Əsrimiz və biz  

 

Ömrümün müxtəlif çağlarında yazmışam və çıxışlarımda demişəm: Mən XX əsrin adamıyam! Həyatımın 47 ili bu əsrin sovet bolşevik-kommunist ideologiyasının hakim olduğu müstəmləkə dövrünə təsadüf edib. XX əsr zəngin, fəqət mürəkkəb, ziddiyyətli bir epoxa idi. İki dünya müharibəsi, üç siyasi inqilab, 37-nin amansız repressiyalarını görən, bir çox xalqıları, xüsusən türk xalqlarını özünə zorla tabe etmiş SSRİ adlı qorxunc imperiya çartaçartla biabırcasına çökdükdən sonra öz azadlığına və müstəqilliyinə qovuşmuş milli respublikalarda lokal müharibələr başlandı. Müstəqillik Azərbaycana qanlar bahasına başa gəldi: 20 yanvar qırğını, Xocalı soyqırımı və sair. Hələ de-yure müstəqillik əldə etmişdik, de-fakto müstəqillik bərqərar olmamışdı. Ölkəmiz müstəqil olmuşdu, biz özümüz hələ müstəqil deyildik, şübhə, tərəddüd, aldanışlar, inamsızlıq və vahimə içində yaşayırdıq. Yaşlı nəslin, xüsusən ziyalılarımızın, yazıçılar və şairlərin ailə üzvlərinin canından repressiya qorxusu çıxmamışdı, hələ də vahimə küləkləri əsirdi. Belə bir tarixi şəraitdə Azərbaycanda hakimiyyət boşluğundan, dövlətin səriştəsiz adamların əlində olmasından istifadə edən əbədi düşmənlərimiz sovet-rus ordusunun köməyi ilə əliyalın xalqı Qərbi Azərbaycandan qovdular, Qarabağı - torpaqlarımızın 20 faizini işğal etdilər. Qarabağ 30 il işğal altında qaldı, yerlə-yeksan edildi, xalqımızın mənəviyyatı, dini və milli-mənəvi dəyərləri təhqir olundu. Bu, təkcə silahımızın gücsüzlüyü deyil, həm də şüurumuzun, milli qürurumuzun, tarixi unutqanlığımızın məğlubiyyəti idi. Biz 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay işğal aktlarını, 1905, 1918, 1946-cı illərin deportasiya və qırğınlarını bir ara unutduq, Kommunist partiyasına sədaqət göstərərək guya məmnuncasına yaşadıq. Bəzi şairlərimiz isə "Qardaş olub Hayastan Azərbaycan" mahnılarını yazdılar. Məzlum kütlə isə aşığın dili ilə belə oxudu:

 

 

 

Başımızda motal papaq

Ağ şalvarda qara yamaq

Əlimizdə yavan tikə

Bir-birimizi sökə-sökə

Kommunizmə gedirik biz.

 

Bütün bunlar geniş kütləyə çox aydın olması da, xalqın düşünən hissəsinə yaxşı məlumdur. Bir yəhudi qonşum İsrailə gedərkən mənə demişdi: "Nizami, hamının bildiyi şeyləri danışma, bu səni hörmətdən salar". Mən demək istəyirəm ki, XX əsr və onun 90-cı illəri Yadın Yaddaş üzərində hökmranlığı dövrü idi. Mənim mənsub olduğum nəsil bu ictimai-tarixi biabırçılığı yaşamalı olduq, çünki öz torpaqlarımızda bir müddət ikinci erməni dövləti qondarılmışdı.

 

lll

 

Mən 90-cı illərdə ölkədə ideoloji boşluğa görə istiqlal mücadilələri apararaq "Azərbaycan ideologiyası" (1996) kitabını yazdım, 2006-cı ildə onu nəzəri və təcrübi cəhətdən yenidən işləyərək "Azərbaycançılıq" adı ilə çap etdirdim. Həm birinci variantda, həm də ikinci nəşrdə başlanğıcda belə cümlələr yer alır: "Azərbaycan infarkt keçirmiş ürəyə bənzəyir, taleyin amansız zərbələrindən parça-parçadır. Onun əlacı millətin birliyindədir, bu birliyi vahid milli ideologiya yarada bilər". Şair və tərcüməçi Sabir Mustafanın bir sonetində belə ibrətli bənd var:

 

Kəsib doğradılar Azərbaycanı

Dünyada qəm varmı belə qəm kimi?!

