Lənkəranın 100 yaşlı təhsil ocağı: Seminariyadan Kollecə

 

(Əvvəli ötən sayımızda)

 

Lənkəran Pedaqoji Məktəbinə Səfər Ramazanovdan sonra, 1929-cu ildə İbrahim Abidov direktor təyin edilib. O, həm də coğrafiyadan dərs deyirdi. İbrahim müəllim sonralar başqa işə keçmiş, yerinə ixtisasca tarix müəllimi Şıxəli Hacıyev təsdiq edilmişdi (1930).

Milliyyətcə tatar olan Şəmsi Devuşova məktəbin ilk və yeganə xanım direktoru olub, həm də "İctimaiyyət" fənnindən dərs deyib. 1931-ci ildə məktəbin direktoru təyin edilən Şəmsi xanım 1920-ci illərin kommunistlərindən idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, Lənkərana gəlmiş, qəzanın ictimai-siyasi həyatında iştirak etmişdi.

Şəmsi Devuşova Gərmətük qəsəbəsindən olan, Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübariz Salman Əkbərovla ailə qurmuş, Firudin adında övladları olmuşdu. Bu dövrdə məktəbin tədris işləri üzrə direktor müavini təbiət müəllimi İsgəndər Bağbanlı idi. Təyyar Əlizadə coğrafiyadan, Sadıq Sadıqzadə tarixdən dərs deyirdi. S.Sadıqzadə pedaqoji məktəbdə fəaliyyətə 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra başlamışdı. 1938-1956-cı illərdə isə o, Kərgəlan kənd məktəbinin direktoru işləmişdi.

Məktəbdə 1928-ci ildən hazırlıq kursları fəaliyyət göstərirdi. Müəllim kadrları çatışmadığından məktəbin sonuncu kursunda oxuyan tələbələrə hazırlıq kursunda dərs demək hüququ verilmişdi.

Respublika Mərkəzi Dövlət Arxivinin məlumatında deyilir ki, Maarif Nazirliyinin 11 iyun 1929-cu il tarixli kollegiya iclasının qərarına əsasən məktəb üçün əlavə tədris korpusu tikilmiş, xüsusi hazırlıq qrupu təşkil edilmişdir. Bu dövrdə məktəbin direktoru ictimai-siyasi xadim Zülfüqar Əhmədzadə idi (1931-1932).

İmzası ədəbi ictimaiyyətə yaxşı tanış olan istedadlı şair, ədəbiyyatçı, redaktor Zülfüqar Əhmədzadə 1898-ci ildə Lənkəran qəzasının Pensər kəndində (indiki Astara rayonu) anadan olub. Kənddəki rus məktəbində təhsil alıb, sonralar inqilabi hərəkata qoşulub. "Azərnəşr"də şöbə müdiri işləyərkən repressiyaya məruz qalıb, 1938-ci ilin mart ayında həbs edilib və Sibirə sürgün olunub. 1940-cı il iyunun 9-da ağır xəstəlikdən Kemerov vilayətinin Marinsk şəhərində vəfat edib.

Zülfüqar Əhmədzadədən sonra Sadıq Sadıqov (1933-1934), İsmayıl Sadıqov (1935-1936), Nəriman Məlikov (1937-1939), Yaqub Yaqubov (1939), Rəhman Qurbanov (1939), Cəbrayıl Səttarzadə (1940) direktor işləyiblər.

Lənkəran Pedaqoji Məktəbində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında C.Səttarzadənin böyük əməyi olub. O, bundan əvvəl Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində dünyanın bir sıra görkəmli dövlət və siyasi xadimləri ilə bir qrupda oxumuşdu. Onların arasında Mao Tszedun, Palmiro Tolyatti, Ənvər Xoca, Manolis Qlezos, Kim İr Sen kimi tanınmış dövlət xadimləri vardı.

Məktəb müharibə vaxtı başqa yerə köçürüldükdən sonra C.Səttarzadəni Azərbaycan KP MK-nın təbliğatçılar məktəbinin direktoru təyin etmişdilər. Daha sonralar o, Yardımlı Rayon Xalq Maarif Şöbəsinin müdiri və Lənkəran rayonunun Sara adası (Nərimanabad qəsəbəsi) orta məktəbinin direktoru (1944-1947) işləyib.

1940-cı ildə fəaliyyəti dayandırılaraq hərbi hospitala çevrilən məktəbin işi 1943-cü ildə indiki Cəlilabad rayonunun Göytəpə qəsəbəsində bərpa olundu. Bu dövrdə məktəbin direktoru Mövsüm Əmrahov idi.

