AZƏRİN
AZƏRLƏRƏ HAYAN MƏKTUBU
İnsan ilk məktubu haçan yazıb? Söz yox ki,
hələ dilində sözlərin çox
olmadığı, hələ heç yazını da kəşf
etmədiyi çox uzaq əyyamlarda. Qazıntılar əsnasında
qədim insanın gildən düzəltdiyi fitlər
tapılır ki, onları dodağa tutub müxtəlif dəliklərindən
üfürdükcə iki-üç cür səs
çıxır. Bunlar əski çağların
teleqrafı idi, uzaqdan səsləşmə, xəbərləşmə
vasitəsi idi, sonrakı zamanların teleqramı, bizim günlərin
mesajlaşması. Qayalar üzərindəki rəsm saydıqlarımızın
hamısı əslində insanların o vaxtlar bir-birinə, həm
də sabaha - bizlərə yazdıqları məktublar idi.
XX əsrin son çərəyinədək -
kompüterlər, internet "hörümçəyi",
telsiz telefonlar ("simsiz" yazmıram, ona görə ki,
"sim" sözünün indi burda mənim düşündüyümdən
fərqli bir mənası da var ki, o anlamda indinin cib
telefonları həm də simlidir) asta-asta meydanı tutmağa
başlayanacan məktub ünsiyyətin ən yüklü, həm
də ən etibarlı, həssas qanadı idi.
Sonra yavaş-yavaş gün dəyişdi, elektron məktublar
fəsli yetişdi, ancaq ani sürətli bu məktublarda əski
məktublardakı istilikdən, hər məktubun ayrıca bir
əsərə dönməsi keyfiyyətindən, köhnə
namələrdəki hətta xəttin və zərfin belə
məktubun səmimi əlavəsinə çevrilməsi
xüsusiyyətindən əsər-əlamət qalmadı.
Azərbaycan şairi Məşədi Azər də zəmanəsinin
övladı idi, o da məktub yazıb, məktub alırdı
və dost-tanışlarının çevrəsi də yetərincə
geniş idi.
Məşədi Azər bir az XIX əsrin, bir qədər
də XX yüzilin övladı idi. O dövrlər idi ki,
insanların bir-biri ilə əlaqə saxlamaqçün nəqliyyat
imkanlarından daha yeyin və sərfəli olan vasitəsi
poçt idi.
Məşədi Azər də həm Dağıstanda
olanda buralarla, həm Azərbaycana biryolluq
yığışandan sonra oradakı dostlarıyla, eləcə
də artıq ömrünü Abşeronla, Bakıyla
bağlayandan sonra buranın özündə də
yaxındakı-uzaqdakı rəfiqlərlə tez-tez
yazışardı. Bu məktubların bir qismi elə
hamınınkına bənzəyən hal-əhval sorma, xəbər
çatdırıb-xəbəralma idisə, əksəri digərlərinkindən
fərqli mənzum məktublardı.
Məşədi Azərin oturub-durduğu, təmasda
olduqlarının çoxu qələm adamı, zövq əhli
idi, bir yerdə olarkən şeirli-sözlü məclislərdə
qızışan söhbətləri, məhrəm dərdləşmələri
elə məktublarında da davam edərdi. Bir-birlərinə
yalnız təzə şeirlərini yollamazdılar, elə
ürəklərindən keçəni də şeirlə
yazardılar.
Orta çağdan üzü Mirzə Fətəli,
Qasım bəy Zakir vaxtlarınacan, ordan da XX yüzildən
üzü bu yana ilham sahiblərimizin şeirli məktublaşmalarını
yığsan, iri bir kitab alınar (bəlkə də bir
neçə) ki, bu cild, ya cildlərin də Azərbaycan
insanı ilə görüşü lap çoxdan
arzulanandır. Avropalı ədiblərin, alimlərin
yazışmalarından ibarət sıra-sıra kitablar
ortadadır ki, bu məktublar həm yüksək bədiiliyi,
həm də tarixin bir çox alaqaranlıq nöqtələrinə
işıq tutması baxımından çox dəyərlidir.
Məşədi Azərin məktublarının
hamısı olmasa da, müəyyən hissəsi
günümüzə salamat çatıb. Onun mənzum məktubları
da həm ömrünün hadisələrinə, həm
yaşadığı dövrə aid bir para suallara cavab
tapmaqda yardımçı olduğu kimi, bir sıra hallarda elə
öz yaradıcılığının da davamı təki
qavranılır.
