Sevginin və xəyanətin qadını  

 

 

Ötən həftə maraqlı bir sərgiyə qatıldım. İçəriyə girəndə nəşəli, kədərli, fikirli, rəfiqələri ilə zarafatlaşan, gözünü əsərlərə dikib uzun müddət önündə tərpənmədən dayanan, ruh halı qarışıq, məzəli şəkillər çəkdirən müxtəlif insanlar gördüm. Birdən hiss etdim ki, sərgidəki bütün ziyarətçilərin hamısı qadındır. Çünki bu sərgi sevincin və kədərin, sevginin və xəyanətin qadını, XX əsrin parlaq rəssamlarından olan Frida Kahlonundur. Sadəcə tabloları ilə deyil, həyat mübarizəsi ilə də ikonaya çevrilən sənətçinin əsərləri "Frida Kahlo gündəlikləri" adı altında qapılarını sənətsevərlərə açdı. İstanbulda, "Grand Pera" tarixi binasında təşkil edilən bu xüsusi sərgidə ziyarətçilər rəssamın şəxsi əşyaları ilə birlikdə, Meksikanın rənglərini, simvollarını, ornamentlərini də görə biləcəklər.

Ehtiras, əzab, sənət...

Təbii ki, Meksika mədəniyyəti bəhanədir, hər kəsə maraqlı olan Frida Kahlodur. Onun ehtirasını, əzabını və sənətini eyni ruha necə sığdırmağı adamları hər zaman düşündürür. Hətta zənnimcə, bu üç kəlmə Frida Kahlonun həyatını ən yaxşı ifadə edən sözlərdir. Çünki 1907-ci ildə Meksikada doğulan bu qadının heyrətamiz həyat hekayəsi var. Ölənə qədər mübarizə aparanlardandır. Həyat yoldaşı o dönəm üçün özündən tanınmış və daha böyük rəssam Dieqo Rivera idi.

Aralarındakı sevgi xəyanətlə paralel davam edib. Əslində həyatında iki dəfə qəza keçirmişdi. Birincisi ayağını və daxili orqanlarını sıradan çıxarmış tramvay qəzası idi. İkincisi isə ölənə qədər sevdiyi, onun üçün fədakarlıq etdiyi Dieqo idi. Birinci qəza bədənini, ikinci "Dieqo qəzası" isə ruhunu alt-üst etmişdi. Sevgilisi özündən iyirmi bir yaş böyük idi, iki dəfə evlənmişdi. Qadınlara düşkünlüyü ilə tanınırdı. Başda anası olmaqla, bir çox adam Fridanın Dieqo ilə münasibətinə qarşı çıxırdı, lakin o, bütün deyilənləri rədd edirdi. Xəyanətlə dolu, ölümü çağıran, ölümlə bərabər davam edən ölümsüz münasibətləri vardı.

Böhrandan doğan fürsət

Uşaqlığında və yeniyetməlik dövründə üzləşdiyi qəzalar Fridanın sağlamlığını əlindən almışdı. Ailəsinin təşviqi ilə rəsm əsəri çəkməyə başladı. Atasının onun rəsm çəkə bilməyi üçün yatağının tavanına ayna yerləşdirməyi ilə həyatında hər şey dəyişdi. Bu çətinliklərdən güclü sənətçi olaraq çıxdı. Yatağından baxarkən aynada gördüklərini çəkməyə başladı. İllərlə davam edən müalicə və 32 əməliyyatdan sonra ayağa qalxanda hamı təəccüblənmişdi. Hətta həkimlər də üç yerdən bel sümüyü sınmış qızın nə vaxtsa yeriyəcəyinə inanmırdılar. Kahlo, yaşadıqlarına rəğmən, həyatı boyunca Meksika mədəniyyətini əks etdirən əsərləri və xüsusilə qadınlara ilham verən güclü duruşu ilə sənət tarixinə damğa vurdu.

Əslində xəstəliyi yaradıcı istedadının ortaya çıxmasına səbəb olmuşdu. Bütün rəsmlərində özünü, taleyini, ovqatını, əzablarını, sevgi dolu Fridanı çəkirdi. Bəlkə də, əzab dolu Frida desək, daha dəqiq olar. Çünki insanların arasında çılğın, şən, həyat dolu olan bu güclü qadının rəsmlərində ancaq iztirab və əzab danışırdı.

