Cinayət və cəza  

 

 

İlk insanlar Bibliyaya görə  dünyaya gəldikdən sonra, bəşəriyyətin əcdadları sayılan Adəm və Həvva (Adam və Yeva) Yerüstü cənnətdə (Edemdə) məskunlaşmışdılar. Onlar heç bir zəhmət çəkmədən ömürləri boyu buradakı hər cür nemətlərdən bəhrələnə bilərdilər.  Allah onları hər şeylə təmin etmişdi, təkcə Xeyir və Şər ağacının meyvəsini yeməyi onlara qadağan etmişdi. Yaşamaq üçün bütün vasitələrin bol olduğu şəraitdə insan ölənə qədər rahat ömür sürə bilərdi. Lakin qadağanı pozmaq həvəsi qalib gəldi, buna isə onu tamah və nəfsi saxlaya bilməmək məcbur etmişdi. Qadın təbiətindən irəli gələn hər şeyi dadmaq istəyi ilə, Həvva ilanın şeytan xüsusiyyətli təhriki ilə məhz qadağan olunmuş meyvəni yedikdə,  onun ləzzətinin təsiri altına düşüb, bu xətanı törətməyə ərini də sövq etdi. Onların gözü açılmışdı. Allah qoyduğu qadağanın pozulduğunu görüb, ilk günaha batmaya görə onların hər ikisini Yerüstü cənnətdən qovdu və insan nəsli yeni ağır şəraitdə, az qala Yerüstü cəhənnəmin əzablarına və çətinliklərinə məruz qalmaqla ömür sürməli oldu.

İlk günaha batma və ona görə Allah tərəfindən cəzalanma bu əcdad timsalındakı bəşər nümayəndələri üçün ibrət mənbəyi olmalı idi və onlar hansısa bir xəta törətməkdən uzaq qaçmalı idilər.  Lakin Adəm və Həvvanın ailəsində baş verən sonrakı hadisə daha böyük bədbəxtliyə səbəb oldu.

Onların əvvəlcə Qabil (Kain) adlı oğlanları oldu, sonra isə ikinci oğulları olan Habil (Abel) dünyaya gəldi. Onlar zəhmətlə məşğul olub, ailəni ərzaqla təmin edirdilər. Qabil əkinçi kimi tarlada işləyirdi, Habil isə qoyun sürüsünü otarıb, çobanlıq edirdi. Bir dədə Habil qoyunun balası olan quzunu Allaha hədiyyə gətirdi və o, nəinki hədiyyəni qəbul etdi, hətta bundan çox razı qaldı. Qabil də Allaha öz hədiyyəsini verməyə tələsdi, məhsulundan ona nəsə gətirdi. Lakin Allah onun hədiyyəsini və özünü qəbul etmədi. Bu, böyük qardaşın qəzəbinə səbəb oldu və Habilə qarşı paxıllıq onu rahat buraxmırdı. İki qardaş birlikdə tarlaya getdi və Qabil kiçik qardaşını qətlə yetirdi. İlk dəfə olaraq, qəsdən adam öldürmə baş verdi, çünki nə bir təsadüf, nə də hansısa bir ehtiyatsızlıq halı olmuşdu. Həm də, hələ başqa bir cinayət baş verməmişdən, onun ən ağır növü törədilmişdi.

İnsanı Allah yaratmışdı, həmin varlığın həyatına son qoymaq da onun səlahiyyətində idi. Bu qayda ilə hamı razılaşdığından maneəsiz olaraq həyata keçməkdə davam edirdi. Lakin Qabil ilk dəfə olaraq Allaha məxsus olan işi öz üzərinə götürüb, həddi aşaraq, insan həyatına qəsd etmişdi. Bundan ağır cinayət ola bilməzdi, təəssüf ki, bu qanlı hadisə həm də başqalarına nümunə göstərməli olan ilk bəşər ailəsində baş vermişdi.

Ən dözülməz cəhət o idi ki, bu qətlin törədilməsi üçün heç bir əsas və tutarlı səbəb yox idi. Habil şəxsən qardaşının ziddinə heç bir təmənnalı hərəkət etməmişdi, sadəcə olaraq Allaha hədiyyə vermişdi və bu əməlində hansısa bir pis məqsəd də güdməmişdi. Yalnız paxıllıq, qısqanclıq kimi insan təbiətinin qüsuru qardaş qətlinə səbəb olmuşdu.