...Bu gün Məşədi Azərin
külliyyatını bütünlüyü ilə vərəqləyə
biliriksə, məktublarını oxumaq imkanındayıqsa,
bunun səbəbkarı var. Bəzən minnətdarlıq etməli
olduqlarımız lap yaxınımızda qərar tutsalar da,
onlara "sağ ol" deməyə tələsmirik, bəzənsə
bu, heç yadımıza da düşmür. Hansısa ədəbi
abidələrimiz farscadan, ərəbcədən çevrilərək
qarşımızda dayanırsa, əlyazmalarda illərcə
uyuyub qalan bir irs müasir əlifbaya köçürülərək
bizə çatdırılırsa, heç vaxt bunun elə
göydən zənbillərdə hazırca
düşdüyünü fərz etməyək. Hər
işin arxasında alın təri, ağır zəhmət
var. Könül Bağırova olmasaydı, yenə Məşədi
Azərin vaxtilə Rəhimağa İmaməliyevin
buraxdığı toplusundan uzağa gedə bilməyəcəkdik.
O məcmuə isə Azər Buzovnalının şəxsiyyəti
və irsi haqda ümumi təsəvvür yaradırsa da, dərinlərə
enməyə, bu yaradıcılığı geninə seyr etməyə
əsla bəs etmir. O, işlədiyi Əlyazmalar
İnstitutunun bir xəzinə olduğunu dərk edərək
buradakı sərvətləri hamınınkı etmək
yolunda sədaqətlə çalışanlardır. Hələ
2018-ci ildə Azər Buzovnalının Əlyazmalar
İnstitutunda saxlanan ədəbi mirasını
araşdıraraq şair haqda dissertasiya müdafiə etmiş
Könül Bağırova bununla işini bitmiş
saymamış, sonrakı illərdə də şairin irsinin
hələ xalqa tam çatmamış hissələrini nəşrə
hazırlayaraq kitablar buraxmış, növbətilərini də
hazırlamaqdadır. İndi mənim elmi məsləhətçiliyimlə
üzərində işlədiyi doktorluq dissertasiyası Məşədi
Azərə yaxın illərin başqa görkəmli ədiblərinin
arxivlərini əhatə edirsə də, Könül
Bağırova buzovnalı ustada sədaqətini davam etdirir,
onun indiyəcən diqqətdən kənarda qalmış
şeirlərini də növbəti cildlərə
çevirir. İnanıram ki, illər sonra əl gəzdirilmiş,
arıtlanmış, gözə çarpan qüsurları da
islah edilmiş bu kitablar əsasında Azər
Buzovnalının bir neçə cildə sığan irsi tam
halda Azərbaycan ədəbiyyatının şərəfli
kitabxanasında layiqli yerini tutacaqdır.
El sözüdür ki, "Söylə dostun kimdir,
deyim kimsən". Məktublarından boylanan dostlar dairəsi
bir tərəfdən Məşədi Azərin hansı
parlaqlarla həmfikir, həmzövq, duyğudaş
olmasını göstərir və özünün də elə
bu qafilədən olduğunu əlavə dəfə
nümayiş etdirirsə, digər tərəfdən bu
yazışmalardakı fikir bölüşmələri onun hərəsi
bir sahədə seçkin olan həmin şəxsiyyətlərlə
tən gələn üstün səviyyəsini əyan edir.
Məşədi Azərlə sıcaq dostluq
münasibətləri yaranan, şairin 1920-30-cu illərdəki
simsarları arasında həmin fırtınalı zaman
burulğanından salamat qurtaran azlardan biri İsmayıl Hikmət
(1889-1967) idi. Abşeronlu şair sayğı və sevgi
saçan mənzum məktublarından birini o illərin
axarında müstəsna ədəbiyyat və maarif ulduzu kimi
parlayan İsmayıl Hikmətə ünvanlamışdı.
Azərbaycan Dövlət Darülfünununda və Pedaqoji
İnstitutda dərs verməkçün 1923-cü ilin
baharında respublika hökumətinin Ankaraya, Böyük Millət
Məclisinə müraciəti əsasında Bakıya ezam
edilmiş üç professordan biri və ən fəalı
olan İsmayıl Hikmətlə kənd məktəbində
müəllimlik edən Azər Buzovnalının yolları
necə kəsişmişdi? Çünki hər baxımdan
onlar sanki bir-birindən aralı qütblər kimi
görünürdülər.