Yaşat ürəyində böyük Turanı

Yaraların üstə qoy məlhəm kimi.

 

Bu bir bənd milli düşüncəmizin "yol xəritəsidir". Bu yaxınlarda mənim "Turan: tarixi gerçəklik və müasirlik" (2024, 240 səh.) kitabım çap olunub. Kitab Prezident, Ali Baş Komandan İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" sözləri ilə başlayır. Faktiki olaraq mən XX və XXI əsrlərin, II və III minilliklərin qovuşub ayrıldığı bir dövrün türk adamıyam. Bunu bilir və böyük qürur hissilə deyirəm: "Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Harada türkcə danışıq eşidirəm, dönüb ora salavat çəkirəm! Türkün səsi gələn tərəf mənim qibləmdir" (bax: Turan: tarixi gerçəklik və müasirlik. 2024).

Mənim və mənsub olduğum millətin arxasında 5000 illik şərəfli bir tarix dayanır:

 

Sorma mana oymaqımı, boyumu,

Beş min ildir millət kimi yaşaram

Demə mana Oğuz, Qayı, Osmanlı,

Türkəm: bu ad hər ünvandan üstündür.

 

(Ziya Göyalp)

 

Türk - güclü deməkdir. Osmanlı dövlətinin qurucusu Qayı bəyi Osman deyib ki, ölümdən qorxmayan adama türk deyilir. Ərəb alimi və ədibi Bəhəl Cahiz yazıb: "Bir türk, ayrılıqda bir xalq deməkdir". Bizim romantik şair-filosofumuz hələ XX əsrin önlərində "Bən bir türkəm, dinim, cinsim uludur, // Sinəm, özüm atəş ilə doludur" - deyib.

Biz bu əsrin - XXI əsrin ən müzəffər millətiyik. Varlığımızdakı saf türk qanı coşdu və cəsarətlə dünyadakı açıq və gizli bədxahlarımıza məhəl qoymadan 30 illik işğala 44 gündə son qoyduq. Bu təkcə modern silahlarımızın yox, müharibənin artıq tarixi zərurət olduğunu BMT-nin Təhlükəsizlik Şurasında uzaqgörən diplomatik məntiqlə əsaslandıran böyük siyasətçinin - Azərbaycan Prezidentinin siyasi iradəsi, gülə-gülə şəhidliyə gedən yeni gənc nəslin uğuru idi.

Məhz hər günü bir ilə bərabər olan, bəşəriyyətin bu vaxtadək görmədiyi yeni müharibə - dəqiq seçilmiş taktika və strategiya sayəsində XXI əsrin 20-ci ilində yeni tarixi - Müstəqil Azərbaycanın Zəfər tarixini yazdıq. Bununla da Azərbaycanın qalib rəhbəri dünyaya yeni sahman təklif etdi.

Bəli, fəxr edirəm ki, bu həm də mənim öz məharətləri ilə Vətən müharibəsinin gedişində erməni faşizminin tarixi simasını açan bir türk - Azərbaycan ziyalısının əsri idi.

 

lll

 

Dostum Yaşar "Altmışıncılar" poeziyasının ən yaxın tədqiqatçısıdır, bunu "Özünəqayıdış lirikası" monoqrafiya sübut edir. Mən onun haqqında mübahisə təriqilə yazdığım geniş "Ədəbi məktub"da bəzi şeyləri demişəm. İndi isə onu deyim ki, bizim XX əsrin, xüsusilə sovet dönəminin ədəbiyyatı oxucuya şirin, cazibədar yalan danışıb həyat həqiqətini çəhrayı eynək arxasından göstərib, yüngül desək, oxucunu - xalqı, milləti çaşdırıb, gerçəkliyi tarixi inkişafda görməyə imkan verməyib, çünki ədəbiyyatımızın - şairlərin, yazıçıların, hətta jurnalistlərin canında 37-nin vahiməsi var idi. Bizim ədəbiyyatda, xüsusən ədəbi tənqiddə həqiqəti deyənlər 37-də repressiya olundu, əksəriyyəti 15 dəqiqəlik prokurorsuz, vəkilsiz Zaryanov, Matuleviç və Jiqurdan ibarət hərbi "məhkəmənin" (Diqqət yetirin heç biri türk, heç müsəlman da deyil!) hökmü ilə ağır məşəqqətlərdən sonra güllələndi.

