"...Qəzadan
bizimçün bir qismət endi"
Esse
Arif Acaloğlu. Türkoloq. Elmi rəhbəri Lev
Qumilyov olub! Təxəllüsmü deyim, ləqəbmi, yoxsa
üzü dan yerinə göylərin ərməğan elədiyi
admı? Arif daha çox "Acal" adı ilə
tanınır.
Əcəl gəldi başım üstə
dayandı,
Şirin canım eşqin oduna yandı.
Bu iki misra da Arifin çox sevdiyi "Aşıq Qərib"
dastanındandır.
Belə dastan sevdasını mən bir də dostum, yəqin
məndən daha çox da Arifin dostu, Xaqani Qayıblıda
görmüşəm. Onların hər ikisinin dastan
sevdasında qarlı dağlar belə, qol qaldırıb
yeriyir!
Dilimizdə bir "əcələ etmək" ifadəsi
də var. Bizdə onu bəzən
"əcələ yetmək" kimi səsləndirənlər
tapılır.
Əcəl - insanın qədərlənmiş
ölüm vaxtıdırsa, "əcəli bilmək
olmaz" da deyirik. Baxmayaraq ki, ölümünü əvvəlcədən
manşırlamış yazarlar da az olmayıb. Başqa
sözlə, dünyanın işi belədir ki, hərə
üçün bir arazbarı "Əcəl zəngi"
(Heminquey) çalınır.
Çanlar çalıyor;
bırakın çalsın;
ölüme beş var, arkadaşlar!
Bu, Karadoğanın bir şeirindəndir.
...Günlərin bir günü Acal - Arif Acaloğlu
bizə gəldi. Özü də İstanbuldan gəldi;
canım İstanbuldan! Bəlkə onda Arifin Kəpənəkçisinə,
ya da mənim Aran Dəllərimə İstanbuldan kiminsə gəlməyi
bir elə təəccüb doğurmazdı. Lakin Kazreti qəsəbəsinə
- dünyanın bu qızıl çıxan ucqar yerinə,
göylər tərəfindən belə, az qala unudulmuş yerinə,
özü də bizə qonaq gəlmək, hətta Z.Freydin
"Dünyanın yaranışının planında
insanı xoşbəxt etməklə bağlı bənd
olmayıb" - aforizmini yalana çıxarmaq demək olurdu!
Arif yaxın qohumu İbrahim müəllimlə - Mollaöyündən İbrahim
Qurban oğlu - və onun oğlu İlkinlə gəlmişdi.
Kənd deyil ki, qaçıb hindən bir xoruzbeçə
gətirəsən tez-tələsik...
İndi bir o yadımdadır ki, Arifin
"xurcun"undan uşaqlar üçün
aldığı şirniyyatdan, özü də İstanbulun
boğaz və dəniz havasını canına çəkmiş
şirniyyatdan savayı, bir də iki ədəd qədim-qayım
"Sovet türkologiyası" jurnalı çıxdı.
Jurnalları, təbii ki, mənim üçün gətirmişdi.
Şirniyyatdan isə "pişmaniye" və "dilbər
dodağı" yadımda qalıb. Uşaqlar bir yana,
özüm hələ nə "pişmaniye", nə də
"dilbər dodağı" görmüşdüm. Arifə
dedim. Təbəssümlə cavab verdi; özü də
Stanislav Letsin deyimi ilə cavab verdi. Dedi ki, gör indi Amerika
yolunu kəsməsəydi, Kolumb daha nələr kəşf edəcəkdi!
Kolumb deyəndə, Arif özünü nəzərdə
tuturdu: əmin-yəmin!
O zaman məndə nə tapılmasa da, zoğal
arağı tapılırdı. Çünki kənddə
evimiz Zoğallı yastanaya yaxındır. Hətta, indi əslində
bizdə qonaq deyil, ev yiyəsi məqamında olan Ariflə
İbrahimə - İlkin o biri otaqda oğlum Anarla gələcəyin
"xəritə"sini çəkirdi - bunu da
danışdım ki, dostumuz Fəxri Uğurluya söz
vermişəm, Bakıya yolum düşəndə
onunçün Aran Dəllərimdən zoğal şitili
aparacam; əksin, zoğalların sarı çiçək
çağında da, lılıx vaxtında da orda
Laçını, burda bizi xatırlasın.