Bu sualın cavabını elə İsmayıl Hikmət
özü verib. Müqayisədə ədəbiyyatşünas
çağdaşlarının hamısından bir baş uca
təsir bağışlayan İsmayıl Hikmətin hər
istiqamətdə quruculuqla daşan 1920-ci illərdəki ədəbi-mədəni
fəaliyyətlərinin bəhrələri o vaxt da uzun
müddət duyuldu, üstündən bir əsr ötəndən
sonra da bu qiymətli ədəbiyyatşünasın həmin
qısa zaman kəsiyində apardığı
araşdırmaların, müdrik təhlillərinin nəticəsi
olan kitabları qətiyyən köhnəlməyib,
faydalılığını yenə hifz etməkdədir. Vətənə
dönüşündən onillər sonra yazdığı və
1958-ci ildə Münhendə çıxan "Dərgi"
jurnalının 13-cü sayında dərc etdirdiyi
"Dörd il yarım Azərbaycanda" adlı xatirələrində
o, xəyalən qaynar fəaliyyətlə dolu 1920-ci illər
Bakısına qayıdır, xəbər verirdi ki, həmin
dövrdəki çalışmaları heç də
yalnız iki ali məktəbdə mühazirələr oxumaq,
dörd cildlik Azərbaycan və türk ədəbiyyatı
tarixi əsərini araya-ərsəyə gətirməklə
tamamlanmayırmış. Yada salırdı ki,
"Cümhuriyyət rəisinin də təsdiqi ilə bir
Ədəbiyyat Cəmiyyəti qurmuşduq. Bütün bunlar
mənim rəhbərliyim altında olurdu. Cəmiyyət on bir
sahə üzərində çalışır,
"Alov" adlı bir məcmuə
çıxarırdı. Türk-müsəlman cümhuriyyətləri
bütün bu milli qeyrətlər və ideallarını
zahiri bir kommunist maskası ilə örtməkdə,
doğrusu, böyük bir məharət göstərirdilər.
...Əskilər əski üsulda, əski qayda və əski
bədii yolda və şəkildə yaza bilərdilər.
Ancaq yeni həyatı tərif və təsvir etmək, mədhiyyələr
və qəsidələr yazmaq şərti ilə... Əskilər
də bundan öz qayələrinə görə
faydalanmağa çalışmaq surətilə özlərini
qorumuş olurdular".
Bu balaca parçanın içində iki iz var.
Bunlardan birincisi İsmayıl Hikmətlə Məşədi
Azərin necə görüşüb tanış
olmalarına işarədir - İstanbuldan gəlmiş ədəbiyyat
loğmanlarının yaxın iştirakı ilə
yaradılıb işləyən Ədəbiyyat Cəmiyyətinin
sıralarında Azərbaycanın oçağkı ədəbi
qüvvələrinin müxtəlif nəsillərdən olan əksər
aparıcı simaları qovuşurdu. Bu sırada Əbdürrəhim
bəy Haqverdiyev, Hüseyn Cavid, Əhməd Cavad, Tağı
Şahbazi Simurğ, Hənəfi Zeynallı,
Böyükağa Talıblıdan tutmuş ta Səməd Mənsur,
Əlağa Vahidədək, ordan da gənc Mikayıl Rəfili,
Səməd Vurğun və Süleyman Rüstəməcən
üzdə olan qələm sahibləri fərqli ədəbi
dəstxətlərinə rəğmən
yanaşıydılar, onların yazdıqlarını əks
etdirən "Ədəbi parçalar" dərgisi məzmun
əlvanlığı ilə söz mühitimizdəki
yazı səliqəsi və üslub rəngarəngliyinin
bariz göstəricisiydi. Hecalı, əruzlu və sərbəst
şeirin asudəcə qovuşduğu bu dərginin səhifələri
də, üzü, gəncli-ahıllı, hətta
oturuşmuş ağsaqqallı ədiblərə
açıq Ədəbi Cəmiyyət də nə Azər
Buzovnalının diqqətindən yayına, nə o
özü bu ədəbi mərkəzə çevrilmiş
söz, müzakirə meydanlarına biganə qala bilərdi.
1927-ci ilin 29 mayında nasazlığı ucbatından
evdən çıxa bilməyən, İsmayıl Hikmətə
qarşı sıxma-boğmalar haqda narahat söhbətlər
yorğan-döşəkdəykən qulağına
çatan Məşədi Azər qələm-kağızı
götürmüşdü, ilk təmaslarındanca zəkasına,
mülahizələrinin dərinliyinə, bir-birindən dəyərli
irili-xırdalı əsərlərinə və ədəbi
toplantılardakı nitqlərinin cazibəli şirinliyinə
valeh olduğu İsmayıl Hikmətə şeirli məktubunu
yazmışdı.
Bir tərəfdən məclisə qatıla bilməməsindən,
onunla şəxsən görüşmək imkanının
olmamasından üzrxahlığını edirdisə, digər
yandan da professor haqqında qənaətlərini qələmə
gətirirdi:
Düşürmüş xəstəlik, heyfa, məzacim
istiqamətdən,
Vücudim zə`f qılmış münhərif (əyilmiş
- R.H.)
rah-i səlamətdən.
Təmənna-yi təvaf-i Kəbe-yi kuyin edər
könlüm,
Bəni bəxt-i zəbun məhrum qılmış bu
səadətdən.
...İki-üç dəfə etdin söhbətindən
kamımı şirin,
Hənuz ağzımda şəkkər təm`i
vardır ol həlavətdən.
Təğafül etdiyimçün söhbət-i Hikmət
bəyanindən,
Ənisim ab-i həsrətdir bu günlərdə nədamətdən.
