"Savad olmadan alınan diplomlar faydasızdır"

XARİCDƏ TƏHSİLLƏ BAĞLI DİPLOMLARIN AZƏRBAYCANDA TANINMASI ZAMANI HANSI GÖSTƏRİCİLƏR ÖNƏ ÇIXIR?

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar qəbul olunaraq müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliyadan 4, Niderlanddan 4, Çindən 3, İrandan 3, Kiprdən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexiyadan 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir.

Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin müvafiq qərarı və ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilən standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, xarici dövlətdə əldə edilən kvalifikasiyanın tanınması şəxsin həmin kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etdirmək və həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun olaraq, əldə olunan ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə edilən ixtisasların tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata keçirilir. Sözügedən meyarlar üzrə təhlilin nəticəsi müsbət qiymətləndirilərsə, əldə olunan ali təhsil ixtisasının tanınması mümkün hesab edilir".

Məlumata görə, xarici ölkələrin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir: "Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi müraciətlərə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır. Sonra ərizəçilər tərəfindən təqdim olunan sənədlərin ekspertizası həyata keçirilir".

Qeyd olunub ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir: tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması; təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.

Bildirilir ki, yekun olaraq mənfi rəy bir sıra hallarda verilə bilər: "Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə; Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.

Verilən qərarla razılaşmadığı təqdirdə, vətəndaşlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilən qərara dair məhkəmədə iddia qaldıra bilərlər".

Bildirilib ki, diplomların ölkəmizin ərazisində tanınmasından imtina edilməsi həmin sənədin dövlət nümunəli olmayan sənəd olması mənasına gəlmir: "Tanınma dedikdə vətəndaşın ölkə ərazisində təhsilini növbəti pillədə davam etdirmək və ya sahib olduğu peşə istiqamətinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etməsidir. Bu hüququn əldə edilməsi üçün, dövlət nümunəli sənədin olması kifayət etmir. Xaricdə əldə olunan təhsilin həm də standartlarının yerli ali təhsil üzrə standartlarının uyğunluğu tələb olunur. Bu tələb pozulduqda, saxta olmayan sənədin də tanınmaması mümkündür.

Agentlikdən vurğulanıb ki, xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmalıdır: "Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi məsləhət görürük. Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən, xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu ali təhsil məssisələrinə qəbul davam edir: "Elm və Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır. Amma buna baxmayaraq, Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir".

Ekspert bildirir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri özlərini reklam edirlər: "Onlar həmin universitetləri təbliğ edirlər. İnsanlar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".

Ekspert vurğulayıb ki, saxta diplomlu şəxslərin ölkəyə heç bir faydası yoxdur: "Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savad olmadan alınan diplomun faydasızlığını anlamalıdırlar. Təəssüflər olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidməthaqqı alırlar".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.-24 oktyabr(№195).-S.14.