Ənənəvi Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı öz işinə başlayıb

FESTİVALDA XALQ YAZIÇISI ANARA “YAŞAYAN ƏDƏBİ DƏYƏRLƏR” MEDALI TƏQDİM EDİLİB

 

Hər il ənənəvi olaraq keçirilən, bu il sayca 10-cu Beynəlxalq Trabzon Ədəbiyyat festivalı oktyabrın 21-də öz işinə başlayıb.

525.az xəbər verir ki, Trabzon Böyükşəhər Bələdiyyəsinin himayəsi və rayon bələdiyyələrinin dəstəyi ilə keçirilən festival dünyanın 15 ən yaxşı ədəbiyyat festivalından biri, Türkiyənin isə ikinci böyük Beynəlxalq Ədəbiyyat Festivalı hesab olunur. 

Builki mövzusu “İz və məkan” olan festivalda Türkiyədən və xaricdən onlarla yazıçı və ziyalı iştirak edir. Festivalda 18 ədəbi janr üzrə 18 ölkənin ədəbiyyatı araşdırılacaq.

Beynəlxalq Ədəbiyyat Festivalına Azərbaycanın Xalq yazıçısı Anar da dəvət edilib. Açılış mərasimi Qızlar Monastırında baş tutan festivalın ilk günündə Xalq yazıçısı Anar Trabzon valiliyində və Trabzon Böyükşəhər Bələdiyyəsində hərarətlə qarşılanıb. Valiliyin və bələdiyyənin rəsmiləri, eləcə də digər qonaqlar Xalq yazıçısı Anarın Trabzonda olmasından qürur duyduqlarını söyləyiblər. Sonra Sosial Elmlər Liseyində Xalq yazıçısının yaradıcılığı ilə bağlı şagirdlərin ifasında kompozisiyalar səsləndirilib, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında müəyyən səhnəciklər nümayiş etdirilib, Anarın porteti istedadlı şagirdlər tərəfindən işlənilib və sevgiylə yazıçıya təqdim olunub.  Açılış mərasimində Xalq yazıçısı Anara festivalın “Yaşayan ədəbi dəyər” medalı təqdim olunub. Mərasimdə iştirak edən Trabzon rəsmiləri, müxtəlif ölkələrdən gələn ədəbiyyat adamları Xalq yazıçısı Anarın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Ədəbiyyat festivalının qarşıdakı günlərində də yenə Anar yaradıcılığına müraciət olunması, həmçinin Anarın müəllifi olduğu bədii filmlərə də baxış keçirilərək müzakirələrin aparılması planlaşdırılır.

Xatırladaq ki, öncəki illərdə keçirilən festivallarda Azərbaycan şairləri Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab barədə də sessiyalar olub.

Oktyabrın 29-dək davam edəcək festival çərçivəsində Trabzonun bölgələrində müxtəlif ölkələrin ədəbiyyat ustadlarının xatirəsinə həsr olunmuş sərgilər, müəlliflərin imza günləri, yerli mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

525-ci qəzet .- 2024.-23 oktyabr(¹194).-S.9.