Məarif cəbhəsində tək sən idin Azəristanda,
Dəriğa, azərilər bilmədi qədrin cəhalətdən.
(Zavallı azərilərin nə təqsiri,
"düşmən qəvi, dövran zəbun" idi!)
Məşədi Azər təfəkkürünün,
ilham gücünün məftunu olduğu və özündən
yaşca xeyli kiçik olan İsmayıl Hikməti ehtiramla
"məxdum-i əzəm" - "əzəmətli
böyüyüm" adlandırır, hətta Ədəbi Cəmiyyətdə,
onun hüzurunda düşüncələrini
bölüşdüyünə, şeirlərini oxuduğuna
görə indi təvazö ilə bunları edərkən
böyük cəsarət göstərmiş olduğunu
boynuna alır:
Gözəl söhbətlərin hərgiz silinməz
guş-i huşimdən,
Cəmalın cilvə eylər gözdə hər ləhzə
məhəbbətdən.
Dil açdım söylədim çox cəhldən
hikmət-i hüzurində,
Dilim çün şəm` qət olsa, rəvadır
bu cəsarətdən.
Bu gündən böylə hər yerdə bənə
məxdum-i ə`zəmsən,
Sərəfraz et bəni hərdən sənə hər
növ` xidmətdən.
1926-cı ildə Bakıda gerçəkləşən
Birinci Türkoloji Qurultay 1920-ci ildə Nəriman Nərimanovun
təşkilatçılığı ilə baş
tutmuş Birinci Şərq Xalqları Qurultayından sonra
Bakını dünyanın siyasi və mədəni diqqət
hədəfinə gətirən ikinci möhtəşəm
hadisə idi. Ancaq Türkoloji Qurultayın milli-mənəvi və
siyasi siqləti müqayisəedilməz qədər yüksək
idi və bir tərəfdən sovetin türk birliyinə vacib
körpüyə çevrilən belə bir möhtəşəm
mərasimin keçirilməsinə nədən icazə
verdiyini düşünürsənsə də, qurultaydan az
sonra getdikcə şiddətlənən xətt üzrə təqiblərin,
təcridlərin, dənləmələrin
başlandığını, 1937-ci ildəsə kütləvi
məhvetmələrin gerçəkləşdirildiyini,
türkolojiyə və türkoloqlara amansız divan
tutulduğunu xatirə gətirərək sanki bu qurultayın
elə əvvəlcədən bir tələ kimi qurulduğu
gümanına da düşürsən.
Həmin qurultaydan az sonra
gözümçıxdıya salınanlardan biri də elə
İsmayıl Hikmət idi ki, bu mənzum məktubunda Məşədi
Azər həmin mətləbə də eyham vurur və təmənna
da edir ki, buralardan getsən də, məni unutma:
Həya qılsun, usansun, var isə ar ilə namusu,
Usandırdı səni bu ölkədə hər kəs
iqamətdən.
Budur, ey kan-i hikmət, Azərin səndən təmənnası,
Unutma, nərdə olsan, salma onu çeşm-i rəhmətdən.
İsmayıl Hikmətin "Dörd il yarım Azərbaycanda"
adlı xatirəsində Azər Buzovnalı və o qəbil
şairlərin ki ürəyi və düşüncəsi ilə
heç vəchlə sovet məfkurəsi ilə barışa
bilmədikləri halda bu yeni quruluşu öyən şeirlər
də yazmalarının gizlinci də açılır:
"Başda Azərbaycan Cümhuriyyətini idarələri
altına almış olan ziyalılar olmaqla bir çox ideal
sahibi şəxsiyyətlər (elə onlardan biri də
türkçü, millətçi, vətənçi Məşədi
Azər idi - R.H.) həqiqi simalarını qəsdli gözlərdən
gizləmək üçün üzlərinə kommunist
maskası keçirmişdilər. Bu da zərurət,
qarşılıqlı oyun idi. Bu oyunda uduzanlar da, itirənlər
də vardı. Bunlar da ya kommunistlərə yarınmaq, yaxud
da alçaq bir xəbərçinin qurbanı olaraq
ideallarını həyatları ilə ödəyənlər
idi. Bu, bir ölüm-dirim oyunu idi. Ancaq aktyorların
hamısı bir-birindən qorxur, kimin xalis, kimin saxta
olduğunu bilmək və buna inanmaq mümkün olmurdu".
Görən, İsmayıl Hikmətin başı
üzərində siyasi buludların qatılaşmağa
başladığı, onun Sovet Azərbaycanından
ayrılmaq ərəfəsində olduğu çağlarda
yazdığı bu mənzum məktubu Məşədi Azər
professora çatdıra bilmişdimi?
