"Bujivalda rəqs"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır. Onunla məşhur fransız rəssamı Pyer Ogüst Renuarın "Bujivalda rəqs" əsərindən danışmışıq.

Pyer Ogüst Renuar (1841-1919) XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində yaşayıb. O, əsasən rəngkar kimi tanınır. Lakin rəngkarlıqla yanaşı, Renuar həm də qrafik, heykəltaraş, memarlıq çertyojçusu, çini qablar rəssamı kimi şöhrət qazanıb.

Onun tablolarındakı plener texnikası - şəffaflıq, işıq, günəş şüasının bolluğu rəssamın impressionizm cərəyanının təmsilçisi kimi dəyərləndirilməsini şərtləndirir. Bu baxımdan Renuarın yaradıcılığı Klod Mone, Eduar Mane, Kamil Pissarro və başqa impressionist rəssamların yaradıcılığı ilə müştərək cəhətlərə malikdir.

- "Bujivalda rəqs"in yaranması Renuar yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Renuar təkcə impressionist rəssam olmayıb, kifayət qədər zəngin, çoxşaxəli yaradıcılıq yolu keçib, həyatının müxtəlif dövrlərində müxtəlif üslub və cərəyanlara meyl edib. Renuarın yaradıcılığının erkən dövrü əsasən Barbizon məktəbinin təmsilçilərinin təsiri altında inkişaf edib. Həmin dövrdə mənzərə janrı Renuar yaradıcılığında mühüm yer tuturdu. Sonralar, 80-90-cı illərdə o, tanınmış fransız rəssamı Jan Ogüst Enqrin təsiri ilə neoklassisizmə meyl göstərir. XIX əsrin sonu-XX əsrin əvvəllərində Renuar öz yaradıcılığının zirvəsi hesab olunan "sədəfi" və "qırmızı" mərhələlərdə əsərlər işləyib. Haqqında danışılan "Bujivalda rəqs" tablosu Renuarın "Enqr dövrü"nə aid olmaqla yanaşı, həm də zəngin impressionist ənənələri özündə əks etdirir. Əsərdə rəqs edən kişi və qadın təsvir olunub. Ahəngdarlıq, ritmik hərəkətlər, zəngin plastika sözügedən əsəri xarakterizə edən əsas kompozisiya xüsusiyyətləridir. Kişinin nəzakətlə qadının əlindən və belindən tutması, qadının zərif hərəkətləri əsərə lirik məzmun və müəyyən qədər sentimental əhval-ruhiyyə bəxş edir. "Bujivalda rəqs" tablosu kətan üzərində yağlı boya ilə 1883-cü ildə çəkilib.

- Çox güman, rəssam Bujivalı təsadüfən seçməyib.

- "Bujivalda rəqs" tablosu Renuar yaradıcılığının xarakterik xüsusiyyətlərini özündə ehtiva edir. Bujival Parisin qərb şəhər ətrafında yerləşən qəsəbələrdən biridir. Bu qəsəbə istirahət və əyləncə mərkəzi kimi məşhur olub. XIX əsrdə tanınmış sənət xadimləri - rəssamlar, yazıçılar, musiqiçilər burada toplaşar, istirahət edib xoş gün keçirərdilər. Vaxtilə tanınmış rus yazıçısı İvan Sergeyeviç Turgenev də Bujivalda dincəlməyi və əylənməyi sevirdi. Bujival Renuarın da çox xoşladığı məkan olub. Buradakı əyləncə mərkəzləri, musiqi və rəqs bir çoxları kimi Renuarı da özünə cəlb edirdi.

- Məkan bəllidir, bəs qəhrəmanlar necə?

- Əsər real müşahidələr əsasında yaradılıb. Ötən əsrin 80-90-cı illərində Renuar bir neçə rəqs səhnəsi yaratmışdı ki, bunlardan da biri haqqında danışılan bu əsərdir. Ehtimala görə, bu tablodakı qadın tanınmış fransız rəssamı və modelyeri Süzanna Valadondur. Həmin illərdə o, bir çox rəssamlara poza vermiş, naturaçı model kimi tanınmışdı. Kişi isə, ehtimal ki, dövrün tanınmış yazıçısı və jurnalisti, həm də əyləncəyə, macəraya meyilli olan Pol Lot imiş. Hər halda Renuarın yaradıcılığını araşdıranlar belə deyirlər. Hər iki obrazın naturadan işlənməsi Renuar yaradıcılığına xas olan cəhətdir. Rəssam əksər obrazlarını məhz canlı naturadan işləyib.

- Əsərin rəng həlli necədir?

- Əsərin kolorit həllində həm soyuq, həm də isti rənglər görürük. Bu tabloda sədəfi və sarı-qırmızı rənglər o qədər də çox deyil, çünki həmin rənglərə rəssam bir qədər sonra meyl etmişdi. Lakin müəllif isti və soyuq rənglərin təzadı vasitəsilə maraqlı kolorit effektinə nail ola bilib. Kişinin tünd göy, qadının ağ geyimləri kontrast olmasına baxmayaraq, diqqəti cəlb edən kolorit effekti yaradır və kompozisiyanın vizual baxımdan daha yaxşı qavranılmasını təmin edir.

- Əsər hazırda harada saxlanılır?

- Tablo Boston Zərif Sənətlər Muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Hər şeydən öncə, "Bujivalda rəqs" Ogüst Renuarın xarakterik mövzu dairəsinin məhsulu olub, onun dünyagörüşünü dolğun şəkildə əks etdirir. Renuar yaradıcılığında gündəlik həyat və məişət təsvirləri, müxtəlif əyləncələr, musiqi və qonaqlıq səhnələri üstünlük təşkil edir. Sözügedən əsəri rəssamın yaradıcılığının tipik nümunəsi kimi qəbul etmək olar. Digər impressionist rəssamların əsərlərində olduğu kimi, burada da gündəlik həyat səhnələri, ötəri təəssürat, musiqi, əyləncə, kişinin və qadının bir-birinə səmimi, nəzakətli münasibəti dolğun, təbii və inandırıcı tərzdə əks olunub.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.11.