Bir ulduz da axıb getdi...  

UNUDULMAZ DOSTUM MƏRHUM PAŞA ƏLİOĞLUYA GECİKMİŞ VİDA SÖZÜ

 

 

"Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var.

Hər bir başdaşı altında bütöv bir dünya tarixi yatır".

Henrix Heyne          

 

26 yanvar 2024-cü il, cümə günü. Uzun illərdir ki, hər nömrəsini dost intizarı ilə gözlədiyim "525-ci qəzet" bir nekroloq çap etmişdi: Tədqiqatçı Paşa Kərimov vəfat edib. Doğrusu, bu xəbərə inana bilmədim... Nə yaxşı ki, "525-ci qəzet" varmış. Yoxsa heç xəbərim də olmayacaqdı. Nə çox yazılmamış nekroloqlar var... Uşaqlıqda da ulduzlu göyü çox sevərdim. Saatlarla seyr edərdim. Aydın gecələrdə ulduzların axdığını görəndə ana nənəmdən soruşardım. O, ah çəkər və deyərdi: "Bala, kimsə dünyasını dəyişdi". Sonralar anladım ki, bu mifoloji əsatirlərin sırf bir elmi tərəfi də var.

Nekroloqu oxuyanda bu cümlə iti sürətlə yadıma düşdü. Bir ulduz da axıb getdi. Səni də itirdik Paşa Əlioğlu. Xatırladım əlüstü Bakıda söhbətləşdiyimiz günlərdən birini. Paşa yanğıyla Vidadi Paşayevin vaxtsız ölümünə təəssüflənirdi, ürəyində ağlayırdı. Vidadini tanıyırdıq. Bizdən böyük olsa da, onu "Gənclik" nəşriyyatında baş redaktor işlədiyi illərdən tanıyırdıq. 1972-ci ildə yazdığı bir kitabı çap prosesində dayandırmışdılar. Qadağan etmişdilər. Kitabın adı "Özümüz, sözümüz, gözümüz" idi. 1991-ci il aprelin 24-də o vaxtlar stolüstü qəzet olan "Yeni fikir" bir nekroloq çap etmişdi. O qəzetin baş redaktoru unudulmaz, istedadlı, tanınmış şair Taleh Həmid idi. Talehi mənlə İçərişəhərdə dostum İsmayıl tanış etmişdi. İkisi də İçərişəhərdə bir binada işləyirdilər. Bakıya yolum düşəndə oraya gedər və nahar fasiləsində dəniz kənarına enərdik. Piyada getməyi xoşlayırdıq. Kitab pasajına çatanda İsmayıl Talehə deyirdi ki, kitab satılan yerdən yan keçək, yoxsa naxçıvanlı dostumuz axşama qədər oradan kitab axtaracaq. Üçümüzdə ürəkdən gülərdik. Mən də deyirdim ki, sizlərdən uzaq. Çünki onların da çox sevdiyi yer kitab pasajı idi. Axırıncı dəfə Paşa ilə görüşəndə artıq Talehlə İsmayılı da itirmişdik. Artıq onlar da bir ulduz kimi axıb getmişdilər bu fani dünyanın vəfasız adamları arasından...

Şair, alim Paşa Əlioğlu ilə başlanan tanışlığım bir səmimi dostluğa çevrilmişdi. Paşanın atası görkəmli şair Əli Kərim də həyatdan vaxtsız köçmüşdü. Özündən sonra kiçik yaşlı 3 oğlu qalmışdı: Paşa, Azər, Orxan.

Mən şair Əli Kərimin yaradıcılığını çox sevirəm. İndi də həvəslə oxuyuram. Hətta onun "Pillələr" romanını o qədər çox oxumuşdum ki, oradakı surətlərin real həyatda adlarını da bilirdim...

Bir gün Naxçıvana səs düşdü ki, şair Əli Kərimin oğlu Paşa Naxçıvandadır. Səhv etmirəmsə, Əhməd Qəşəmoğlu ilə Naxçıvana gəlmişdi. O vaxtlar Naxçıvanın ədəbi gəncliyini bir yerə toplamağı bacaran Asif Kələntərli (o da həyatdan vaxtsız köçdü) dedi ki, Paşagil Böyük Bağa çay içməyə gələcəklər. Əli Kərimi əziz tutanlar o çay məclisində iştirak edə bilərlər.