Məzmunundan aydınca sezilir ki, bu şeir
misralarındakı siyasi giley-güzara görə o vaxt kənar
gözlər və qulaqlardan iraq saxlanıb. Onu da
düşünürəm ki, nigaran günlərində ona həm
əməklərinə verilən qiymət, həm də dəstək
olan bu şeiri oxumuş olsaydı, İsmayıl Hikmət
çox sevinərdi. O səbəbdən "oxumuş
olsaydı" yazıram ki, sonralar bununla bağlı heç
yerdə nəsə yazmayıb. Lakin bu da mümkündür
ki, şeir-məktub İsmayıl Hikmətə
çatmağına çatıb, ancaq yazanın hansı qəddar
siyasi rejimin pəncəsində yaşadığını, həmin
mühiti içəridən müşahidə etmiş və
o cəmiyyətin bütün eybəcərliklərinə
aşina olan şəxs kimi bunu heç vaxt
açıb-ağartmayıb ki, Azər Buzovnalı və
qohum-əqrəbasının başına bəlalar gəlməsin.
...İsmayıl Hikmət yeni zamanın adamı idi - Məşədi
Azərin onunla söhbəti tuturdu. Məhəmməd ağa
Müctəhidzadə (1867-1958) yaşı ilə,
gördüyü işlərlə, yazı-pozularıyla
keçən günün adamı idi - Azər
Buzovnalının sözü, fikri onunla da tən gəlirdi.
Məşədi Azəri müxtəlif yaş nəsillərindən
olan məsləkdaşları, qələm qardaşları ilə
doğmalaşdıran, eyni kökdə
düşünüb-duymağa sövq edən yaşından
asılı olmayaraq təravəti həmişə cövhərində
olan gözəl söz idi.
Azər Buzovnalı Abşeron şairlər məclisinin
mərkəzində idi, buralı şairlərin
hamısının cikinə-bikinə bələddi,
şuşalı dostu Məhəmməd ağa Müctəhidzadənin
Qarabağ şeir aləminin açar-kilidi cibində idi.
Sübutu onun hələ 1910-cu ildə İstanbulda nəşr
edilmiş, 78 tanınmış Qarabağ şairini əhatə
edən "Riyaz ül-aşiqin" təzkirəsi idi. Məhəmməd
ağanın, elə Azər kimi, şairliyi də vardı,
"Müştəri" təxəllüsü ilə
yazardı. Yaş artdıqca, tay-tuşlar azaldıqca Məşədi
Azərdə Müctəhidzadə kimi köhnə
tanışlarla ünsiyyət ehtiyacı daha da
çoxalırdı. Çünki bu təmasların - istər
göz-gözə əyləşib söhbətləşmək
olsun, istər məktubla "danışmaq" - bir xiffət
tərəfi, özü gedib ömürdə izi qalanları
yada salıb dünənlərə dalmaq tərəfi də
vardı.
Məhəmməd ağadansa çoxdandır ki, xəbər
yoxdu. Məşədi Azər ona bir neçə məktub
göndərmişdisə də, cavab almamışdı. Məktublar
çatmamışdı, ya ayrı bir səbəb vardı
ki, o tərəfdən səsinə səs verilmirdi?
1932-ci ilin 30 yanvar günü Məşədi Azər
Şuşadan, müəllim və şair həmkarı Mirzə
Süleyman Xəlifəzadədən (1865-19??) məktub
alır, həmin namədə Xəlifəzadənin Məhəmməd
ağa ilə birgə onu yad etmələri xəbərini
oxuyunca sevincək qələmə əl atır.
Bizə çatmasa da, yəqin ki, məktublaşmada səliqəli
olan Azər Buzovnalı məktubu ilə onu fərəhləndirən
dostu Xəlifəzadəyə hökmən cavab
yazmışdı, amma Mirzə Süleymanın məktubu həm
də bir qığılcım olmuşdu ki, Azər bu dəfə
mütləq cavab alacağı inamı ilə Müctəhidzadəyə
növbəti kağızını yollasın:
Əssəlam, ey rəfiq-i ruhani,
Bəzm-i elmin kühən süxəndani.
Eyləmişdin Xəlifəzadə ilə
Bəni dəryad qəlb-i sadə ilə.
Halım etmişdin ondan istifsar (soruşmusan - R.H.),
Şakərəm (təşəkkür edirəm -
R.H.) siz kimi
zəvat-i kəbar (kübar bir adam - R.H.)
Bənde-yi acizi yad eylər,
Dil-i qəmdidəsini şad eylər.
İltifatın görüm ziyad olsun,
Xatirin hər zəmanda şad olsun.
Belə məlum olur ki, Məhəmməd ağa
Bakıda olubmuş, burda görüşüb hal-əhval
tutublarmış və Azər o gündən bəri həmişə
Müctəhidzadəni xatırladığını söyləyir.
Deyiləm bivəfa zəmanə kimi,
Siz gedən vəqtdən bu anə kimi
Bəslərəm daim ehtiram sizə,
Göz ü könlümdə dər-i məqam sizə.