...Onda torpaqların - Fəxrinin
Laçınının da - işğaldan azad olunmasına hələ
çox qalırdı.
...Arifgillə dayanacağa qədər getdim.
Ayrılar-ayrılmaz qardaşım Arif - Acal Arif
qardaşım! - məndən bir söz soruşdu. Amma elə
bir söz soruşdu ki, sanki rəhmətlik Aşıq
Hüseyn Saraclının qəmli qəlyanının
tüstüsü düzü-dünyanı bürüdü.
Vallah! Arif bir düzilqarlı Əyriqar tərəflərə,
bir sınmaq bilməyən Sınıq körpü səmtə
baxıb-baxıb, birdən-birə məni bağrına
basdı, sonra soruşdu:
- Ay İbrahim, ay mənim
şair qardaşım, bəs sən buralarda necə olur ki,
boğulmursan?
Və nə mənim, nə adaşım İbrahimin -
nə də canım İlkin balamızın - gözləmədiyimiz halda Ömər
Xəyyamın kədəri ölüm dərəcəsində
olan bu bir bəndini dedi:
O gün ki, fələkçün at yəhərləndi,
İşıqlı ulduzlar göydə hərləndi.
Günahımız nədi bilmirəm, o gün -
Qəzadan bizimçün bir qismət endi.
Arif mənim qismətimə yanırdı. "Qəzadan
enən" qismətimə. And-aman elədim ki, ay qardaş,
vallah, məndən heç nigaran qalma, vallah, hər şey yaxşıdır,
hətta indi tam yaxşı deyilsə, sonra yaxşı olar,
inşallah!
İndi haqqında kitab başladığım
gürcü şairi Qalaktion Tabidze təxminən belə
deyir:
"Yenədəmlənib, xumarlanıb", - deyəcəklər,
Yenə günahı çaxırda görəcəklər.
Lakin bu, nə Vaqif Səmədoğlunun
yazdığı "konyak çiskini"nin, nə
Qalaktionun qələmə aldığı "xumar
çaxır vaxtı"nın, nə də Aran Dəllərinin
zabitəli zoğal arağının "günah"ı
deyildi. Arif mənim "qədərlənmiş
ömrümü" oxuyurdu. O, təkcə məşhur
türkoloq, filoloq deyildi. O, sadiq dost idi. Borçalı yer-məkan
adından artıq, adamlardır! O, basaratı heç vaxt
bağlanmayan Borçalı idi!
...İllər sonrası Arifin ölüm xəbəri
gəldi. Sarsıldıq da sözdümü!? Bizim
"Gürcüstan" qəzetində Nərimanın -
hamımızın qayğısını çəkən Nəriman
Əbdülrəhmanlının - Arif haqqında "Uzaq
yolların adamı" adlı vida yazısını verdik.
Arifin qardaşı Rizvana - göz yaşları
yanaqlarında donmuş Rizvan qardaşıma - zəng eləmək
gəldi bağlı əllərimdən.
Arifin Yolu qurtarmadı, ömrü qurtardı.
Çünki özü də bir Yol idi! Yol olaraq da qalacaq!
...Təsadüflər və zərurətlər
dünyasında nələr olmur?
Təzəcə İstanbuldan pay göndəriblər.
Nəvələrim üçün şirniyyatdır:
içində yenə "pişmaniye", yenə "dilbər
dodağı"..
Arifin bizə gəldiyi gün nöqtəsinə,
vergülünə qədər yadımdadır.
Xatirəsi çox
işıqlıdır. O qədər
işıqlıdır ki, dağların da gözü
qamaşır.
Dağlarda nəyi isə qalmışdı Arifin...
...Bu, bir dastan da ola bilər.
İBRAHİMXƏLİL
525-ci qəzet .- 2024.-24 oktyabr(№195).-S.11.