Multikultural rəngarənglik
nümunəsi
Tolerantlıq və multikultural dəyərlər Azərbaycanımızın
çoxəsrlik mənəvi sərvətlərindəndir.
Yüzillər boyu ən müxtəlif millətlərin və
dinlərin təmsilçiləri bu məmləkətdə
dinc, yanaşı, mehriban yaşayıb, bir-birinin həyat tərzinə,
inancına hörmətlə yanaşıb, xeyir-şərində
iştirak edib, yaxın qohum olub,
qaynayıb-qarışıblar. Taleyin hökmü, yaxud şəxsi
seçimi ilə ölkəmizə təşrif gətirib
uzun müddət, ömürlük yaşamalı olanlar burada
özlərini yad hiss etməyib, ögey münasibətlə
üzləşməyiblər. Uzaq keçmişdən siyasi
təzyiqlər, təbii fəlakətlər, hansısa digər
səbəblərdən vətənlərini tərk etmək
məcburiyyətində qalanlar daimi məskunlaşmaqdan
ötrü belə bir məmləkətin varlığı
barədə xəbərləşib, hətta tək-tək
yox, el-oba şəklində köçüb gəliblər.
Bu gün respublikamızın ayrı-ayrı regionlarında
etnik rəngarəngliyin tam mənzərəsi
canlanmaqdadır.
Azərbaycanın şimal-qərb bölgəsində
yerləşən, şimaldan qarlı dağlarla Rusiya
Federasiyasının Dağıstan Muxtar Respublikası ilə,
cənubda Qanıx çayı vasitəsilə
Gürcüstanla sərhədlənən Zaqatala da belə məkanlardandır.
Rayonda 30-dan çox millətin nümayəndəsi eyni məntəqələrdə,
qonşuluq şəraitində yaşayır, eyni müəssisələrdə
çalışıb dolanışıqlarını təmin
edir, bir-birinə dəstək olur, can deyib, can eşidirlər.
Paşan kəndində avar, rus, talış və azərbaycanlıların
qovuşuğundan ibarət sadə, zəhmətkeş, eyni
zamanda maraqlı bir ailənin yaşaması barədə
buradakı orta məktəbin direktoru Elnarə Məmmədova
söyləmişdi. Mən Ananyevlər ailəsinin
qapısını da məhz bu tolerant mühitlə
tanış olmaqdan ötrü döymüşdüm. Lakin
salam-kəlamdan sonra eşitdiyim başqa bir xəbərə də
xeyli qürurlandım: ailənin gənc üzvlərindən
biri - Nazim Roman oğlu Ananyev 2022-ci ilin aprelindən həqiqi hərbi
xidmətdə olarkən Kəlbəcərin Cermux ərazisində
yaralanıb. Buna baxmayaraq,
2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə
qatılaraq Azərbaycanın dövlət suverenliyinin bərpası
uğrunda töhfəsini verib. 24 saat müddətində
separatçı düşmən tör-töküntülərinə
aman verməyən igid əsgər döyüş
meydanında böyük rəşadət göstərərək
Prezident İlham Əliyevin sərəncamına əsasən
"Şücaətə görə" medalı ilə təltif
olunub. Böyük fərəhlə həmin təltifi ən
vacib sənədlərin saxlandığı siyirmədən
çıxarıb göstərən atanın sevincinə biz
də şərik olduq.
Ananyevlərlə yaxından tanışlıqdan
ötrü ötən əsrin qırxıncı illərinə
qısa da olsa, ekskurs etmək gərəkdir. XIX əsrdə
rus çarizminin zülm və istibdadına, iyirminci
yüzilliyin əvvəllərində isə bolşeviklərin
idarəçiliyinə boyun əyməyən bölgə əhalisini,
azadlıqsevər dağlıları 37-nin repressiyası da
qorxutmamışdı. 1940-cı ildə sovet rejiminin ucqarlarla
bağlı fəaliyyəti, xüsusən də milli siyasəti
ilə barışmayan Qardaşovlar nəslinin
ağsaqqalı Şamil kişi həyat yoldaşı Xacay
xanım və qızı Fatimə ilə birgə
Rusiyanın Tomsk vilayətinə sürgün olunmuşdular.
Taleyin qisməti ilə orada Mixail adlı bir rus hərbçi
müsəlmanlığı qəbul edərək Fatimə
xanımla evlənir, bu izdivacdan Vladimir adlı oğulları
doğulur. Sonra onlar Azərbaycana köçüblər və
gənc Volodya Astarada rəsmxət müəllimi işləyərkən
- 1976-cı ildə rayonun Giləkəran kənd sakini,
talış millətindən olan Narxanım adlı qızla
ailə qurur. İki qız, bir oğul övladları
dünyaya gəlir. Qızlardan biri vəfat etsə də,
Roman və Aida həyatdadırlar. Cənub bölgəsində
xeyli vaxt çalışan cütlük iki övladı ilə
birgə Vladimirin ana babası Şamil Qardaşovun yurduna -
Zaqatalanın Makov sovetliyinin Paşan kəndinə
qayıdıb yaşayışlarını burada davam etdirirlər
- kişi müəllim işləyir, qadın isə
tütünçülük, bağçılıq, digər
kənd təsərrüfatı sahələri ilə məşğul
olur. Bir neçə ildir ki, təqaüddə olan baba və
nənə yenə də zəhmətdən, gücləri
yetən, bacardıqları işləri görməkdən usanmayıblar,
boş vaxtlarını artıq həddi-buluğa çatan nəvələri
ilə keçirməkdən zövq alırlar.