Dəfəat ilə yazmışam məktub,
Neyləyim, hasil olmayıb mətlub.
Leyk sizdən cavab almamışam,
Sizi, sanmın ki, yadə salmamışam.
Yetirib də bu gün muradə bəni,
Şad qıldı Xəlifəzadə bəni.
Və başlayır köhnə dostla dərdləşməyə.
Elə Məşədi Azərin ərz etdiklərinə əsasən
Müctəhidzadənin Bakıda axırıncı dəfə
haçan olmasını da təxmin etmək
mümkündür. Nisgillə xəbər verir ki, Mirzə Rəhim
Fəna (1844-1931), ardınca Əbdülxaliq Cənnəti
(1855-1931), daha sonra da Mirzə Cəlal Yusifzadə (1862-1931) vəfat
ediblər. Mirzə Cəlal kimi, Mirzə Rəhim də əslən
şuşalı idi, Bakıya köçüb burada
yaşayırdılar, onların hamısından əvvəl
- fevralın 11-də Fəna fani dünyaya əlvida
etmişdi. Ard-arda üçü də bir ilin içində
getmişdi.
Belə çıxır ki, Məhəmməd ağa
Bakıya 1930-damı, 1929-damı, ya bir az da əvvəl gəlibmiş.
Bu da istər-istəməz göz önünə gəlir
ki, Müctəhidzadənin Bakı səfəri gedişində
onlar hamısı, yəqin ki, digər Abşeron şairləri
də birlikdəymişlər, eyni məclisdə həmsöhbətmişlər.
Məşədi Azər vaysınırdı ki, köhnə
sirdaşlar hamısı getdi, o qafilədən qalan bircə sənsən.
Ona görə də təvəqqe edirdi ki, halımı
tez-tez soruş ki, elə sənin sayəndə onlarla təmasa
girmiş kimi olum:
Tökülüb üstümə qəm-i alam,
Qüssədən bir dəm olmaram aram.
Çərx həmdəmlərimi tamam aldı,
Var ümidim bu gün sənə qaldı.
Mərhəmət qıl ki, mərhəmət
çağıdır,
Könlüm, ey dost, qüssə dustağıdır.
Həmzəbanlar cahanı tərk etdi,
Bəni tənha qoyub hamı getdi.
Sənə qalmış ümidimiz barı,
Tutma rah-i xilaf-i əğyarı.
Sorub əhval-i zarımı gah-gah,
Sağlığında da qıl bəni agah.
Hələ 1932-ci il idi, hələ Məşədi
Azərin 60 yaşı vardı, hələ qarşıda
yaşanası 20 il vardı və hələ onu
varlığını silkələyəcək başqa dost
itkiləri də gözləyirdi.
...Məşədi Azərin mənzum məktubları
arasında onun həm şikayət, həm xahiş ərizəsi
sayıla biləcək bir ərznaməsi də var ki, filosof
Heydər Hüseynova (1908-1950) ünvanlanıb. Altında tarix
qoyulmayıbsa da, belə ehtimal etmək olar ki, həmin
şeir-məktub Heydər Hüseynova onun daha
sözükeçər və səlahiyyətli olduğu
1945-ci ildə, ya bir qədər sonra göndərilib. 1945-1950-ci
illər arası Heydər Hüseynov həm Azərbaycan SSR
Elmlər Akademiyasının vitse-prezidenti, həm
akademiyanın ictimai elmlər bölməsinin sədri, həm
Azərbaycan Dövlət Universitetində Fəlsəfə
kafedrasının müdiri, həm də Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi
İnstitutunun direktoru idi.
"Məktub-i şikayətnamə Heydər
Hüseynov yoldaşa" sərlövhəsi verdiyi şeirini
Məşədi Azərin necə başlamasından - rəsmiyyəti
bir kənara qoyaraq görkəmli dövlət xadimi və
filosofa adı ilə müraciət etməsindən
aralarında əvvəldən yaxın münasibətin
olması anlaşılır.
Heydər Hüseynovun qızı, uzun illər Nizami
muzeyində mənimlə birgə işləmiş Sara
xanım Hüseynova uşaqlıq, yeniyetməlik illərində
bir neçə dəfə yay aylarında Məşədi Azərin
bir neçə başqa tanınmış abşeronlu
şairlə onların bağına qonaq gəlməsini
xatırlayırdı.
Əminəm əfv edər hörmətli Heydər,
Ərz-i halım ilə versəm dərd-i sər.