Beləcə, 1981-ci ilin yazında Paşa ilə tanış olduq. O vaxtlar Paşa şeir də yazırdı. Sonralar biz məktublaşırdıq. Mən məktubları daha ətraflı yazırdım. Əlbəttə ki, mövzu Əli Kərim yaradıcılığından idi. Paşanın da məndə məktubları var. O, ilk məktubunda yazırdı: "Əziz Musa! Axır ki, sənə məktub yazmağa vaxt tapdım. Bu yaxınlarda hərbi toplanışdan gəlmişəm. Özüm də iş axtarmaqla məşğulam. Amma bütün bunlar ikinci dərəcəli məsələlərdir. Mən istərdim ki, biz görüşək. Məktubu konvertdəki ünvana yaz. Bakıya gələn kimi bu telefona zəng elə... Hələlik. Görüşənə qədər! Paşa. 17.IX.81-ci il".

Həmin ilin oktyabrında Paşa ilə Bakıda, onların Ağa Nemətulla küçəsindəki evlərində görüşmüşdük. Əslində, bu ev onların ana nənəsinin evi idi. Əli Kərimin evi Vaqif küçəsində, yazıçıların yaşadığı binanın birinci mərtəbəsində idi. Demək olar ki, 1-ci mərtəbədə Əli Kərimin yaşadığı mənzilin yarısı yerdə olduğundan rütubətli olurdu. Ona görə də şairin ölümündən sonra qızı Elsa xanımı və onun oğullarını nənələri öz işıqlı mənzilində yaşamağa aparmışdı.

1981-ci ilin oktyabrın sonlarında Bakıda Paşa ilə görüşdük və onlara getdik. Hava küləkli və yağmurlu idi. Azərdən başqa hamı evdə idi. Tanışlıqdan sonra mənə də çox səmimi münasibət göstərildi. Maraqlı ədəbi söhbətlər eləyirdik. 2 saata qədər dərdləşdik. Əli Kərimin 3 oğlu vardı: Paşa, Azər, Orxan. Mən onlarda olanda Azər Moskva Dövlət Universitetində oxuyurdu. Əli Kərimin "Gəl, Azərim" şeirini əzbərdən bilirəm:

 

Gəl, bıçaq altında

İnildəyən dünyam,

Ürəyim,

Varlığım,

Adım.

 

İndi o 3 oğuldan Azər sağdır. Allah ona sağlam uzun ömür versin. Səhv etmirəmsə, vətəndən uzaqlarda yaşayır. Həmin axşam Paşa özlərinin Bakıda, Şuşada çəkdirdikləri fotoşəkillərini mənə yadigar verdi. Sonralar da mənə özünün çap etdirdiyi şeirlər almanaxını və Əli Kərimin kitablarını göndərirdi. O vaxtlar Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Respublika Ədəbi Birliyi üzvlərinin ilk şeir və hekayələr toplusu işıq üzü görmüşdü. Paşanın bu topluda şeirləri çap edilmişdi: "Bir ağ kağız atdım...", "Yazılmış...", "Ağ atlı yuxular" və "Masam". Həmin il o, univertsitetin son kurs tələbəsi idi.

Paşa Əlioğlu Kərimov 1959-cu il fevralın 10-da Bakıda doğulub. Orta təhsilini Bakının 132 ¹-li məktəbində alıb. Ali təhsilini isə ADU-nun filologiya fakültəsində aldıqdan sonra, yəni 1982-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyib. Yeri gəlmişkən, bir neçə  dəfə onun iş yerində görüşmüşük. Bu tarixi bina böyük unudulmaz tarixlərin şahididir. Burada zəfər də, qələbə də var, sevinc də, gülüşlər və təəssüf ki, faciələr, göz yaşları da. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlament binası! Müstəqillik işğal olunan gün hirsindən burada hönkürüb ağlayan ər, igid azadlıq mücahidləri, sizləri unutmaz olmaz! Hətta sovet illərində adınızın qadağan olduğu vaxtlarda bu foyedə Paşa ilə sizləri xatırlayırdıq... Səsləriniz hopub qalmışdı divarlarda. Sizlərə bu gün də mənəvi ehtiyacımız var... çoxunuzu güllələdi erməni daşnaklar-bolşeviklər, qalanlarınız dünya üzünə səpələndi. Azərbaycan öksüzləşdi... Paşanın ömür illərinin yaşadığı səhifələri burada keçib. 1982-ci ildən ömrünün sonuna kimi burada, Əlyazmalar İnstitutunda işləyib. 2015-ci ildən İnstitutun "Multidisiplinar əlyazmalar və əski çap kitabları" şöbəsinin müdiri idi. O, tanınmış filoloq və mətnşünas alim idi. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclı, Qövsi Təbrizi, Sadıq bəy Əfşar və digərlərinin türkcə divanlarını çap etdirib.