Hər şeyə rəğmən, onu içəridən qurd kimi yeyən münasibətindən əl çəkmirdi. Əzab çəkir, xəyanətlə üzləşir və yenə də "Dieqo" deyirdi.

"Bütün bədənlər çürüyür, Dieqo"

Nə qədər zərbələr vursa da, Dieqonun da onu sevdiyi danılmazdır. Ən azı məktubları bunu deməyə əsas verir. İyirmi beş illik izdivac yaşayan, ən çətin şərtlərdə belə bir-birindən ayrı qalmağı bacarmayan bu iki insanın yazdıqları da ağrılı idi.

Həmin məktubların bir qismi bu gün "Grand Pera"da "Fridanın Günlükəri"ndə sərgilənir. Məktubları oxuduqca insanın damarlarında axan qan sanki tərsinə dövr edir.

 "Uzun zaman oldu. Səni sevməyə başlayanda kiçik qız idim. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Bütün bədənlər çürüyür əslində, Dieqo. Köhnəlir bütün bədənlər. Amma acı çəkən ürəyin varsa, daha sürətli çürüyür o bədən. Səni sevməyə başladığım o gündən bəri acı çəkən bir ürəyim var. Məni anlamadım deməyəcəyəm, anladın. Elə ən dözülməz acı da bu idi. Anladığın halda ürəyimi yandırdın. Bütün həyatımın hər bir zərrəsini səni anlamağa həsr etdim. Hara getdinsə, mən də getdim. Nəyə güldünsə, ona güldüm. Hansı qadınla sevişdinsə, o qadınla sevişdim. Başqa qadınlarda nə axtardığını tapmaq üçün öpdüyün qadınlarla öpüşdüm, toxunduğun qadınlara toxundum. Bəlkə də, içimdəki sənə aid olan qəzəbi dayandırmaq üçün etdim. Qəzəbim dayanmadı, hər dəfə büsbütün aşiq olaraq sənə qayıtdım".

Nə az, nə çox; stabil

Doğrudur, belə qızğın sevgilər əvvəl-əvvəl xoş, ürəkoxşayan görünsə də, bir müddətdən sonra qarşı tərəf üçün həyatının ən böyük təzyiq olduğu qənaətini yaradır, özün də yorulursan. Məsələ burasındadır ki, çoxluq da öldürür, azlıq da, stabilliyi qorumaq isə çətindir.

Frida keçirdiyi qəzalara görə hamilə qalmaq şansını itirmişdi. Bu, ona çox acı verirdi. Dieqodan körpə dünyaya gətirə bilmədiyi üçün bətnindən nifrət etməyə başlamışdı. Onu içindən çıxardıb atmaq istəyirdi. Çünki bu orqanı özü üçün yük bilirdi. Çarəsizliyi bədəninə hopmuş qoxu kimi hiss edən Frida, məktublarını sevgilisinin ona acıyıb qayıtması üçün yazdığını etiraf edirdi.

Açığı, bu məktubları canlı-canlı görmək insanın mədəsinə yumruq kimi oturdu. Bir qadının bu qədər acı çəkməyi illər əvvəl mənə "böyük eşq" kimi gəlirdi, indi isə travma olduğu açıq-aşkar bəllidir. Görünən odur ki, böyümək belə olur.

"Fridanın gündəlikləri"ndə sərgilənən digər əlyazma belədir: "Küçələrdə xeyli yeridim, gecələr hönkür-hönkür ağladım. Bir günün içində sənə aşiq oldum. Mənim olmağını istədim".

Bir başqa məktubunda isə sevgini yox, qaranlığı seçən Dieqodan bəhs edir: "Pəncərədən sənə baxıram, kədərli və yalnız, başını aşağı əyib yeriyirdin. Balkonumun altından keçirdin: adını çağırdım, qışqırdım, bağırdım, məni eşitmədin. Sənə toxunmağa çalışdım, amma qaçdın. Sənin izini təqib elədim, amma gizləndin. Səni axtardım, amma sən qaranlıq gecəni seçdin, ona qarışdın".