İkinci təəssüf isə ondan ibarət idi ki, öz ağır cinayətinə görə Qabil layiqli cəza almamışdı, Allah sadəcə olaraq ona demişdi ki, tarlası artıq məhsul verməyəcəkdir. Buna görə  o, yaşadığı ərazini tərk etməli olmuşdu. Ağır cinayətə görə cəza əslində yüngül könüllü sürgünlə əvəz olunmuşdu. Allah həm də cəzalandırmadığı Qabilə demişdi ki, kim onu qətlə yetirsə, onun nəslindən yeddi adam öldürüləcəkdir. Ədalətin zəfəri xeyli gecikərək, yalnız qatilə qarşı cinayət işlədildikdə baş verəcəkdi.

 İlk günaha batmanın müəllifləri olan ailədə həm də ilk ən ağır cinayət baş vermişdi, qardaş qatili meydana gəlmişdi. Beləliklə, insan cəmiyyətinin yol yoldaşı olan cinayətlər lap başlanğıcdan, onun həyatına ağır damğa vurmuşdu. Cinayət isə cəzasız qaldıqda, bir qayda olaraq, daha ağır fəsadlar törədir. Ona görə də sonralar törədilmiş cinayətə cavab kimi insanların özlərinin icad etdiyi cəza sistemi meydana gəldi. Lakin çox hallarda cəza cinayətin ölçüsünə o qədər də uyğun gəlmirdi, bu isə onun təsir gücünü azaldırdı. Cəza əsasən törədilən cinayətə bərabər şəkildəki cavab rolunu oynayırdı. Bu bərabərlik "gözə görə göz" prinsipini əmələ gətirdi. Əlbəttə ki, bu, "gözə görə başın kəsilməsindən" ədalətli idi. Quldarlıq cəmiyyətində bu qayda özünü "Talion qanunu" kimi göstərdi. Qanunun mahiyyəti ondan ibarət idi ki, zərər toxundurulmuş adam, həmin zərəri torədənə tam ölçüdə cavabını qaytarsın. Sonralar isə iri dövlətlərin yaranması ilə hüquq sistemi inkişaf etdi, cinayətlərə görə nəzərdə tutulan müxtəlif cəzaların tətbiq olunması qaydası yarandı. Bu vaxt artıq cinayətin baş vermə şəraiti və motivləri, həmçinin cinayətkarın şəxsiyyəti də nəzərə alınırdı. Bu sahədə ilk böyük sənəd Hammurabi Kodeksi hesab olunur. Hammurabi Köhnə Babilistanın məşhur çarı idi, b.e.ə. 1792-1750-ci illərdə hökmranlıq etmişdi. Onun Kodeksi cəmiyyətin idarə olunmasında hüququn və o dövr üçün ədalətin tətbiq olunması nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik idi.

İlkin dövrlərdə cəzalandırma tətbiq edilməsə də, az sonra qisas almaq, vurulan xətərin əvəzini ödəmək şəklində olan cəza növləri meydana çıxdı. İlk qətl hadisəsi isə təəssüf ki, cəzasız qalmışdı, qatilin öz yaşayış yerindən sadəcə olaraq uzaqlaşması ilə nəticələnmişdi.

Bibliyada yazıldığı kimi, Habil qardaşına qarşı heç bir pis hərəkət etməmişdi, yalnız Allaha itaət şəklində olan kiçik hədiyyə vermişdi. Qabilin hədiyyəsi isə həmin Allah tərəfindən qəbul edilməmişdi. Burada Habilin hansısa bir günahı yox idi. Lakin bu, böyük qardaşda səfeh bir qısqanclıq yaratmışdı və o, günahsız bir insanı qətlə yetirmişdi. Axı Habil Allahın iradəsinə və qərarına müdaxilə edə bilməzdi. Göründüyü kimi, belə ağır cinayətin törədilməsi üçün hansısa bir əsas yox idi, sadəcə, qısqanclıq dəhşətli qətlin baş verməsinə gətirib çıxarmışdı.