Elmi axtarışlarının coğrafiyası maraqlıdır: Ankara, Daşkənd, Aşqabad, İstanbul, Elazığ, Taşauz, Təbriz, Kabil, Məzari-Şərif, Herat, İslamabad, Vatikan və Roma 2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olub, çoxlu müküfatlar alıb.

Bütün bunlara baxmayaraq, Paşa sadə insan idi və gənclik illərindən tanıdığı adamlara həssas və diqqətli idi. Mənə qarşı münasibəti də əvvəllərdə olduğu kimi idi. O, mənim ərk elədiyim, nəsə dediyim, güvəndiyim yaradıcı idi. İndi oturub onun məktublarını, avtoqraflı kitablarını oxuyuram. İlk baxışda o, soyuq, qapalı təsir bağışlayan kimi görünürdü. Amma o, bəzən zahirən sərt idi. Amma daxilən həssas, anlamaq dərdinə qalan dost idi. 1983-cü ildə atası Əli Kərimin "Qayıt" adlı (şeirləri və poemaları) kitabını tərtib edib çap etdirmişdi. Mənə də göndərmişdi. Avtoqrafında yazıb: "Musa! Çox təəssüf bu dəfə səninlə əməlli-başlı söhbət edə bilmədik. Sağlıq olsun, yenə görüşərik. İndi mənə elə gəlir ki, ən xoş görüşlər, ən yaxşı günlər hələ bizi gözləyir. Paşa. 19.X.83".

Paşa çox həssas, xeyirxah dost idi. Bunu 1987-ci ilin noyabrında mənə yazdığı məktubda açıq-aşkar görmək olur: "Əziz dostum Musa! Gec də olsa atanızın vəfatı münasibəti ilə sizə başsağlığı verirəm. Təəssüf ki, bu kədərli anlarda yanında olub, kədərini bölüşə bilmədim. Əziz dostum! Sənin böyük ürəyinə, iradənə bələdəm. Əminəm ki, bu dərd sənin həyat eşqini söndürə bilməz. Sənə cansağlığı, mənalı ömür arzulayıram. Əfsus ki, məktub yaza bilmirəm. Bir də mətləbi uzatmaq nəyə lazımdır ki... Hələlik bu qədər. Sağlıqla qala. Paşa K. 11.XI.87".

Paşa Əlioğlunu tanıyırdım. Hər yetənə dost deyən deyildi. İndi bu payız axşamında, əslində gecəsində onu çox xatırladım, lap çox... Haradansa yadıma ötənlərdən bir xatirə düşdü... Paşa toyuna məni çağıra bilməmişdi. Sonralar mənə yazmışdı ki, toyda yaxın yerdə boş bir stul qoymuşdum ki, bu dostum Musanındır. Heç kəsi oturmağa qoymamışdım. Hər dəfə bu əhvalatı xatırlayanda ikimiz ürəkdən gülürdük. Sədaqətli dost, sənin yoxluğuna inanmaq çətindir. Mənə elə gəlir ki, yenə həmin qədim binada iş başındasan. Bilirdin ki, Nikolayevski - Kommunist - İstiqlaliyyət küçəsini xoşlayıram. Burada çox-çox hadisələrin tarixi var. Bakıda olanda hökmən bu küçəyə baş çəkirəm...

Axır illərdə bir-birimizdən tez-tez hal-əhval tuta bilmirdik. Söz vermişdik ki, Qarabağ işğaldan azad olandan sonra Şuşaya gedək. Şuşanı çox sevirdin. Və orada çəkdirdiyin fotolardan mənə də göndərmişdin. Amma birdən səni sevənləri tərk edib getdin. Böyük Göyüzündə bir ulduz kimi axıb getdin. "Ağ atlı yuxular"a qovuşmağa tələsdin...

 

 

 

Ağ at belində

Ağ gün gəzən

Babalarımız girəcək yuxumuza.

 

...Nə qədər ki, Göyüzü var, sən bir parlaq ulduz kimi yaşayacaqsan. Çox sevdiyin və böyük zəhmətlə, ləyaqətlə xidmət etdiyin Azərbaycan da unutmaz səni! Dostlarınsa böyük kədərlə elm asimanında bir ulduzun axmasına daim Mikayıl Rəfili sayağı təəssüflənəcəklər... Onun qardaşının ölümünə yazdığı kimi...

 

Musa RƏHİMOĞLU

525-ci qəzet.-2024.- 22 oktyabr(¹193).-S.13.