Ağır təsir elədi bu cümlələr. İçimin necə yorulduğunu hiss etdim günlükdə yazılanları oxuyarkən. Dərk edən üçün ağır sərgidir, Fridanın nə yaşadığını anlayanlar üçün tanış duyğulardır bunlar.

Gündəlik yazılarından ibarət ilk sərgi

Bu sərgi eyni zamanda dünyada gündəlik çərçivəsində hazırlanan ilk sərgi olma xüsusiyyətini daşıyır. Proyektin rəhbəri Çingiz Ayyıldız, Koray Özdəmir, kuratorluğunu Ayşə Dəmirçi və Dilay Dumanın həyata keçirdiyi sərgini təşkil etməklərindəki məqsədləri sənətsevələrə ölümündən 70 il sonra belə yaşamağa davam edən Kahlonun dünyasına toxunmaq fürsəti yaratmaq olub. Bütün heyəti təbrik etməyə dəyər, məncə, məqsədlərinə çatıblar.

Koray Özdəmir sərgidən belə bəhs edir: "Bu il Türkiyə Kültür Yolu Festivalına qatılmaq üçün dünyada əks-səda yaradacaq proyektimizi təqdim etmək üçün qollarımızı çirmədik və Frida Kahlonun həyatını fərqli perspektivdən ələ alan "Frida Kahlonun Gündəlikləri" adlı bu sərgini tərtib etdik. Frida sadəcə rəsmləri ilə deyil, yazıları ilə də iz qoyan sənətçi idi və buna görə də, onun daxili dünyasını sərgiləmək bizim üçün kifayət qədər ciddi iş idi. Öncəliklə gündəlikləri əldə etməli idik, ideyamızın ən çətin qismi də bu idi, bacardıq,  gündəlikləri "Frida Kahlo Corporation"dan əldə edə bildik. Sonrası gördüyünüz kimidir".

Sərgidə ziyarətçiləri nə gözləyir?

Ziyarətçilər bu sərgidə Fridanın dünyası ilə yaxından tanış olacaq və onu daha yaxşı anlayacaqlar. Xüsusilə həyatındakı dönüm nöqtələrini, əzabları, sevgiləri, apardığı mübarizələrə dair yazılarını görə biləcəklər. Sərgi bir neçə bölmədən ibarətdir. Hər bölmə Fridanın həyatının fərqli mərhələlərini və duyğusal dünyasını təmsil edir. Sərgi ziyarətçilərin Fridanın həyatına və düşüncələrinə addım-addım daxil olmaqlarını təşkil edəcək şəkildə tərtib edilib. Bölmələr arasındakı keçidlər həm fiziki, həm də digital installyasiyalarla zənginləşdirilib. Süni intellekt dəstəkli bu yerləşdirmələr ziyarətçilərin Fridanı beyinlərində daha dəqiq canlandıra bilməkləri üçün əladır. Sərgini digital sənətçilər, süni intellekt mütəxəssisləri və installyasiya dizaynerləri birləşərək hər ayrıntını Fridanın ruhuna uyğun şəkildə həyata keçirilməsini tərtib ediblər. Məsələn, əgər Frida günümüzdə yaşasaydı, necə görünərdi, necə geyinərdi, bunlar alqoritmlər vasitəsi ilə hazırlanıb.

Əzab çəkən qadınların səsi

Ziyarətçilərin hamsının qadın olmağına gəldikdə isə, Frida çəkdiyi əzabı bütün çılpaqlığı ilə gözlər önünə sərən sənətçidir. İstər tablolarına, istər yazdığı məktublara, gündəliklərə yaşadıqlarını yansıtmaqdan çəkinmir. Əlbəttə, uğurlarından, sevinclərindən hər kəs ağızdolusu bəhs edə bilər, bundan asan heç nə yoxdur. Amma ağrıları ən incə ayrıntısına qədər dilə gətirmək, böyük güc, cəsarət, hünər tələb edir. Bu baxımdan Kahlo əzab çəkən bütün qadınların səsidir. Çox sevilməyinin, qadınların onu əl üstündə tutmalarının səbəbi də budur - ƏZAB.

 

Türkan TURAN

525-ci qəzet .- 2024.-24 oktyabr(№195).-S.13.