Bibliyanın təsvir etdiyi digər cinayətlər

İlk bəşər ailəsinin oğlu olan Qabil tarixdə (əlbəttə, Bibliyaya görə) ilk qatil kimi, özü də qardaş qatili kimi "şöhrət" tapmışdı. Bu ibtidai insan tərəfindən cinayətlə müqayisədə, hətta Herostratın b.e.ə. 356-cı ildə Efesdə Artemida məbədini yandırmasının özü də vandalizm halı olduğundan, xəta kimi nisbətən sönük görünür.

Sonrakı peyğəmbərlərin övladları da gələcək nəsillərə nümunə olmaq əvəzinə, qəddarlıq törətmiş, qan axıtmışdılar, hətta bu iyrənc əməllərinə adi bir hal kimi baxmışdılar. Bəzən onlar günahsız insanların kütləvi surətdə məhvini planlaşdırmış və onu vəhşicəsinə həyata keçirmişdilər.

Peyğəmbər Ceykobun (Yaqubun) 4 arvaddan 12 oğlu var idi, onlardan ikisinin - Cozefin (Yusifin) və Bencaminin (Benyaminin) anası onun sevimli arvadı olan və həyatdan vaxtsız getmiş Raxil idi. Atanın bu iki oğluna olduqca xoş münasibəti, Raxilin böyük bacısı Liadan olan onun 6 oğlunda pis bir qısqanclıq yaratmışdı və onlar hətta Cozefi öldürmək istəyirdilər. Lakin həmin cinayətə susayanlar, bu iyrənc əməllərindən əvvəl də qan tökmüşdülər, bütöv bir tayfanı milli ədavəti rəhbər tutaraq, qırmışdılar. Bu cinayəti bilavasitə, Lianın doğduğu Simeon və Levi törətmişdi.

Peyğəmbərin (onun ikinci adı İsrail idi, gələcək bu addakı ölkənin əhalisi onun 12 oğlunun törəmələrindən əmələ gəldiyinə görə, həmin dövlət də məhz onun adı ilə aldanmışdı) Liadan olan qızı Dina harasa qonaq gedəndə, başqa bir tayfanın başçısı Hamorun oğlu onu zorlamışdı. Qız gözəl olduğuna görə oğlan ona vurulmuşdu və onu qanuni qaydada almaq istəyirdi. Hamor Ceykobun yanına gəldi ki, onun qızını oğluna alsın, yaxşı bilirdi ki, oğlu Dinanı həqiqətən sevir. Dinanın qardaşları etiraz edib, öz şərtlərini irəli sürdülər. Çünki yəhudi oğlanlarının və qızlarının başqa tayfa üzvləri ilə ailə qurması qadağan idi. Qardaşlar tayfanın kişi cinsindən olan bütün üzvlərinə yəhudilər kimi sünnət edilməsi şərtini irəli sürdülər, yalnız bu halda bacılarının tayfa başçısının oğluna ərə getməsinə razılıq verəcəkdilər. Axı yəhudilərin doğulan oğlan uşağı 8 günlük olduqda, ona sünnət edilir, bədənə belə xəsarət yetirmə yəhudi kişilərinin əsas əlaməti sayılırdı. İslam dini də meydana gələndən, kişi cinsindən olanlar üçün bunu vacib dini bir qayda kimi qəbul etdi.

Əlacsız qalan tayfa başçısı Dinanın doğma qardaşlarının bu şərti ilə razılaşdı və şəhərinə qayıdıb, bunu sakinlərə çatdırdı. Körpədən tutmuş qocaya qədər kişi cinsindən olan tayfa üzvlərinin hamısına sünnət edildi.

Üç gün sonra tayfa üzvləri hələ yaralı kimi yataqda olanda, Simeon və Levi qılınclarını götürüb, şəhərə girdilər və müdafiəsiz vəziyyətdə olan bütün adamları öldürdülər. Sonra isə onlar şəhəri qarət etdilər.