Məşədi Azərin ərizə yazıb "əziyyət"
verməkdə məqsədi bir müşkülünün həllində
Heydər Hüseynovdan kömək umması idi. Yaşının
səksənə çatmasına az qaldığını,
arxadakı illərdə təkcə müəllimlik etmədiyini,
həm də mədəni cəbhədə əməklərə
qatlaşdığını, buna birgə fəaliyyət
dövrlərindən Məmməd Səid Ordubadinin də
şahid olduğunu yada salan Azər 1933-cü ildə səhhətinin
əl verməməsinə görə məktəbdən
ayrıldığını, ona əlilliyə görə
cüzi miqdarda təqaüd kəsildiyini, bu pulla
uzaqbaşı 10 gün dolanmağın
mümkünlüyünü yazaraq sonra həmin məbləğin
artırılması yolunda çalışmalarından,
başına gələn macəralardan bəhs edir, bu ixtiyar
yaşında nə təhərsə dolanmaq üçün
göy-göyərti becərməyə vadar
qaldığını bildirir, səlahiyyətli filosofdan
"qoca şairə" imdad diləyirdi:
Həştadə az qalub çatmağa yaşım,
Qarlı dağlar kimi ağarmış başım.
Məarif yolunda çəkmişəm zəhmət,
Qəzitlərə daim vermişəm zinət.
Müəllim olmuşam müddət-i mədid,
Ərz etdiklərimə şahiddir Səid.
Çünki o da mənlə qəzit-jurnala
Yazardı o zaman əş`ar, məqala.
Qəzit-jurnallara yazdığım əş`ar
Yığılsa bir yerə, beş kitab olar.
Otuz üçüncü ildə etdi narahət,
Xəstəlik qoymadı cismimdə taqət.
Etdi xəstəliyim məni avara,
Təbiblərdən gedüb istədim çara.
Dedilər, qocalıq taqətin almış,
Cismün zəifləmiş, qanun azalmış.
İnvalidliyimə edüb etiraf,
Eylədilər məni hər işdən məaf.
İnvalid dəftərin çarəsiz aldım,
Guşe-yi nisyanə (unutqanlıq küncünə -
R.H.) atulub qaldım.
Keçirdim bir müddət belə ruzigar,
Təng oldu məişət, bəlkə də
düşvar.
Strax kassadan aldığım məbləğ
On günün xərcinə çatmazdı ancəq.
Məşədi Azərin üzdən sadə kimi təsir
bağışlayan bu şeirinin həyati hikməti və
tarixi ibrəti var. Təqaüdünün
artırılması ricası ilə müxtəlif
ünvanlara o qədər müraciət edənlər olur ki!
Kilolarla ərizələr, teleqramlar yazsalar da, çox vaxt istədiklərinə
nail də ola bilmirlər, zaman keçdikcə onların
şikayətləri də, qeyzlənmələri də
unudulub gedir. Ancaq söz əhlinə belə
sataşmaların və onların qəlbiniqırmaların həmişə
düşər-düşməzi, adətən də ən
uzaq sabahlara gedib çatan bəd əks-sədası olur.
1933-1937-ci illərdə bizdə Xalq Komissarları
Sovetinin sədri - indiki deyişlə Baş nazir işləmiş
cavan bir insan olub - Hüseyn Rəhmanov (1902-1937). Yolunu Azərbaycan
Cümhuriyyəti Xarici İşlər Nazirliyinin dəftərxanasında
kuryer kimi başlamış bu bacarıqlı gənc
bolşeviklər gələndən sonra dövlət və
hökumət pillələriylə irəliləməkdə
davam edir, yeni quruluşun ən canfəşan
icraçılarından birinə dönür, Şamxorda,
Qarabağda xalq hərəkatlarının
yatırılmasında məxsusi sərtliyi ilə
seçilir, gedib Moskvada Qırmızı Professorlar
İnstitutunu bitirir, 1933-də Bakıya qayıdan kimi əvvəlcə
Mərkəzi Komitənin üçüncü katibi, bir
neçə ay keçməmiş Xalq Komissarları Sovetinin
sədri seçilir, elə Baş nazir kürsüsündə
ikən 35 yaşlı bu cavanı sadiq
icraçılarından olduğu sovet repressiya
maşını məhv edir.
Və Hüseyn Rəhmanov Məşədi Azərin
bir şeirinin verdiyi soraqla tarixə həm də şairin
düzələn işinə pəl vuran mərdümazar kimi
düşüb - Azər Xalq Komissarlığına gedir,
gördüyü işləri, xidmətlərini sadalayır,
bir il ayaq döyəndən sonra, nəhayət ki, işi
düzəlməyə doğru yönəlir, narkom ona 250
manat təqaüd verilməsi haqqında qərar
çıxararaq təsdiq üçün Xalq Komissarları
Sovetinin sədrinə - Hüseyn Rəhmanova göndərir, o
isə bu məbləği ikiqat azaldaraq 125-ə endirir.
Son narkom Pərvizə etdim ərz-i hal,
Daha bir il keçdi günüm bu minval.
Narkom Pərviz yazdı axır sobesə,
Köməklik olunsun paradan bizə.
Neçə aydan sonra verdilər xəbər,
Çəkdiyin zəhmətlər getmədi hədər.
