Lopabığ kişi

VƏ YA TANIDIĞIM ƏYYUB MÜƏLLİM

 

1970-ci ildə cəmi 14 yaşım vardı, 8-ci sinif şagirdi idim. Məktəb kitabxanasında Xalq yazıçısı Hüseyn Abbaszadənin "General" romanının müzakirəsi keçirilmişdi. Mən həmin tədbir haqqında beş-altı cümlədən ibarət bir xəbər yazıb poçtla "Leninçi" (indiki "Lənkəran") qəzetinin redaksiyasına göndərdim. Cəmi ikicə gün sonra yazı "General"ın müzakirəsi" başlığı ilə qəzetdə dərc olundu. Xırda bir qəzet məqaləsi sonralar mənim taleyimdə mühüm rol oynadı. Həmin müddətdən başlayaraq müntəzəm olaraq qəzet redaksiyası ilə əlaqə saxlamağa başladım, redaksiya əməkdaşlarının tapşırığına əsasən müxtəlif janrlarda qələmə aldığım yazılar vaxtaşırı qəzetin səhifələrində dərc olundu. Heç özüm də hiss etmədən "Leninçi" qəzeti mənim həyatıma daxil oldu və son dərəcə arzu edilən bir tələbata çevrildi.

Ordu sıralarında xidmət etdiyim, Bakıda ali məktəbdə təhsil aldığım sonrakı illərdə də rayon qəzeti ilə əlaqələrim ara vermədi. 1986-cı ildə həmişəlik doğma Lənkərana qayıtdıqdan sonra tale elə gətirdi ki, mən Lənkəran teatrında işləməklə bərabər, eyni zamanda "Leninçi" qəzetində də işləməli oldum. Həmin illər mənim ömrümün ən maraqlı və yaddaqalan illəridir. Qəzetin redaktoru rəhmətlik Şəkər Aslan, adım redaksiyanın ştat cədvəlində olmasa da, redaksiyanın digər əməkdaşları ilə eyni hüquqda mənim də yazılarımın müntəzəm işıq üzü görməsinə şərait yaratmışdı. Həmin dövrdə daha çox teatr və kino, eləcə də incəsənətin digər növləri barədə yazılarla, həmçinin bədii tərcümələrlə çıxış edirdim. Bu illərdə görkəmli şairlərlə, yazıçılarla, jurnalistlərlə, qəzetin çox istedadlı əməkdaşları ilə yaxından tanış olmuş, onların canlı-canlı söhbətlərini, tövsiyələrini dinləmiş, maraqlı əhvalatlarına qulaq asmışdım. Əlbəttə ki, bütün bunlar mənim sonrakı həyatıma və dünyagörüşümə öz müsbət təsirini göstərmiş, qəzetçi kimi formalaşmağımda mühüm əhəmiyyət kəsb etmişdi.

1990-cı ilin yanvarından isə artıq "Lənkəran" (qəzetin adı da elə həmin aydan dəyişdirilmişdi) qəzetinin ştatlı əməkdaşı kimi çalışmağa başladım. Şəkər Aslan başda olmaqla, Əyyub Rzayev, Qüdrət Cəfərov, Kamal Rəhmanov, Etibar Əhədov, Sevda  Əlibəyli, Xudaverdi Cavadov kimi tanınmış qələm sahibləri, Hacıağa Səlimbəyov, Əhmədağa Kərimli, Gülağa Cəfərov kimi foto sənətinin ustadları ilə çiyin-çiyinə işləməkdən qürur hissi duyurdum.

Redaksiyada kənd təsərrüfatı şöbəsi ilə məktublar şöbəsi bir otaqda yerləşdirilmişdi və tərcüməçi-müxbir kimi mənə də bu otaqda yer ayrılmışdı. Kənd təsərrüfatı şöbəsinin müdiri Əyyub Rzayev başda olmaqla Sevda Əlibəyli, Xudaverdi Cavadov və eləcə də mən bir yerdə əyləşirdik.

Sözün düzü, Əyyub müəllimi hələ redaksiyaya ayaq açdığım ilk dövrlərdən tanısam da, qaraqabaq, ciddi görkəminə görə münasibətimdə həmişə ondan ehtiyatlanmışdım. Xüsusilə dolu bədəni, lopa bığları onun sifətindəki zəhmi daha da artırırdı. Elə bilirdim ki, felyetonların, tənqidi yazıların müəllifi, məncə, elə bu görkəmdə olmalıdı. Amma sən demə, fikrimdə yanılmışdım - Əyyub müəllim digər iş yoldaşlarımdan fərqli olaraq çox səmimi və təvazökar insan idi. Bir yerdə çalışdığımız 6 il müddətində onun  qayğıkeşliyi və xoş münasibəti yaddaşımda dərin iz buraxdı. Rəftarında uşaqla uşaq, böyüklə böyük kimi idi. Qayğısını heç kəsdən əsirgəməzdi. Talış dilində səhifənin hazırlanması mənə tapşırılmışdı. Amma bu dildə elə arxaik sözlər vardı ki, tərcüməsini, izahını yalnız Əyyub müəllimdən soruşub öyrənirdim.

Redaksiyada adət idi: xeyir-şərə, gəzintilərə, səyahətə kollektiv surətdə gedirdik. Və məclislərin başında bir qayda olaraq ağsaqqal kimi həmişə Əyyub müəllim dayanırdı. Onun duzlu-məzəli söhbətləri, əhvalarları, lətifələri adamı məftun edirdi.

Əlbəttə, Əyyub müəllim haqqında saatlarla danışmaq olar. Sadəcə kiçik bir yazıda çox mətləbləri dilə gətirmək mümkün deyil. Əyyub müəllim bu gün həyatda olmasa da, onun aramızda yeri görünür və elə bilirəm ki, illər, qərinələr ötsə də, bu lopabığ kişinin xatirəsi qəlbimizdə daim yaşayacaq.

Bu gün mən də digər həmkarlarım kimi jurnalistikada Əyyub müəllimin yetirməsi olmağımla fəxr edirəm. Ruhu şad, məkanı cənnət olsun!

 

Ağaddin BABAYEV

525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.11.