Ən ədalətsiz cəhət o idi ki, onlar günahsız insanları vəhşicəsinə qətlə yetirmişdilər və cəzasız qalmışdılar. Bu, onları başqa cinayətə də sövq etdi və atalarının çox sevdiyi arvadından olan ögey qardaşları Cozefi öldürmək istədilər. Bu məqsədlə onu çöldə ov etməyə apardılar. Burada onu yağış suyunu yığmaq üçün olan çuxura salıb, köynəyini isə kəsdikləri keçinin qanına bulayıb, evə qayıdanda, atalarına göstərdilər. Guya ki, Cozefi vəhşi heyvan parçalayıb öldürmüşdür. Ceykob əziz oğlunun ölümünə uzun müddət matəm saxladı. Qardaşlar isə əmin idi ki, Cozef çuxurda acından və susuzluqdan öləcəkdir.

Cozefi salındığı çuxurun yanından karvan yolu keçirdi, Misirə gedən tacirlər Cozefi orada satmaq üçün özləri ilə götürdülər. Cozefin başına Misirdə çox sayda hadisələr gəldi. Faraonun mühafizəçisi Potifarın arvadı qəşəng oğlan olan Cozefə dəlicəsinə vurulmuşdu, onunla yaxınlıq etmək istəyirdi. Lakin yad sayılan yəhudi oğlan buna razılıq vermirdi. Qəzəbindən qadın şərləməkdən istifadə etdi, guya Cozef onu zorlamaq istəyirmiş. Cozef həbs olundu və dustaqxanada yuxu yozması ilə şöhrət tapdı. Bu vaxt faraon bir qorxulu yuxu görmüşdü. Münəccimlər yuxunu yoza bilmirdilər. Cozef barədə eşidən faraon onu çağırtdırdı və dustaq yuxunu ona dəqiqliklə izah etdi. O, azad olundu, sarayda vəzifə tutdu, az sonra ölkədə faraondan sonra ikinci səlahiyyətli şəxsə çevrildi. O, ağıllı siyasəti ilə bol məhsul götürülən illərdə topladığı ehtiyatdan, məhsul qıtlığı vaxtı istifadə edib, Misirdə aclığın qarşısını aldı, hətta qonşu xalqlara da ərzaq köməyi göstərdi. VII əsrdəki Çin imperatriçası U, tarixdə o, ölkənin yeganə qadın hökmdarı idi, Cozefdən xəbəri olmadığı halda, bu üsulu tətbiq edib, böyük saydakı təbəələrinin aclığa məruz qalmasına imkan verməmişdi.

Cozef onu öldürmək istəyən qardaşlarından da qisas almadı, əksinə, onları taxılla təmin etdi.

Bibliya digər cinayət hadisələri və onlardan xilas olma misalları ilə də doludur. Persiya çarı Kserksin (əslində, Artakserksin) Suzadakı hakimiyyət strukturuna yəhudi Mordexay da daxil idi. Onun qız qohumu Ester gözəl olduğundan hərəmxanaya götürülmüş və az sonra çarın xoşuna gəldiyindən, onun arvadına çevrilmişdi. Mordexay Esterə tapşırmışdı ki, yəhudi olduğunu heç kəsə deməsin.

Bu vaxt Kserksin baş naziri olan Haman əyalət başçılarına bütün yəhudiləri qırmaq göstərişini vermişdi. Ester bunu ustalıqla əri olan çara bildirdikdə, həm də arvadına guya xəyanət etməkdə ondan şübhələndiyinə görə, Kserks Mordexay üçün onun qurdurduğu dar ağacından Hamanın özünü asdırdı və onun yəhudilərin qırğını barədəki göstərişini ləğv etdi. Beləliklə, Ester öz xalqını 2,5 min il əvvəl baş verəcək ilkin Holokostdan xilas etdi. Bəlkə də, Hitlerin məşuqəsi alman qızı Yeva Braun deyil, Ester kimi müasir yəhudi qızı olsaydı, fürerin yəhudilərə qarşı qəddarlığı belə miqyas almazdı. Ancaq bu, sadəcə bir mülahizədir, Hitlerin quduzluğunu adi yəhudi qızı da söndürə bilməzdi, Holokostun qarşısı belə asan yolla alına bilməzdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.14.