurdunu görmək istəyibmiş.
lll
Keçmiş məzunların məlumatına görə,
tələbələr üçün geyim parçaları
Sankt-Peterburqdan gətirilirmiş. Dərzi Mustafa şagirdləri
ilə bir yerdə hər uşağın əyninə
lazımi ölçü götürər, əla növ
mahud parçadan şalvar, pencək, üst köynək və
palto hazırlanırmış. Xüsusi dəri növündən
olan ayaqqabılar möhkəmliyi ilə seçilər, şəhərə
çıxanda tələbələr geyimləri ilə diqqət
çəkərmişlər.
Məktəbin ilk məzunlarından olmuş, Azərbaycan
Pedaqoji İnstitutu ibtidai təlim pedaqogikası və
metodikası kafedrasının müdiri işləmiş
pedaqoji elmlər namizədi Əyyub Tağıyev
danışardı ki, məktəbdə dram və xor, bədən
tərbiyəsi dərnəkləri, idman qrupları təşkil
edilmişdi. Dram dərnəyinə yuxarı kurs tələbəsi
Zeynal Haşımov rəhbərlik edirdi. Tələbə-aktyorların
iştirakı ilə qonşu rayonlarda da tamaşalar göstərilirdi.
Repertuarda Ü.Hacıbəyovun "O olmasın, bu olsun",
M.F.Axundovun "Hacı Qara", "Sərgüzəşti-vəziri
xani Lənkəran", C.Cabbarlının "1905-ci ildə"
əsərləri əsas yer tuturdu.
Məktəbin 1929-cu ildə birinci
buraxılışı olub. Tibb elmləri doktoru Hüseyn Kərimov,
coğrafiya elmləri namizədi Məmməd Axundov, pedaqoji
elmlər namizədi Əyyub Tağıyev, Lənkəranın
sosial-mədəni həyatında fəal iştirak etmiş Bəhmən
Sadıqov, Heybət Quliyev, Cəbrayıl Calalov, Əliağa
Cəfərov, Əli Abbasov və başqaları məktəbin
ilk məzunlarıdırlar.
On il sonra - 1934-cü ildə texnikumda 7 qrup fəaliyyət
göstərirdi, 209 tələbə "İbtidai sinif
müəllimi" ixtisasına yiyələnmişdi.
Maraqlıdır ki, 1930-cu illərin ortalarında
texnikumda dərs deyənlər arasında Cənubi Azərbaycandan
gəlmiş müəllimlər də olub. Onlardan biri
pedaqogika müəllimi Həsən Qanuni idi. O, fizikanı tədris
edirdi. Həsən müəllim 1932-ci ildən Lənkəran
pedaqoji məktəbində dərs deyirdi. 1937-ci ildə
repressiya olunur, sonralar ondan xəbər çıxmır.
Tarixin bu dövründə "inqilabi
sayıqlıq", "düşmən əhatəsi" və
başqa bu kimi ifadələr yaranmış, ideya-siyasi tərbiyənin
yeni sistemi formalaşmışdı.
Tarix müəllimi Hüseynağa Axundov
danışardı ki, məktəbdə hərbi-vətənpərvərlik
tərbiyəsi müxtəlif formalarda aparılırdı. Gənclər
hərbi dərslərdə və dərnəklərdə fəal
iştirak edirdilər. 1939-cu ildə məktəbdə
Voroşilov atıcılıq-tir dərnəkləri fəaliyyətə
başlamışdı. Atıcılıq normasını
ödəyənlərə Voroşilov döş
nişanı verilirdi. Tələbələr arasında dərəcəli
usta adını alanlar, bir çoxununsa "Usta
atıcı" nişanları vardı.
Tədqiqatçı-müəllim Ramiz Atakişiyev
yazır ki, 1934 və 1936-cı illərdə Lənkəran
Pedaqoji Məktəbində şairlərdən Mikayıl
Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm,
Əliağa Vahid, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov
və Azərbaycanın digər tanınmış şair və
yazıçıları ilə keçirilən
görüşlər tələbələrdə dərin təəssürat
oyadırdı.
(Ardı var)
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2024.-22 oktyabr(№193).-S.15.