Fəqət bu gün biz o ədəbiyyatı ittiham edə, qınaya bilmərik. Söhbət zərif ruhlu şair və yazıçılardan, mədəniyyət adamlarından, bir sözlə, canı ət və candan ibarət İnsandan gedir.

Əlbəttə, qoy bizdən sonra gələnlər bilsinlər ki, sovet, kommunist, bolşevik-daşnak ədəbiyyatı mövcud ideologiyaya tabe olan, kommunist partiyasının ətəyindən yapışan, siyasi çamurluq ədəbiyyatı idi. İndi biz şairlərin tək-tək şeirlərini - M.Müşfiqi, R.Rzanı, Əli Kərimi, Ramiz Rövşəni tələbələrə məsləhət görürük.

 

lll

 

XXI əsr dünyada türk əsri olacaq, bəşəriyyətin idarəçiliyi türklərin əlinə keçəcək. Bunun üfüqləri artıq görünməkdədir.                 

 

Dilim ulu

Dinim nurlu

Tanrıdan - Allaha

Türkün yolu

Qurani-Kərim

Hikmət dolu

Ya Məhəmməd Mustafa

Sığınmışam Allaha!

 

 

Bu, mənim duamdır. Onu oxuyub özümü dərk edirəm. Fəqət mənim türk sivilizasiyam İslam dinindən çox-çox qədimdir. Bu qədimliyin sonu Orxan-Yenisey yazıları, Qobustan şəkli həqiqətləridir. Ünvanı isə antik Yunanıstan fatehi, əfsanəvi Makedoniyalı İskəndəri heyrətə qoyan Zərdüşt Peyğəmbərin möhtəşəm "Avesta" abidəsidir. Zərdüştlük Günəşə və Aya, Gecəyə və Gündüzə tapınan təbiət dinidir. Nə yaxşı ki, Novruz bayramımız, atəşkəsdələrimiz bu dindən soraq gətirir. Təbiət Allahın şah əsəridir, ən kamil gözəllik, ən zərif səs-nəğmə təbiətdədir. "Çəmən olan yerdə xalça nə lazım, Lilpar olan yerdə dolça nə lazım" - deyib, İncə ruhlu, lirik şairimiz Hüseyn Arif Mənim fəlsəfəm belədir: "İnsan yaşadığı cəmiyyətdən çox, doğulduğu təbiətə bənzəyir. Bulaq suyu içənlə, arx suyu içən bir ola bilməz. Kim təbiəti sevirsə, təbiətə yaxındırsa, o həm gözəl, həm də güclüdür. Türklər təbiətin övladıdır.

Dünyanın böyük şəxsiyyətlərindən biri, türkün isə düşməni I Pyotr belə deyib: "Bir türk bir alman alayıdır, iki türk bir alman ordusudur, üç türkü birləşməyə qoymayın, amandır". Onun 1725-ci ildə yazdığı məxfi işğalçı "Vəsiyyətnamə" bu gün də Rusiya üçün qüvvədədir.

lll

 

Bir qədər öncə də qeyd etdiyim kimi, hər günü bir ilə bərabər olan 44 günlük müharibədə qazandığımız möhtəşəm Zəfər müəyyən qədər milli qürur və fərəh gətirdi, donmuş mühitdə yumşalma başlandı, torpaqlarımız, Qarabağımız 30 illik mənfur erməni işğalından azad olundu. Tarixdə misli görünməmiş bu müharibə əvvəlcə Cənubi Qafqazda, sonra bütün Türk dünyasında, nəhayət bəşər tarixində yeni era yaratdı. Dünyada ilk dəfə Prezident, Ordu və Xalq üçlüyünün ali vəhdəti qalib gəldi. Biz buna görə də biz gülə-gülə şəhadətə gedənlərə, eyni təbəssümlə canından olan qazilərimizə əbədi olaraq minnətdarıq.

2020-ci ilin o böyük 44 günündən sonra Azərbaycanda yeni tarix başlandı. Bu il - 2024-cü ildə isə mənim 70 yaşım tamam oldu. Və mən bu əsrə böyük ümidlərlə baxıram.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet.-2024.- 22 oktyabr(¹193).-S.12.