Artıq 45-ci yaşda olan Roman da uşaqlıqdan halal
zəhmətə alışıb, dülgərlik peşəsinə
yiyələnib. Həyətindəki balaca sexdə quru
ağac, taxta materialdan müxtəlif məmulatlar - qapı, pəncərə,
stol, stul, xüsusən də arı yeşikləri və
ramkalar hazırlayır. Həm də maraqlı məşğuliyyət
saydığı arıçılıqla məşğuldur.
Ömür-gün yoldaşı Səidət xanım Balakən
rayonunun Mollaçıbinə kəndindəndir. Onun da
atası İbrahimxəlil kişi milliyyətcə avar,
anası Sevil xanım azərbaycanlıdır. Ailənin
kiçik fındıq bağı, mal-davarı da var.
Biz Paşanda olarkən Vladimir Mixail oğlu ilə
görüşə bilmədik, o, qonşu kənddəki
qohumlarına baş çəkməyə getmişdi.
Romanın evində açılan çay süfrəsi
arxasında söhbətimiz xeyli maraqlı keçdi. 66
yaşlı talış qızı Narxanım nənəni
avar xanımlardan heç fərqləndirmək mümkün
deyil. O, avar dilini də talış, rus, Azərbaycan dili qədər
bilir, ləhcəsiz, təmiz danışır: "Bu yerlərin
ab-havasına, adət-ənənələrinə, mətbəxinə
çoxdan bələdəm. İlk günlər cənub
bölgəsindən, yerim-yurdumdan, doğmalarımdan
ötrü çox darıxırdım. Tədricən hər
şey qaydasına düşdü, iş-gücə, ailə
qayğılarına, övladlarımı böyütməyə
başım qarışdı. Ara bir astaralı qohumlarım gəlirdilər,
biz gedirdik... Məni bura ən çox bağlayan isə
zaqatalalıların, Paşan camaatının məhrəm
münasibəti, mehribanlığı, qonaqpərvərliyi
oldu. Ləvəngini və sairi yaxşı
hazırlayırdım, sonra sürhüllü, xorbeçədələ,
ət girsi və digər xəmir xörəklərini
bişirməyi də təkmilləşdirdim. Talış və
avar kulinariyasının sintezi əla alınır
(gülür). Oğlumdan, qızımdan, gəlinimdən, nəvələrimdən
də çox razıyam".
Roman qazi oğlu Nazim haqqında danışarkən 30
il erməni işğalında qalan torpaqlarımızın -
qədim və gözəl Qarabağın azad edilməsinə,
əsl sahiblərinə qovuşmasına çox şad
olduğunu söylədi: "Kiçik oğlum Mikayıl kənd
orta məktəbinin XI sinif şagirdidir, yaxşı oxuyur,
idmanla məşğuldur, təsərrüfat işlərində
mənə, anasına yaxından köməklik göstərir.
O da Vətən, xalq qarşısında hərbi borcunu yerinə
yetirəcəyi günləri səbirsizliklə gözləyir.
Lazım gəlsə, mən özüm də Azərbaycanın
müdafiəsinə qalxmağa hazıram. Şükür
Allaha, hamımız çalışırıq, gündəlik
ruzimizi qazanırıq, dövlətimizdən də
razıyıq, müstəqillik bizim ən böyük sərvətimizdir".
"Təki daha müharibələr baş verməsin,
sülh, əmin-amanlıq, aydın səma olsun!" - deyə
Romanın həyat yoldaşı Səidət xanım söhbətə
qoşulur: "Azərbaycan həm 20 Yanvarda, həm Birinci
Qarabağ savaşında, həm də Vətən müharibəsində
qurbanlar verdi, Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin. Sağ olsun
dövlət rəhbərliyimiz, Prezident İlham Əliyev,
Mehriban xanım ölkəmizin tərəqqisi
üçün böyük işlər görürlər.
Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə
bütün respublikada quruculuq, abadlıq işləri gedir.
Qoy gənclərimiz indidən belə əmək cəbhələrində
xidmət göstərsinlər!"
Roman Vladimir oğlu sonda rayonun Danaçı kəndindən
Paşana gəlin köçmüş Patimat Qurbanovanı da
rəhmətlə anaraq fikrə daldı. Nənəsindən
sonra ailəyə qayğı göstərdiyini, atasına
süd analığı edib böyütdüyünü,
onlara namaz qılmağı, oruc tutmağı öyrətdiyini
vurğuladı.
Bəli, ölkəmizin şimal-qərb bölgəsində,
xüsusən də Şəki, Qax, Zaqatala, Balakən
rayonlarında belə tolerant ailə mühiti
çoxdandır heç kimi təəccübləndirmir.
Ananyevlər də rus, talış, avar, azərbaycanlıları
birləşdirən gözəl bir dünyadır.
İnşallah Nazim və Mikayılın o biri yarısı
timsalında həmin isti ocağa gəlin köçəcək,
məsələn, saxur və inqilo qızları da bu etnik
spektri daha rəngarəng edəcək, Azərbaycanımızın
yeni nəsil müdafiəçiləri və qurucuları
yetişəcəklər. Xoşbəxt olsunlar!
Qurban CƏBRAYIL
525-ci qəzet.-2024.- 22 oktyabr(№193).-S.14.