Bundan sonra keçər yaxşı həyatın,
Hər ay var iki yüz əlli manatın.
...Bu qərarı Hüseyn Rəhmanov zindiq
İmzalayıb gərək edəydi təsdiq.
Zalım oğlu gördü bu məbləği
çox,
Alçaqları, görüm, olaydılar yox.
Azaldıb elədi yüz iyirmi beş,
Batdı getdi hədər bunca keşməkeş.
Ancaq sərgüzəşt bununla da bitmir. Sonra işi
bir az da bururlar ki, inqilabi fəaliyyətin olmayıb, ona
görə sənə təqaüd düşmür.
Beləcə, illərlə çəkilən zəhmətlər,
xoş yekun intizarı yelə sovrulur, qoca şairin ümidi
yenə ona əlilliyə görə verilən 80 manatlıq
yardıma qalır. Yenə qapılar döyür, yenə
haqq-ədalətin bərpa olunmasından ötrü müraciətlər
edir. Düyün açılmır ki, açılmır.
Dedilər qanunu budur sovetin,
Olsa inqilabi fəaliyyətin,
Olarsan o zaman sözsüz personal,
Olmasa, verməzlər sənə bir riyal.
Təbii, şair düçar olduğu vəziyyətlə
barışmır və bütün bunları
bağışlamır, şeirli məktubunu bəlkə onu
düşdüyü vəziyyətdən xilas edə biləcək
son ümid yeri kimi Heydər Hüseynova yollayır, o biri yandan
da ərizəsini şeirlə yazdığından, deməli,
həm də məktubunu çox uzaq sabahlara, gələcəyə
yollayır ki, şairi bu qüssəni yaşamağa vadar
etmişlərin üstündə töhmət damğası əbədi
qalsın:
...Çarələr axtarıb hər yana getdim,
Lazımi yerlərə ərz-i hal etdim.
Bir kəsdən olmadım nayil cəvabə,
Şahid-i məqsudim girdi hicabə.
Gördüm zəhmətlərim olacaq hədər,
Vermədim özümə artıq dərd-i sər.
Strax kassadan həştad manatı
Almaqla tərk etdim bu zəhəmatı.
İndi ki həştada az qalıb yaşım,
Göyərti əkməklə keçir məaşım.
Məşədi Azər köhnə kişi idi və
əski ədəbiyyatı da gözəlcə bilirdi. O,
Firdovsidən tərcümələr etmişdi, min il əvvəl
haqqı yeyilmiş şairin yazdığı həcvin Sultan
Mahmudu indi də məzarında rahat buraxmadığından
da agah idi, Füzulinin "Şikayətnamə"si ilə
qırmancladığı övqaf məmurlarının da ölüb
qurtara bilmədiklərindən, şairin nifrinlərinin
onları qarabaqara izlədiyindən də xəbərdardı.
Odur ki, əmin idi - hamı ölüb gedəcək, o
özü də bir gün torpağa qovuşacaq, ancaq bu
şeir qalacaq, vaxtilə ona əzab vermişləri daim
xortladacaq, qəbirlərində dinc uyumalarına macal verməyəcək:
Həris deyiləm çox sim ilə zərə,
Şərəfim alınsın ancaq nəzərə.
O az məbləğ üçün deyil təlaşım,
Olamaz o mənim beş gün məaşım.
Əlim boş isə də, gözüm doludur,
Bu fəqr ilə yenə təbim uludur.
Qoca bir şairə deyildirmi ar,
Sovet ölkəsində olmaq böylə xar?!
Ömrü boyu sözün bir gözəl kimi
nazını çəkmiş, ona bəzək vurmuş, həyatının
bütün ağrı-acısına baxmayaraq misralarında həmişə
dərdi-qəmi deyil, gün işığını, yaz
havasını bol etmiş Azər Buzovnalının o cür lətif
şeirləri ola-ola onları bir qırağa qoyaraq bu
ah-zarlı, bu umu-küsülü şeir-məktub
üstündə çox dayanmağıma görə məni
qınamayın. Məşədi Azər də əslində
bu məktubu yazıb sabaha yollayarkən özündən daha əvvəl
sabahlarda bir vaxtlar elə onun incidildiyi, bihudə yerə
süründürüldüyü, kor-peşman qoyulduğu
kimi küsdürülən bir başqa Azəri
düşünürdü.
Yazıqlar ki, bugünün Azəri və Azərləri
də, indinin Azərlərinə qənim kəsilən
yonulmamışlar və xəbislər də yenə var. Ancaq
bu Azərlərin də qələmlərində və
sözündə, elə o qoca Azərin yazdığı
kimi, həmişə yaşayan və nakəslərin
adına və ruhuna dağ basacaq güc də var axı!
Kaş o Azərin şikayətnaməsi bugünün
Azərlərinin qəlbini qıranlara dərs ola!
16 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.12-13.