1941-ci ildə başlanan dəhşətli müharibədə cəbhəyə gedənlər arasında Lənkəran Pedaqoji Məktəbinin müəllimləri və məzunları da vardı. Məktəbin kimya müəllimi Mustafa Sadıqov İkinci Dünya müharibəsindən əvvəl hərbi xidmətə çağırılmış, 1940-cı ildə Moldaviyanın (Bessarabiya) azad edilməsində iştirak etmiş və yaralanmışdı. Mustafa müəllim müharibədən sonra, 1957-1962-ci illərdə məktəbin direktoru işlədi.

Ədəbiyyat müəllimi Mütəllim Sadıqov müharibə xəbərini Ukraynada eşitdi. Odessada hərbi xidmətdə idi. 1942-ci ildə o, döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış, ikinci dərəcəli əlil kimi tərxis olunmuşdu. Riyaziyyat müəllimləri Mövsüm Yusifov, Ələkbər Məmmədov, ədəbiyyat müəllimləri Şükür Şükürov, Hidayət Əzimov, tarix müəllimləri Qüdrət Kazımov, Hüseynağa Axundov, musiqi müəllimi Ağarəhim İbadov və başqaları çətin döyüş yolları keçmişdilər. 1937-1939-cu illərdə məktəbin direktoru işləmiş Nəriman Məlikov da cəbhədə idi. Xolmili kənd məktəbində sinif müəllimi işləy Əlişah Yusifov cəbhəyə könüllü getmiş, 1944-cü ildə "qara kağız"ı gəlmişdi.

Məktəbin məzunu Asif Abbaszadənin məlumatına görə, müharibədən sonra məktəb yenidən Lənkəranda bərpa edilib. Bu dövrdə məktəb Lənkəran şəhər 6 saylı səkkizillik məktəbinin ikinci mərtəbəsində yerləşirdi və 1982-ci ilədək bu binada fəaliyyət göstərib. Mustafa Sadıqov (1957-1962), Süleyman Hüseynov (1962-1968), Əməkdar müəllim Mövsüm Yusifov (1968-1972), Hacı Hüseynbəyli (1972-1973), Fərrux İbrahimov (1973-1977), Həmzə Cəfərov (1978-1987), pedaqoji elmlər namizədi Raqif Əliyev (1987-1991), Əməkdar müəllim Cahangir İbrahimov (1991-2014), Şaban Şəfiyev (2012-2014), fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ruslan Həmidov (2014-2022) müxtəlif vaxtlarda məktəbin direktoru işləyiblər.

1987-ci ildə məktəb öz istiqamətini dəyişərək məktəbəqədər müəssisələr üçün tərbiyəçi-müəllimlər hazırlamağa başladı. Həmin ildən də təhsil ocağı Lənkəran Məktəbəqədər Pedaqoji Məktəbi, 1992-2002-ci illərdə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərdi.

Ölkənin təhsil sahəsində köklü dəyişikliklər getdiyi bir vaxtda ingilis dili ixtisasına xüsusi tələbat yarandığından 1998-ci ildə məktəbdə "İngilis dili" ixtisası üzrə qrup fəaliyyətə başladı. Həmin qrup üzrə ilk buraxılış 2001-ci ilə təsadüf edir. Həmin il bu ixtisas üzrə məktəbi 25 nəfər bitirib. 2003-2004-cü tədris ilində 10 qrupda 259 nəfər "İngilis dili" ixtisasına yiyələnib.

"Orta ixtisas təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 avqust və respublika Təhsil Nazirliyinin 2002-ci il 9 sentyabr tarixli qərarlarına əsasən, Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu, Lənkəran Musiqi Texnikumu və Lənkəran Kənd Təsərrüfatı Texnikumunun bazası əsasında Lənkəran Dövlət Humanitar Kolleci yaradıldı.

2003-2004-cü tədris ilinin hesabat məlumatına görə, Lənkəran Dövlət Humanitar Kollecində 19 ixtisas üzrə 58 qrup fəaliyyət göstərib, burada 1523 tələbə oxuyub, 144 müəllim dərs deyib. Kollecin tədris bazasında 4 şöbə (pedaqoji, musiqi, kənd təsərrüfatı və qiyabi) fəaliyyətdə olub.

Humanitar kollec 2020-ci il iyul ayında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecə çevrilib, Leyla İbrahimova kollecin direktoru təyin edilib.

Lənkəran Pedaqoji Məktəbinin məzunlarına Azərbaycanın, demək olar ki, bütün rayonlarında rast gəlmək mümkündür. Pedaqoji elmlər namizədi Ə.Tağıyevin məlumatına görə, 1929-1960-cı illər dövründə məktəbi 1854 tələbə bitirib. Əməkdar müəllim, kollecin keçmiş direktoru Cahangir İbrahimovun araşdırmasına əsasən, kollecin fəaliyyət göstərdiyi 100 il ərzində burada onmilərlə orta ixtisaslı sinif müəllimi, məktəbəqədər tərbiyə müəssisələri üçün tərbiyəçi-müəllim digər kadrlar hazırlanıb.

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.15.